“İndiki mahnılar meyxana stilində yazılır”

 

İlhamə Yusifqızı: “İmkanı olmayanın toyuna Allah rizası üçün gedirəm...”

 

Müğənni İlhamə Yusifqızı uzun illərdir ki, öz məlahətli səsi ilə tamaşaçıların qəlbinə yol tapır. Biz də qəlbinə yol tapıb ürəyindən keçənləri öyrənmək üçün bu günlərdə onunla görüşüb söhbətləşdik.

 

- İlhamə xanım, söhbətə tərcümeyi-halınızla başlayaq...

- Mən Sumqayıt şəhərində doğulub boya-başa çatmışam. Sumqayıt şəhər 2 saylı Musiqi Məktəbinin, sonra da Soltan Hacıbəyov adına Musiqi Kollecinin fortepiano şöbələrini bitirmişəm. İncəsənət Universitetinin mədəni maarif fakültəsinin məzunuyam. Təyinatla Qubadlı rayonunda piano dərsi demişəm. Hazırda da Sumqayıt Şəhər Bülbül adına Uşaq İncəsənət Məktəbində pianodan dərs deyirəm.

Oxumağa isə ailə həyatı qurandan 6 il sonra başladım. Ağlıma gəlmirdi ki, müğənni olaram. Qarmonçalan Zülfiyyə xanım var idi. Xahiş etdi ki, qız dəstəsi ilə toya gedim. Bir-iki toya getdim, həvəsləndim. Bir də gördüm ki, oxuyuram...

Mən kollecdə oxuyanda orda bizim “Dügah” folklor ansanblının rəhbəri, klarnet ifaçısı Ələkbər Əsgərov var idi. Rəhmətlik mənə orkestrdən dərs deyib, əvəzolunmaz sənətkar idi. O deyirdi ki, Rübabə Muradovaya, Şövkət Ələkbərovaya, Nərminə Məmmədovaya, Elmira Rəhimovaya qulaq as.

Azərbaycanda Solmaz Məmmədovanın rəhbərlik etdiyi ilk kanonçalan qızlar ansamblının üzvü olmuşam. Həm kanon çalırdım, həm də “Muleyli”, “Bilay-bilay” mahnılarını oxuyurdum. O vaxt Mənzurə Musayeva “Tello” ansamblında “Bilay-bilay”ı oxuyurdu. Mən həmin ansamblda da piano çalırdım.1991-ci ildə ailə qurdum. Övladlar oldu. Bir az fasilə verdim. 1996-cı ildə yenidən oxumağa başladım. O vaxt oxumağa yaxşı baxmırdılar. Mən qız dəstəsi ilə toylara gedib sintezator ifa edirdim. Evdən narazılıq var idi oxumağıma. Qardaşım, yoldaşım narazı idi. Bircə rəhmətlik atam məni dəstəkləyirdi. Deyirdi ki, “bu, sənin sənətindi. Mən xeyir-dua verirəm. Sən getdin orda sintezator ifa etdin, yoxsa oxudun, nə fərqi var?”.

Bir dəfə də getdiyim qız toyunda müğənniyə mahnı sifariş verdilər, bilmədi. Mən də akkord tuta-tuta musiqisini ona dedim. O isə mikrofonu ağzıma tutdu ki, “sən mahnının sözlərini bilirsən, oxu”. Yeni çıxan mahnını o müğənni öyrənmirdi. Amma mənim musiqiyə o qədər həvəsim var idi ki, bu gün çıxan mahnını o dəqiqə öyrənirdim...

Mən toyda hər açılışda “Evləri köndələn yar” tamaşasına Emin Sabitoğlunun bəstələdiyi mahnını oxuyuram.

Belədə, mən 13-14 yaşından oxuyuram. 1989-cu ildə Sumqayıtla qardaşlaşmış Lüdviqshafen şəhərinə getmişəm. 19 yaşım var idi. Onda kanon çalırdım. Elçin Cəlilov, Aşıq Ulduz, Təbiət Cəfərov da getmişdi. Mən orda “Naz eləmə” rəqsini də oynadım...

 

- Hansı bəstəkarlarla işləyirsiniz?

