Hüquqi dövlətdə vətəndaşlığın
önəmi
Hüquqi dövlətdə insanlarla dövlətin hüquqi bağlılığını göstərən vacib şərtlərdən biri də vətəndaşlıqdır. Vətəndaşlıq statusu olmayan şəxslərin dövlətin ərazisində qüvvədə olan bütün hüquqlardan yararlanması mümkün deyil.
Qarşılıqlı hüquq və vəzifələr şəxs və dövlət arasındakı daimi siyasi və hüquqi əlaqədən irəli gəlir. Siyasi əlaqə, siyasi hakimiyyətin təşkilində vətəndaşın iştirakı və onun siyasi hüquq və azadlıqlara malik olması ilə izah olunmalıdır. Vətəndaşla dövlət arasında hüquqi əlaqə daimidir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə yalnız müvəqqəti hüquqi əlaqədə olur. Dövlət həm əcnəbiləri, həm də vətəndaşları müdafiə edir. Lakin vətəndaşları əcnəbilərdən onun dövlətlə siyasi əlaqəsinin olması fərqləndirir. Əcnəbilərin siyasi sahədə hüquqları məhdudlaşdırılır. Deməli, vətəndaşlıq dedikdə, şəxsin dövlətə mənsubiyyəti, şəxslə dövlət arasında onların qarşılıqlı hüquq və vəzifələrində ifadə olunan daimi siyasi hüquqi əlaqə başa düşülür.
Azərbaycanda vətəndaşlıq Konstitusiyada və qanunda müəyyən olunmuş prinsiplərə əsaslanır. Bu prinsiplər vətəndaşlıqla bağlı münasibətləri tənzimləyən, qanunvericiliklə müəyyən olunan rəhbər müddəalardır.
Konstitusiyamızın 52-ci maddəsində və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” 1998-ci il qanununun 1-ci maddəsində göstərilir ki, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycanın vətəndaşıdır.
Qanunvericilikdə bildirilir ki, Azərbaycan ərazisində və ya Azərbaycan vətəndaşlarından doğulan şəxs Azərbaycan vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan vətəndaşı olan şəxs də Azərbaycan vətəndaşıdır.
Şəxsin Azərbaycan vətəndaşı sayılması üçün bir neçə şərtdən birinin təmin edilməsi vacibdir. İlk növbədə yuxarıda adını çəkdiyimiz qanunun qüvvəyə mindiyi günədək Azərbaycan vətəndaşlığında olmuş şəxslər, yəni, Qanunun qüvvəyə mindiyi günədək Azərbaycanda yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər vətəndaşlıq qazanıb. Bundan başqa 1992-ci il yanvarın 1-dək Azərbaycan və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycanda yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər, 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycanın ərazisində məskunlaşan qaçqınlar vətəndaş hesab edilib.
Azərbaycan Konstitusiyasının 53-cü maddəsinin I hissəsinə görə, vətəndaş heç bir halda Azərbaycan vətəndaşlığından məhrum edilə bilməz. Həmin maddənin ikinci hissəsinə görə, Azərbaycan vətəndaşı heç bir halda Azərbaycandan qovula və ya xarici dövlətə verilə bilməz. Bu maddənin digər bir hissəsində qeyd edilir ki, Azərbaycan onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir. Vətəndaşlıq hüququnun təminatı üçün Azərbaycan dövləti öz orqanlarının və vəzifəli şəxslərinin simasında vətəndaşları qarşısında məsuliyyət daşıyır.
Himayəçilik prinsipi qismən formal xarakter daşıyır. Çünki yalnız böyük dövlətlər bu imkana malikdirlər. Faktiki olaraq, xırda dövlətlər böyük
dövlətlər ərazisində
yaşayan vətəndaşlarına
himayəçilik edə
bilmir.
Azərbaycan vətəndaşlığı onun əldə edilməsi əsaslarından
asılı olmayaraq hamı üçün bərabərdir. Vətəndaşlarının
hüquqları, azadlıqları
və vəzifələri
onların mənşəyindən,
sosial və əmlak vəziyyətindən,
irqi və milli mənsubiyyətindən,
cinsindən, təhsilindən,
dilindən, dinə münasibətindən, siyasi
və başqa əqidələrindən, məşğuliyyət
növündən və
xarakterindən, yaşayış
yerindən, həmin yerdə yaşadığı
müddətdən və
başqa hallardan asılı olmayaraq bərabərdir.
