Mülkiyyət müxtəlifliyindən doğan münasibətlər
Vətəndaş cəmiyyətində mülkiyyətin müxtəlifliyi arzulanan və vacib hesab edilən şərtlərdəndir. Bu cür cəmiyyətlərdə dövlətin iqtisadi sistemdə iştirakının minimuma endirilməsi üçün mülkiyyət müxtəlifliyinin təmin edilməsi əhəmiyyətlidir. Buna görə də mülkiyyət müxtəlifliyi vətəndaş cəmiyyətinin əsas əlamətlərindən biri kimi çıxış edir.
Qeyd edək ki, mülkiyyət münasibətləri insanlar arasında meydana çıxan bütün münasibətlərin əsasını təşkil edir. Onun meydana gəlib formalaşmasını cəmiyyətdən kənarda axtarmaq lazım deyil. Mülkiyyət münasibətləri şeylərlə, birinci növbədə investisiya əmtəələri, yəni mülkiyyətin obyekti ilə əlaqədardır. Mülkiyyətin obyekti insanların nəyə, hansı nemətlərə, hər şeydən əvvəl investisiya əmtəələrinə sahib olmalarını göstərir. Məsələn, mülkiyyətin obyektinə torpaq, yeraltı sərvətlər, meşələr, sular, dəmir yolları, banklar, firmalar (müəssisələr), sığorta şirkətləri və s. daxildir. Deməli, mülkiyyət münasibətlərini obyektsiz təsəvvür etmək olmaz. Bununla birlikdə, mülkiyyət münasibətlərini mülkiyyətin obyekti ilə eyniləşdirmək də düzgün deyil. Çünki şeylər özlüyündə mülkiyyət deyildirlər, yalnız mülkiyyət münasibətlərinin daşıyıcısıdırlar. Bu deyilənlərdən aydın olur ki, mülkiyyət investisiya əmtəələri və istehlak şeylərinin mənimsənilməsini səciyyələndirən, istehsal, bölgü, mübadilə və istehlak prosesində insanlar arasında meydana çıxan və tarixən dəyişən münasibətlər sistemidir.
Əmək prosesini həyata keçirən işçi qüvvəsinin investisiya əmtəələri ilə birləşməsinin, müxtəlif sosial qruplar arasında meydana çıxan qarşılıqlı münasibətlərin xarakteri mülkiyyət münasibətlərindən asılıdır. İnvestisiya əmtəələri üzərində mülkiyyət münasibətləri iqtisadi münasibətlərin xüsusi hissəsi olmaqla, həm də bütün digər iqtisadi münasibətlərin mahiyyətini, xarakterini və inkişafını müəyyən edir.
Eyni bir mülkiyyət obyekti müxtəlif vaxtlarda müxtəlif mülkiyyət münasibətlərinin daşıyıcısı ola bilər. Məsələn, feodalizmin çərçivələri daxilində meydana gəlib formalaşan sənətkarlıq emalatxanaları burcua inqilabının qələbə-sindən sonra kapitalist mülkiyyətinin, kapitalizmin daxilində meydana gəlib formalaşan fabrik və zavodlar isə 1917-ci ildə Oktyabr inqilabının qələbəsindən sonra Sosialist mülkiyyətinin obyektinə çevrildi.
Tarixən meydana gələn hər bir mülkiyyət formasının obyekti ilə yanaşı, subyekti də vardır. Mülkiyyətin subyekti dedikdə hər şeydən əvvəl, investisiya əmtəələrinə kimlərin (siniflərin, sosial qrupların, ayrı-ayrı şəxslərin və i.a.) sahib olmaları nəzərdə tutulur. Mülkiyyət hüququnun subyektləri dövlət, yerli dövlət hakimiyyəti orqanları, müəssisələr (kooperativlər, səhmdar cəmiyyətləri, təsərrüfat ortaqlıqları və assosiasiyaları, icarə müəssisələri və i.a.) ictimai birliklər və dini təşkilatlar, vətəndaşlardır.
Məlum olduğu kimi, istehsaldan sonrakı mərhələlərdə hazırlanan müxtəlif təyinatlı nemətlər bölünür, mübadilə edilir və istehlaka daxil olur. Bununla əlaqədar olaraq investisiya əmtəələri üzərində mülkiyyət münasibətləri istehsal olunan məhsullar üzərindəki mülkiyyət münasibətləri ilə tamamlanır.
