Vətəndaş cəmiyyəti institutlarının cəmiyyətin rifahı naminə fəaliyyəti

 

Vətəndaş cəmiyyətinin formalaşması və inkişafında vətəndaş cəmiyyəti institutlarının xüsusi çəkisi var. Azərbaycanda müəyyən inkişaf yolu keçən vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti bir çox sahədə problemlərin həllinə yardımçı olur. Bu gün ölkədə vətəndaş cəmiyyəti institutlarının fəallığı, vətəndaş cəmiyyəti institutlarının əməkdaşlıq istiqamətləri, ictimai nəzarətin təşkilində QHT-lərin rolu artmaqdadır.

 

Qeyd edək ki, vətəndaş cəmiyyəti haqqında təsəvvürlər uzun tarixi təkamül yolu keçib. Vətən cəmiyyəti anlayışına Platonun, Aristotelin, Siseronun və digər yunan-roma mütəfəkkirlərinin əsərlərində rast gəlinir. Bu cəmiyyət haqqında ideyaların inkşafı intibah dövründə də davam etmişH.Qrotsinin, T.Hobbun, C.Lokkun, Ş.Monteskyenin əsərlərində öz əksini tapıb.

 

Vətəndaş cəmiyyəti ilk dəfə olaraq termin kimi 18-ci əsrdən başlayaraq qəbul edilib. Vətəndaş cəmiyyəti anlayışının bu dövrlərdə termin kimi istifadə olunmasına baxmayaraq, xeyli sonralar da vətəndaş cəmiyyətləriylə dövlət arasında prinsipial fərqləri ayırmaq çətinlik yaradırdı.

 

Araşdırmalara görə, V.Humbolt, İ.Kant, G.Hegel, Karl Marks, M.Veberb bu haqda müəyyən fikirlər söyləsələr də, dəqiq nəzəriyyələr yox dərəcəsində idi. Belə ki, filosoflara dövlətlə cəmiyyət arasındakı fərqləri və onlardan birinin digərini tamamladığını görmək üçün müəyyən qədər vaxt tələb olunurdu.

 

Tədricən bu qənaətə gəlindi ki, vətəndaş cəmiyyəti anlayışı altında tarixi təcrübə ilə əldə edilmiş, müəyyən meyarlara cavab verən cəmiyyət başa düşülür.

 

Vətəndaş cəmiyyəti insanların demokratik cəmiyyəti sayılır. Bu cəmiyyət sırf bazar münasibətlərinin və rəsmi hakimiyyətlə eyniləşdirilməyən digər fəaliyyət formalarının sinonimi kimi də istifadə olunur. Vətəndaş cəmiyyətinin üzvləri nəyəsə malik olmağa çalışırlar. Malik olduqları istehsal vasitələri, pul kapitalı, aksiyalar, insanlara gərəkli olan informasiya, intellekt, işçi qüvvəsi və s. ola bilər.

 

Qeyd edək ki, vətəndaş cəmiyyəti sivilizasiyanın inkşafının yeni mərhələsidir. Bu mərhələnin formalaşması və inkişafı üçün ilk növbədə fərdlərin birliyi olmalıdır. Fərdlərin birliklərinin ən rasional forması cəmiyyətin rifahı naminə çalışmaq məqsədini ortaya qoyan ayrı-ayrı şəxlərin birliyi olan QHT-lərdir. İnsanların sərbəst birləşməsi nəticəsində müxtəlif vətəndaş cəmiyyəti institutları yaranır. Vətəndaş cəmiyyəti institutları isə sosial cəmiyyətin inkişafında daha yüksək pillədir. Və bu institutlar cəmiyyət üzvlərinin bir-biri ilə əlaqə yaratmaq imkanlarını genişləndirir, sosial gərginliyin zəifləməsinə xidmət edir.