Vətəndaşlığın əldə edilməsi üçün müəyyən
qaydalara əməl edilməsi vacibdir. Şəxslər
o halda Azərbaycan vətəndaşlığını əldə edirlər ki, bu qanunun
qüvvəyə mindiyi
gündən bir il müddətində
Azərbaycan vətəndaşlığına
qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər.
“Azərbaycan Respublikasının
vətəndaşlığı haqqında” Qanunun birinci hissəsinin 3-cü
bəndi əsasında
Azərbaycan vətəndaşlığını
əldə edən qaçqınlar tərk etdikləri dövlətlərə
qayıtmaq hüququnu
itirmirlər. Həmin şəxslərə Azərbaycan qanunvericiliyində
məcburi köçkünlər
üçün nəzərdə
tutulmuş güzəştlər
şamil edilir.
Qanunvericilik göstərir ki, şəxs tərəfindən
vətəndaşlıq müstəqil
müəyyən olunmalıdır. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, şəxslər özləri öz vətəndaşlıqlarını müəyyən edirlər.
Şəxs istənilən vaxt
vətəndaşlıqdan imtina edə bilər.
Azərbaycan vahid vətəndaşlıq
prinsipini tanıyır. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan öz vətəndaşının
digər dövlətlər
qarşısında vətəndaşlıqdan
irəli gələn öhdəliklərini tanımır,
amma digər dövlətlərin vətəndaşlığını
əldə etmək hüququnu tanıyır.
Böyük dövlətlər çox vaxt ikili vətəndaşlıq
prinsipini tanıyır.
Məsələn, Rusiya Federasiyasının
vətəndaşlıq haqqında
qanunvericiliyi ikili vətəndaşlığı tanıyır. Amma o şərtlə
ki, həmin dövlətlə Rusiya arasında müqavilə bağlansın. Xırda dövlətlər
isə ikili vətəndaşlığı tanımır. Çünki onlar ehtiyat edirlər
ki, bu böyük
dövlətlərə onların
daxili işlərinə
qarışmasına imkan
yarada bilər. Azərbaycan da eyni qaydada
ikili vətəndaşlığı
qəbul etmir.
Yuxarıda qeyd etdiyimiz kimi Azərbaycan vətəndaşlıqdan məhrumetmənin
yolverilməzliyini qəbul
edir. Vətəndaşlıqdan məhrumetmə əslində
insan və vətəndaş hüquqlarının
məhdudlaşdırılması deməkdir. SSRİ dövründə cinayət
törədən şəxs
həm məhkum olunur, həm də vətəndaşlıqdan
məhrum edilirdi.
Amma indi bu Azərbaycan
Konstitusiyasının 53-cü maddəsinə müvafiq olaraq yolverilməzdir.
Azərbaycan öz vətəndaşını
ölkə ərazisindən
qovmurn və ya xarici dövlətə
vermir. Bu prinsip vətəndaşın
dövlət hakimiyyətinin
təzyiqindən qorunmasını
ifadə edir. Heç kəs Azərbaycan vətəndaşını dövlət
ərazisindən qova bilməz.
Azərbaycanın vətəndaşı olmuş
şəxsin vətəndaşlığı
saxlanılır. Bu prinsipin
mahiyyəti ondan ibarətdir ki, şəxs Azərbaycan hüdudlarından kənarda
hansı müddətə
yaşamasından asılı
olmayaraq, Azərbaycan vətəndaşlığını saxlayır.
Dövlətimiz vətəndaşlıqla bağlı
beynəlxalq normaları
da tanıyır. Azərbaycan xarici
dövlətlərlə vətəndaşlıqla
əlaqədar müqavilələr
bağlaya bilər.
Bu müqavilələrlə
milli hüquq arasında ziddiyyət yaranarsa, beynəlxalq müqaviləyə üstünlük
verilir.
Beynəlxalq müqavilələrdə nəzərdə
tutulan hallar olduqda vətəndaşlığın
əldə edilməsi
yollarına imkan yaradılır. Vətəndaşlığın anadangəlmə əldə edilməsi - buna filimasiya deyilir. Burada iki prinsip var:
İus sanquini - qan hüququ və ius soli - torpaq hüququ. Avropa dövlətlərində ius
sanquini əsas götürülür. Yəni, burada
vətəndaşlıq şəxsin
mənşəyi ilə
əlaqələndirilir. Şəxs hansı dövlətin vətəndaşından doğulubsa
həmin dövlətin
vətəndaşı sayılır.
