Sivil dövlətin
formalaşması
Hüquqi dövlət və vətəndaş
cəmiyyəti demokratiya ilə sıx
bağlı anlayışlar olduğundan,
biri bərqərar olmadan
digəri mümkün deyil.
Fransız politoloqu Tokvill demokratiya şəraitində
hüquqi dövlətin cəmiyyətdə
oynadığı rolu təhlil edərək
bildirir ki, demokratiya əmlakın mövcudluğunu,
mülkiyyət anlayışını bütün
adamlar üçün
aydın etdiyi kimi, siyasi hüquqlar
analyışını da hər bir vətəndaşın şüuruna
çatdırır.
Azərbaycan
Respublikasının Konstitusiyasında qanunların aliliyini təmin edən hüquqi,
dünyəvi dövlət qurmaq, vətəndaş
cəmiyyətinin bərqərar edilməsinə nail olmaq bəyan edilib.
Ekspertlərin fikrincə, demokratiya azlığın çoxluğa tabe olması prinsiplərinin rəsmi etirafına, vətəndaşların hüquq bərabərliyi, geniş siyasi və hüquqi azadlıqların olması, ali dövlət orqanlarının seçkili olmasını, hakimiyyət bölgüsü, qanunların aliliyi və digər prinsipləri ilə başqa dövlət formalarından fərqlənir. Bu da o deməkdir ki, azadlıq və demokratiya düşünülmüş şəkildə tətbiq ediləndə bir-biri ilə ziddiyyət təşkil etmir, əksinə biri digərini tamamlayır, cəmiyyətdə nizamlı, ahəngli inkişaf verir. Mərhələli demokratikləşmə isə vətəndaş cəmiyyətinin formalaşması prosesinin başlanğıc sxeminin reallaşmasını təmin edən mühüm iqtisadi dəyişikliklər nəticəsində yaranır.
Ekspert Vahid Ömərov bildirir ki, vətəndaş cəmiyyətinin gerçəkləşməsi üç mərhələdən keçib: “XVI-XVII əsrləri əhatə edən birinci mərhələdə vətəndaş cəmiyyətinin siyasi, iqtisadi və ideoloji zəmini formalaşıb. XVIII-XIX əsrləri əhatə edən ikinci mərhələdə vətəndaş cəmiyyəti xüsusi mülkiyyətə, azadlıq və liberal-demokratiyaya əsaslanan ictimai münasibətlər şəraitində inkişaf edir. Bu dövrdə suveren, hüquqi, demokratik dövlət, parlament yaranır, vətəndaş cəmiyyəti üzvlərinin hüquq və azadlıqları qorunur. Vətəndaş cəmiyyətinin inkişafında üçüncü mərhələ müasir dövrü - XX əsri və XXI əsrin əvvəllərini əhatə edir. Bu dövrdə vətəndaş cəmiyyəti və hüquqi dövlət bazar iqtisadiyyatı, demokratiya, millət ideyası, milli dövlət ümumbəşəri sərvətə çevrildi. Siyasi plüralizm, söz, fikir, mətbuat azadlığı, çoxpartiyalı sistem həyata keçirildi. Vətəndaş cəmiyyətini qeyri-siyasi, iqtisadi, demokratik, hətta mədəni cəmiyyət kimi səciyyələndirirlər”.
XX əsrin sonlarında Şərqi Avropa və postsovet məkanında baş verən köklü dəyişikliklər, totalitarizmdən demokratiyaya, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna yol açdı. Sosial əsasını vətəndaş cəmiyyətinin təşkil etdiyi hüquqi dövlət quruculuğu gedişində qanunun aliliyi, hamının qanun qarşısında bərabərliyi, hüquqi mədəniyyət və və hüquqi savadlılıq dərəcəsinin yüksək olması gerçəkləşir.
V.Ömərov onu da qeyd edir ki, vətəndaş cəmiyyətində dövlətdən fərqli olaraq tabeçilik əlaqələr deyil, üfüqi əlaqələr, yəni hüquqca azad və bərabərhüquqlu insanların əməkdaşlıq və sağlam rəqabət münasibətləri üstünlük təşkil edir, ictimai həyatda, kompromis və konsensus, dövlət üzərində ictimai nəzarət hökm sürür: “Demokratik-hüquqi dövlətin əsaslarının yaradılması və vətəndaş cəmiyyətinin qurulması prioritet məsələ kimi bəyan edilib. Milli qanunvericilik sistemi beynəlxalq hüquq normalarına əsaslanır. Ulu öndər Heydər Əliyevin bu barədə maraqlı fikri var: “Ölkəmizdə qəbul edilən qanunlar Avropa Şurası ekspertlərinin bilavasitə iştirakı ilə hazırlanır. Hüquq islahatları nəticəsində hər bir insan şəxsiyyət azadlığı və toxunulmazlığına, barəsində qaldırılan işin müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətlə və açıq şəkildə araşdırılmasına, hüquq müdafiəsinə təminat alıb”.