Azərbaycanda da qeyri-hökumət təşkilatlarının yaranması və ictimai sektorun möhkəmlənməsi bilavasitə müstəqil Azərbaycan dövlətçiliyinin inkişafını şərtləndirən amillərdəndir. Son illər bütün demokratikinkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycan Respublikasında da qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyətinin aparıcı qüvvəsi olaraq, demokratikləşmə, vətəndaş hüquqlarının müdafiəsi, hüquqi dövlət quruculuğu, sosial problemlərin həlli, maarifləndirmə, dünyaya inteqrasiya, Azərbaycan həqiqətlərinin dünyaya obyektiv çatdırılması və digər istiqmətlərdə fəaliyyətləri ilə böyük etimad və rəğbət qazanıblar.

 

Vətəndaş cəmiyyəti institutları dövlət, bazar və ailə ilə yanaşı, ortaq fəaliyyət sferalarında da mövcuddur. Vətəndaş cəmiyyəti təşkilatları fərqli funksiyalarla cəmiyyətin inkişafına öz əvəzsiz töhfələrini verir. Bu təşkilatların fəaliyyəti ictimai siyasətlərin yaxşılaşdırılması və ehtiyaclara uyğunlaşdırılması, idarəetmədə və qərar vermədə əks mərkəzləşmə, yoxsulluğun azaldılması, ictimai iştirakçılığın təmin olunması, insan hüquqlarının qorunması, azad və ədalətli seçkilər, sağlamlıq, təhlükəsiz qida və ətraf mühitin formalaşmasına yönəlib.

 

Vətəndaş cəmiyyəti institutları dövlət orqanları tərəfindən dövlət proqramlarının layihələrinin hazırlanmasına, müzakirəsinə və bu layihələrin icrasına cəlb edilir. Yalnız 1998-2009-cu illərdə QHT-lər 13 dövlət proqramında 17 istiqamət üzrə 40 tədbirin həyata keçirilməsində tərəfdaş kimi iştirak ediblər. QHT-lər Avropa Sosial Xartiyasında nəzərdə tutulmuş normaların tətbiqi üzrə Dövlət Proqramı; Azərbaycan ədliyyəsinininkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı; Azərbaycan Gəncliyi Dövlət proqramı; Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı; Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafısahəsində Dövlət Proqramı; Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər); Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram; “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramı; Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət proqramı; Şəkərli diabet üzrə Dövlət Proqramı; 2008-2015-ci illərdə Azərbaycan Respublikasında  yoxsulluğun azaldılması davamlı inkişaf Dövlət Proqramı və s. dövlət proqramlarının həyata keçirilməsində iştirak ediblər.

 

Vətəndaş cəmiyyəti institutlarının inkişafında, formalaşmasında, əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsində dövlətin rolu mühümdür. Vətəndaş cəmiyyəti institutlarının normal fəaliyyətini təmin etməyə yardım etmək, dövlətlə QHT-ın əməkdaşlığını genişləndirmək, ictimai nəzarətdə QHT-lərin rolunu artırmaq inkişaf etmiş ölkələrin əsas preoritet istiqamətlərindəndir. Dövlətin qanunları, qərarları, proqram və qrantlarında qarşıya qoyulan vəzifələr vətəndaş cəmiyyətinin institutlarının daha da inkişaf etməsinə təkan verir. Azərbaycan Respublikasının prezidenti tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması isə QHT-lərin əməkdaşlığı üçün yeni imkanlar yaradıb. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi naminə QHT-lərin inkişafına dövlət dəstəyini nəzərdə tutan çox mühüm bir addım oldu. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 27 iyul 2007-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası” qəbul edildi, daha sonra isə bu dövlət sənədi müddəalarının reallaşdırılması üçün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradıldı. Dövlət QHT-lərlə tərəfdaşlıq və əməkdaşlıq münasibətləri qurmaqictimai fəaliyyəti canlandırmaq üçün Şuraya xüsusi mandat verdi. Bu, QHT sektorunun inkişafında yeni dövrün uğurlu başlanğıcı oldu.

