Hüquqi dövlət və dünya birliyinə inteqrasiya
Müstəqilliyinin 25 illiyini qeyd etməyə hazırlaşan Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdiyi ilk illərdən Avropaya inteqrasiya yolunu tutub və bu sahədə əməkdaşlıq daim genişlənməkdədir. Demokratiya və insan hüquqlarına hörmət, qanunun aliliyinə əsaslanan cəmiyyət quruculuğu Azərbaycan xalqının şüurlu seçimidir.
Heç bir dövlət inteqrasiyanı, imkanların yaratdığı səviyyədə əməkdaşlığı və tərəfdaşlığı özündə əks etdirən müasir qloballaşma şəraitində təcrid olunmuş vəziyyətdə öz mövcudluğunu təmin etmək iqtidarında deyil. Ancaq dövlətlərin inteqrasiya, tərəfdaşlıq və əməkdaşlıq əlaqələri onlar arasında fərqli münasibətlərin yaranmasını zəruri edir. Fərqli münasibətlər də fərqli potensialdan (resursların yaratdığı imkanlardan) meydana gəlir.
2001-ci ildən Avropa Şurasının üzvü olan ölkəmiz digər beynəlxalq təşkilatlarla da səmərəli əməkdaşlıq edir. Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında olan tərəfdaşlığı əhatə edən “Avropa Qonşuluq Siyasəti” və “Şərq Tərəfdaşlığı” formatında aparılan fəaliyyət Azərbaycanın daha da inkişaf etməsinə xidmət edir.
27 üzv dövlət tərəfindən təşkil olunan Avropa İttifaqı öz nailiyyət və dəyərlərini başqa ölkə və insanlarla paylaşmağı da üzərlərinə öhdəlik kimi götürüb. 18 aprel 1951-ci il tarixli Paris Müqaviləsinə əsasən yaradılan Avropa İttifaqı ilə Azərbaycan arasında hərtərəfli münasibətlərin hüquqi əsası 22 aprel 1996-cı ildə Lüksemburq şəhərində imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə qoyulub. Bu saziş 1999-cu il iyulun 1-də bütün tərəflərin parlament orqanlarında ratifikasiya olunduqdan sonra qüvvəyə minib. Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi Azərbaycanla Aİ arasında əməkdaşlığın bütün mümkün, xüsusilə də, siyasi və ticarət sahələrini əhatə edir. Sazişin məqsədi Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası və ölkədə bərabərhüquqla fəaliyyət göstərən xarici və daxili iqtisadi operatorlar vasitəilə açıq, bazar əsaslı iqtisadiyyatın yaranmasını təmin etməkdir. Azərbaycan qanunvericiliyinin Avropa hüquq sisteminə uyğunlaşdırılması da sazişin əsas məqsədlərindən biridir. Sazişə əsasən, Azərbaycan ilə Avropa İttifaqı arasında ikitərəfli mütəmadi dialoqun aparılması məqsədilə Əməkdaşlıq Şurası (iclasları illik keçirilir), Əməkdaşlıq Komitəsi (iclasları illik keçirilir) və Parlamenlərarası Əməkdaşlıq Komitəsi yaradılıb. Ticarət, iqtisadiyyat və əlaqədar hüquqi məsələlər üzrə Alt komitə və enerji,nəqliyyat və ətraf mühit məsələləri üzrə isə Alt komitə strukturları yaradılıb. Əməkdaşlıq Şurası əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir, Əməkdaşlıq Komitəsi isə Şuraya tövsiyələr verməklə yardım edir.