Əslində ölkəmiz dünya birliyinə inteqrasiya yolunu seçdiyi üçün getdikcə daha da müasirləşir, inkişaf edir. Dünya birliyinə inteqrasiya, beynəlxalq təşkilatların üzvü olmaq dövlətlərarası əməkdaşlığın inkişafının əsas vasitəsi olmaqla yanaşı, eyni zamanda milli qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edən mühüm amilə çevrilib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edir ki, ölkədə hüquqi dövləti qurmaq üçün ilk növbədə konstitusion rejim, mükəmməl hüquq sistemi, effektiv məhkəmə hakimiyyəti, hakimiyyətlər bölgüsü kimi prinsiplər yaradılmalı idi: “1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş konstitusiyamız dünyada nadir qanun toplusundan biridir. Burada demokratik hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunub. İnsan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilib. Konstitusiyamızın üçdə bir hissəsi məhz bu məsələyə həsr edilib. Demokratik dəyərlərin üstünlüyünü qəbul edən, azadlığı, haqq və ədalətin bərqərar olunduğu dövlət qurmaq istəyən hər bir ölkə, hər bir xalq üçün Konstitusiya birinci dərəcəli əhəmiyyət daşıyır. Siyasi, iqtisadi, hüquqi sistemin köklü şəkildə dəyişdiyi, cəmiyyətdə keçid dövrünün başlandığı bir vaxtda Əsas Qanunun rolu qat-qat artır. Bu bir həqiqətdir ki, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunması ilə Azərbaycanın tarixi inkişafının yeni bir mərhələsi başlandı. Mühüm tarixi əhəmiyyətə malik olan bu sənəd ölkəmizdə insan və vətəndaş azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil edir. Əminliklə demək olar ki, Azərbaycan Respublikasının Konstitusiyasında yüz illər boyu bəşəriyyətin əldə etdiyi mütərəqqi dəyərlər fundamental hüquq və azadlıqları lazımi şəkildə öz əksini tapıb”.
Yaşadığımız dövrdə dövlətin sosial siyasətinin tənzimlənməsi istiqamətində fəaliyyətin genişləndirilməsi zərurəti aktuallaşıb. Dövlətin sosial funksiyasının xüsusi mahiyyət qazanması sosial dövlətin inkişafına şərait yaradır. Bu proses bilavasitə sosial olanın iqtisadiyyat üzərində üstünlük əldə etməsi, insanın layiqli həyat şəraitinin təmin edilməsinin dövlətin əsas məqsədinə çevrilməsi ilə bağlıdır. Dövlətin sosial və iqtisadi sferanın tənzimlənməsi istiqamətində məqsədyönlü fəaliyyəti sosial siyasət prinsiplərini şərtləndirir. Məhz bu mənada sosial siyasət dövlətin digər iqtisadi subyektlərin həyat və əmək şəraitinin dolğun təminatına yönəldilmiş fəaliyyətidir. Dövlətin sosial sahədə apardığı islahatlar sosial siyasət zəminində qurulur və formalaşır. Beləliklə, sosial siyasət dövlətin, yerli hakimiyyət orqanlarının, müəssisə və təşkilatların əhalini işsizlikdən, istehlak qiymətlərinin artımından müdafiə edən kompleks sosial iqtisadi tədbirlər sistemidir. Əslində qloballaşma prosesi sosial siyasətin yeni mahiyyət kəsb etməsinə və standart proqramlar əsasında həyata keçirilməsinə, eyni zamanda müxtəlif ölkələrdə sosial siyasətlə bağlı oxşar islahatların aparılmasına səbəb olub. Bundan başqa, beynəlxalq, milli və submilli sosial siyasətlər ölkələrin yoxsulluq əleyhinə qlobal fikir birliyinə gələrək inkişaf edən sosial birliyin dəyişməsinə təsir etməkdədir. Uğurlu sosial siyasətə gəlincə, demək olar ki, ölkənin gələcək inkişafına geniş şərait yaradır. Bu baxımdan sosial siyasəti dövlətin sosial institutlarının və cəmiyyətdəki sosial-iqtisadi və sosial-siyasi münasibətlərin sosial subyektlərinin tənzimlənməsi mexanizmi kimi də nəzərdən keçirmək olar.
Ekspertlər onu da vurğulayırlar ki, sosial siyasət uyğun institutun maliyyə və ictimai potensialını istifadə etməklə dövlət və digər siyasi və sosial institutların cəmiyyətin sosial sahələrinin inkişafına, insanların həyat şəraitinin, tərzinin və keyfiyyətinin təkmilləşdirilməsinə, onların həyat tələbatlarının müəyyən bir hissəsinin təmin edilməsinə, onlara zəruri sosial dəstəyin göstərilməsinə, vətəndaşların sosial təhlükəsizlik, yardım və müdafiə ilə təmin edilməsinə yönəlmiş fəaliyyətidir. Yəni, dövlətin sosial siyasəti bilavasitə sosial fəallıq və digər sosial institutlarla bağlıdır. Sosial siyasət yalnız dövlət və onun institutları vasitəsilə deyil, həm də digər subyektlər tərəfindən həyata keçirilir və bu siyasət mövcud hüquqi çərçivədə olub, müəyyən mənada dövlətin sosial siyasəti ilə üst-üstə düşür.
Yeri gəlmişkən, Konstitusiyanın 16-cı maddəsi “Sosial inkişaf və dövlət” adlanır. Bu maddənin 1-ci bəndində göstərilir ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Ölkəmizdə sosial yönümlü siyasət aparlır və ölkədə sosial təminatın, sosial infrastrukturun yaxşılaşdırılmasına yönələn ardıcıl proqramlar həyata keçirilir. Qeyd edək ki, dövlət büdcəsinin xərclər hissəsində sosial yönümlü xərclər mühüm paya malikdir. Son 7-8 il ərzində ölkədə 11-dən artıq sosial təyinatlı dövlət proqramları həyata keçirilib, onların mühüm bir qismi regionların, digər qismi isə paytaxt Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafını əhatə edir. Gənclərlə bağlı 2005-2009 və 2011-2015-ci illəri əhatə edən iki Dövlət Proqramı qəbul olunub. Sonuncu proqramın icrasına dövlət tərəfindən 80 milyon manat vəsait ayrılıb. Bütövlükdə büdcədən hər il sosial yönümlü proqramlara ayrılan xərclər ümumilikdə milyardlarla manat həcmindədir.
Rəşid RƏŞAD
Ekspress.-2016.-3 noyabr.-S.10.