“Azərbaycanda rejissor
qıtlığı yoxdur”
Əmir Pəhləvan:
“Mən mükafat üçün əsər yazıb film
çəkməmişəm...”
Əmir Pəhləvan jurnalist kimi fəaliyyətə başlayıb və bir neçə mətbu orqanında işləyib. Sanballı məqalələri ilə özünü bir jurnalist kimi təsdiq edə bilib. Sonralar kinossenarilər, dram əsərləri yazıb, rejissorluq fəaliyyətinə başlayıb. Əsərləri bir çox dünya xalqlarının dilinə tərcümə olunub. O, indi 15 film və 70 kitabın müəllifi, dünyanın bir neçə nüfuzlu ödüllərinin sahibidir. Biz də bu günlərdə Bakıda olan Əmir Pəhləvanla görüşüb çoxşaxəli yaradıcılığı barədə söhbət etdik.
- Əmir müəllim,
vaxtilə mətbuat bolluğunda “İlham” qəzeti öz dəst-xəttilə
seçilirdi. Öz
auditoriyası var idi.
Bəs, niyə davam etmədi layihəniz?
- Sovet dövrünün ənənəvi mətbuatı və ənənəvi oxucuları olduğu kimi, ənənəvi müxalifəti də var idi. Hesab edin ki, ateist dövlətin rəsmi icazəli ilahiyyatçıları, dini idarələri də var idi. Söhbətimiz dini auditoriya haqqında deyil. Yəni, yalandan Xuruşşov mülayimləşməsindən sonra saxta, qeyri-formal “yaradıcı narazılar” qrupları formalaşdırılmışdı. Açıq deyim ki, bu narazılar “İlham” qəzetinin ətəyində bardaş qurub oturmuşdular. Bizi siyasətə və öz qrup münaqişələrinə, gələcək gizli planlarına qurban verdilər. Kiçik bir qəzet kiçik maliyyə gücü və kiçik yaradıcı heyətlə böyük totalitar sistem qarşısında duruş gətirə bilməzdi. Və gətirmədi. Kimlərə və nələrəsə göstərdiyimiz səmimi xidmətlər başımızın üzərindəki əllərdə baltaya döndü. Və bizi doğradı. Deməzdim ki, “İlham” qəzeti repressiyaya uğradı. Ən dəhşətlisi odur ki, tarixdən silindi. Onun adı hətta mətbuat ensiklopediyalarına salınmadı. Xeyirxahlığımız baş bəlamız oldu...
- Rejissorluğa
keçmə zərurəti nədən yarandı?
- Mənim qəzetçilik fəaliyyətimdən kino incəsənətinə adlamağım ötən əsrin 90-cı illərində baş verdi. O vaxt artıq elə bir zaman yetişmişdi ki, mən qəzetdən çox həm millətçiliyi, həm də Azərbaycanın ağrı-acılarını ekran vasitəsilə dünya ictimaiyyətinə çatdırmaq istəyirdim. Təbii ki, jurnalist fəaliyyətimdə çox insanlarla tanış olmuşdum. Kinostudiyada tez-tez olurdum. Təcrübə keçmişdim. Orda redaktorlarla, rejissorlarla, operatorlarla çoxlu bağlantılarım var idi. Fəaliyyətə kinossenarist kimi başladım. Ona qədər də bir neçə dəfə “Mozalan” kino-jurnalında süjetlərə ssenari yazmışdım. Ora məni rəhmətlik Nüsrət Kəsəmənli dəvət etmişdi. Ən uğurlu ilk ssenarim təsiçisi, prodüseri olduğum “Fransız” filmi oldu. Həmin filmin rejissoru Vaqif Mustafayevdir. Onunla da o ərəfələrdə tanış idik. Görüşürdük, kino tarixindən, kino incəsənətindən söhbətlər edirdik. Günlərin birində mən ona öz yeni kitabımı bağışladım. Həmin kitabda mənim “Əhlikef” povestimi oxumuşdu, xoşu gəlmişdi. Dedi ki, “çox istərdim, bunun ssenarisi yazılsın. Maliyyə qaynağı da tapılsa, film çəkərdik”.