Aİ-nin 14 iyun 2004-cü il tarixli qərarı ilə Azərbaycan “Avropa Qonşuluq Siyasəti” proqramına daxil edilib. Bu proqram Azərbaycan üçün geniş imkanlar yaradıb. Proqramın əsas mexanizmini Azərbaycanla Aİ arasında proqram çərçivəsində imzalanan Fəaliyyət Planı təşkil edir. Fəaliyyət Planı 14 noyabr 2006-cı ildə Brüsseldə Əməkdaşlıq Şurasının iclası zamanı qəbul olunub və Cənubi Qafqaz ölkələri ilə razılaşdırılıb. Beləliklə, Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə tənzimlənən Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin gələcək istiqamətləri Fəaliyyət Planı ilə müəyyən olunub. Fəaliyyət Planına əsasən, əməkdaşlıq zamanı qısa və orta müddətə həyata keçiriləcək iqtisadi və siyasi islahatların siyahısı verilir və bu istiqamətdə konkret addımlar atılır. Fəaliyyət Planı çərçivəsində Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması, demokratiya, insan hüquqları, azad və ədalətli seçkilər, korrupsiya ilə mübarizə, məhkəmə, daxili işlər və digər hüquq sahəsində islahatlar, davamlı iqtisadi inkişaf, siyasi və iqtisadi islahatların həyata keçirilməsini üzərinə öhdəlik kimi götürüb.
Azərbaycanın da dünyanın digər dövlətləri kimi geosiyasətin aktiv üzvlərindən biri olduğunu deyən siyasi elmlər üzrə fəlsəfə doktoru Elşən Nəsibovun sözlərinə görə, ölkəmizin geosiyasəti özünün təkamül və inkişaf mərhələsini yaşayıb və bu gün də həmin proseslər davam etməkdədir. Ölkənin XX əsrin sonlarını əhatə edən geosiyasətinin formalaşmasının başlanğıcı müstəqillik qazandıqdan sonra qoyulub. Xarici siyasətin ilkin aktları, bu baxımdan ölkə müstəqilliyinin de-fakto və de-yure (SSRİ-dən ayrıldığı faktiki əraziləri üzrə hüquqi baxımdan) tanınması və dövlətlərarası diplomatik münasibətlər, sahələr üzrə əlaqələrin qurulması geosiyasətin başlanğıcı üçün əsasları meydana gətirmiş oldu. “Sonrakı mərhələlərdə (1994-cü ildən başlayaraq) isə xarici sərmayələrin ölkə iqtisadiyyatına cəlb olunması və çoxsahəli əlaqələr, o cümlədən geosiyasət elementlərinin sayının çoxalması məhz geosiyasi mühitin inkişafında növbəti mərhələni meydana gətirdi. Ölkənin yerləşdiyi məkan və məkan üzərindəki strukturlar və elementlər geosiyasi mühitin əsaslarını təşkil etməyə başladı. Dövlətin daxilən güclənməsi, onun iqtisadi və siyasi strukturlarının inkişafı geosiyasi nüvənin əsaslarını zənginləşdirdi. Azərbaycan regionda radiuslu dalğalar üzrə öz geosiyasi məkanını böyütməyə başladı” deyən politoloq bildirib ki, bu proseslər artıq XXI əsrin başlanğıcından bu yana baş verməkdədir.
E.Nəsibov Azərbaycanın mövcud durumdakı geosiyasətinin formasına iki aspektdən yanaşır: birincisi, Azərbaycanın özünün sərhədlərindən kənar məkanlar və məkanlardakı strukturlar üzrə geosiyasi maraq dairəsi -buraya ölkənin regionda və regiondan kənarda formalaşdırdığı geosiyasi məkanlar aiddir. “Məkanlardakı geosiyasi vasitələr və onların imkanları dövlətlərin geostrateji maraq sferalarını təşkil edir. Azərbaycanın tranzit mövqeyi və transmilli korporasiyası (SOCAR) bu istiqamətdə makro təsirlər etməkdədir. Regional enerji layihələri də geosiyasətin makro formasını yaradan elementlər kimi əhəmiyyət kəsb edir; ikincisi, Azərbaycan üzərində formalaşan geosiyasət. Buraya isə Azərbaycana diqqət göstərən kənar ölkələrin strateji maraqları aid olur. Strateji maraqlara iqtisadi, mədəni, hərbi sahələr aid olunur. Əgər biz regional geosiyasi məkanı xarici ölkələrin maraq istiqamətləri üzrə xəyali olaraq dairələrə alsaq, onda belə qənatə gələ bilərik ki, Azərbaycan xarici ölkələrin dairələrində öz dairəsini böyütmək siyasətini həyata keçirir. Bu böyüyən dairə də öz növbəsində xarici dairələrin kəskin şəkildə toqquşmasının və ölkəni tamamilə əhatə etməsinin qarşısını alır”.
