Vətəndaş cəmiyyəti ilə dövlətin bağlılığı

 

Vətəndaş cəmiyyəti açıq, demokratik, antitotalitar, müstəqil inkşaf edən cəmiyyət kimi dəyərləndirilir. Hansı ki, burada mərkəzi yeri insan, vətəndaş, şəxsiyyət tutur. Vətəndaş cəmiyyəti insanların siyasi yox, başlıca olaraq iqtisadi və şəxsi həyat fəaliyyəti sferasıdır. Burada avtoritar hakimiyyətə, sinfi düşmənçiliyə, totalitarizmə, insanlara qarşı zorakılığa yer yoxdur. Burada əxlaq və humanizim prinsiplrinə, qanunlara, və əxlaqa hörmət edilir.

 

Bu cəmiyyət demokratik rejimdə dövlətlə sıx qarşılıqlı əlaqədə olur, totalitaravtoritar rejimlərdə isə dövlətə qarşı müxalifətdə olur. Vətəndaş cəmiyyətinin formalaşması onun həyatının və fəaliyyətinin bir çox tərəflərini dövlətsizləşdirməyi nəzərdə tutur. Lakin bu o demək deyil ki, onun dövlətə ehtiyacı yoxdur. Sadəcə olaraq burada dövlət, necə deyərlər, öz yerini tapmalı və tutmalı, bütün problemlərin həllində totalitar nəzarətdən və cavabdehlikdən əl çəkməli və yalnız o istiqamətə yönəlməlidir ki, orada onun iştirakı qaçılmaz olsun. Xüsusən müdafiə, qanunvericilik, ekologiya, xarici siyasət, büdcə, rabitə, nəqliyyat, vətəndaşların hüquqlarının müdafiəsi sahəsində. Yəni burada dövlət cəmiyyətin xidmətcisi, onun inamlı nümayəndəsi kimi çıxış edir. Qısa desək, cəmiyyət dövlət üçün yox, dövlət cəmiyyət üçündür.

 

İnkişaf etmiş vətəndaş cəmiyyətində dövlətin funksiyaları ümumi inkşaf strategiyasının işlənməsinə yönəlmiş olur. Yəni cəmiyyətin sosialiqtisadi inkişafının prioritetlərinin müəyyən edilməsi və əsaslandırılması; vətəndaşların ictimai faydalı fəaliyyətlərinin stimullaşdırılması və onların hüquqlarının, əmlaklarının və şəxsi ləyaqətlərinin qorunması; cəmiyyətin bütün sferalarının demokratikləşdirilməsi; sərhədlərin qorunması və daxili qayda-qanunun təmin olunması.

 

Dövlət və dövlət hakimiyyəti anlayışları bir-birilə sıx qarşılıqlı əlaqədə olan anlayışlardır. Dövlət hakimiyyəti, onu insan cəmiyyətinin digər sosial strukturlarından, qeyri-hökumət təşkilatlarından - partiyalardan, dini birliklərdən, həmkarlar təşkilatlarından və s. fərqləndirən çox mühüm əlamətdir.

 

Geniş fəlsəfi planda dövlət və dövlət hakimiyyətinin qarşılıqlı əlaqəsinə forma və məzmunun qarşılıqlı nisbəti kimi baxmaq olar. Dövlət hakimiyyətin maddi qüvvəsini təmsil edir ki, bunu da müvafiq mexanizm olmadan həyata keçirmək mümkün deyil. Ona görə də dövlət orqanları hakimiyyətin əsas aləti, onun maddi ifadəsidir.

 

Hüquqi dövlətdə dövlət hakimiyyəti sistemi hakimiyyətin bölgüsü, hüquqi qanunların aliliyi, hamının qanun qarşısında bərabərliyi prinsiplərinə əsaslanır. Hüquqi qanunun aliliyi o deməkdir ki, dövlət orqanları qanuna bağlıdırlar, yəni qarşısında duran vəzifələri yerinə yetirmək üçün onlara ayrılmış dövlət hakimiyyəti səlahiyyətləri həddində, öz səlahiyyətləri çərçivəsində ciddi surətdə konstitusiyayaqanunlara riayət edərək fəaliyyət göstərirlər. Qanunlar isə haqqa və ədalətə, bərabər mənafelərə bərabər münasibət prinsipinə əsaslanır.

 

Demokratik dövlətdə dövlət hakimiyyəti xalqdan bəhrələnir. Yalnız xalq, hakimiyyətin əsas mənbəyi sayılır. Lakin xalqın iradəsinin ifadəçisi, xalq hakimiyyətinin daşıyıcısı olaraq dövlət, bütün cəmiyyətin rəsmi nümayəndəsi kimi çıxış edir. Bununla bərabər xalqın bilavasitə öz iradəsini ifadə etmək, ona məxsus olan hakimiyyəti bilavasitə həyata keçirmək hüququ vardır (məsələn, dövlət və ya ictimai həyatın hər hansı bir məsələsi üzrə ümumxalq səsverməsi olan referendum yolu ilə).

