17 noyabr - Milli Dirçəliş Günüdür
Milli dirçəlişdən demokratik dövlətə
Bu gün Azərbaycan xalqının Milli Dirçəliş Günüdür. O gün ki, Azərbaycanın müstəqilliyinin bərpa olunmasında tarixi rol oynayıb. O gün ki, xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri sayılır.
1988-ci ildə Sovet imperiyasının dağılması onun hüdudları daxilində qanlı çaxnaşmalara rəvac verdi. Artıq çürümüş imperiyanın əsl mahiyyəti aydınlaşır, uzun illər təlqin olunan kommunist beynəlmiləlçiliyinin puç olduğu üzə çıxırdı. Xalqları bir-birinə düşmən etməklə öz dayaqlarını saxlamağa çalışan imperiya dəhşətli cinayətlərə əl atdı.
1988-ci il noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsini ucaldaraq, imperiyaya qarşı hamılıqla ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi oldu.
Azərbaycan xalqı uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşdu. Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirdi.
Belə ki, 1988-ci ilin ilk günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlandı. Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri Mixail Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular. Ermənilər azərbaycanlıları təkcə öz ev-eşiklərindən qovmur, onları cismən öldürür, diri-diri yandırırdılar. Ermənilərin tarixdə görünməmiş bu vandalizminə isə M.Qorbaçov və onun ətrafı heç bir reaksiya vermirdilər. Ermənilər bununla da kifayətlənmədilər. 1988-ci ilin fevralın əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ixtişaşlar törətdilər. Onlar Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirməsi haqqında məsələ qaldırdılar. Belə bir vaxtda Azərbaycan xalqı ayağa qalxdı. Xalq öz etirazını sakit şəkildə rəhbərliyə bildirdi. İlk zamanlar Azərbaycan vətəndaşları Moskvaya, yerli hakimiyyət başçılarına inanırdılar. Onların şüarları, gəzdirdikləri portret və bayraqlar bunu sübut edirdi.
Ancaq xalq gördü və başa düşdü ki, nə Moskva, nə də Azərbaycanın ovaxtkı rəhbərliyi heç bir qəti tədbir görmək istəmirlər. Belə olduqda, respublikanın hər yerindən insanlar axın-axın Bakıya gəlir, Azadlıq meydanına toplaşır, ermənilərin və Sovet hökumətinin belə münasibətinə qarşı mitinqlər keçirir, öz etirazlarını bildirirdilər.
1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı. O vaxt bütün xalq bir yumruq kimi düyünlənmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdıldı.
1988-ci ildə xalq hərəkatının alovlandığı bir vaxtda Azərbaycana rəhbərlik edən siyasi qüvvələr mövcud vəziyyəti qiymətləndirə bilmədilər. Xalqın maraqlarından daha çox imperiyanın maraqlarını düşünən bu adamların siyasi səbatsızlığından 20 Yanvar faciəsi baş vermişdi. Bir-birini əvəzləyən hakimiyyətlər xalqın dirçəlişini mütərəqqi səmtə yönəltmək iqtidarında deyildilər. Həmin o ağır məqamlarda yenə də ulu öndər Heydər Əliyev xalqın istiqlal ruhunu ölməyə qoymadı.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Muxtar respublikanın adından sovet və sosialist sözləri çıxarıldı. İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından sovet və sosialist sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi. Bununla ümummilli lider Heydər Əliyev milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addım atdı.
Ulu öndərin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Muxtar Respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olundu. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürüldü. Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsadət qaldırdı. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu.
XX əsrin 80-cı illərinin ortalarından etibarən keçmiş SSRİ-də baş vermiş ictimai-siyasi proseslər nəticəsində Azərbaycanın müstəqillik qazanması üçün geniş imkanlar yarandı. Ermənistanda və Qarabağın dağlıq hissəsində azəri türklərinə qarşı yönəldilmiş soyqırımı Sovet ordusu tərəfindən dəstəklənirdi. Ozamankı SSRİ rəhbərliyinin məkrli qonşularımız ermənilərlə əlbir olub Dağlıq Qarabağı Azərbaycandan işğal edərək Ermənistanın nəzarətinə verməsi istiqamətində atdığı addımlar xalqın səbir kasasını daşırmışdı. Xalqımız imperiya buxovlarından, əsarət zəncirindən azad olmaq istəyirdi. Bu mübarizələr yolunun sona çatmasını isə Azərbaycan xalqı dirçəliş günü adlandırdı. Müstəmləkə əsarətindən cana gəlmiş xalq hər şeyə qadir olduğunu göstərdi. Azərbaycanda meydan hərəkatı geniş vüsət aldı. Bu milli hərəkat xalqın dirçəlişiydi. Çox mütərəqqi, inqilabi, demokratik hərəkatın, oyanışın başında əsl vətənpərvərlər dururdu. Xalqın müqəddəs arzuları, ümidləri puça çıxmışdı, ölkədə vətəndaş itaətsizliyi, vətəndaş qarşıdurması yaranmışdı, qan tökülürdü. Bütün bu ədalətsizliklər və ərazi bütövlüyünə edilən qəsdlərlə razılaşmayan Azərbaycan xalqı 17 noyabrda ayağa qalxdı. Həmin günlərdə Meydan hərəkatı adını almış bu hərəkatla Sovet müstəmləkə rejimi şəraitində repressiyalara məruz qalmış milli şüur yenidən oyandı, özünüdərkə doğru bir dönüş başlandı. Xalq hərəkatı təkcə Bakıda deyil, Naxçıvan, Gəncə və Lənkəranda da kütləvi xarakter aldı. Respublikamızın bütün şəhər və rayonlarını bürümüş qüdrətli xalq hərəkatı kommunist rejimini Azərbaycandan süpürüb atmaq təhlükəsi yaratmışdı.
