Vətəndaş cəmiyyətinin
gerçəkləşməsi
Qərb ölkələrində vətəndaş cəmiyyətinin və hüquqi dövlətin qarşılıqlı fəaliyyətinin müəyyən mexanizmi mövcuddur. Bu mexanizm üç elementdən ibarətdir: Hakimiyyətin qanunverici, icraedici və məhkəmə olmaqla bölünməsinin prinsipləri həyata keçirilir.
Hakimiyyət orqanlarına seçkilərdə partiyaların qarşılıqlı əlaqələr sisteminin yaranması. Dövlətin və cəmiyyətin arasında mövcud olan əlaqə və münasibətlərin inkişafında müxtəlif təşkilatlar, komutələr və komissiyalar iştirak edirlər. Bu kimi mexanizm dövlətin və vətəndaş cəmiyyətinin uzun sürən təkamülü nəticəsində yaranır. Bu da o deməkdir ki, siyasi sistemin müvəffəqiyyətlə fəaliyyət göstərməsi üçün yeganə yol dövlətin və vətəndaş cəmiyyətinin qarşılıqlı əlaqə və münasibətlərində, üstünlük güclü dövlət və onu tamamlayan vətəndaş cəmiyyətinin səmərəli fəaliyyətində olmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsi - İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16-ci maddə - Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.
Ümumiyyətlə götürdükdə isə demokratik cəmiyyətlərdə vətəndaş cəmiyyəti və hüquqi dövlət arasında sıx qarşılıqlı əlaqə yaranır, totalitar rejimlərdə isə dövlət cəmiyyəti özünə tabe edir, ictimai və şəxsi həyata müdaxilə edir. Bu baxımdan vətəndaş cəmiyyətində insanlar azadlıq əldə edir, mülkiyyətə sahib olur, kamil şəxsiyyət kimi yetişir. Vətəndaş cəmiyyəti yalnız yetkin hüquqi dövlət şəraitində geniş fəaliyyət göstərir. Bu cəmiyyətin formalaşması zamanı bütün sahələrdə sivilizasiyalaşma baş verir. Vətəndaş cəmiyyətinin hüdudlarına gəlincə, o, bir tərəfdən mülkiyyət, plüralizm, sabitliklə, digər tərəfdən hüquqi dövlət, demokratiya və vətəndaşların ictimai fəallığı ilə sıx bağlıdır.
Hüquqşünas Mayis Əliyevin fikrincə, ümumdünya insan hüquqları Bəyannaməsində hər bir insan özünün və ailəsinin sağlamlığının və rifahının təmin edilməsi üçün kifayət qədər, qida, geyim, yaşayış yeri, tibbi xidmət və zəruri sosial xidmətin daxil olduğu layiqli əhatə edən həyat səviyyəsi hüququna və işsizlik, xəstəlik, əlillik, dul qalma, qocalıq və özündən asılı olmayan səbəblərdən yaşayış üçün vəsaitlərinin itirilməsinin digər hallarında təminat hüququna malikdir: “Bəyannamə bütövlükdə sosial təminatla bağlı aşağıdakı məsələləri özündə təsbit edir: 1. Cəmiyyətin üzvü kimi hər kəsin sosial təminat hüququnu 2. Hər kəsin özünün və ailəsinin sağlamlığını və rifahını insanın əsas ehtiyaclarının (ərzaq, yaşayış, tibbi xidmət, sosial xidmət) ödənilməsi imkanını insanlara təmin edən layiqli həyat səviyyəsi hüququnu 3. Sosial təminat hüququnun yaranması üçün əsas olan sosial risklərin siyahısı”.
İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt aşağıdakı hüquqları tanıyır - hər kəsin, sosial sığorta da daxil olmaqla sosial təminat hüququnu, özünün və ailəsinin layiqli həyat səviyyəsi hüququnu, fiziki və psixi sağlamlığın mümkün olan ən yüksək səviyyəsinə çatmaq hüququnu.
Fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərov qeyd edir ki, “Vətəndaş cəmiyyəti” dedikdə cəmiyyətin xüsusi tipi, özünəməxsus sosial-iqtisadi, siyasi, hüquqi təbiəti, inkişaf və yetkinlik səviyyəsi olan cəmiyyət nəzərdə tutulur: “Vətəndaş cəmiyyəti bir növ “dövlətsizləşmiş cəmiyyət olub dövlət və hüququn tarixi inkişafında müəyyən bir mərhələni təşkil edir. Qeyri-dövlət münasibətlərinin məcmusu olan bu cəmiyyətdə azad vətəndaşların könüllü birləşmiş strukturları mövcuddur və cəmiyyətə dövlətin müdaxiləsi qeyri-mümkündür.
Vətəndaş cəmiyyəti insanların sosial, iqtisadi, dini, əxlaqi, mədəni maraqlarının formalaşdığı, reallaşdığı və müdafiə edildiyi sosial əlaqələr sistemidir. XVIII-XIX əsrlərdən başlayaraq “vətəndaş cəmiyyəti” anlayışı insanların digər birlik formalarından ayrıca öyrənilməyə başlanılıb. Yeni dövrdən başlayaraq Qərbdə vətəndaş cəmiyyəti yarandı”.
Yeri gəlmişkən, vətəndaş cəmiyyətinin gerçəkləşməsi üç mərhələdən keçib. XVI-XVII əsrləri əhatə edən birinci mərhələdə vətəndaş cəmiyyətinin siyasi, iqtisadi və ideoloji zəmini formalaşıb. XVIII-XIX əsrləri əhatə edən ikinci mərhələdə vətəndaş cəmiyyəti xüsusi mülkiyyətə, azadlıq və liberal-demokratiyaya əsaslanan ictimai münasibətlər şəraitində inkişaf edir. Bu dövrdə suveren, hüquqi, demokratik dövlət, parlament yaranır, vətəndaş cəmiyyəti üzvlərinin hüquq və azadlıqları qorunur. Vətəndaş cəmiyyətinin inkişafında üçüncü mərhələ müasir dövrü - XX əsri və XXI əsrin əvvəllərini əhatə edir. Bu dövrdə vətəndaş cəmiyyəti və hüquqi dövlət bazar iqtisadiyyatı, demokratiya, millət ideyası, milli dövlət ümumbəşəri sərvətə çevrildi. Siyasi plüralizm, söz, fikir, mətbuat azadlığı, çoxpartiyalı sistem həyata keçirilib.
V.Ömərov onu da qeyd edir ki, vətəndaş cəmiyyətini qeyri-siyasi, iqtisadi, demokratik, hətta mədəni cəmiyyət kimi səciyyələndirirlər: “Bu cəmiyyətin siyasi cəmiyyətin alternativi və əksi kimi yarandığını iddia edənlər də var. Vətəndaş cəmiyyəti dar mənada “mülki cəmiyyət” kimi də qeyd olunur. Mülki cəmiyyət dedikdə, qeyri-dövlət quruluşu, dövlətin müdaxiləsinə məruz qalmayan, azad və bərabərhüquqlu adamların cəmiyyəti başa düşülür. Burada azad, sahibkarlıq, təşəbbüskarlıq mühiti hakimdir. XX əsrin sonlarında Şərqi Avropa və postsovet məkanında baş verən köklü dəyişikliklər, totalitarizmdən demokratiyaya, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna yol açdı. Sosial əsasını vətəndaş cəmiyyətinin təşkil etdiyi hüquqi dövlət quruculuğu gedişində qanunun aliliyi, hamının qanun qarşısında bərabərliyi, hüquqi mədəniyyət və və hüquqi savadlılıq dərəcəsinin yüksək olması gerçəkləşir. Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunun özünəməxsusluğu ondadır ki, onlar vahid orqanizm kimi qlobal cəmiyyətin daxili qarşılıqlı tərəfləri kimi özünü göstərir. Vətəndaş cəmiyyəti üzvləri üçün birgə yaşayış qaydalarını özündə əks etdirən vətəndaş cəmiyyəti etikası formalaşır.
Vətəndaş cəmiyyətində dövlətdən fərqli olaraq tabeçilik əlaqələr deyil, üfüqi əlaqələr, yəni hüquqca azad və bərabərhüquqlu insanların əməkdaşlıq və sağlam rəqabət münasibətləri üstünlük təşkil edir, ictimai həyatda, kompromis və konsensus, dövlət üzərində ictimai nəzarət hökm sürür”.
