12 noyabr - Azərbaycan Konstitusiyası günüdür

Konstitusiya hüquqi dövlətin əsasıdır

 

Hər bir dövlətin müstəqilliyini şərtləndirən, onu əbədiləşdirən amillər, birinci növbədə, qanunların aliliyinin təminatından, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi keyfiyyətindən, ədalət mühakiməsinin beynəlxalq tələblərə uyğunlaşdırılmasından asılıdır. İnkişaf etmiş demokratik ölkələrin təcrübəsi də göstərir ki, ictimai-siyasi həyatın bütün sahələri üzrə hüquqi bazanın möhkəm təməllər üzərində qurulması, ədalət mühakiməsi prinsiplərinə ciddi şəkildə riayət olunması həmin dövlətdə sabitliyin, vətəndaş həmrəyliyinin və dinamik iqtisadi inkişafın başlıca təminatlarından biridir.

 

Dövlət müstəqilliyini əldə etdikdən sonra hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda inamlı addımlar atan Azərbaycan Respublikasında cəmiyyətin təkamül sistemini, dövlət idarəçilik mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyən qanunların müasirləşdirilməsi və təkmilləşdirilməsi davamlı prosesə çevrilib. Ötən 25 ildə ölkənin demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində yüksək nailiyyətlər qazanması bilavasitə vətəndaş cəmiyyəti quruculuğuna hesablanmış məhkəmə-hüquq islahatlarının respublikanın sosial-iqtisadi inkişaf dinamikası ilə uzlaşdırılması nəticəsində mümkün olub.

 

Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyası idi. Məlum olduğu kimi, 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür.

 

Azərbaycanın birinci Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSR Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər qurultayında qəbul olunub. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki Konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi.

 

Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradıldı, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu. Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoydu. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.

 

Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir:

 

- Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;

- Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;

- vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;

- xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;

- ədalətli iqtisadisosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək;

- ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaqbu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.

 

Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan dövlətinin başlıca əlamətlərini təsbit edir ki, bu da dövlətin mahiyyətini müəyyən edir. Konstitusiyanın 7-ci maddəsinin I hissəsində deyilir: Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır.

Azərbaycan dövlətinin demokratik xarakteri özünün ifadəsini konstitusiya quruluşunun aşağıdakı struktur elementlərində tapır: xalq hakimiyyəti; hakimiyyətin bölgüsü; siyasi plüralizm; yerli özünüidarəetmə.

 

Demokratiya, dövlət suverenliyi, insan və vətəndaş hüquqlarının prioriteti kimi hamılıqla qəbul edilmiş dəyərlər Azərbaycan Konstitusiyasının təməl prinsiplərini təşkil edir. Konstitusiyanın qəbulu cəmiyyət və dövlət həyatında demokratik dəyişikliklərə yol açdı, insan hüquq və azadlıqlarının həyata keçirilməsinə əlverişli şərait yaratmaqla, ictimai həyatın bütün sahələrinin inkişafına təkan verdi.

 

Müstəqil Azərbaycanın ilk milli Konstitusiyasının preambulasında dövlətin müstəqilliyinin və suverenliyinin qorunması, hüquqi, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinə nail olmaq kimi mühüm vəzifələr əsas niyyət kimi bəyan edilir.

 

Konstitusiyada Azərbaycanın demokratik yolla inkişafının qaçılmaz olduğunu nəzərdə tutan şərt dövlət hakimiyyətinin xalqa məxsus olmasının birmənalı şəkildə təsbit olunmasıdır. Eyni zamanda, Konstitusiyada göstərilir ki, öz müqəddəratını sərbəst və müstəqil şəkildə müəyyənləşdirmək Azərbaycan xalqının suveren hüququdur.

 

Konstitusiyada əksini tapmış mühüm məsələlərdən biri də xalqın hüquq və mənafeləri ilə bağlı hər bir məsələnin referendum yolu ilə həllinin nəzərdə tutulmasıdır. Konkret olaraq 3-cü maddədə göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının qəbulu və ona dəyişikliklər edilməsi, habelə Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi məsələləri yalnız ümumxalq səsverməsi - referendum yolu ilə həll oluna bilər.

Konstitusiyanın qeyri-müəyyən müddətdə qüvvədə olmasının nəzərdə tutulması, onun məzmun sabitliyi ilə fərqlənən əsas normativ-hüquqi akt kimi səciyyələndirsə də, zaman keçdikcə ona müəyyən əlavə və dəyişikliklər etmək zərurəti yaranır.

 

Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsi konstitusiyanın hüquqi qüvvəsini təsbit edib.

I Azərbaycan Respublikası Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir.

II Azərbaycan Respublikası Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir.

III Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır.

