Aİ-vətəndaş cəmiyyəti əməkdaşlığı güclənəcək

 

Avropa İttifaqı (Aİ) Şurası Avropa Komissiyası ilə Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federiko Mogeriniyə Aİ və onun üzv dövləti adından Azərbaycanla hərtərəfli saziş məsələsi üzrə danışıqlar aparmağa mandat verib. Bu barədə Aİ Şurasının saytı məlumat yayıb.

 

Xatırladaq ki, qlobal geosiyasi parametrlərin dəyişməsi fonunda avrointeqrasiyanı təftiş edən rəsmi Bakı Aİ ilə “Şərq Tərəfdaşlığı” çərçivəsində “ümumianlaşmadan - assosiativ razılaşmadan imtina edərək ikitərəfli strateji əməkdaşlıq sazişinin imzalanmasını tələb etmişdi. Bakının qəfil israrı ilə qarşılaşan Brüssel sanki çaşqın vəziyətə düşmüşdü və indiyədək danışıqların aparılması üçün mandat verilməsində tələsmirdi.

 

Avropa İttifaqı tərəfindən Azərbaycan Respublikası ilə hərtərəfli əməkdaşlığa dair sazişin hazırlanması və bu istiqamətində danışıqların aparılması üçün mandatın verilməsini alqışlayır və təqdir edirik”, - deyə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

 

XİN-in sözçüsü xatırladıb ki, xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov 22 may 2015-ci ildə Şərq Tərəfdaşlığı üzrə 4-cü Riqa zirvə toplantısında iştirakı çərçivəsində  Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Yohannes Han ilə görüşüb, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlığa dair saziş layihəsini ona təqdim edib və Azərbaycanın bu müstəvidə Avropa İttifaqı əlaqələri inkişaf etdirmək niyyətində olduğunu vurğulayıb. Hesab edirik ki, yeni sazişin imzalanması Aİ ilə Azərbaycan arasında əməkdaşlığın strateji müstəvidə keyfiyyətcə yeni səviyyəyə qalxmasına və əlaqələrin hərtərəfli inkişafına əsaslı hüquqi çərçivə yaradacaq və töhfə verəcək”, - deyə  Hacıyev bildirib.

Qeyd edək ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsasını Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi qoyub. Həmin sənəd 22 aprel 1996-cı ildə Lüksemburq şəhərində imzalanıb və 1 iyul 1999-cu il tarixində qüvvəyə minib. Xatırladaq ki, Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi əməkdaşlığı möhkəmləndirmək üçün müvafiq mexanizmlər təmin etməklə, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə yeni təkan verib.

 

Ekspertlərin fikrincə, bu saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur. Onun əsas məqsədlərindən biri Azərbaycan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılması təşkil edir. O da qeyd olunur ki, Azərbaycan Respublikasını Avropa Qonşuluq Siyasətinə (AQS) daxil etmək haqqında Aİ Şurasının 14 iyun 2004-cü il tarixli qərarı ikitərəfli əməkdaşlıqda irəliyə doğru mühüm addım olub. Aİ ilə əlaqələrdə daha yüksək səviyyəli siyasiiqtisadi inteqrasiya vəd edən AQS ona daxil olan ölkələr üçün tərəfdaşlığın gələcək inkişafı baxımından yeni bir mərhələ olub.

 

AQS ölkəmiz üçün aşağıdakı imkanları yaradıb: siyasi, iqtisadiinzibati islahatların həyata keçirilməsi və birgə dəyərlərə hörmət edilməsində konkret irəliləyişə nail olunması müqabilində Aİ-nin daxili bazarında müəyyən paya sahib olma imkanı; vətəndaşların, əmtəələrin, xidmətlərin və kapitalın sərbəst dövriyyəsini təmin etmək məqsədilə gələcək inteqrasiyaliberalizasiya proseslərində iştirakı; üzv ölkələri ilə daha səmərəli siyasi dialoq və əməkdaşlıq, güzəştli ticarət əlaqələri və açıq bazar, miqrasiya, narkotiklər və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq, sərmayələrin təşviqi, yeni maliyyə mənbələrinin əldə edilməsi, ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzv olmasının dəstəklənməsi və s.