Vətəndaş cəmiyyətinin struktur elementləri sahələrə görə aşağıdakı kimi təsnif edilir:
İqtisadi sahədə qeyri-dövlət müəssisələri, birliklər, aksioner təşkilatları, korporasiyalar, sahibkarlıq, təşəbbüskarlıq və digər könüllü birliklər və qeyri-dövlət sosial-iqtisadi əlaqələr və s.
Vətəndaş cəmiyyətinin sosial-siyasi sahəsində struktur elementlərini aşağıdakı şəkildə təsnif etmək olar: ailə, şəxsiyyət, ictimai-siyasi təşkilatlar və hərəkatlar, siyasi partiyalar, məktəblər, məscidlər (kilsə, sinaqoq və s.), sosial qruplar, siniflər, müstəqil məhkəmələr, təhlil sistemi, müstəqil kütləvi informasiya vasitələri, ictimai özünüidarə orqanları və s. Bu sahədə sosial konfliktlərin həlli, vətəndaşların maraqları konstitusiya və qanunlar vasitəsilə qeyri-zorakı və sivil formada tənzimlənir, konsensus mühiti yaranır.
Ekspertlərin fikrincə, vətəndaş cəmiyyətinin mənəvi sahəsinə aşağıdakı elementləri aid etmək olar: söz, fikir azadlığı, vicdan azadlığı, sərbəst toplaşmaq azadlığı, məlumat azadlığı, yaradıcılıq azadlığı, öz mövqeyini açıq ifadə etmək azadlığı, yaradıcı, elmi birliklərin müstəqilliyi və dövlətdən asılı olmaması.
Vətəndaş cəmiyyətin əsas subyekti insan və dəyərlər sistemidir. Bu cəmiyyətin əsas məqsədi şəxsiyyətin tələbatlarını ödəmək, mənafeyini və hüquqlarını qorumaqdır.
Vətəndaş cəmiyyəti və hüquqi dövlətin arasındakı qarşılıqlı münasibətlərə gəlincə, qeyd etmək olar ki, burada şaquli əlaqələrin üfüqi əlaqələrə və əksinə, çevrilməsi prosesi baş verir. Belə ki, dövlət strukturlarının bəzi elementləri vətəndaş cəmiyyətinin qurumlarına, əksinə, bəzi vətəndaş cəmiyyəti strukturları - parlament və siyasi partiyalar dövlət strukturlarına çevrilir.
Ekspert Elnur Hacalıyevin sözlərinə görə, vətəndaş cəmiyyəti fərdiyyətçiliyin azad oyun sferası olmaqla, burada bir-birinə zidd olan maraqlar təmərküzləşmiş ifadəsini tapır: “Yəni, vətəndaşların ümumi iradəsini ifadə edən hüquqi dövlət real həyatı prosesdə bu maraqların uzlaşdırılımasına cəhd etməli və nail olmalıdır. Vətəndaş cəmiyyəti demokratik hüquqi dövlətin və təbii ki, demokratik siyasi sistemin ən mühüm tərəfidir. Ümumiyyətlə, siyasi birlik və siyasi sistemin özəyi olmaq etibarilə, dövlət vahid iqtisadi və mədəni-mənəvi məkan xaricində mövcud ola bilməz. Siyasi sistemin modernləşməsinin başlıca şərti olan dövlət nəinki müəyyən sosial mühitdə və eləcə də dünya birliyi cərçivəsində mövcuddur. Bu cəhətin özü modern dövlətin inkişafının yeni mahiyyətli meyli kimi səciyyələnir. Demokratik siyasi sistemin modernləşməsinin əhəmiyyətli istiqamətlərindən biri sosial dövlətin təşəkkülü və inkişafıdır. Bu, dövlətin modern mahiyyətinin spesifik ifadəsidir”.
Son olaraq qeyd edək ki, hüquqi sosial dövlətin mahiyyəti ilə bağlı tədqiqatların əksəriyyəti belə bir mövqedən çıxış etmişlər ki, əgər bəşər cəmiyyəti legitim xarakter kəsb etmək istəyirsə, o, birincisi, hüquqi xarakterə malik olmalıdır; ikincisi, hüquq ədalət keyfiyyətini əks etdirməlidir; ədalətli hüquq ictimai hüquq qaydaları ilə qorunmalıdır, başqa sözlə, ədalətli dövlət simasına malik olmalıdır.
Rəşid RƏŞAD
Ekspress.-2016.-25 noyabr.-S.10.