 

Konstitusiya quruluşunun əsasları Azərbaycan Respublikasının Konstitusiyasının I bölməsində təsbit olunub. Cəmiyyətin və dövlətin fundamental əsasları, həyata keçirilməsi ölkəmizdə konstitusion dövlətin bərqərar olunmasına yönələn başlıca prinsiplər isə “Ümumi müddəalar” adı altında təsbit olunub. Bu bölmədə öz əksini tapan normalar norma-prinsiplər, məqsəd normaları, vəzifə-normaları hesab olunur.

 

Konstitusiya quruluşunun əsaslarının aşağıdakı struktur elementləri var: xalq hakimiyyəti; xalq suverenliyi; insan və vətəndaşların hüquq və azadlıqlarının üstünlüyü; Azərbaycan dövlətinin forma və mahiyyəti; hakimiyyət bölgüsü; sosialiqtisadi əsaslar; dövlət hakimiyyətinin əsasları; yerli özünüidarəetmənin tanınması və təmin olunması, onun müstəqilliyi və dövlət hakimiyyətindən ayrılması.

 

Konstitusiya quruluşu dargeniş mənada anlaşılır. Dar mənada Konstitusiya quruluşu - Konstitusiyada təsbit olunanmövcud qanunvericilikdə inkişaf etdirilən dövlətin təşkili üsullarıdır.

 

Geniş mənada konstitusiya quruluşu - ali hakimiyyət və idarəetmə orqanlarının təşkili; dövlət quruluşuinsan, vətəndaş cəmiyyəti və dövlət arasındakı hüquqi əlaqələrlə bağlı meydana çıxan, başlıca olaraq Konstitusiya normaları ilə nizama salman iqtisadi, sosial, siyasi, hüquqi, ideoloji münasibətlərin məcmusudur.

 

Konstitusiya quruluşunun əsasları - dövlətin hüquqi tabeçiliyini təmin edən və onu konstitusion dövlət kimi xarakterizə edən başlıca prinsiplərin məcmusudur. Bu prinsiplər bütövlükdə konstitusiya hüquq sisteminin ideyahüquqi bazasını təşkil edir.

 

Konstitusion dövlət ilk dəfə İngiltərədə meydana gəlmiş və konstitusion təsisatlar XVIII əsrin sonlarından başlayaraq Qərbi AvropaAmerikaya, sonra isə Şərqi Avropayabir sıra Asiya ölkələrinə yayılıb. Ölkəmizdə konstitusion dövlət quruculuğu istiqamətində yeni addım 1991-ci il 18 oktyabr tarixli “Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbulundan sonra atılmış oldu. Artıq bu Aktda Konstitusiya quruluşunun mühüm prinsipləri öz təsbitini tapmış oldu. Məsələn, “Azərbaycan Respublikasında suveren hakimiyyət Azərbaycan xalqına məxsusdur”; “Azərbaycan xalqı müstəqil, dünyəvi, demokratik, unitar dövlət yaradır”; “Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətin bölunməsi prinsipinə əsaslanır” və s. Qeyd etmək lazımdır ki, Akt yeni Konstitusiyanın işlənməsi üçün əsas hesab olunurdu.

 

Konstitusiya hüququ elmində, adətən xalq, millət və dövlət suverenliyi anlayışları bir-birindən fərqləndirilir. Bunlar qarşılıqlı əlaqəyə malik olan anlayışlardır. Xalq və millətin suverenliyi onların müstəqil, azad şəkildə öz siyasi, sosial və mənəvi məişətini müəyyən etməsi olub, dövlətin suverenliyinin əsasında durur. Xalq suverenliyi milli suverenlik və dövlət suverenliyinin əsasıdır və sonuncu xalq və millətin suveren iradəsinin siyasi-hüquqi forması kimi təzahür edir.

 

Xalq hakimiyyəti - dövlət hakimiyyətinin yeganə mənbəyidir. Onu cəmiyyət özü müəyyən edir. Xalq suverenliyinin həyata keçirilməsi üsulları aşağıdakılardır: suveren və müstəqil dövlətin yaradılması, başqa dövlətə müstəqil birləşmə və ya onların birləşməsi, xalq tərəfindən azad şəkildə müəyyən edilən hər hansı siyasi statusun müəyyən edilməsi. Xalqın iradəsi demokratik dövlətin yeganə bazisidir və dövlət hakimiyyətinə, onun formasının dəyişməsinə mandat məhz ondan gəlir.

 

Azərbaycan Respublikası Konstitusiyası xalq hakimiyyətinin əsaslarını təsbit edir. Konstitusiyanın 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.

 

Qeyd edək ki, qüvvədə olan Konstitusiyaya 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilən referendumlarda əlavə və dəyişikliklər qəbul olunub.

 

Ölkəmizdə 12 noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd olunur.

 

Murad MƏMMƏDLİ

Ekspress.-2016.-12-14 noyabr.-S.10.