"Öz filmlərimə
baxmıram"
Şəfiqə
Məmmədova: "Heç vaxt unudulmuram, həmişə
diqqət mərkəzindəyəm"
Dünən sevimli aktrisamız, xalq artisti Şəfiqə Məmmədovanın doğum günüydü. Bu əlamətdar gün münasibətilə "publika.az" saytı kinomuzda bir-birindən gözəl, yaddaqalan obrazlar yaradan aktrisadan müsahibə alıb.
Qeyd edək ki, 1968-ci ildə Akademik Dram Teatrında fəaliyyətə başlayan aktrisa "Hamlet"də Gertruda, "Mənim günahım"da Nurcahan, "Aydın"da Gültəkin, "Dəli yığıncağı"nda Sona kimi parlaq obrazlar yaradıb.
Həmçinin, "Dədə Qorqud"da Burla xatun, "İstintaq"da Gülya, "Bizim Cəbiş müəllim"də Cəbişin arvadı, "Ad günü"ndə Fəridə, "Çarvadarların izi ilə" filmində Səriyyə kimi rollarla özünə çoxsaylı tamaşaçı sevgisi qazanıb.
Kino və teatrdakı səmərəli fəaliyyətinə görə ən yüksək mükafatlara layiq görülüb.
- Doğum gününüzü təbrik edirik, necəsiniz, hansı əhval-ruhiyyədəsiniz?
- Çox yaxşıyam, səhər tezdən hər kəs mənə zəng edir, təbriklərini çatdırır, xoş sözlər söyləyir. İndi də sizdən gözəl sözlər eşidirəm, deyirsiniz ki, "bir dənəsiniz". Bir aktrisa üçün bundan gözəl söz nə ola bilər?
- Doğum
günlərinizi təmtəraqla qeyd etməyi
sevirsinizmi?
- Ailəmlə, uşaqlarım və həyat yoldaşımla bərabər qeyd edəcəyik. Sevinirəm ki, heç vaxt unudulmuram, həmişə diqqət mərkəzindəyəm.
- Biz sizi çox istəyirik, sadəcə, mətbuatdan qaçırsınız deyə, sizi narahat etmək istəmirik...
- Elə mən də jurnalistləri çox istəyirəm. Sizlərlə tez-tez ünsiyyətdə olmamağımın da səbəbi aramızdakı sevgini qorumaqdır. Buna görə sizlərlə məsafə saxlayıram.
- Filmlərdə yaratdığınız hər rol bizlər üçün çox dəyərli hədiyyədir. Bilmək istərdik, Şəfiqə xanımın ən çox sevdiyi hədiyyələr hansıdır?
- Mart ayında doğulmuşam və bəlkə də bundan irəli gəlir, Vaqif Mustafazadənin "Mart" kompozisiyasını dinləyəndə zövq alıram. O musiqini dinləyəndə bütün həyat yolum gözlərim önündə canlanır. Bir də əlvan zanbağları çox sevirəm. Sevdiyim hədiyyələri də sevdiklərimdən alıram. Mən məhəbbətə bağlı insanam, sevgi mənim üçün ən böyük hədiyyədir.
- Bu günə qədər istər səhnədə, istərsə də kinoda saysız-hesabsız obrazlar yaratmısınız. Maraqlıdır, ən çox sevdiyiniz obrazınız hansıdır?
- Bəli, səhnədə saysız-hesabsız rollar oynamışam. Sonuncu dəfə də "Dəli yığıncağı" tamaşasında oynamışam. Amma fərq qoya bilmirəm...
- Şəfiqə xanım, niyə
teatrla müqayisədə kinoda
az çəkilmisiniz?
- Düzdür, teatrda oynadığım rolların beş faizini kinoda oynaya bilməmişəm. Buna görə çox peşmanam. Keçmişi xatırlayanda, buna görə təəssüf hissi keçirirəm. Ekran elədir ki, hər zaman qalır. Kino çox çəkili, sanballı sənət növüdür. Hərdən fikirləşirəm ki, kaş teatrın repertuarını böyük ekrana köçürmək mümkün olaydı. İşlərimin çoxluğu məni filmlərdən uzaq saldı. Hansı ki, daha çox filmlərdə çəkilə bilərdim. Amma bu rolları oynamaq başqa aktrisalara qismət oldu...
- Bəs çəkildiyiniz filmlər
arasında ən çox sevdiyiniz
hansıdır?
- Deməyə çətinlik çəkirəm. Sizə bir söz deyim, çox vaxt öz filmlərimə baxmıram. Sevimli rollarım var. Hamısını sevə-sevə yaratmışam, ekrandadır. Hamısı mənə əzizdir, doğmadır. Mən öz filmlərimə baxmıram.
- Niyə?
- Daha doğrusu, baxa bilmirəm. Çünki mənə elə gəlir ki, o rolları daha zəngin yarada bilərdim. Daha çox analiz edib daha möhtəşəm yaradardım. Həm də nostalji hisslər yaşayıram. Elə anlar olur ki, o illərin töhfələri, o illərin yaradıcılıq mühitini xatırlayıram. Xatirələr çox itidir. Amma gözüm yoldadır.
- Deməli, yaxın zamanlarda yenidən gözəl bir filmlə bizi sevindirəcəksiniz...
- Mənə aid elə bir ssenari olsa, mütləq çəkiləcəm. Artıq bu istiqamətdə söhbətlər də gedir.
- İndiyə qədər xeyli tərəf müqabilləriniz olub. Onlardan kimləri daha çox
xatırlayırsınız?
- Əlbəttə, mənim çox gözəl tərəf müqabillərim olub. Həsənağa Turabov mənim tərəf müqabilim, həm də dostum idi. Səməndər Rzayev çox gözəl və professional tərəf müqabili idi. Həqiqətən çox peşəkar idi. Onunla çox gözəl rollar oynamışam. Hamlet Xanızadə, İsmayıl Osmanlı... Mən çox sənətçilər görmüşəm, onlarla səhnəni bölüşmüşəm. Ona görə mənim teatra gəlişim çox güclü olub. Tahir Salahov tamaşalarda rəssam kimi çıxış edirdi, Qara Qarayev tamaşalara musiqilər yazırdı... Bax belə bir yaradıcılıq dövrüm olub. Doğrudur, bu, çox uzun çəkmədi, amma çox maraqlı idi. Hamıya özüm oynadığım rolları arzulayıram.
- Bəs bu gün kiminlə tərəf müqabili
olmaq istəyirsiniz?
- Bu suala cavab verməkdə çətinlik çəkirəm.
- Xoşbəxt aktrisa,
xoşbəxt ana, xoşbəxt həyat
yoldaşı -ən çox hansında özünüzü tapırsınız?
- Xoşbəxtəm
ki, ailəmin xanımıyam.
Ekspress.-2016.-31 mart.-S.13.