- Tahir Əkbərlə 7-8 ildir işləyirəm. Onun bəstələdiyi 5 mahnını oxumuşam. “Bir gün səni görməyəndə” mahnısını ifa etmişəm. Bu mahnını ilk dəfə Elmira Rəhimova oxuyub. Bu mahnını 8 il qabaq oxuyanda, Tahir müəllim məni tanımırdı. Bizim studiyada İmran adlı səs rejissorumuz var. O deyib ki, “Tahir müəllim, bir qız sizin mahnını oxuyur, səsi də Elmira xanımın səsinə oxşayır”. O qulaq asıb, deyib ki, həqiqətən də səsi Elmira xanımın səsinə oxşayır. Tahir müəllim telefon nömrəsini ona verib ki, mənə çatdırsın. İmrana deyib ki, ona mahnılar verəcəyəm. Beləcə, onunla görüşdük...

Sonra onun sözləri Fərqanə Mehdiyevaya məxsus “İkimiz” darıxsaq” mahnısını,  sözləri Mehman Hüseynoğluna məxsus “Mənim yarım hardadır” mahnılarını oxudum.

Təzəlikcə Elmira xanımın vaxtilə oxuduğu, Fikrət Qocanın sözlərinə Tahir Əkbərin bəstələdiyi “Eşqinlə odlandım” mahnısını oxumuşam.

Ələkbər müəllimin vəsiyyətinə əməl elədim. Elmira xanıma qulaq asdım... Elmira xanım doğrudan da əsl sənətkardı. Elmira xanımla telefonda danışmışam. Onun “Sevgi gülləri” mahnısını oxumuşam. Sözləri Dilsuz Mustafayevindir. Bəstəkarı Ramiz Mirişlidir. Ramiz Mirişli rəhmətə gedəndə Tahir müəllim ağladı. Dedi ki, “Azərbaycanda o cür bəstəkar olmayıb, mahnı janrı qurtardı”. Mənim repertuarımda Elmira xanımın mahnıları çoxdur. Məni retro mahnıları oxuyan müğənni İhamə Yusifqızı kimi tanıyırlar. Səsimi isə Nərminə Məmmədovanın da səsinə oxşadırlar.

 

- Tahir Əkbərdən başqa hansı bəstəkarların mahnısını oxumusunuz?

- Emin Sabitoğlunun mahnılarını oxumuşam. Onun “Ayrılıq” mahnısına klipim də var. Emin müəllimin mahnılarının ilk ifaçısı həyat yoldaşı Xədicə Abbasova olub. İkinci ifaçısı mən.

Səid Rüstəmovun “Oxu gözəl”, Cahangir Cahangirovun “Bakı” mahnısını, Ramiz Mirişlinin iki mahnısını, Telman Hacıyevin, Zakir Bağırovun mahnılarını oxumuşam...

 

- Toylara tez-tez gedirsiniz?

- İndi toylar zəifdir. Amma sağ olsunlar, mənim də repertuarımı sevən insanlar var. Hələ ki zövqlü adamlar qalır. Mən qiymət demirəm. İmkanı olmayanın da toyuna Allah rizası üçün gedirəm. Kiminin parası, kiminin duası...

Rayonlarımıza -Saatlıya, Kürdəmirə, Salyana, Naxçıvana oxumağa dəvət edirlər. Rusiyaya da dəvət alıram.

Toylarda nə oxuyuram, oynayırlar, məni kəsmirlər.

Toylarda vəziyyət ürəkaçan deyil. İndiki mahnılarımızın hamısı meyxana stilində yazılır, hamısı bir-birinə oxşayır. Melodiya yoxdur. Elə bil meyxana oxuyurlar. Bu dəqiqə müğənnilərin əksəriyyəti özləri bəstəkarlıq edirlər. O mahnılar efirə, səsyazma studiyasına getməsə, heç kim bilməz. Senzura olsa, bunlar da olmaz.

 

- Hansı arzularla yaşayırsınız?

- Mənim ən böyük arzum odur ki, torpaqlarımız alınsın, bayrağımız Şuşada dalğalansın. Ondan sonra can sağlığı olsun. Maddiyyat düzələn şeydir. Az olsun, həmişə olsun...

