Vətəndaş cəmiyyətində iqtisadi və siyasi durum
Vətəndaş cəmiyyəti cəmiyyətin inkişafının müəyyən pilləsində formalaşan insanların birliyi olub özündə bu cəmiyyətin siyasi, sosial, iqtisadi, mədəni sferalarında könüllü yaranan qeyri-dövlət strukturlarını birləşdirir. Bu baxımdan vətəndaş cəmiyyəti qeyri-dövlət iqtisadi, siyasi, sosial, mədəni-mənəvi, dini-əxlaqi, ailəvi, milli və başqa münasibətlərin məcmusu olub azad vətəndaşların və könüllü formalaşmış təşkilat və assosiasiyaların dövlət-hakimiyyət orqanları tərəfindən onların fəaliyyətlərinə birbaşa müdaxilələri və özbaşına reqlamentləşdirmələri qanunla məhdudlaşdıran özünümüdafiə sferasıdır.
Bazar iqtisadiyyatına keçid hər ölkədə, eyni zamanda, olmayıb. Müxtəlif zamanlarda yaranan bu təsərrüfatçılıq formasının hər xalqın adət-ənənələrinə, yaşam tərzinə, mövcud olan mülkiyyət növlərinə, dövlətin yeritdiyi siyasətə və tənzimləməyə uyğun olaraq yaranması onun modellərinin yaranmasına gətirib çıxardı.
Bir çox iqtisadi ədəbiyyatlarda bazar və bazar iqtisadiyyatı anlayışları arasında heç bir fərqin olmadığı qeyd olunur. Əslində bu fikir o qədər də doğru qəbul olunmur. Çünki bazar iqtisadiyyatı, digər adı ilə bazar iqtisadiyyatı sistemi anlayışı mahiyyətinə görə fərqlidir, yəni, başqa elmi və praktiki məna kəsb edir.
“Heritage” Fondunun və “Wall Street Cournal” qəzetinin birgə hazırladığı İqtisadi Azadlıq İndeksi adlı hesabatda belə bir qənaətə gəliblər ki, ötən iki ildə Azərbaycanda iqtisadi azadlıq artıb ki, nəticədə də ölkəmiz azad ölkələr sırasında yer alıb. Hesabat müəlliflərinin fikrincə, dünyada iqtisadi azadlıq genişlənib və Azərbaycan da ötən illə müqayisədə irəliləyib.
Qeyd edək ki, 1995-ci ildən tərtib edilən İqtisadi Azadlıq İndeksi 4 sahədə iqtisadi azadlığı müəyyənləşdirir: Hüququn aliliyi, tənzimləmənin effektivliyi, hökumətin məhdud müdaxiləsi, açıq bazar.
Azərbaycandakı iqtisadi və siyasi durum, müxtəlif siyasi qüvvələr arasındakı ziddiyyətlər nəzərə alınmaqla islahatların müvəffəqiyyətlə həyata keçirilməsini aşağıdakı şərtlər mümkün edib: Sosial-iqtisadi proseslərin dağılmış idarəolunma mexanizmlərinin təkmilləşdirilmiş formada bərpası; Mərkəzi idarəetmə aparatı ilə ərazi bölgələri arasındakı fəaliyyət mexanizminin təkmilləşdirilməsi; İslahatların sosial bazasının genişləndirilməsi və onun tərəfdarlarının kütləviliyinin təmin olunması.
Xatırladaq ki, 1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycanın iqtisadi tərəqqisinin dayaq sütunlarını müəyyən edən milli inkişaf doktrinası hazırlandı. Heydər Əliyev ölkənin yeni makroiqtisadi siyasətinin şaxələrini dərinliklərinə qədər məharətlə tədqiq edərək, fundamental iqtisadi model hazırladı. Bu model çoxistiqamətli və uzunmüddətli dinamik inkişafın sütunlarını təşkil edən zəngin bir konsepsiya idi.
İqtisadçıların fikrincə, dünya qloballaşması iqtisadiyyatın yenidən qurulması dövründə dünya təsərrüfat əlaqələri hesab olunan beynəlxalq münasibətlər sahəsinə aid edilir. Bu sahədə ticarət transaksiyası daxili iqtisadiyyat, istehsal, demoqrafiya, ekologiya, sosial münasibətlər, hüquq, siyasət və digər sahələrə toxunur. İqtisadiyyatın bu milli xüsusiyyətini respublika hökuməti radikal struktur dəyişiklikləri zamanı nəzərə almalıdır. O da qeyd olunur ki, iqtisadiyyatda struktur dəyişiklikləri qlobal məqsədə - bazar şəraitində iqtisadiyyatı işə hazırlamaq hesab olunur.