 

İqtisadçı Vüqar Bayramlı ölkəmizin Avropa Qonşuluq Siyasətinə daxil edilməsini Azərbaycanın Avropaya inteqrasiyasının sürətləndirilməsində mühüm hadisə hesab edir: “Azərbaycan islahatları sürətləndirməklə vətəndaş, əmtəə, xidmət və kapitalın azad hərəkətini təmin etmək üçün inteqrasiyaliberalizasiya proseslərində iştirak etmək, üzv ölkələrlə güzəştli ticarət əlaqələri, açıq bazar, miqrasiya, investisiyanın stimullaşdırılması, yeni maliyyə mənbələrinə çıxış, Ümumdünya Ticarət Təşkilatına üzvlük prosesinin dəstəklənməsi kimi bir sıra üstünlüklər əldə etdi. Ümumilikdə isə Azərbaycan və Aİ-nin əməkdaşlığı ənənəvi olaraq 3 illik, yaxud 5 illik müddəti əhatə edən və hər iki tərəfin maraqlarını qorumaqla hazırlanmış Fəaliyyət Proqramları çərçivəsində həyata keçirilir. Qurumla ilk Fəaliyyət Proqramı 14 noyabr 2006-cı il tarixində Brüsseldə Əməkdaşlıq Şurası tərəfindən qəbul edilib. AQS-yə qoşulmaqla Azərbaycan üçün AQTA (Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti) çərçivəsində TAİEX (Tvinninq, Texniki yardım və Məlumat Mübadiləsi), Büdcəyə dəstək, Tempus, Erasmus Mundus kimi mühüm proqramlarda iştirak imkanı yarandı”.

 

Qeyd edək ki, Azərbaycanla Avropa Birliyi arasında münasibətlər Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində tənzimlənir və ölkəmiz hazırda sözügedən proqramda təmsil olunan 6 ölkədən biridir.

 

V.Bayramlı qeyd edir ki, ölkə başçısı 2009-cu ilin may ayında Şərq Tərəfdaşlığı Proqramının təsis edildiyi Praqa Sammitində Avropa Birliyi (AB) ilə birgə anlaşmanı imzalayaraq ölkəmizin Vətəndaş Cəmiyyəti Forumunun formalaşmasında iştirakını təsdiq edib: “Həmin bəyannamənin ölkə başçısı tərəfindən imzalanması Azərbaycanda bu foruma ciddi önəm verildiyini və ölkəmizin sözügedən qurumla birbaşa əməkdaşlıqda maraqlı olduğunu göstərir. Praqada imzalanan anlaşmaya əsasən forumun əsas dörd məqsədi göstərilir: vətəndaş cəmiyyətinin Şərq Tərəfdaşlığına cəlb olunması, Şərq Tərəfdaşlığına daxil olan 6 ölkədən olan vətəndaş cəmiyyəti təşkilatları (VCT) arasında əməkdaşlığın qurulması, vətəndaş cəmiyyətinin hökumətlə dialoqu, Aİ və 6 tərəfdaş ölkədən olan VCT-lər arasında əməkdaşlıq. Bundan başqa, ŞTP-nin əsas məqsədlərdən biri Azərbaycan üçün viza rejiminin liberallaşdırılması hesab edilir. İqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsi və azad ticarət zonalarının yaradılması da proqramın əsas hədəfləri sırasındadır. Ümumiyyətlə, Şərq Tərəfdaşlığı Siyasəti Avropa Qonşuluq Siyasətinə əsaslanır və burada aparıcı funksiya Avropa Komissiyasına məxsusdur. Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarına malik olması Aİ ilə iqtisadigeosiyasi münasibətlərin ana xəttində enerji mübadiləsi və enerji təhlükəsizliyi məsələlərində əməkdaşlığın prioritet olmasını şərtləndirirdi. Bu münasibətlər 7 noyabr 2006-cı il tarixində imzalanmış “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” ilə daha ciddi mərhələyə qədəm qoydu. Memorandum Aİ-nin enerji təchizatının şaxələndirilməsi və təhlükəsizliyi, eyni zamanda, Azərbaycanın enerji infrastrukturunun inkişafı, yenilənməsi, enerjidən səmərəli istifadə, enerjiyə qənaət və bərpa olunan enerji mənbələrinin istifadəsi kimi mühüm sahələri əhatə edir. Bundan başqa, Aİ ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq INOGATE layihəsi (Avropaya dövlətlərarası neft və qazın ixracı) çərçivəsində daha da dərinləşib. Bu layihə Aİ-nin gənc dövlətlərə maliyyə dəstəyini nəzərdə tutan vacib regional təşəbbüslərdən biridir. Azərbaycan daxil olmaqla 15 dövlət tərəfindən 1999-cu ilin iyulunda imzalanan dövlətlərarası neftqaz ixracını nəzərdə tutan Çərçivə Sazişi INOGATE-nin hüquqi əsasını yaratdı. Eyni zamanda, İNOGATE Avropa Qonşuluq Siyasətinə daxil olan bütün maraqlı tərəflərin iştirakı və dəstəyi ilə enerji əməkdaşlığının genişləndirilməsini, zəngin təbii ehtiyata malik Qafqaz, Şərqi Asiya və Mərkəzi Asiya dövlətlərinin möcud potensialından səmərəli istifadəni nəzərdə tutur”.