Mən özüm də Qubadlı rayonundanam. Oralar üçün çox darıxıram. Təsəvvür edin ki, torpaqların alınması üçün nələr qurban verərdim... Orda “Şuşanın dağları”nı, “Qarabağ şikəstəsi”ni oxuyardım.

 

- Muğamla aranız necədir?

- Mən muğam ifaçısı deyiləm. Amma muğam oxuyuram. Bizim məktəbdə Sürəyya müəllimə var, mənə “Mirzə Hüseyn” muğamını öyrədib. Məlahət xanımdan “Rast” muğamını öyrənmişəm. Belədə isə efirə qulaq asıb öyrənmişəm. Yaqub Məmmədova qulaq asmışam. Mən də özüməməxsus pəsdən oxuyuram. Səsim tamaşaçını yormur.

“Muğam” müsabiqəsində gözəl müğənnilərimiz yetişdi, onlara qulaq asıram. Onlar oxuyanda kanalı çevirmirəm.

 

- Seriallara baxırsınız?

- Keçən il “Miras” adlı seriala baxdım. Qonşumuz Vüsal Murtuzəliyev orda iştirak edirdi. Bir də xalq artisti Şükufə Yusupova. Onlara görə həmin seriala axıra kimi baxdım. “Vicdan haqqı”, “Dəfnə ağacı” seriallarını tərifləyirlər...

Mən namaz qılıram, oruc tuturam. Həccə getmək də ən böyük arzularımdan biridir.

 

- Övladlarınızdan yolunuzu davam etdirən varmı?

- İki qızım var. Böyük qızım ali təhsillidir, basketbolçudur. Kiçik qızım universitetdə tərcüməçilik üzrə oxuyur. Musiqini sevirlər. Bütün mahnılarımı əzbər bilirlər. Mən Abbasa, Elçin Cəfərova, Ramala, Röyaya da qulaq asıram. Güllü Muradova, Kamilə Babayeva, Zabit Nəbiyev, Ehtiram Hüseynov gözəl oxuyurlar...

 

- Paxıllığınızı çəkənlər var?

- Bu olmalıdır da. Fikir vermirəm. Düşünürəm ki, Allah göydən baxır. Bir məclisə gedirsən, orda beş-altı müğənni oturub. Sən orda oxuyursan. O müğənnilərin simasından bilirsən ki, kim paxıldı. Müğənni var ki, populyar müğənnidir. Mən isə tanınmıram. O müğənni mikrofonu əlinə alıb deyir ki, “ay camaat, heç toylarda belə mahnı oxuyan müğənni eşitmişdiniz? Belə müğənni yoxdu ha...”. Paxıl isə heç yaxına gəlmir. Heç səni təqdim eləmir...

 

- Hobbiniz nələrdir?

- Rəsm əsərləri yığıram, onlara baxıram. Saxsı əşyalar, antikvarlar yığıram. Sıldırımın qırağında hər hansı ev görsəm, ona doyunca baxaram...

Evdə qızların xoşu plovdan gəlir. Milli xörəkləri bişirirəm. “Buğa” bürcündən olan insanlar mətbəxə meyli olurlar. Mətbəxdə “Böyük dayaq” filmində səslənən Pərişanın mahnısını oxuyuram. İstəyirəm ki, onu udla aranjman elətdirəm.

Müğənnilərdən bir dənə Sevda Ələsgərli ilə dostluq edirəm. Onun “Tənhayam sənsiz” mahnısı bir zaman populyar mahnı idi. Uzunillik fasilədən sonra yenidən səhnəyə qayıdıb...

 

- Yoldaşınız sənətinizi bəyənir?

- Yoldaşım sənətimi bəyənir. Bir dəfə evdə notla mahnı çalıram. Bir də gördüm qapını döyüb içəri girdi. Dedi ki, bir yaxşı mahnı çal. Mən də “Tərəkəmə” çaldım. Dedi ki, bu başqa məsələ...

 

Namiq MƏMMƏDLİ

Ekspress.-2016.-26-28 noyabr.-S.13.