Beləliklə, mülkiyyət münasibətləri insanların müxtəlif təyinatlı nemətlərə, birinci növbədə investisiya əmtəələrinə sahib olmaları ilə əlaqədar olaraq onların arasında meyda-na çıxan münasibətləri ifadə etməklə, iqtisadi münasibətlər sistemində başlıca yer tutur.
Mülkiyyət müxtəlifliyi onun formalarında öz əksini tapır. Lakin mülkiyyətin formaları əbədi deyildir, tarixən dəyişir və bu, məhsuldar qüvvələrin inkiaşf səviyyəsindən asılıdır. Məhsuldar qüvvələrin inkişafı, əmək bölgüsünün dərinləşməsi və əmlak bərabərsizliyinin artması prosesində onların nəticəsi kimi xüsusi mülkiyyət meydana gəlib formalaşıb və inkişaf edib.
Müasir dövrdə ölkələrdə mülkiyyətin geniş yayılan 3 forması var. Bunlar özəl, bələdiyyə və dövlət mülkiyyətidir.
Ölkəmiz müstəqilliyini bərpa etdikdən dərhal sonra gördüyü ən mühüm tədbirlərdən biri də mülkiyyət münasibətlərinin yenidən qurulmasına yönəldilib. “Mülkiyyət haqqında” Azərbaycanın 9 noyabr 1991-ci il tarixli qanununda ölkəmizdə mülkiyyətin 3 forması - dövlət, kollektiv və xüsusi mülkiyyət fərqləndirildi. Sonralar qəbul edilən Konstitusiyada mülkiyyətin 3 forması (dövlət, bələdiyyə və şəxsi) tanındı.
Ölkəmizdə dövlət mülkiyyəti bütün xalqa məxsusdur. Bu mülkiyyətin obyektinə respublikanın ərazisi hüdudlarında olan torpaq, yerin təki, daxili sular və ərazi suları, bitki və heyvanlar aləmi və s. daxildir. Qanunda nəzərdə tutulduğu kimi dövlət mülkiyyətinin bir hissəsi bələdiyyə mülkiyyətinə verilə bilər.
Bələdiyyə mülkiyyətinə yerli özünüidarə orqanlarının əmlakı, mənzil fondu, mühəndis infrastrukturu obyektləri (su kəməri, kanalizasiya təsərrüfatı, qaz, istilik və enerci təchizatı), təhsil, mədəniyyət, səhiyyə müəssisələri və başqa əmlak daxil ola bilər.
İlk qanunda nəzərdə tutulan kollektiv mülkiyyət Konstitusiya ilə mahiyyətini itirmədi, sadəcə forma kimi fərqləndirilmədi. Mülkiyyətin kollektiv formalarının əsas cəhəti ondan ibarətdir ki, onlar investisiya əmtəələri və onların nəticələ-rinin mənimsənilməsinin kollektiv xarakterini ifadə edirlər. 1991-ci ildə qəbul olunan qanuna görə kollektiv mülkiyyətin 5 forması ola bilər. Bunlar müəssisələrin mülkiyyəti, sahibkar birliklərinin mülkiyyəti, ictimai birliklərin mülkiyyəti, xeyriyyə fondlarının və başqa fondların mülkiyyəti və dini təşkilatların mülkiyyəti.
Mülkiyyət münasibətləri arasında özəl mülkiyyət daha böyük əhəmiyyət kəsb edir. Vətəndaş cəmiyyətinin təməl şərtlərindən biri olan azadlıq hüququ ilk növbədə xüsusi mülkiyyətdə öz əksini tapır. Xüsusi mülkiyyət dedikdə, bəzi hallarda dövlətə məxsus olmayan istənilən mülkiyyət forması nəzərdə tutulur.
Vətəndaşların mülkiyyətində torpaq sahələri, yaşayış evləri, mənzillər, bağlar, bağ evləri, qaraclar, ev təsərrüfatı ləvazimatı və şəxsi istehsal predmetləri, pul vəsaiti, səhmlər, istiqraz vərəqələri və başqa qiymətli kağızlar, kütləvi informasiya vasitələri, nəqliyyat vasitələri, avadanlıq, sahibkarlıq fəaliyyəti sahələrində binalar, tikililər və başqa investisiya əmtəələrinin olması mümkündür. Vətəndaşlar bunları idarə etmək və sərəncam vermək hüququna malikdirlər.
