Dövlət quruculuğu sistemində gənclərin rolu artır

 

Əli Həsənov: “Gənc nəslin enerjisi ilə yaşlı nəslin təcrübəsinin bir araya gəlməsi dövlətin gücünü təşkil edir

 

Azərbaycan gənclərinin ölkəmizin ictimai-siyasi həyatında fəallığı göz önündədir. Bu isə birinci növbədə Azərbaycan rəhbərliyinin gənclərə böyük önəm verməsindən, gənclər siyasətinin dövlət siyasətinin tərkib hissəsi olmasından irəli gəlir. Bu məsələ dünən Bakıda keçirilən “Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış” mövzusunda gənclərin respublika konfransında da müzakirə olunub.

 

Azərbaycanın müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş konfransda Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov, eləcə də digər gənclər təşkilatlarının nümayəndələri itirak ediblər.

 

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun sözlərinə görə, 1990-cı illərin gəncliyi ilə bugünkü gənclik arasında böyük fərq var. Onun dediyinə görə, Heydər Əliyev hakimiyyətə gələnə qədər gənclik müəyyən şəxslərin girovuna çevrilib, onların hakimiyyət uğrunda ambisiyalarının iştirakçısına çevrilib. “O dövrdə hakimiyyətlə cəmiyyət qarşıdurmasının təməlində də gənclik dururdu. Həmin gənclik müstəqil dövlət quruculuğunda ciddi maneəyə çevrilmişdi. 1993-cü ilin avqust ayında Heydər Əliyev parlamentdə gəncliklə görüş keçirdi, gənclərin dövlət quruculuğunda rolu müzakirə edildi. Heydər Əliyev prezident seçiləndən sonra ilk addımlardan biri kimi Gənclər və İdman Nazirliyini yaratdı” deyən prezidentin köməkçisi bildirib ki, bununla da gənclər siyasəti prioritet siyasətə çevrildi. “Bu siyasət prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyev hələ 1995-ci ildə gənclərin Birinci Forumunda çıxışında demişdi ki, ellə bir gənclik yetişdirməliyik ki, sabah estafeti bizdən qəbul etməyə hazır olsun. Vətənpərvər gənc nəsil yetişib. Vətənpərvər nəsil olmasa, uğurlardan danışmaq olmaz”.

 

Həsənov bildirib ki, tək vətənpərvər olmaqla uğur qazanmaq olmaz. Dediyinə görə, gənclər elmli, təhsilli olmalı, dünyada inkişafın ən yaxşı nümunələrini, texnologiyaları Azərbaycana gətirməlidir. “Gənclik bütün səviyyələrdə Azərbaycan dövlətini təmsil etməyə hazırdır. Diplomatik korpusun tərkibinə, transmilli şirkətlərdə çalışanlara baxsaq, onların əksəriyyəti gənclərimizdir. Gənc nəsillə yaşlı nəsil çiyin-çiyinə çalışır. Nazirliklərdə müavinlərin, şöbə müdirlərin əksəriyyəti gənclərdir, yaşlı nəsillə birgə çalışmaqla formalaşıblar. Prezident İlham Əliyev Heydər Əliyev siyasətini həyata keçirərək gənclərin timsalında Azərbaycanın uğurlu gəncliyini yetişdirib”.

 

Azərbaycan dövlətinin gənclərin təhsil siyasətinə xüsusi dəstək göstərdiyini deyən prezidentin köməkçisi bildirib ki, bizim gənclik bütün səviyyələrdə Azərbaycan dövlətini təmsil etməyə hazırdır və təmsil də edir: “Müstəqillik illərində yetişib formalaşan gənclər xarici dilləri, xarici texnologiyaları öyrəniblər, bütün texnolojiinnovativ nailiyyətlərə yiyələniblər. Bu gəncliklə biz gələcəyə ümidlə baxa bilərik və baxırıq da. Bu gün dövlət quruculuğu sistemimizdə, qanunvericilik, məhkəmə hakimiyyətində, mətbuatda gənc nəsillə təcrübəli ziyalılarımız çiyin-çiyinə çalışırlar. Gənc nəslin enerjisi ilə yaşlı nəslin təcrübəsi bir araya gəlməsi dövlətin gücünü təşkil edir”.

 

Bu gün dövlət qurumlarında çalışanların əksəriyyətinin gənclər olduğunu deyən Ə.Həsənov qeyd edib ki, Azərbaycanın bütün sahələrdə əldə etdiyi nailiyyətlər sırasında gənclər siyasətində əldə olunan nailiyyətləri də əlavə etmək lazımdır.

 

Gənclər və idman naziri Azad Rəhimov gənc idmançıların ötən dövr ərzində 8560 medal əldə etdiyini nəzərə çatdırıb. Azərbaycanda keçirilən idman tədbirlərindən danışan A.Rəhimov xatırladıb ki, gələn il Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçiriləcək: “Gənclərimizin hər biri bayrağımızı yüksəltməyə hazır olmalıdır”.

 

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov ölkədə həyata keçirilən gənclər siyasətindən söz açıb. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev isə Azərbaycanın 25 il ərzində tarix yazdığını söyləyib: “2011-ci ildə yaradılan Gənclər Fondu bu günə qədər gənclər təşkilatı və gənclərin 3341 layihəsini dəstəkləyib. Azərbaycan Gənclər Fondu dünyada unikal qurumlardan biridir ki, birbaşa gənclərin layihələrinə dəstək verir. 16-29 yaşlı hər bir gənc bu imkanlardan yararlana bilir. Gənclər Fondu gənclərin beynəlxalq tədbirlərdə iştirakı ilə bağlı səfər qrantları də təqdim edir. İndiyə qədər bu sahədə 502 müraciətdən 269-u dəstəkləyib”.