 

Xatırladaq ki, hazırda Aİ-nin üzvü olan İtaliya, Almaniya, Fransa, İngiltərə, Bolqarıstan kimi ölkələr Azərbaycanın əsas ticarət partnyorlarından sayılır.

Normal investisiya mühitinin yaradılması və maliyyə təhlükəsizliyinin təmin edilməsi Avropa İttifaqı ölkələrinin Azərbaycan iqtisadiyyatına sərmayə axınını təmin edib. 2002-2012-ci illərdə ölkə iqtisadiyyatına qoyulan xarici investisiyaların 50 faizdən çoxu Aİ ölkələrinin payına düşür. Böyük Britaniya, Almaniya, Fransaİtaliya kimi ölkələr bu istiqamətdə daha fəal siyasət həyata keçirirlər. Aİ ölkələri tərəfindən qoyulan investisiyanın 36 faizi qeyri-neft sektoruna yönəldilib.

 

Ekspertlər qeyd edirlər ki, hazırda Azərbaycanda Aİ ölkələrini təmsil edən 1200-dən artıq şirkət fəaliyyət göstərir. Güman ki, ölkə qanunvericiliyinin Aİ standartlarına uyğunlaşdırılması, şəffaf idarəetmə mexanizmlərinin və “elektron hökumət”in tətbiqi, ölkəmizin “Doing bussinessindeksinin yüksəlməsi, infrastrukturun yenilənməsi Azərbaycan iqtisadiyatına investisiya axınını daha da sürətləndirəcək.

 

Bundan başqa, Azərbaycanın və Aİ-nin də iştirakçısı olduğu TRACECA proqramının həyata keçirilməsi regionun inkişafı, tranzit daşımaların artımı, ticarət əlaqələrinin genişləndirilməsi baxımından ciddi əhəmiyyətə malikdir. Həmçinin, bu proqram AvropaAsiya, o cümlədən Qafqazın inteqrasiyasını sürətləndirən amil sayılır. Proqramın əsas hədəfi iştirakçı dövlətlərin iqtisadi müstəqilliyini təkmilləşdirmək, alternativ yollar vasitəsilə dünya bazarlarına çıxış imkanlarını artırmaq, ölkələrin tranzit əhəmiyyətini yüksəltmək və Avropa-Mərkəzi Asiyaya və əks istiqamətdə daha sərfəli və təhlükəsiz nəqliyyat dəhlizinin yaradılmasından ibarətdir, əks istiqamətdə daha sərfəli və təhlükəsiz nəqliyyat dəhlizinin yaradılmasından ibarətdir.

 

Onu da qeyd edək ki, Şərq Tərəfdaşlığı Proqramı 2008-ci ilin may ayında Avropa Birliyinin üzvləri olan Polşaİsveç tərəfindən irəli sürülüb. Ekspertlər Şərq Tərəfdaşlığı Proqramının Qonşuluq Siyasəti Proqramıyla olan fərqi üzərində fikir mübadiləsi aparıblar və belə qənaətə gəliblər ki, Şərq Tərəfdaşlığı Proqramı Qonşuluq Siyasəti Proqramından daha üstün layihə sayılır. Qonşuluq siyasətinə onlarca dövlət daxildir və bəzən bu çərçivədə əməkdaşlıq simvolik xarakter daşıyır. Avropa Birliyi “5+1” qrupuna daxil olan dövlətləri irəli çəkməklə onlarla daha sıx əməkdaşlığa ümid edir. Avropa Birliyinin liderləri Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində “5+1” məkanında islahatların sürətlənəcəyinə və quruma daha çox yaxınlaşacağına inanırlar. Bundan başqa, Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramına daxil olan ölkələr üçün viza rejiminin yumşaldılmasını, ticarət məhdudiyyətlərinin aradan qaldırılmasını və enerji əməkdaşlığını genişləndirməyi nəzərdə tutub.

 

Rəşid RƏŞAD

Ekspress.-2016.-16 noyabr.-S.10.