İqtisad elmləri doktoru Arif Şəkərəliyevin sözlərinə görə, bazar münasibətləri əsasında milli iqtisadiyyatın formalaşması və inkişafında, maliyyə sabitliyinin bərqərar olmasında daxili bazarın yerli xammala əsaslanan məhsullarla zənginləşməsində, yeni iş yerlərinin açılmasında, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında, sağlam rəqabət mühitinin yaradılmasında və digər sosial-iqtisadi problemlərin həllində sahibkarlıq fəaliyyəti çox böyük rol oynayır: “Azərbaycanda sahibkarlığın inkişafı ilə bağlı böyük miqyaslı və strateji əhəmiyyətli tədbirlər həyata keçirilib. Hazırda Azərbaycan dövləti beynəlxalq iqtisadi münasibətlər sisteminə daxil olmuş və dünyanın bir sıra ölkələri ilə sərbəst şəkildə geniş miqyaslı iqtisadi əlaqələr qurmağa başlamışdır. Beynəlxalq iqtisadi əlaqələr sistemində Azərbaycanın yerini müəyyənləşdirərkən onun inkişaf təcrübəsi, resurs potensialı, geosiyasi vəziyyəti və s. amillər əsas götürülür. Azərbaycanın beynəlxalq əmək bölgüsündə iştirakı strategiyasını hazırlayarkən milli iqtisadiyyatın prioritet sahələrinin üstün inkişaf etdirilməsi və daxili bazarın zərərli xarici təsirlərdən qorunması nəzərə alınmalıdır. Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının Heydər Əliyev tərəfindən düzgün seçildiyini artıq 1996-cı ildə müşahidə olunan iqtisadi sabitlik və 1997-ci ildən başlayan sosial-iqtisadi inkişaf xətti daha bariz şəkildə nümayiş etdirir. Azərbaycanın sərbəst bazar münasibətlərinə əsaslanan liberal iqtisadiyyat xəttini dəstəklədiyini dünyaya bəyan edən ulu öndərin böyüklüyü ondadır ki, o, həqiqi müstəqilliyin, siyasi azadlığın iqtisadi qüdrət və inkişafdan keçdiyini bilir və ölkənin məhz belə bir yolla irəliləməsini təqdir edirdi”.
Yeri gəlmişkən, ulu öndərin iqtisadi platformasında iqtisadi islahatlar dedikdə, Azərbaycan iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə aparmaq, özəl bölmənin fəaliyyətini genişləndirmək və özəlləşdirməni həyata keçirmək, sahibkarlığa, təşəbbüskarlığa geniş imkanlar yaratmaq, ölkə iqtisadiyyatını dünyanın inkişaf etmiş ölkələrinin iqtisadi sistemi əsasında qurmaq və dünya iqtisadiyyatına inteqrasiya etmək nəzərdə tutulurdu.
Doğrudur ki, bir çox iqtisadçılar Cənubi Qafqaz respublikaları ilə müqayisədə Azərbaycan xeyli aşağı yerdə olduğunu qeyd edirlər. Belə ki, sahibkarlıq fəaliyyətini tənzimləyən, maliyyə nəzarətinə dair, antiinhisar normaları, rəqabət məcəlləsi qəbul olunmayıb. Hətta müvafiq komitələrdə müzakirələr də keçirilməyib. O zaman necə deyə bilərik ki, qanunvericilik çərçivəsində irəliləyiş olub?
O da qeyd olunur ki, bir ölkənin iqtisadi azadlıqları boğulursa, bu o deməkdir ki, həmin ölkədə istehsal olunan mal və xidmətlərin dövriyyəsi azalır, qapadılır. Dövlət müdaxiləsi varsa, xarici ticarət dövriyyəsinə ciddi zərbə vurulur. İqtisadi azadlıqların coğrafiyası genişlənmədikcə, ölkənin neft ÜDM-nin dominantlığı artır.