 

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası cəmiyyətdə yeni münasibətlər modelinin formalaşdırılması, vətəndaş cəmiyyəti institutlarının müasirləşdirilməsi, vətəndaş təşəbbüsünün artırılması, milli maraqların qorunması sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təşviq edilməsi, onların sosial əhəmiyyətli problemlərin həllinə cəlb olunması, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən proqram və layihələrin maliyyələşdirilməsini reallaşdırır. QHT-lərə Dövlət Dəstəyi Şurası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda təbliğ edilməsi, qaçqın və məcburi köçkünlərin hüquqlarının beynəlxalq təşkilatlarda və beynəlxalq məhkəmə orqanlarında müdafiə edilməsi, azərbaycançılıq ideyasının təşviq olunması, Azərbaycanın dünya birliyinə inteqrasiya olunması, beynəlxalq təşkilatlarla və xarici ölkələrdə fəaliyyət göstərən qeyri-hökumət qurumları ilə əməkdaşlığın dərinləşdirilməsi işini həyata keçirir. Bundan başqa, bu təşkilat siyasi-hüquqi və vətəndaş mədəniyyətinin formalaşdırılması, vətəndaşların hüquqi biliklərinin inkişaf etdirilməsi, insan, hüquq və azadlıqlarının təmin edilməsi, söz, fikir və ifadə azadlığının genişlənməsi, regionların sosial-iqtisadi inkişafının təmin edilməsi, təhsil, elm texnika, mədəniyyətin və incəsənətin inkişaf etdirilməsi, ətraf mühitin mühafizəsi, uşaq, qadın və gənclərin sosial, fiziki və mənəvi inkişafı, əhalinin sağlamlığının qorunması və digər dövlət və cəmiyyət üçün əhəmiyyətli problemlərin həllinə yönəlmiş məqsədli proqram, layihə və tədbirlərin dövlət tərəfindən maliyyələşməsini təmin edir.

 

Azərbaycanda vətəndaş cəmiyyəti instutlarının sərbəst və fəal fəaliyyəti üçün hər cür şərait yaradılıb. Müasir dövrdə qeyri-hökumət təşkilatları artıq vətəndaş cəmiyyəti quruculuğu və ölkənin demokratikləşməsi prosesinin vacib institutlarından birinə çevrilib. Belə şəraitdə dövlət orqanları ilə qeyri-hökumət sektorunun sivil tərəfdaşlıq prinsipləri əsasında sıx əməkdaşlığı vətəndaş cəmiyyətinin inkişafı, demokratiyanın dərinləşməsi, qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması və milli maraqların qorunması üçün böyük əhəmiyyət kəsb edir.

 

QHT-lərin inkişafına yönəlmiş islahat və dəyişikliklər Azərbaycanda üçüncü sektorun inkişafında yeni bir mərhələ oldu. Hazırda ölkə QHT-ləri cəmiyyətlə dövlət orqanları arısında etimadlı münasibətlərin yaradılmasında körpü rolunu oynayan əsas institut və təsisatlara çevrilib.

 

Bu gün QHT fəaliyyətinin şəffaflıq, hesabatlılıq amilləri, onların həyata keçirdiyi layihələr haqqında cəmiyyət ətraflı məlumatlandırılır. Vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti, uğruları ictimaimedia müzakirələrinin predmetinə çevrilib. QHT-lərin fəaliyyətində şəffaflığın artırılması ilə bağlı məsələlər dövlət orqanları tərəfindən də vaxtaşırı qaldırılır və vurğulanır. Bu da ücüncü sektorun daha da inkişaf etməsinə yönəlib. Bunun nəticəsidir ki, günü-gündən ardıcıl, sistemli səylərdən sonra dövlət orqanları ilə QHT-lər arasında tərəfdaşlıq münasibətləri və əməkdaşlığın inkişaf etdirilməsi sahəsində müsbət nəticələr artmaqda davam edir.

 

Əhməd MƏCİD

Ekspress.-2016.-18 noyabr.-S.10.