Mən film ssenarisini
yazdım, o, rejissor ssenarisini. Hər iki ssenarini birləşdirdik. Ordan-burdan pul
tapdıq, həmin
film ərsəyə gəldi.
Sonralar “Qarabağ şikəstəsi”,
“Spasibo”, “Qız qalası” filmləri çəkildi. Artıq mən
kinonun içində idim. O filmlərin ssenarisini yazdım, həm də rejissorluq fəaliyyətinə
başladım. Uğurlu alındı.
Filmlərim xarici ölkələrdə
keçirilən festivallarda
uğurlu yerlər tutdu. Əmin oldum ki, çəkdiyim filmlər
alınıb, nəhayət,
rejissor kimi də öz sözümü demişəm.
- Yeri gəlmişkən, “Qarabağ şikəstəsi”
filminiz sizin nəzərinizdə komediyadır,
yoxsa faciə?
- Şəxsən mənim
və mənim xalqım üçün
faciədir. Ola bilsin
ki, bu faciədən
faydalanmış bir çox ünsürlər
üçün komediyadır.
- İndi
nələr üzərində
düşünürsünüz?
- Mən Şimal Buzlu Okeanda buzların
əriməsi haqqında
daha çox fikirləşirəm. Görəsən,
ərimə prosesi mənim xalqımı üşüdəcək, yoxsa
qızdıracaq?..
- Düzü, heç nə başa düşmədim...
- İnşallah, Avrasiya məkanı üçün
çəkəcəyim filmləri
görəndə məni
daha yaxşı başa düşəcəksiniz...
Şumerlərdən üzü bu yana incəsənətimiz, ədəbiyyatımız
zaman-zaman həmişə
yad çəkici altında əzilib. Düşmənlərimiz nəinki torpaqlarımızı,
hətta ədəbi
nadir nümunələrimizi, incəsənət yaddaşlarımızı
ilhaq eləməyə
cəhd göstəriblər.
Və təəssüf ki, bəzən buna nail olublar. Toponimik yozumlarda bizi
çox qabaqlayıblar.
Hələ sovetlər dönəmində
bərpa adıyla neçə-neçə tikililərə
öz ştrixlərini
həkk eləyiblər.
Amma bu proseslər nə qədər insafsızcasına getsə
belə, tanrı eşqi həqiqəti öz yerinə qoyub, ilahi sevdası
əllərimizdən tutub
Azərbaycanımızı son anda düşmənlərimizə
göz dağı kimi daha da
güclü edib.
Bizi əsrin bu karbohidrogen
fəlakətlərindən ağıl və mədəniyyət silahının
qurtaracağına inanmalıyıq.
Başqa
yolumuz yoxdur. Bugünkü gənclik də
yaşadığı illərin
acı dərslərindən
nəticə çıxararaq
dahi sənətkarımız
Hüseyn Cavidin mədəniyyət amalına
sadiq qalmalıdır.
- “Fransız” filmi də böyük mükafatlar aldı...
- Mən orada millətin ağrılı
yerini göstərmişəm.
Bunu tragikomediya kimi vermişəm. Bu, bizim
faciəmizdir: əsərin
qəhrəmanı ana
dilində danışmaq
istəmir. Bu nə deməkdir?! Anan səni dünyaya
gətirəndə bağrına
basıb ana dilində layla çalıb, əzizləyib.
Sən ananın dilini necə unuda bilərsən? Ana dilini unudursansa, vətəni, özünü,
qan yaddaşını
unudursan. O baxımdan
filmin çox böyük tarixi əhəmiyyəti var.
- Hazırda hansı film üzərində
işləyirsiniz?
- Bədii film üzərində
işləmirəm. Amma 3 sənədli
filmin ssenarisi var. Onların çəkilişi
ilə məşğulam.
Əvvəlcədən demək istəmirəm.
Ola bilər ki,
maliyyə vəsaiti tapılmasın, işlərim
yarımçıq qalsın.