İqtisadçılar ölkəmizdə iqtisadi azadlığın genişləndirilməsi üçün çoxsaylı indikatorlar üzrə irəliləyişin vacibliyini vurğulayırlar. Belə ki, sahibkarlıq və biznes fəaliyyəti üzrə qanunvericiliyin təkmilləşdirilməsi və real məzmun kəsb etməsi, antiinhisar siyasətinin oturuşması, məmurların bizneslə məşğul olmaq imkanlarının məhdudlaşdırılması, onlar üçün gəlir deklarasiyasının tətbiqi vacibdir. Fiskal islahatlar həyata keçirilməli, büdcə vasitəsilə oğurlanan böyük pulların qarşısı alınmalıdır. Büdcədənkənar fondlar, böyük maliyyə axınları üzərində çox ciddi nəzarət olmalıdır. Belə mexanizmlər olmadan iqtisadiyyatda islahatlardan danışmaq mənasızdır. Bundan başqa isə iqtisadçılar iqtisadiyyatda indiki oyun qaydalarının dəyişdirilməsini də vacib sayırlar.
İqtisadçılara görə, iqtisadi təşəbbüsü olan, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanında olanlara azadlıq verməklə, eyni zamanda antiinhisar tədbirlərini sərtləşdirməklə hər bir insanın müəyyən bir kreditə, maliyyə resursuna, iqtisadi fəaliyyətə əlçatımlığı təmin olunmalıdır.
Qeyd edək ki, dünyada iqtisadi azadlığın ən çox olduğu yer Honq-Konqdur - 90 bal. İkinci yerdə Sinqapur gəlir - 89 bal. 3-cü yerdəki Avstraliya 82 balla dünyanın iki liderindən xeyli geridədir. Müqayisə olunduqdan sonra belə qənaətə gəlmək olar ki, vətəndaş cəmiyyəti burjua dövrünun məhsulu olub insanların təhkimçilikdən azad edilməsi, onların dövlətin təəbəsindən şəxsi ləyaqət hisslərinə malik olan təsərrüfat və siyasi məsuliyyət götürməyə hazır vətəndaş-mülkiyyətçilərə çevrilməsinin nəticəsi kimi başlıca olaraq aşağıdan formalaşır. Yəni, vətəndaş cəmiyyəti adı altında münasibətlərin - başlıca olaraq əmlak, bazar, ailə, əxlaqi münasibətlərin xüsusi sferasını anlamağa başladılar ki, bunlar məlum dərəcədə dövlətdən ayrı, müstəqil olsunlar. Burada söhbət hakimiyyətin şəxsiyyətin “vətəndaş işinə”, insanların şəxsi həyatına qarışmamasından gedirdi.
Ümumiyyətlə, vətəndaş cəmiyyəti dedikdə, azad sahibkarlıq, təşəbbüskarlıq mühiti başa düşülür. Belə ki, vətəndaş cəmiyyətində dövlət strukturlarından fərqli olaraq tabeçilik əlaqələr yox, horizontal əlaqələr üstünlük təşkil edir. Vətəndaş cəmiyyətinin prinsiplərinə gəlincə, onu belə ifadə etmək olar:
- İqtisadi azadlıq, müxtəlif mülkiyyət formaları, bazar münasibətləri;
- İnsan və vətəndaşların təbii hüquqlarının qeyd-şərtsiz tanınması və qorunması;
- Qanun və ədalət qarşısında hamının bərabərliyi və şəxsiyyətin etibarlı hüquqi müdafiəsi;
- Hakimiyyətin legitimliyi və demokratik xarakteri;
- Hakimiyyətin bölünməsi
və qarşılıqlı
fəaliyyətinə əsaslanan
hüquqi dövlət;
- Siyasi və ideoloji pluralizm, leqal müxalifətin mövcudluğu;
-
KİV-in müstəqilliyi, fikir, söz, mətbuat azadlığı;
- Dövlətin vətəndaşların
şəxsi həyatlarına
qarışmaması, onların
qarşılıqlı vəzifələri
və öhdəlikləri;
- Sinfi sülh, əməkdaşlıq və
milli barışıq;
- İnsanların laiqli
həyat şəraitini
təmin edən effektli sosial siyasət.
Rəşid
RƏŞAD
Ekspress.-2016.-22 noyabr.-S.10.