Sovet rejimindən Ermənistanda və Qarabağın dağlıq hissəsində erməni separatçılığına və terrorizminə son qoymaq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək,sərvətlərimizin talan edilməsini dayandırmaq kimi tələblərlə başlamış Meydan hərəkatı tezliklə Azərbaycanı müstəqilliyə çağıran şüarlara keçdi. Meydanda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, ay - ulduzlu bayraqları dalğalandı. Lakin qüvvələr hələ qeyri-bərabər idi. İmperiya daxildən laxlasa da, hərbi iqtidardan düşməmişdi. Qüvvələri gələcək azadlıq mübarizəsi üçün qoruyub saxlamaq lazım gəlirdi. Dekabrın 4-dən 5-nə keçən gecə Sovet ordusu Meydan hərəkatını yatırtmağa nail oldu. Minlərlə azadlıqsevər insan həbs edilərək zindanlara salındı. Lakin xalqın mübarizə əzmini qırmaq mümkün deyildi. Azərbaycanın müstəqilliyinə doğru uzanan yol 17 noyabrdan - Azadlıq meydanından başlanırdı. Az sonra tarix öz sözünü dedi. Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. 17 noyabr isə xalqın milli-azadlıq hərəkatının başlanğıc günü - Milli Dirçəliş Günü kimi qeyd olunmağa başladı.
Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Tarxi də bunu dəfələrlə sübut edib. Bunun üçün sınaqlara, hər bir əzab-əziyyətə hazır olmaq lazımdır. Bir əsrdə iki dəfə müstəqillik etmək taleyini yaşadı Azərbaycan. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Lakin müstəqilliyini qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkədə yenidən hakimiyyətə qayıdışı isə bu təhlükəyə son qoydu.
İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanılır, inkişaf etdirilir. Hazırda dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına xüsusi diqqət yetirilir.
Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib.
17 noyabr 1990-cı il Azərbaycan dövlətçiliyinin, milli dövlət rəmzləri tariximizin dönüş nöqtələrindən biri kimi tarixi yaddaşımıza əbədi daxil olub. Bu tarixi gündə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib çağdaş milli dövlətçilik tariximiz üçün çox əhəmiyyətli qərarlar qəbul edilib. Bu həmin gündür ki, Naxçıvan Muxtar Respublikasının adı üstündən Sovet sosialist sözləri əbədi olaraq atılıb, Naxçıvanın ali qanunvericilik orqanı Ali Məclis adlandırılıb, Azərbaycan Xalq Cümhuriyyətinin 70 il əvvəl endirilmiş ay - ulduzlu üçrəngli milli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilib və müqəddəsliyə yüksəldilib. Bu tarixi gün bir də ona görə əziz və şərəflidir ki, həmin qərarların qəbulu zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasına Azərbaycanın ümummilli lideri Heydər Əliyev rəhbərlik edib. Həmin tarixi qərarların qəbulunda Heydər Əliyev şəxsiyyətinin uzaqgörənliyi, parlaq zəkası, aydın təfəkkürü, yenilməz məntiqi öz tarixi missiyasını ləyaqətlə yerinə yetirib, bu sənədlərə öz möhürünü və imzasını əbədi həkk edib...
1991-ci ilin martında Azərbaycan SSR Ali Sovetinin iclasında çıxış edən Heydər Əliyev gələcək mübarizə və inkişaf yolunu müdrikliklə bəyan etdi: Azərbaycan xalqı birləşməli, öz müqəddəs torpaqlarını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır.... Mən bu yoldan dönməyəcəyəm.
Heydər Əliyev bütün həyatı boyu bu müqəddəs amala sadiq qaldı, xalqın və Vətənin istiqlalı uğrunda fədakarlıqla mübarizə apardı. Qeyd etdiyimiz kimi 1991-ci il oktyabrın 18-də Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz müstəqilliyinə qovuşdu.
Azərbaycanda meydan hərəkatı xalqı birləşdirdi, ölkəmizin müstəqilliyə doğru getməsi üçün xalqı oyatdı. Bu oyanma xalqı müstəqilliyə apardı. Bu birləşmə xalqı özünün azadlığı, müstəqilliyi uğrunda mübarizəyə qaldırdı. Bu mübarizə nəticəsində xalq öz müstəqilliyini əldə edə bildi. Ulu öndər Heydər Əliyevin bu müstəqilliyin möhkəmləndirilməsində böyük rolu oldu. Bu gün Azərbaycan gələcəyə inamla baxır. Möhkəm özülü Heydər Əliyev tərəfindən qoyulmuş dövlətimizin taleyi etibarlı əllərdədir. Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev ölkəmizi gələcəyə, yeni uğurlara inamla aparır. Böyük tarixə malik xalqımızın bu bayramı milli həmrəyliyin, demokratiyanın, dövlət müstəqilliyimizin qorunması uğrunda mübarizənin təntənəsidir.
Murad MƏMMƏDLİ
Ekspress.-2016.-17 noyabr.-S.10.