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli xatırladıb ki, bu il aprel döyüşlərində Azərbaycan gəncliyi torpaqların azadlığı uğrunda son damla qanına qədər döyüşməyə hazır olduğunu sübut edib: “İndiki gənclərimiz həm də Xocalı soyqırımını dünyaya tanıdır”.

 

Olimpiya çempionu Namiq Abdullayev müstəqillik illərində idmançıların qazandıqları uğurlardan, idmançılara yaradılan şəraitdən danışıb: “Azərbaycanda keçirilən möhtəşəm idman yarışları idman ölkəsi olmaqla yanaşı, multikulturalizm ənənələrini də göstərir”.

 

Doğrudan da, son illər ölkəmizdə həyata keçirilən tədbirlərin nəticəsində gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılması sürətləndirilib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Azərbaycandakı qeyri-hökumət təşkilatlarının əksəriyyəti gənclərlə bağlıdır. Ümumiyyətlə, vətəndaş cəmiyyətinin tərkib hissəsi olaraq gənclər QHT-lərinin də cəmiyyətdə əsas rolu vətəndaşların tələbatının ödənilməsi istiqamətində onların öz potensial qüvvələrinin səfərbər edilməsindən, bu yöndə vətəndaş şüurunun artırılması və işlək mexanizmlərin formalaşdırmasından ibarətdir. Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin sədri Elməddin Hacılı gənclər təşkilatlarının əsas etibarilə insan hüquqları və demokratiya, ailə, qadın və uşaq məsələləri, iqtisadisosial məsələlər, elm, təhsil, mədəniyyət, ekologiya və digər sahələrdə fəaliyyət göstərir və müxtəlif layihələr həyata keçirdiklərini bildirir. Onun sözlərinə görə, onlar müxtəlif sahələrdə maariflənməsində, vətəndaşların sosial problemlərinin həllində bu layihələr vasitəsilə kömək etməyə çalışırlar.

 

Bu gün gənclər QHT-lərinin layihələrini dəstəkləyən əsas donorlar Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Prezident yanında QHT-lərə dövlət Dəstəyi Şurasıdır. Əgər son illərə kimi digər QHT-lər kimi gənclər QHT-lərinin layihələrinin əsas donorları arasında beynəlxalq donorlar üstünlük təşkil edirdisə, hal-hazırda bu nisbət yerli donorların hesabına dəyişib. Belə ki, 2012-ci ildə fəaliyyətə başlayan Azərbaycan Gənclər Fondu elə həmin ildən məqsədlərinə uyğun olaraq gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimaisosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirir. Azərbaycan Gənclər Fondu gənclər QHT-ləri üçün müxtəlif yönümlü ideyaların dəstəklənməsinə, onların vətəndaş cəmiyyəti quruculuğu istiqamətində yeni imkanlar yaradıb. Qeyd edək ki, bu fond gənclərin inkişafına yönəlmiş yenilikçi bir ideya olaraq müxtəlif layihələr vasitəsilə gənclərin peşəkar idarəetmə, liderlik bacarıqlarının və biliklərinin artırılması, onların fəal vətəndaşlar kimi cəmiyyət həyatında iştiraka cəlb edilməsi və gənclərin sosial problemlərinin həllinə yönəlmiş təşəbbüslərin dəstəklənməsi üçün imkanları daha da təkmilləşdirib.

 

Azərbaycan gənclərinin milli ruhda böyüməsi və ölkəyə layiqli vətəndaşlar kimi yetişməsi üçün respublika rəhbərliyinin davamlı tədbirlər həyata keçirdiyini deyən siyasi elmlər üzrə fəlsəfə doktoru Elnur Hacalıyev hesab edir ki, cəmiyyətin bu əhəmiyyətli təbəqəsinin hərtərəfli inkişafı, onların intellektual səviyəsinin yüksəldilməsi üçün son illərdə bütün zəruri imkanlar yaradılıb. Dediyinə görə, prezident İlham Əliyev gənclərimizin hərtərəfli inkişafı, onların intellektual səviyyəsinin yüksəldilməsi üçün bütün imkanlardan istifadə edir.

 

Dövlət tərəfindən gənclərə göstərilən yüksək diqqət və qayği ildən-ilə artırılmaqdadır. Prezident İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” da dövlət gənclər siyasətinin yeni mərhələyə qədəm qoyduğunu bir daha göstərir. Strategiyanın məqsədi 2015-2025-ci illərdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır. Strategiyanın icrasının nəticəsi olaraq 2025-ci ilin sonuna qədər gənclər arasında təhsil səviyyəsinin və peşə təhsili alanların sayının artırılması, gənc məzunların ixtisaslarına uyğun işlə təmin edilməsi səviyyəsinin yüksəldilməsi, gənclər arasında işsizliyin səviyyəsinin aşağı salınması, gənclərin təhsil müddətində yaşayış şəraitinin yaxşılaşdırılması üçün ali, orta ixtisasilk peşə-ixtisas təhsili müəssisələrinin şagird və tələbələrinin yataqxanalarda yerlə təmin olunması, aliorta ixtisas təhsili müəssisələri məzunlarının öz regionlarında ixtisaslarına uyğun işlə təmin edilməsi kimi məsələlər nəzərdə tutulub.

Sonda qeyd edək ki, məhz Azərbaycan dövlətinin gənclərin fəaliyyəti üçün yaratdığı imkanların nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilə bilib, onların hüquqidemokratik dövlət quruculuğundakı rolu artıb.

 

Qənirə MƏMMƏDLİ

Ekspress.-2016.-11 noyabr.-S.10.