Dediyinə görə, ölkənin geosiyasi nüvəsi xarici ölkələrin periferik geosiyasətinə qarşı sanki bir sipər rolunu oynayır. Buradan da ölkənin regional təhlükəsizliyinin təmin olunması məsələləri müəyyən qədər həll olunmuş olur. “Hər iki istiqamət Azərbaycanın geosiyasi mövqeyini və statusunu müəyyən edir. Deməli, geosiyasi mövqe və geosiyasi status ölkənin regional geosiyasətini formalaşdıran istiqamətlərdəndir”.
Azərbaycanın regional layihələri həyata keçirməklə özünün beynəlxalq statusunu möhkəmləndirdiyi qənaətində olan Nəsibov hesab edir ki, respublikamız eləcə də bu beynəlxalq statusdan istifadə edərək üzərində formalaşan geosiyasi gücün (xarici geosiyasət sisteminin) dövlətin tam şəkildə daxili işlərinə qarışmasının qarşısını alır. “Azərbaycanın özünün geosiyasəti xarici geosiyasətin təsirlərini minimuma endirmək iqtidarında olur. Azərbaycanın geosiyasəti (özünün və xarici ölkələrin) cəlbetmə və cəzbetmə istiqaməti üzrə formalaşır. Öz resurslarını başqa məkanlarda hərəkət etdirir, başqa məkanlarda təsir imkanları qazanır və əks dövlətin təsirlərini öz məkanında azaldır. Digər tərəfdən də başqa dövlətlərə təsir olaraq (resurslardan təsir elementləri kimi yararlanır) öz ərazisini onlar üçün açıq elan edir. Azərbaycanın açıq qapılar siyasəti dövlətin geosiyasətini möhkəmlədir”.
“Hüquqi İslahatlara Yardım Mərkəzi” İctimai Birliyinin sədri Natiq Abdullayevin sözlərinə görə, dünya birliyinə inteqrasiya, beynəlxalq təşkilatların üzvü olmaq dövlətlərarası əməkdaşlığın inkişafının əsas vasitəsi olmaqla, həm də milli qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edən mühüm amilə çevrilib. “Respublikamızda pakta sunt servanda (müqavilələr icra olunmalıdır) prinsipinə müvafiq olaraq beynəlxalq öhdəliklərin yerinə yetirilməsi prosesi vacib hesab edilir. Beynəlxalq öhdəliklərin yerinə yetirilməsi məqsədilə görülən tədbirlərin bir hissəsi də məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi, məhkəmə sisteminin müasirləşdirilməsinə xidmət edir”.
Dediyinə görə, Avropa hüquq məkanında artıq xeyli müddətdir ki, tətbiq edilən mediasiya prosedurunun üzv ölkələrdə də geniş yayılması mühüm yeniliklərdən biri kimi məhz bu baxımdan aktuallıq kəsb edir. Müasir şəraitdə mübahisələrin səmərəli həlli məqsədilə üçüncü tərəfin müdaxiləsi zərurətə çevrilib. “Hazırda hüquqi, siyasi-diplomatik vasitə kimi mediasiya münaqişələrin uğurlu həlli yolu hesab edilir və qabaqcıl ölkələrdə mediasiya institutunun inkişafına geniş şərait yaradılır”.
Dünya birliyinə inteqrasiya, həmin qurumlarla əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas üstünlüklərindən birini təşkil edir. Tanınmış beynəlxalq qurumlarla münasibətlərin yüksək səviyyədə qurulması ölkəmizin həm də dünya birliyinə inteqrasiyasının göstəricisidir.
Murad MƏMMƏDLİ
Ekspress.-2016.-1-3 oktyabr.-S.10.