Hüquqi dövlətin mövcudluğu üçün tələb olunan şərtlər

 

Hüququn mahiyyəti ilə bağlı nəzəriyyələrdən biri olan təbii hüquq nəzəriyyəsi hesab edir ki, hüququn özündə ədalətin mütləq, dəyişməz başlanğıcı var, o təbii olaraq mövcuddur.

 

Hüququn tarixi məktəbi isə hesab edir ki, hüquq tarixi təkamülün üzvi tərkib hissəsidir, torpağa atılan dən kimi o xalqın şüurunda yetişir, adətlər və qanunlar şəklində təzahür edir.

 

Hüququn psixoloji məktəbi isə hüququn meydana gəlməsini və fəaliyyətini cəmiyyətin sosial iqtisadi həyatı ilə yox, şəxsiyyətin psixologiyası ilə izah edir. Bütün bunlardan da belə nəticəyə gəlmək olar ki, hüquq, dövlətin müəyyənləşdirdiyi və onun gücü ilə qorunan, hamı üçün ümumməcburi davranış qaydalarının məcmusudur.

 

Azərbaycan hüquqi demokratik dövlətdir və burada hüququn aliliyi var. Ulu öndər Heydər Əliyevin hüquqa aid olan fikirinə nəzər salaq: “Respublikamızda hüquqi dövlət qurulması, demokratik, sivilizasiyalı cəmiyyət yaradılması, insan azadlığının, söz, vicdan azadlığının, müasir plüralizmin təmin edilməsi, çoxpartiyalı sistemin bərqərar olması bizim əvvəldən qəbul etdiyimiz prinsiplərdir”.

 

1995-ci ildə Heydər Əliyevin birbaşa rəhbərliyi ilə hazırlanan ilk milli Konstitusiyamiz demokratik, hüquqi, sivilizasiyalı, dünyəvi dövlətin yaradılması ilə bağlı prinsipləri özündə ehtiva etdi. Konstitusiyanın “vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq” müddəası ölkəmizin sivil gələcəyinə hesablanan dövlət sisteminin qurulmasından xəbər verirdi. Hətta əsas Qanunun qəbul edilməsilə ölkəmiz hüquqi dövlət quruculuğunda yeni bir mərhələyə qədəm qoydu.

 

Ekspert Rasim Quliyevin fikrincə, Azərbaycan artıq hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu dövrünü yaşayır: Siyasi sahədə müsbət dəyişikliklərə aşağıdakıları aid edə bilərik: siyasi partiyaların və ictimai-siyasi təşkilatların yaranması, siyasi plüralizm, demokratik hüquq və azadlıqların təsdiqi, dövlət idarəçiliyi sisteminin struktur dəyişmələri (məsələn, prezident institutunun qəbulu, əvvəllər mövcud olan xalq deputatları sovetlərinin icra komitələri əvəzinə icra hakimiyyətlərinin yaradılması, Konstitusiya Məhkəməsinin təşkili, yerli özünüidarə sistemi kimi fəaliyyət göstərən bələdiyyələrin yaranması, nazirliklərin sayının azalması və onların fəaliyyətlərinin təkmilləşməsi). İqtisadi sahədə aşağıdakıları qeyd etmək olar: iqtisadiyyatın idarə olunmasında komanda - inzibati sistemin aradan qaldırılması, 1996-cı ildə başlayan və hələ də davam edən özəlləşdirmə (onun nəticəsində on minlərlə müxtəlif ölçülü müəssisələrin özəlləşdirilməsi həyata keçirildi), hansı ki, mülkiyyətin müxtəlif formaları üçün bərabər şəraitin və həmçinin, mənzil fondununtorpaq sahələrinin faktiki özəlləşdirilməsi, mal qıtlığının ləğvi və xidmət sferasının genişləndirilməsi ilə müşayiət olundu. Mənəvi sahədə vətənpərvər, müasir, yeni şəxsiyyətin formalaşması, milli-mənəvi dəyərlərə qayıdış, vətəndaş cəmiyyəti etikasının yaranması və inkişaf etməsi və s”.

 

Yeri gəlmişkən, hüquqi islahatların istiqamətlərinə nəzər salaq: azadlıqların genişləndirilməsi; vətəndaş azadlıqlarının prinsipi; vətəndaşın öz güclərinə, qabiliyyətinə, mülkiyyətinə sərəncam vermək hüququnun möhkəmləndirilməsi; dövlətin vətəndaşın azadlıqlarına müdaxiləsinin qadağan olunması; dövlətin vətəndaşa vurduğu zərərin kompensasiyası. Vətəndaşlarda hüquqi şüurun formalaşdırılması; məmurların azadlığının prinsipi.