Bu prinsip Roma hüququndan
qalıb. Azərbaycan Konstitusiyasının
52-ci maddəsinə görə,
Azərbaycanın vətəndaşlarından
- doğulmuş şəxs
Azərbaycan vətəndaşıdır.
Deməli, bizdə də
ius sanquini əsas götürülür.
Lakin Konstitusiya həmçinin
ius solini vətəndaşlığın əldə olunması üsulu kimi tanıyır.
Vətəndaşlığın şəxsi vəsatətlə
əldə edilməsi
- Naturalizasiya. Bu bir
qədər mürəkkəb
qaydadır. Burada müxtəlif
şərtlər var ki, onlara əsasən,
şəxs dövlətin
vətəndaşlığını əldə edir. Azərbaycanın vətəndaşlığını
əldə etmək üçün şəxs
ən azı 5 il Azərbaycanda
daimi yaşamalı, Azərbaycan dilini bilməsi haqqında sənəd təqdim etməli, Azərbaycan dövlətinin mənafelərinə
uyğun gəlməlidir.
Yaranmış ikili vətəndaşlıqdan
birinin seçilməsi
- optasiya adlanır. Ərazilər dəyişərkən, yəni
bir dövlətdən
digərinə keçərkən
həmin ərazidə
yaşayan əhalinin vətəndaşlığının müəyyən olunması
isə transfert adlanır. Optasiya bir şəxsin
yaranmış ikili vətəndaşlığını müəyyən edirsə,
transfert hamıya aid edilir.
Vətəndaşlığın bərpası - reinteqrasiya adlanır. Yəni, şəxs müəyyən səbəbdən öz vətəndaşlığını itirib, sonra bərpa etmək istəyirsə, vətəndaşlıq bərpa olunur. Reinteqrasiya naturalizasiyaya bənzəsə də irəli sürülən tələblərin sadəliyi ilə ondan fərqlənir. Naturalizasiya yeni vətəndaşlığın əldə olunmasıdır. Reinteqrasiya isə itirilmiş vətəndaşlın bərpasıdır. Reinteqrasiya daha tez baş verir, şəxsin vəsatət qaldırması əsas götürülür. Naturalizasiyada isə artıq qeyd etdiyimiz kimi müxtəlif şərtlər var.
Vətəndaşlığa xitam verilməsi yolları da var. Bunlardan birincisi şəxsin istəyinə uyğun olaraq vətəndaşlıqdan çıxmadır. Digəri vətəndaşlığı itirmə adlanır. Vətəndaşlıqdan çıxmaya denaturalizasiya da deyirlər. Bu zaman şəxs vətəndaşlıqdan çıxmaq barədə vəsatət qaldırır və prezidentin sərəncamı ilə vətəndaşlıqdan çıxır. Bununla vətəndaşlıq xitam olunur. Şəxs bu hərəkətinin səbəblərini göstərməlidir. Əgər şəxsin dövlət və ya hərbi xidmətlə bağlı öhdəlikləri varsa, cinayət məsuliyyətinə cəlb olunaraq, məhkum olunubsa, mülki hüquqi şəxslər və dövlət qarşısında öhdəlikləri varsa, onun vəsatəti qəbul olunmur. Bütün bunlar aradan qaldırılsa, şəxsin vəsatətinə baxılır.
Hüquq ədəbiyyatında əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlı isə üç rejim fərqləndirilir: 1) milli rejim; 2) daha əlverişli rejim; 3) xüsusi rejim.
Hazırda əcnəbi hər hansı bir dövlətin vətəndaşı olub, başqa dövlət ərazisində yaşayan şəxslərə deyilir. Vətəndaşlığı olmayan şəxs isə vətəndaşlığını təsdiq edən sənədi olmayanlardır. Əcnəbi və vətəndaşlığı olmayanların hüquqi statusu təqribən üst-üstə düşür. Yalnız bir fərq var: əcnəbini yarana biləcək mübahisədə himayə edəcək dövlət var, vətəndaşlığı olmayan şəxsi isə yoxdur.
Göründüyü kimi vətəndaşlıq şəxsin hüquqlarının daha geniş səviyyədə tanınması və qorunması üçün vacib şərtdir.
Vasif CƏFƏROV
Ekspress.-2016.-24 noyabr.-S.10.