 

Dövlət və dövlət hakimiyyəti özünün norma yaratma, nizamlayıcı təsirini əməli olaraq cəmiyyət həyatının bütün əsas sahələrinə göstərir. Düzdür, cəmiyyət yalnız onun dövlət təşkilatı formasıyla məhdudlaşa bilməz. Cəmiyyətdə dövlət strukturları ilə yanaşı insanların birgə fəaliyyət və başqa birlik formaları da mövcuddur ki, bu da onların həyatına mühüm təsir göstərir. Söhbət vətəndaş cəmiyyətindən gedir ki, bunlara ictimai qurumların, siyasi partiyaların, həmkarların, yaradıcı birliklərin, dini birliklərin təşkilat və fəaliyyətləri, habelə iqtisadiyyat sahəsi (mülkiyyət, əmək, sahibkarlıq), elmtexnika, təhsil, tərbiyə sahəsi, cəmiyyətin ilkin əsası olan ailə, kütləvi informasiya vasitələri daxildir.

 

Vətəndaş cəmiyyəti dövlətdən asılı olmayan, elə ictimai institutlar və münasibətlər (sosial, mənəvi, mədəni sahələr) sistemidir ki, bunun vasitəsilə insanların həyat fəaliyyəti, onların yaradıcılığı və bunların nəsildən-nəsilə ötürülməsi üçün fərdlərin və kollektivlərin xüsusi maraq və tələbatlarının reallaşmasında lazım olan şərait təmin edilir. Nəzərə almaq lazımdır ki, “vətəndaş cəmiyyəti” anlayışı sadəcə olaraq “vətəndaş” və “cəmiyyət” terminlərinin şərti birləşməsi kimi çıxış etmir. Vətəndaş cəmiyyətinin mövcudluğu o zaman mümkündür ki, sosial əlaqələrin bütün sahələrində, o cümlədən, iqtisadi, siyasi, mənəvi sferalarda şəxsiyyətin yaradıcılıq imkanlarının aktiv təzahürü şəraitində münasibətlər yaranır.

 

Sovet dövründə “vətəndaş cəmiyyəti” anlayışından istifadə edilməyib. Güman edilirdi ki, dövlət sosializm quruculuğu prosesində ümumi maraqların qarantı və ifadəçisinə çevrilir, sinfi fərqlərin ləğv edilməsi ilə vətəndaş cəmiyyəti və dövlət arasındakı fərq də itir. Kommunist təliminə görə dövlət tədricən ölməlidir. Praktiki olaraq sosialist dövləti mahiyyət etibarilə bütün cəmiyyəti özünə tabe etdirmiş fərdi maraqların təzahürünün qarşısını alıb.

 

Dövlət vətəndaş cəmiyyətinə onun strukturlarının hüquqi çərçivəsini müəyyən etməklə təsir edirbununla bərabər o, vətəndaş cəmiyyəti tərəfindən əks-təsirə məruz qalır. Məsələn, dövlətin qanunvericilik fəaliyyəti, xalqın nümayəndəli orqanlarının işi siyasi partiyaların, ictimai təşkilatlarının fəaliyyəti ilə sıx qarşılıqlı əlaqədədir. Belə nəticəyə gəlmək olar ki, dövlət mexanizminin, cəmiyyətin siyasi hakimiyyətinin bütün təşkilatlarının normal və səmərəli işi, şəxsiyyətlə dövlət arasındakı mühüm həlqə, özünəməxsus şəkildə vasitəçi olan vətəndaş cəmiyyətinin inkişafı olmadan mümkün deyil. Vətəndaş cəmiyyəti elə bir sosial mühitdir ki, burada vətəndaş və onların birliklərinin əsas hüquq və azadlıqları həyata keçir.

 

Vətəndaş cəmiyyəti və dövlət bir-birini tamamlayır və biri digərindən asılı olur. Yetkin vətəndaş cəmiyyəti olmadan, hüquqi, demokratik dövlət qurmaq mümkün deyil, çünki məhz azad vətəndaşlar şüurlu insan birgəyaşayışının ən səmərəli formasını yarada bilər.

 

İnkişaf etmiş Qərb ölkələrində vətəndaş cəmiyyətinin və hüquqi dövlətin qarşılıqlı fəaliyyətinin müəyyən mexanizmi mövcuddur. Bu mexanizm üç elementdən ibarətdir: Hakimiyyətin qanunverici, icraedici və məhkəmə olmaqla bölünməsinin prinsipləri həyata keçirilir; Hakimiyyət orqanlarına seçkilərdə partiyaların qarşılıqlı əlaqələr sisteminin yaranması; Dövlətin və cəmiyyətin arasında mövcud olan əlaqə və münasibətlərin inkişafında müxtəlif təşkilatlar, komutələr və komissiyalar iştirak edirlər; Belə mexanizm dövlətin və vətəndaş cəmiyyətinin uzun sürən təkamülü nəticəsində yaranıb.

 

Siyasi sistemin müvəffəqiyyətlə fəaliyyət göstərməsi üçün yeganə yol dövlətin və vətəndaş cəmiyyətinin qarşılıqlı əlaqə və münasibətlərində, üstünlük güclü dövlət və onu tamamlayan vətəndaş cəmiyyətinin fəaliyyəti olmalıdır.

