Vətəndaş cəmiyyətində inzibati hüququn əsasları

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

 

Azərbaycan Respublikasının inzibati hüquqi dövlət idarəçiliyi orqanlarının icraedici fəaliyyəti və dövlət orqanlarının təşkilat daxili fəaliyyəti sahəsində, eyni zamanda ictimai təşkilatlar və icra hakimiyyəti tərəfindən həvalə edilən səlahiyyətlərlə müəyyən idarəçilik funksiyalarının həyata keçirilməsi prosesində yaranan, idarəetmə xarakterli ictimai münasibətləri tənzim edən hüquq sahəsidir. Bu da o deməkdir ki, hüquq sisteminin mühüm və mürəkkəb sahələrindən biri inzibati hüquq sahəsidir. Ümumiyyətlə götürdükdə, inzibati hüquq müstəqil sahə olaraq əsasən dövlət idarəetmə xarakterli münasibətləri tənzimləyir. Ekspertlərin fikrincə, bu münasibətlərin əsas subyekti kimi dövlət icra hakimiyyəti orqanları çıxış etsə də, eyni zamanda idarəetmə sahəsi geniş olduğuna görə, inzibati hüququn əsas subyekti kimi dövlət icra hakimiyyəti tərəfindən həvalə edilmiş səlahiyyətlərlə müəyyən orqanlar da çıxış edə bilərlər. Belə ki, Konstitusiyanın 144-cü maddəsinin 2-ci bəndinə əsasən bələdiyyələrə qanunvericilikicra hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlər də verilə bilər.

 

   Qeyd etdiyimiz kimi - İnzibati hüquq - ölkənin hüquq sisteminə daxil olan müstəqil hüquq sahələrindən biri olaraq dövlət idarəetmə sistemində icra hakimiyyətinin təşkili və həyata keçirilməsi prosesində yaranan, dəyişən və xitam olunan ictimai münasibətlərin dairəsini və bu münasibətlərin inzibati nizamlanmasının öyrənilməsini nəzərdə tutur. Yeri gəlmişkən, ölkənin İnzibati Xətalar Məcəlləsinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji sağlığı, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühüti qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən, inzibati xətaların qarşısını almaqdan ibarətdir.

 

   Hüquqşünas Bəxtiyar Atakişiyevin fikrincə, inzibati hüquq normaları müvafiq dövlət orqanları tərəfindən müəyyən edilən və icrası məcburi xarakter daşıyan elə bir davranış qaydalardır ki, o yalnız idarəçlik fəaliyyəti ilə əlaqədar olan ictimai münasibətləri nizama salır və lazım gəldikdə dövlətin məcburedici qüvvələri ilə mühafizə edilir: "İnzibati hüquq normaları idarəçilik münasibətlərində iştirak edən subyektlərin hüquq və vəzifələrini müəyyən etməklə yanaşı, eyni zamanda idarəçilik orqanlarının qurluşunu, təşkili qaydalarını və fəaliyyət metodlarını müəyyən edir. İnzbati hüquq normaları dövlət idarəçilik orqanları, dövlət xadimləri, ictimai tərşkilatlar və s. vətəndaşların idarəçilik fəaliyyəti ilə əlaqədar münasibətlərini nizama salan məcburi qaydaları müəyyən edir".

 

   Qeyd edək ki, inzibati hüququn dövlət hüququnun digər sahələri ilə nisbəti Azərbaycan dövlət hüquq sistemləri içərisində dövlət hüququ xüsisi yer tutur. B.Atakişiyev hesab edir ki, dövlət hüququnun normaları ölkəmizdə ictimai münasibətlərin hüquqi cəhətdən nizama salınmasının əsasını təşkil edir. Yəni, dövlət hüququ digər hüquq sahələrinin prinsiplərini özündə əks etdirir: "Azərbaycan Respublikasının içtimai quruluşunu və dövlət quruluşunu, hakimiyyət orqanlarının, digər dövlət orqanlarının sistemini, vətəndaşların hüquq və vəzifələrini özündə əks etdirən Azərbaycan Respublikasının Konstitusiyası öz əksini dövlət hüququnda tapır. İdarəçilik prosesində meydana çıxan içtimai münasibətlər inzibati hüquq normaları ilə nizama salınmasından, inzibati hüquq-dövlət hüququna yaxından bağlıdır. Bundan başqa, inzibati hüquq əmək hüququ ilə, maliyyə hüququ ilə, mülki hüquq ilə, cinayyət hüququsair hüquq sahələri ilə sıx bağlıdır".