 

Qeyd edək ki, dövlət məmurları öz vəzifələrində yalnız qanunla icazə verilmiş azadlıqlara malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsində (ümumilik, ayrılmazlıq, pozulmazlıq və toxunulmazlıq prinsipləri), 25-ci maddəsində (bərabərlik prinsipi), 71-ci maddəsinin 1-ci hissəsində (dövlət müdafiəsi prinsipi), 71-ci maddəsinin 6-cı hissəsində (birbaşa qüvvədə olma prinsipi) insan və vətəndaşın hüquqi statusunun əsas prinsipləri təsbit olunub. Bu da o deməkdir ki, insan və vətəndaşın hüquqi statusunun bütün bu konstitusion prinsipləri Azərbaycan dövlətinin insan və vətəndaşın hüquq və azadlıqları sferasında siyasətinin əsas istiqamətlərini müəyyən edir və onların hüquqi statusunun əsasını təşkil edir.

 

Hüquqşünas Əli Hüseynli qeyd edib ki, ölkədə hüquqi dövləti qurmaq üçün ilk növbədə konstitusion rejim, mükəmməl hüquq sistemi, effektiv məhkəmə hakimiyyəti, hakimiyyətlər bölgüsü kimi prinsiplər yaradılmalı idi: Demokratik hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunub. İnsan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilib.

 

Konstitusiyamızın üçdə bir hissəsi məhz bu məsələyə həsr edilib. Demokratik dəyərlərin üstünlüyünü qəbul edən, azadlığı, haqq və ədalətin bərqərar olunduğu dövlət qurmaq istəyən hər bir ölkə, hər bir xalq üçün Konstitusiya birinci dərəcəli əhəmiyyət daşıyır. Siyasi, iqtisadi, hüquqi sistemin köklü şəkildə dəyişdiyi, cəmiyyətdə keçid dövrünün başlandığı bir vaxtda Əsas Qanunun rolu qat-qat artır. Bu bir həqiqətdir ki, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunması ilə Azərbaycanın tarixi inkişafının yeni bir mərhələsi başlandı. Mühüm tarixi əhəmiyyətə malik olan bu sənəd ölkəmizdə insan və vətəndaş azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil edir. Əminliklə demək olar ki, Azərbaycan Respublikasının Konstitusiyasında yüz illər boyu bəşəriyyətin əldə etdiyi mütərəqqi dəyərlər fundamental hüquq və azadlıqları lazımi şəkildə öz əksini tapıb”.

 

Xatırladaq ki, ölkə başçısının rəhbərliyilə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” insan və vətəndaş hüquqlarının müdafiəsi sahəsində aparılan məqsədyönlü siyasətin bir nümunəsidir.

 

Hüquqşünaslar qeyd edirlər ki, hüquqi dövlətdə, bazar münasibətləri və iqtisadi cəhətdən müstəqil insan kütləsi məkanında vətəndaş cəmiyyətinin olması mümkündür.

 

Hüquqi konstitusiya dedikdə isə, insanların hüquq və azadlıqlarına təminat verilməsi, dövlətin ali hakimiyyət orqanlarının fəaliyyətini tənzimləyən əsas prinsiplərin müəyyənləşdirilməsi, hüquqi sistemin əsaslarının yaradılması, dövlət, cəmiyyət və insan arasında münasibətlərin tənzimlənməsi başa düşülür.

Hüquqi dövlətin mövcudluğu üçün aşağıdakı şərtlər zəruridir:

 

1) Hakimiyyətin fəaliyyəinin hüquq normaları ilə tənzimlənməsi.

2) Hakimiyyətdən müdafiə hüququ

3) Qanunun aliliyiqanunçuluq

4) Hakimiyyətin bütün hərəkətlərinin hüququn ümumi prinsiplərinə uyğunluğu

5) Dövlət hakimiyyəti sisteminin hüquqi təşkili

6) Vətəndaş cəmiyyətinin varlığı.

