"Ata-anamın sözü
mənim üçün qanundur"
Gənc olmasına baxmayaraq, çox tez sevilən və populyarlıq qazananlardandı. Dövlət də onun sənətini yüksək qiymətləndirib.
Babək Niftəliyevi deyirəm. Tay-tuşlarını geridə qoyub əməkdar artist fəxri tituluna layiq görülüb. Amma bəzi həmkarlarından fərqli olaraq ulduz xəstəliyinə tutulmayıb, şöhrətdən başı gicəllənməyib.
Gənc xanəndə, əməkdar artist Babək Niftəliyevin Publika.az-a müsahibəsini təqdim edirik.
- Babək bəzi
həmkarların kimi əməkdar artist fəxri ad alandan sonra ulduz
xəstəliyinə tutulmadın ki?
- Allah eləməsin. Əvvəlki kimi öz işimlə məşğulam. Qastrol səfərlərinə çıxıram, ölkəmizi xarici ölkələrdə təmsil edirəm, yeni mahnılar yazdırıram.
- Bəzən
eşidirəm, deyirlər ki, Babək
özündənrazı xanəndədir. Yəqin sənin də
qulağına belə sözlər çatıb. Səncə,
bu fikir nədən
qaynaqlanır?
- Bəli, özümə də deyiblər. Bunun da səbəbləri var. “Efir mədəniyyəti” deyilən bir anlayış mövcuddur. Mən heç vaxt efirdə şitlik eləyə bilmərəm. Niyə efirdə hoppanıb-düşməliyəm, əgər sənətim varsa, elə onu göstərim də. Muğam janrı da belədir ki, gərək xanəndə özünü ağır aparsın. Ağır aparanda da kənardan baxanlar deyirlər ki, filankəs yekəxanadır. Amma indi sizinlə söhbət edirəm, görürsünüz ki, deyirəm-gülürəm, sadə oğlanam. Kasıb bir ailənin övladıyam, sən deyən pulumuz-paramız da yoxdur ki, deiym imkanlıyam, göylə gedim.
- Onda belə çıxır ki, varlanandan sonra sadə Babəkdən əsər-əlamət qalmayacaq? İndidən de, biz də işimizi bilək.
- Yox, yox, o mənada demədim. Hətta varım-dövlətim olsa belə yenə sadəliyimi heç bir şan-şöhrətə dəyişmərəm.
- Heç darıxma, yavaş-yavaş sənin də bağın, villan, bahalı avtomobillərin olacaq…
- İnşallah. Ustad sənətkarımız Cabbar Qaryağdıoğlu deyirmiş ki, sən sənətkar ol, samanlıqda yat. Gedib orda səni tapıb, üzə çıxaracaqlar. Sənət olan yerdə hər şey gəlib öz yerini tapacaq.
- Bildiyimə görə, həm də mahir ovçusan. Yəqin silahın da var.
- Ovçuluq təbiətlə təmasdır. Boş vaxtlarım olanda təbiətin qoynunda ov etməyi sevirəm. Qaldı ki, silaha, silahım yox, silahlarım var. Dostlarım da hədiyyə edib, özüm də almışam. Hamısı da sənədlə-sübutla məndədir. Seyfə qoymuşam, açarı da özümdədir.
- Silahlarım dedin, məni maraq götürdü, neçə silahın var ki?
- Azı altı dənə. Hamısı da yivsiz ov silahlarıdır.
- Silahla
yaxşı davrana bilirsən?
- Öyrənmişəm. Silah saxlayan oğlan gərək onun dilini də bilsin.
- Ovda əlin həmişə gətirir?
- Ayağım ruzilidir, gətirəndə gətirir.
- Başqa hansı xobbin var?
- Elə bir ovdur,
bir də bilyard oynamaq. Boş vaxtım olan kimi ya ova gedirəm,
ya da bilyard
oynayıram. Ov belədir
ki, yorğunluğun çıxır, təbiətin
gözəl havasını
uda-uda dincəlirsən.
Həm də bir xoş
əyləncədir.
- Bir dəfə efirdə qonaq idin, dedin ki,
dostlarımı evimə
dəvət etmirəm.
Belə anladım ki, çox mühafizəkarsan…
- Dostlarımla çöldə-bayırda
görüşürəm. Evimə yalnız qohum-əqrəbam
gələ bilər.
- Bəlkə nə vaxtsa dost xəyanəti ilə qarşılaşmısan,
ona görə dostları evindən, ocağından uzaq tutursan?
- Dədə-babadan belə görmüşük ki,
dost yaxşı və
pis gündə sınaqlardan çıxmalıdır,
özünü doğrultsa,
ona etibar eləmək olar. Bu gün salamlaşdım, sabah onu
evimə gətirdim – bizim ailədə, nəsildə belə ənənə yoxdur. Mən də beləyəm.
Problemlərim də olanda
ailəmlə dərdləşirəm,
valideynlərimlə bölüşürəm.
- Özün də valideynsən. Maraqlıdır, ata olan Babək atası ilə hesablaşırmı?
- Ata-anamın sözü mənim üçün qanundur. Bu, birmənalı
şəkildə belədir.
- Atanın sənə heç qadağaları olur?
- Qadağaları da olur, məsləhətləri
də.
- Olubmu ki, atan hansısa
hərəkətinə görə
səni danlayıb?