 

   Hüquqşünas inzibati hüququn digər hüquq sahələri ilə nisbəti haqqında isə aşağıdakı nəticələrini göstərir:

 

   İnzibati hüquq hüququn digər sahələri kimi hüquq sisteminin əsas sahəsi olan dövlət hüququna əsaslanır; İnzibati hüquq hüququn digər sahələri ilə qarşılıqlı əlaqədədir; İnzibati hüquq nizama saldığı ictimai münasibətlərə görə hüququn digər sahələrindən fərqlənir; İnzibati hüquq dövlət hüququnun ən mühüm sahələrindən biridir. Bu, onunla izah olunur ki, inzibati hüquqla nizama salınan ictimai münasibətlər dövlət həyatında mühüm əhəmiyyət kəsb edir; İnzibati hüquq öz həcminə görə dövlət hüququnun ən böyük sahələrindən biridir. Çünki, inzibati hüquqla həddən ziyadə içtimai münasibətlər nizama salınır; İnzibati hüquq digər hüquq sahələrinə nisbətən dəyişəndir. Bu, cəmiyyətin inkişafı ilə əlaqədar olaraq dövlət idarəçiliyi sahəsində ictimai münasibətlərin dəyişməsi ilə izah olunur; İnzibati hüquq dövlət hüququnun mürəkkəb sahələrindən biridir. Bu, inzibati hüquqla nizama salınan ictimai münasibətlərin müxtəlifliliyi ilə bilavasitə əlaqədardır; İnzibati hüququn sistemi İnzibati hüquq normaları ilə nizama salınan ictimai münasibətlərin növləri olduqca müxtəlifdir. Onları biri-birindən fərqləndirmək üçün həmin ictimai hüquq münasibətləri nizama salma inzibati hüquq normalarının ayrı-ayrı qrup halında sistemləşdirilməsinə ehtiyac duyulur. İnzibati hüquq eyni məzmunlu inzibati hüquq normalarının ayrılıqda qruplaşmasına mütənasibləşdirir.

 

   Onu da qeyd edək ki, idarəçilik ictimai münasibətləri konkret məzmunlarına görə nizama salan inzibati hüquq normaları iki qrupa bölünür: Ümumixüsusi hissələrə.

 

   Ümumi hissələr - bütün idarəçilik fəaliyyəti üçün xarakterik olan ictimai münasibətləri nizama salan normalardan ibarətdir.

 

   Xüsusi hissələr- idarəçiliyin buya digər sahəsini, eləcə də hər hansı bir funksiyasını müəyyən edən ictimai münasibətləri nizama salan normalardan ibarətdir.

 

   Bəxtiyar Atakişiyev onu da qeyd edib ki, idarəçilik orqanları üçün ümumi olan normalar inzibati hüququn ümumi hissəsini təşkil edən müstəqil hüquq institutlarında öz əksini tapırlar (misal olaraq dövlət xidməti institutu, inzibati məsuliyyət institutus. göstərib).

 

   İnzibati hüququn xüsusi hissəsinin normalarına gəlincə isə, bunu 4 əsas qrupa bölündüyünü qeyd edib: "Birincisi, dövlət idarəçiliyi funksiyasının həyata keçirilməsi sahəsindəki münasibətləri nizama salan normalardır. İkincisi, sosial-iqtisadi sahədə idarəçiliayi nizama salan normalardır. Üçüncüsü, ictimai-mədəni quruculuq sahəsində idarəçiliyi nizama salan normalardır. Dördüncüsü, ictimai-siyasi idarəçilik sahəsini nizama salan normalardır. Onu da qeyd edim ki, bu 4 qrup normalardan hər birisi idarəçiliyin konkret sahəsi üzrə qruplaşır. Yəni, qeyd edilən inzibati hüquq normaları biri-biri ilə qarşılıqlı əlaqədə olmaqla, idarəçilik fəaliyyətinin düzgün həyata keçməsinə xidmət edirlər. İnzibati hüququn ümunixüsusi hissələri vahid və ayrılmazdır.