 

Hüquqşünas İsrayıl İmamlının fikrincə, hüquqi cəhətdən məcburilik beynəlxalq-hüquqi normaların səciyyəvi əlamətidir: “Bu əlamət onu dövlətlərarası sistemdə mövcud olan digər sosial normalardan fərqləndirir. Beynəlxalq hüquq elmində müxtəlif istiqamətlərə baxmayaraq, kiçik istisnalarla hamı onun normalarının hüquqi cəhətdən məcburiliyini qəbul edir. İstisna kimi, Yel universitetinin professoru M.Makduqalın irəli sürdüyü beynəlxalq hüquq normalarının qeyri-normativliyi konsepsiyasını göstərmək olar. Həmin konsepsiyaya görə, beynəlxalq hüquq dövlət üçün hüquqi cəhətdən məcburi normaların məcmusu deyil. Bu müddəa  beynəlxalq hüquq mütəxəssisləri tərəfindən birmənalı qəbul edilməmişdir. Beynəlxalq hüquq elminin banilərindən H.Hrotsi yazır ki, öhdəliklər zəruridir, çünki məcburi qüvvəyə malik olmayan məsləhətlər və yaxud istənilən başqa tövsiyələr, məsələn, şərəf qaydaları qanun, yaxud hüquq adı daşımağa layiq deyil. Beynəlxalq hüquq normaları hüquqi cəhətdən məcburiliyinə görə dövlətdaxili hüquq normalarından fərqlənir. Dövlətdaxili hüquq normaları dövlətin iradəsinin ifadəsidir. Beynəlxalq hüquq normaları isə dövlətlərin razılaşdırılması iradələrinin məhsuludur”.

 

Ekspert Vahid Ömərov qeyd edir ki, ölkəmizdə vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunun özünəməxsusluğu ondadır ki, onlar vahid orqanizm kimi qlobal cəmiyyətin daxili qarşılıqlı tərəfləri kimi özünü göstərir: “Vətəndaş cəmiyyəti üzvləri üçün birgə yaşayış qaydalarını özündə əks etdirən vətəndaş cəmiyyəti etikası formalaşır. Vətəndaş cəmiyyətində dövlətdən fərqli olaraq tabeçilik əlaqələr deyil, üfüqi əlaqələr, yəni hüquqca azad və bərabərhüquqlu insanların əməkdaşlıq və sağlam rəqabət münasibətləri üstünlük təşkil edir, ictimai həyatda, kompromiskonsensus, dövlət üzərində ictimai nəzarət hökm sürür.

 

Vətəndaş cəmiyyətinin struktur elementləri sahələrə görə aşağıdakı kimi təsnif edilir: İqtisadi sahədə qeyri-dövlət müəssisələri, birliklər, aksioner təşkilatları, korporasiyalar, sahibkarlıq, təşəbbüskarlıq və digər könüllü birliklər və qeyri-dövlət sosial-iqtisadi əlaqələr”.

 

Ümumiyyətlə, yaşadığımız müasir dövrdə dövlətin sosial siyasətinin tənzimlənməsi istiqamətində fəaliyyətin genişləndirilməsi zərurəti aktuallaşıb. Yəni, dövlətin sosial funksiyasının xüsusi mahiyyət qazanması sosial dövlətin inkişafına şərait yaradır. Bu proses bilavasitə sosial olanın iqtisadiyyat üzərində üstünlük əldə etməsi, insanın layiqli həyat şəraitinin təmin edilməsinin dövlətin əsas məqsədinə çevrilməsi ilə bağlıdır. Dövlətin sosialiqtisadi sferanın tənzimlənməsi istiqamətində məqsədyönlü fəaliyyəti sosial siyasət prinsiplərini şərtləndirir. Bu mənada sosial siyasət dövlətin digər iqtisadi subyektlərin həyat və əmək şəraitinin dolğun təminatına yönəldilmiş fəaliyyətidir. Dövlətin sosial sahədə apardığı islahatlar sosial siyasət zəminində qurulur və formalaşır. Beləliklə, sosial siyasət dövlətin, yerli hakimiyyət orqanlarının, müəssisə və təşkilatların əhalini işsizlikdən, istehlak qiymətlərinin artımından müdafiə edən kompleks sosial iqtisadi tədbirlər sistemidir. Əslində qloballaşma prosesi sosial siyasətin yeni mahiyyət kəsb etməsinə və standart proqramlar əsasında həyata keçirilməsinə, eyni zamanda müxtəlif ölkələrdə sosial siyasətlə bağlı oxşar islahatların aparılmasına səbəb olub. Bundan başqa, beynəlxalq, millisubmilli sosial siyasətlər ölkələrin yoxsulluq əleyhinə qlobal fikir birliyinə gələrək inkişaf edən sosial birliyin dəyişməsinə təsir etməkdədir.

 

Rəşid RƏŞAD

Ekspress.-2016.-12 oktyabr.-S.10.