 

Vətəndaş cəmiyyəti və hüquqi dövlətin bağlılığı onların şəxsiyyətin hüququnu müdafiə etməsində də özünü göstərir. Cəmiyyət və dövlətin qarşılıqlı əlaqəsində şəxsiyyətin oynadığı rol haqqında fəlsəfə elmləri doktoru İlham Məmmədzadə özününQloballaşma və müasirləşmə şəraitində fəlsəfənin aktuallığı haqqında” əsərində belə yazır: “Vətəndaş cəmiyyətini də elə şəxsiyyətin ictimai fəallığı və əlaqələri yaradır, yəni bazar fəallığı - bazar cəmiyyətinin, hüquq çərçivəsində isə siyasi fəallıq hüquqi dövlətin ortaya çıxmasını şərtləndirir”.

 

Cəmiyyət və dövləti şəxsiyyətin ictimai-siyasi fəallığı bir-birinə daha sıx bağlayır. Dövlətdən geniş anlayış olan siyasi cəmiyyətə hakimiyyət və hüquq daxildir. Vətəndaş cəmiyyətində isə iqtisadiyyatın liberallaşması siyasi-iqtisadi hakimiyyətin məhdudlaşdırılmasına dövlətin müdaxiləsindən qorunmağa, demokratiyaya əsaslanan siyasi liberalizmə gətirib çıxarır. İqtisadisiyasi liberalizmin vəhdəti də dövlət cəmiyyətinin qarşılıqlı əlaqəsini gücləndirən amillərdəndir.

 

Fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərov hesab edir ki, hüquqi dövlət qanun vasitəsilə vətəndaş cəmiyyətinin mövcudluğu və fəaliyyəti üçün şərait yaradır. Bu tip dövlətdə demokratiyanın ümumiliyi hakimiyyətin səmərəliliyi, qanundan asılılığı cəmiyyətin hüquqi əsası kimi çıxış etmək imkanı qazanır. O, həm də ümumbəşəri və birləşdirici xarakter kəsb edir. “Vətəndaş həmrəyliyinin, milli barışığın, konsensuskompromisin bərqərar olması, demokratik, sosial-siyasi təsisatların təkmilləşdirilməsi, sağlam rəqabətə əsaslanan liberal iqtisadiyyatın yaradılması, milli xarakter kəsb edən mədəni-mənəvi mühitin yaradılması da cəmiyyət və dövlətin qarşılıqlı əlaqəsində əsas rol oynayır”.

 

Cəmiyyət qarşısında məsuliyyət daşıyan, ictimai sərvətin qayğısına qalan, korrupsiyaya qarşı amansız mübarizə aparan dövlət hakimiyyəti hüquqi dövləti daha da gücləndirər, onun qabiliyyətini artırır. Azad, demokratik seçkilər yolu ilə formalaşan dövlət hakimiyyəti vətəndaşlar qarşısında hesabat verir və onların mənafelərini, hüquq və azadlıqlarını qoruyur. Aparılan liberal islahatlar liberal-demokratik dəyərləri və azadlığın gerçəkləşməsinə şərait yaradır. Liberalizm cəmiyyəti dövlətlə birləşdirir.

 

İndustrial cəmiyyətdən postindustrial cəmiyyətə keçən Azərbaycanda vətəndaş cəmiyyətinin milli təsisatları güclü dövlət sayəsində mövcuddur. “Vətəndaş cəmiyyəti” termini universal xarakter kəsb etsə də, Azərbaycanda bu cəmiyyətin də milli-hüquqi dövlətin yaranması da spesifik xüsusiyyətləri ilə fərqlənir. Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun Qərb modeli formalaşsa da, prosesdə ölkəmizin milli spesifikası da özünü göstərir.

 

Azərbaycanda dövlət və cəmiyyətin qarşılıqlı münasibətlərindən danışarkən, iqtisadisiyasi islahatların aparılmasını, özəlləşdirmə, təsərrüfat, azadlığının təmin edilməsi, aksioner cəmiyyətlərin, kiçikorta sahibkarlığın inkişafını da unutmaq olmaz. Dövlətlə cəmiyyətin bağlılığı müxtəlif formalarda təzahür edir: vətəndaş cəmiyyəti dövlətə maddi dövlət yardımı tələb edən təşəbbüslərlə müraciət edir. Dövlət vətəndaş təşəbbüslərinə yardım edir bir çox ictimai birliklərin, təşkilat və fondların inkişafı üçün maddi vəsait ayırır.

 

Sonda onu deyək ki, vətəndaş cəmiyyətinin mahiyyəti odur ki, o, hakim elitanın, hakimiyyətin, dövlətin iradəsinin ifadəçisi yox, hər şeydən əvvəl vətəndaşların maraqlarını, tələbatlarını, azadlığını, istəklərini birləşdirir və ifadə edir.

 

Murad MƏMMƏDLİ

Ekspress.-2016.-13 oktyabr.-S.10.