Bütün mülkiyyət formalarının həm müsbət, həm də mənfi cəhətləri var. Odur ki, onlardan birinin mütləqləşdirilməsi inhisarın meydana gəlməsinə doğru aparır, istehsalın səmərəliliyinin azalmasına səbəb olur. Ona görə də dövlət, mülkiyyətin müxtəlif formalarının inkişafı üçün bərabər şərait yaradır və onların müdafiəsini təmin edir. Mülkiyyət hüququnun həyata keçirilməsində mülkiyyətin formasından asılı olaraq məhdudiyyətlərə və ya üstünlüklərə yol verilmir.
Mülkiyyət formalarının müxtəlifliyi qarşılıqlı rəqabəti zəruri edir ki, bu da onların daha da təkmilləşdirilməsi üçün stimul yaradır. Deməli, mülkiyyətlərin plüralizm şəraitində, onların hər hansı birinin həyatda öz üstünlüklərini göstərməklə qərarlaşması daha məqsədəuyğundur. Bu, o deməkdir ki, mülkiyyətin yeganə olan bir tipini onun yeganə olan digər bir tipi ilə əvəz etmək olmaz. Bu sahədə də plüralizm sözdə yox, işdə olmalıdır.
Mülkiyyət iqtisadi münasibət kimi çoxcəhətli anlayışdır. O, həyatın sosial-iqtisadi şəraitini müəyyən və ifadə edir, müxtəlif təyinatlı nemətlərin istehsalı və mənimsənilməsi formasıdır. İqtisadi münasibətlərə nemətlərin mənimsənilməsi nöqteyi-nəzərindən yanaşdıqda mülkiyyətlə yanaşı, sahiblik və istifadəetmə anlayışları da mənimsəmə formalarıdır. Sərəncamvermə isə mülkiyyət, sahiblik və istifadəetmə münasibətlərinin reallaşdırılmasının konkret formasıdır.
Mənimsəmə insanların şeylərə özlərininki, onların sahibi kimi baxmaları, münasibət bəsləmələri deməkdir. Lakin bu, insanların şeylərə olan subyektiv münasibətləri deyildir, o, insanlar arasında şeylərlə əlaqədar meydana çıxan münasibətləri ifadə edir.
Mənimsəmə olduqca geniş anlayışdır. İqtisad elmini maraqlandıran əsas cəhət mənimsəmənin iqtisadi ünsürləridir. Iqtisadi münasibət olan mənimsəmə bir tərəfdən nemətlərin istehsalı, digər tərəfdən isə müəyyən mülkiyyət formalarının mövcüdluğu ilə əlaqədardır.
Başqa iqtisadi hadisələr kimi, mənimsəmənin də əbədi, daimi olduğunu demək düzgün deyildir. O, iqtisadi tərəqqinin müxtəlif mərhələlərində inkişaf edir, yeni məzmunla tamamlanır, zənginləşir.
Bununla belə mülkiyyətin, həm də mənimsəmə olduğu qəbul edilən fikirdir. Lakin bunların tamamilə eyni anlayışlar olduğunu demək düzgün olmazdı. Çünki onların hər ikisi iqtisadi münasibətlər sistemində müstəqilliklərini saxlayırlar. Eyni zamanda mülkiyyət, sahiblik və istifadəetmə mənimsəmənin müxtəlif formalarıdır. Bununla birlikdə sahiblik özündə istifadəetməni, mülkiyyət isə onların hər ikisini birləşdirə bilər. Bu proseslərin əlahiddələşməsi də mümkündür. Çünki təcrübədə mülkiyyətçi, sahiblik və istifadəetmə vəzifələrini digər şəxslərə verir.
Sərəncamvermə müxtəlif dərəcədə mənimsəmənin bütün formalarına aiddir. Lakin mülkiyyətçi, habelə sahiblik və istifadəetmə səlahiyyətlərinə malik olan şəxslər bir-birindən əlahiddələşdikdə mülkiyyətçi onların hər ikisinə, yəni sahiblik hüququ əldə etmiş şəxs və istifadə edənə nisbətən daha böyük iqtisadi imkana malik olur. Sahiblik, istifadəetmə, sərəncamvermə, hətta mülkiyyət münasibətlərinin özü də iqtisadi münasibətlərin müxtəlif cəhətlərini əks etdirdiyinə görə onların hər biri tamın müstəqil tərkib hissələridir.
Beləliklə, sahiblik, sərəncamvermə, istifadəetmə və mənimsəmənin hər biri müəyyən iqtisadi məzmuna malik olan iqtisadi kateqoriyalardır və insanlar arasında meydana çıxan mülkiyyət münasibətlərini ifadə edirlər.
Vasif CƏFƏROV
Ekspress.-2016.-17 noyabr.-S.10.