- Onlar bilir ki,
mən efirdəyəmsə,
efir mədəniyyətini
qoruyacağam, çöldə-bayırdayamsa,
insanlara hörmətlə
yanaşağacam. Özümü aparmağımla bağlı
hələ indiyə qədər onlardan irad eşitməmişəm.
Repertuarımla bağlı
irad ola
bilər. Anam deyər ki,
tutalım, Babək, bu mahnı sənin
səsinə düşmür,
bunu bir də oxuma. Mən də dərhal əməl edərəm.
- Həmişəmi
deyirsən, Babək, əhsən sənə, əla oxudun?
- Yox, ola
bilər hansısa musiqini ürəksiz oxumuşam, amma qıraqdan deyərlər ki, əhsən, Babək nə gözəl oxudun. Əsas olan içimdəki səsdir. İçimdən gələn səs
mənə deyəndə
ki, Babək, yaxşı oxudun, onda özümə arxayın oluram. Seyid Şuşinski rəhmətlik deyərmiş
ki, xanəndə ildə üç dəfə oxuya bilirsə, böyük xanəndədir.
Biz də hər
dəfə istəyirik
yaxşı oxuyaq.
Yalançı tərifi xoşlamıram.
- Babəkin özünə “bu olar, bu olmaz”
deyə qadağaları
varmı?
- Əlbəttə var.
- Bilmək olar hansı qadağalardır?
- Məsələn, içki
içmək, siqaret çəkmək olmaz. Həmin insanların aqibəti göz önündədəir.
Mən də ömrümün axırına kimi bunu özümə qadağan etmişəm.
Pis vərdişlərdən uzaq
adamam.
- Başqalarının
fikri ilə hesablaşan insansan?
- Baxır fikrə. Əgər kimsə hansısa bir məqamda düz danışırsa,
hesablaşaram. Amma danışıqları
kiməsə qarşı
şər-böhtandırsa, qətiyyən onunla həmfikir olmuram. Dəqiqləşdirib, sonra münasibət
bildirərəm.
- Bir dəfə bizim aramız dəymişdi. Səndən
müsahibə götürmüşdüm,
o müsahibənin başlığı
az qala
münasibətlərimizi gərginləşdirəcəkdi…
- Hə, gecəyarısı
mənə zəng gəldi ki, bəs nə olub, atan xəstədirmi?
Dedim yox. Sonradan öyrəndim ki, sizə verdiyim
müsahibədə işlətdiyim
fikri başlığa
çıxarmısınız, həmin adam
da yazını oxumamış mənə
zəng edib. Əslində, sizi qınamadım.
Biz Kəlbəcərdən
nə vəziyyətdə
çıxmışıq, onu bir Allah bilir.
Həmin
vaxt atamın barmaqlarını şaxta
vurmuşdu. Elə bu
fikri də başlığa çıxarmışdınız.
O yazı dəhşət
çox oxunmuşdu, hamı mənə zəng edirdi ki, yaxşı müsahibə vermisən.
Bəlkə də o müsahibənin
başlığı adi
olsaydı, bu qədər çox oxunmazdı. Bu da sizin peşə
bicliyinizdir, yazını
çox oxutmaq istəmisiniz, normal qarşılayıram.
- Növbəti dəfə müsahibədə
başlığa görə
məndən inciməyəcəksən
ki?
- Qətiyyən.
- Elə bir xasiyyətin varmı ki, onunla mübarizə aparırsan?
- Həddən artıq sadəliyim mənə çox vaxt mane olur. Ürəyimin təmizliyindən irəli gəlir. Çox vaxt lazım olmayan halda insanlara
inanıram. Hərdən güzgünün qabağında
durub özümü danlayıram, deyirəm başın daşa dəyir, amma nəticə çıxarmırsan,
yenə də hamıya inanmaqda davam edirsən. Amma görürəm ki, yox e, bu, mənlik
deyil, dəyişə
bilmirəm.
- Görəndə
ki, kimsə səndən sui-istifadə
edir, ona reaksiyan necə olur?
- Çox pis oluram. Onların qəlbinə dəymək
istəmirəm. Bir də
görürsən birinə
salam-əleyk edirəm,
axşam zəng edir ki, oğlumun
toyudur, gəl oxu. Özü də Bakıda
olsa dərd yarıdır, rayona çağırır. Sui-istifadələr çox olur. Bir dəfə gecəyarısı
zəng gəldi, cavab verəndə gördüm ağsaqqal kişidir. Dedi ki, oğlumun toyu olacaq, amma
verməyə bir qəpik pulum yoxdur. Toy da Masallının kəndində
olacaq. Dedim gələrəm. Vaxt yetişdi,
getdim toya. Həyətə girəndə məni
əlləri üstə
qaldırıb mağara
apardılar. Elə bildim
mənə milyonları
verdilər. Dost məclisində çox oxumuşam.
- Heç toylarda sənə bahalı hədiyyələr
veriblər?
- Bir dəfə
toyda “Şahnaz”
muğamı oxudum, mənə bir qoç hədiyyə
etdilər. 2006-cı ildə baş verən
bu hadisə məni o
qədər təsirləndirdi ki, ömrümün sonuna qədər unutmayacam.
Əslində, bu hədiyyə mənə
və sənətimə olan sevginin təzahürü idi.
İnsan səsimdən və ifamdan o qədər təsirləndi
ki, mənə qoç
bağışladı.
Ekspress.-2016.- 13 may.- S.13.