Ona görə tamaşaçıları
nigaran qoymaq istəmirəm.
- Azərbaycanda rejissor qıtlığı
hiss eləmirsiniz?
- Mənə elə gəlir ki, Azərbaycanda rejissor qıtlığı olmaz.
İdeyalar tapmaq baxımından
çətinlik olar.
Eləsi
var ki, ideyası
var, maliyyə baxımından çətinlik
çəkir. Film kollektiv bir işin
əldə elədiyi
istehsal sahəsidir.
Üç-beş nəfərlə film çəkmək olmaz.
Burda böyük bir qüvvə -kollektiv olmalıdır. Həmin kollektiv
varsa da mənim xəbərim yoxdur, mən onu hələ görməmişəm.
- İndiyə qədər
xeyli işlər görmüsünüz. Amma hələ də fəxri adınız yoxdur...
- O barədə düşünməmişəm.
Türk sultanlarının həyatı
ilə bağlı əsər yazmışdım.
Qazaxstanda həmin əsəri
dəyərləndirdilər, dövlət səviyyəsində
mükafat verdilər.
“Manas bayatıları”
və “Dahilər yurdu” adlı kitabları yazdım.
Buna görə Qırğızıstan prezidentinin
iki mükafatını
aldım. Mən o əsərləri
yazanda mükafat üçün yazmamışdım.
Onlar məni mükafatlandırdılar.
Bu da mənə yeni ruh verdi.
Əlbəttə, dövlət tərəfindən
verilən mükafat çox önəmlidir, yaxşıdır. Mən Los-Ancelesdə “İnsanlıq”
mükafatını almışam.
Bu mükafatı postsovet məkanında heç kəs almayıb. Mən mükafat üçün
əsər yazmamışam,
film çəkməmişəm. “Qran-pri”lər almışam.
Dünyanın bir çox festivallarında iştirak etmişəm, pul mükafatları almışam...
- Azərbaycan teatrlarında səhnəyə
qoyulacaq bir əsər düşünürsünüzmü?
- Yeni pyeslərim var. Hələ kitab şəklində çıxmayıb.
Bir neçəsini də hazırlayıram ki, onları burda nəşr etdirim. Pyeslər məhəbbət və tarixi mövzudadır.
Mənim
vaxtilə Bakı Bələdiyyə Teatrında
“İnsan və İblis”, Musiqili Komediya Teatrında isə “İstədiyim yar idi” dram əsərlərim
tamaşaya qoyulub.
- Hansı arzularla yaşayırsınız?
- Arzularım odur ki, torpaqlarımız işğaldan azad olunsun. Mənim ağrılı yerim budur. Qarabağımız qaytarılsın. Azərbaycan dünyada öz haqqını axıra qədər tələb eləsin. Dünya dövlətləri içərisində mənim dövlətim var. Mən bununla fəxr edirəm.
- Hobbiniz
nədir?
- Dünyanın ən nadir inci kitablarını toplamaq və saxlamaq. Mən dünyanın bir çox ölkələrindəki arxivlərdə işləmişəm. Azərbaycan tarixi ilə bağlı arxiv sənədlərinin üzünü köçürmək və gələcəkdə bir kitab nəşr etdirmək istəyirəm. Elə arxiv materialları var ki, bu gün Azərbaycan ictimai-siyasi həyatında açıqlanmayıb, o barədə məlumat verilməyib.
Nobellər barədə film çəkmişəm, bu haqda Almaniyada iki romanım nəşr olunub. Bunlara görə də kiçik mükafatlar almışam. Onlar haqqında topladığım materiallarda elə faktlar üzə çıxdı ki, mən onlara heç yerdə rast gəlməmişdim. Məsələn, “Nobel” mükafatını ilk dəfə Alfred Nobel yox, onun ortancıl qardaşı Lüdviq Nobel təsis edib. Həmin mükafat “Beynəlxalq neft mükafatı” adlanıb. İki dəfə verilib, ikisini də Bakılı alıb...
Namiq MƏMMƏDLİ
Ekspress.-2016.-12-14 noyabr.-S.13.