 

   Xatırladaq ki, ümumi hissənin normaları xüsusi hissənin bütün sahələrinə tətbiq edilir. Ümumiyyətlə isə inzibati hüququn mənbəyini elə hüquqi aktlar təşkil edir ki, onlar özlərində yalnız inzibati hüquq normalarını əks etdirirlər. Bu kimi hüquqi aktlara Azərbaycan Respubliksı və Naxçıvan Muxtar Respublikası Konstitusiyalarını, Milli Məclisin qanunlarını, Azərbaycan Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Nazirlərin, Dövlət Komitələrinin sədirlərinin, baş idarə və birlik rəislərinin əmr və təlimatlarını, yerli icra hakimiyyətlərin qərar və sərəncamlarını, onların idarə rəisləri və şöbə müdirlərinin əmr və təlimatlarını, bələdiyyə orqanlarının sədirlərinin qərarlarını misal göstərmək olar.

 

   Ekspertlərin fikrincə, inzibati hüququn mənbələri heç də dövlət orqanlarının qəbul etdiyi hüquqi aktlarla məhdudlaşmır. Belə ki, ictimai təşkilatların dövlət orqanları ilə birgə qəbul etdiyiictimai təşkilatların dövlət tərəfindən təsdiq edilən normativ aktları da inzibati hüququn mənbəyi ola bilər. Burdan da belə nəticəyə gəlmək olar ki, inzibati hüququn mənbəyini aşağıdakılar təşkil edir:

 

   - Dövlət hakimiyyəti orqanlarının inzibati hüquq normalarını özündə əks etdirən normativ aktları

 

   - Dövlət idarəçilik orqanlarının inzibati hüquq normalarını özündə əks etdirən normativ aktları

 

   - Dövlət orqanları ilə ictimai təşkilatların inzibati hüquq normalarını özündə əks etdirən birgə normativ aktları

 

   - İctimai təşkilatların və Bələdiyyələrin inzibati hüquq normaları müəyyən edən və dövlət tərəfindən təstiq edilən normativ aktları

 

   B.Atakişiyev onu da qeyd edir ki, inzibati hüquq elmi, dövlət idarəçiliyin müxtəlif sahələrində yaranan inzibati hüquq normalarını və münasibətlərini tədqiq edir, həmin normaların təcrübədə həll edilmə qaydalarını təhlil edir, idarəçilik aparatının müxtəlif sahəli fəaliyyətlərini öyrənir, inzibati hüquq institutlarının təkminləş- dirilməsi ilə əlaqədar olaraq hazırlayır, ümumi, sahəvi və sahələrarası idarəçiliyin sistemini, idarəçilik münasibətlərində iştirak edən tərəflərin hüquqi statusunu işləyib hazırlayır: "Deməli, inzibati hüquq elminin predmetini, dövlət idarəçiliyinin icraedici-sərəncamverici fəaliyyəti prosesində yaranan ictimai münasibətlərin hüquqi nöqteyi-nəzərdən nizama salınma problemlərini öyrənilməsini təşkil edir. İctimai münasibətlərin icraedici-sərəncamverici fəaliyyət dairəsində hüquqi cəhətdən nizamasalma problemləri dövlət idarəçiliyin mahiyyəti, vəzifələri, prinsipləri, forma və metodları ilə əlaqəli sürətdə öyrənilir. İdarəçilik fəaliyyətinin müxtəlif sahələrini əhatə edən inzibati hüquq insititutları, hüquq elmində hüquq normalarının tətbiqi ilə əlaqədar olan bütün məsələlərin hərtərəfli tətbiq edilməsini tələb edir".

 

   Əslində elmi tədqiqatlar yolu ilə işlənilən və hazırlanan səmərəli təkliflər qüvvədə olan inzibati hüququn inkişafına böyük təsir göstərir. Bu da o deməkdir ki, elmi tədqiqat metodu ilə hazırlanan təkliflər qanunvericiliyin də təkminləşməsinə səbəb olur.

 

   Son olaraq qeyd edək ki, hazırda Azərbaycan Dövlət İqtisad Unversitetində "İnzibati hüquq" bir fənn kimi tədris edilir. Azərbaycan Dövlət İqtisad Unversitetində təhsil alan tələbələrin istifadəsi üçün nəzərdə tutulan Tədris Proqramı "İnzibati hüquq" üzrə mövcud olan qanunvericilik əsasında tərtib olunub. Nəzərə alsaq ki, cəmiyyətin demokratik prinsiplərə əsaslanaraq tərəqqi etməsi hər bir vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin edilməsi ilə bağlıdır, o zaman demək olar ki, bu yolda hüquqi dövlətin formalaşması, vətəndaşların konstitusion hüquq və azadlıqlarının qorunması mühüm dövləti vəzifələrdən biridir.

 

   Rəşid RƏŞAD

Ekspress.-2016.-31 mart.-S.10.