Vətəndaş cəmiyyətində iqtisadi təhlükəsizlik
İqtisadi təklükəsizlik anlayışı hazırkı dövrdə aktuallığı artan məsələlərdən biri olaraq qalır, hətta getdikcə əhəmiyyəti daha da genişlənir. Əslində iqtisadi təhlükəsizlik anlayışı iqtisadi nəzəriyyə və politologiya ilə əlaqədə olan bir kateqoriya olduğundan, bu anlayış özündə iqtisadi asılılıq, sabitlik, iqtisadi təzyiq, iqtisadi təxribat, iqtisadi suverenlik və başqa kateqoriyaları cəmləşdirir.
İqtisadçılar qeyd edirlər ki, iqtisadi təhlükəsizlik milli iqtisadiyyatın səmərəli yüksəlişi, cəmiyyətin, dövlətin, fərdin tələbatlarını ödəyə bilməsi üçün əlverişli olan daxili və xarici şəraitlərin məcmusudur. Hətta iqtisadi maraqlar üçün birbaşa təhlükəni ictimai təkrar istehsalın normal gedişini pozan iqtisadi təhdidlər yaradır. Bu baxımdan da beynəlxalq və regional iqtisadi təhlükəsizliyi, milli iqtisadi təhlükəsizliyi, eyni zamanda, ölkə daxilində müəssisələrin və fərdlərin iqtisadi təhlükəsizliyini bir-birindən fərqləndirmək vacib hesab olunur.
İqtisad elmləri doktoru Arif Şəkərəliyev “Dövlətin iqtisadi siyasəti: Reallıqlar və perspektivlər” kitabında yazır ki, ölkəmizin iqtisadi potensialı bir tərəfdən iqtisadi islahatların nəticələrinin reallaşmasına, iqtisadi inkişafın yüksəlməsinə, digər tərəfdən, ərazimizin işğaldan azad edilməsinə cəlb olunmalıdır. Bu, bir daha göstərir ki, Azərbaycanın mövcud vəziyyəti üçün təhlükəsizlik problemlərinin həlli bütün mənalarda (iqtisadi, siyasi, mənəvi, sosial və s.) strateji əhəmiyyətli məsələdir: “İqtisadi təhlükəsizliyin bütün təhdidlərinin bütövlükdə ümumiləşdirilməsi göstərir ki, onlar iqtisadiyyatın ən vacib sferalarını əhatə edib, insanın həyat fəaliyyətinin fundamental əsaslarına toxunub. Məlum oldu ki, struktur cəhətdən yenidənqurma maraqları altında aparılan, lakin istehsalın tənəzzülünə gətirib çıxaran iqtisadi siyasətin həyata keçirilməsinin özü də milli təhlükəsizliyin əsaslarına zərbə vurmaqla, inkişafı süni olaraq ləngidir”.
Şəkərəliyev onu da qeyd edir ki, müstəqilliyimizin ilk illərində xalqın tələbi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev ölkənin təhlükəsizlik problemlərinin həlli istiqamətində mühüm addımlar atdı və tezliklə problemləri həll etdi: “Bu da Heydər Əliyevin böyük dövlətçidik və idarəçilik təcrübəsindən irəli gəlirdi. İqtisadi təhlükəsizliyin təmin edilməsinin strateci məqsədi şəxsiyyətin həyatı və inkişafı üçün münasib şəraitin, cəmiyyətin sosial-iqtisadi və hərbi-siyasi sabitliyinin yaradılması və dövlətin bütövlüyünün qorunması, daxili və xarici təhdidlərin təsirinə qarşı uğurlu müqavimət göstərilməsi sayılır. Azərbaycanın iqtisadi təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət strategiyası hər şeydən əvvəl istehsal potensialının və elmi-texniki potensialın lazımi səviyyədə qorunub saxlanmasına, əhalinin həyat səviyəsinin son hədd kəmiyyətinə qədər aşağı düşməsinə yol verilməməsinə, əhalinin ayrı-ayrı təbəqə və qrupları, ayrı-ayrı millət və xalqları arasında münaqişələrin aradan qaldırılmasını tələb edir”.
Xatırladaq ki, iqtisadi təhlükəsizliyin təmin edilməsi üzrə dövlət fəaliyyətinin bəzi vacib müddəaları Azərbaycanın sosial-iqtisadi inkişaf proqnozu və hər növbəti il üçün dövlət büdcəsi layihələrinin işlənib hazırlanması prosesində həyata keçirilir.
İqtisad elmləri doktoru bu barədə yazır ki, iqtisadi təhlükəsizliyin təmin edilməsi sahəsində dövlət strategiyası həyata keçirilən iqtisadi siyasət çərçivəsində işlənib hazırlanır və reallaşdırılır: “Həmin iqtisadi siyasətin əsas istiqamətləri şəxsiyyətin iqtisadi vəziyyətinin sabitliyinə, cəmiyyətin, dövlətin sosial-iqtisadi sabitliyinə nail olunması, vətəndaşların konstitusiya hüquqlarına və azadlıqlarına əməl edilməsi sayılır. Bu məqsədlə iqtisadiyyata dövlət təsirinin nizamlı və etibarlı sistemi yaradılmalıdır. Həmin sistem ən az itkilərlə mühüm iqtisadi dəyişikliklərin tənzimlənməsini həyata keçirməyə imkan verməli, həm də təhlükəsiz səviyyədə öz üzərinə ölkə İqtisadiyyatının idarə edilməsi və qorunub saxlanması funksiyalarını götürməyə qabil olmalıdır. Bunun üçün dövlətin iqtisadiyyata müdaxiləsinin sərhədləri və meyarları, xüsusilə də dövlət sektorunun sərhədləri dəqiq müəyyən edilməli, eləcə də dövlət tənzimlənməsinin səmərəli metodlarının inkişafı təmin edilməlidir”.
Yeri gəlmişkən, “Milli təhlükəsizlik haqqında” qanunun 17-ci maddəsində qeyd edilir ki, “... İqtisadi sahədə milli təhlükəsizliyin təmin edilməsi Azərbaycan Respublikasının milli iqtisadiyyatının və iqtisadi münasibətlərinin inkişafına təhlükə yaradan daxili və xarici amillərdən qorunmasıdır”. Qanunda həmçinin göstərilir ki, respublkanın iqtisadi sahədə milli təhlükəsizliyinin təmin olunması üçün aşağıdakı tədbirlər görülməlidir:
- İqtisadi potensialın artırılması və bazar münasibətlərinin inkişaf etdirilməsi yolu ilə iqtisadi müstəqilliyin təmin olunması
- Ölkə iqtisadiyyatının inkişafını təmin edən təbii ehtiyatların, energetika əsaslarının və tranzit imkanlarının qorunması və möhkəmləndirilməsi
- Ölkədaxili və beynəlxalq maliyyə təisisatları arasında qarşılıqlı sərfəli əməkdaşlığın gücləndirilməsi, daxili və xarici maliyyə ehtiyatlarının ölkə iqtisadiyyatının inkişafına yönəldilməsi
- İqtisadi potensialın qorunması məqsədi ilə büdcə vəsaitlərinin və dövlət ehtiyatlarının səmərəsiz istifadəsinə yol verilməməsi
- İqtisadiyyatın inkişafının təmin edilməsi məqsədi ilə bank sisteminin təkmilləşdirilməsi
- İqtisadiyyatda dövlət idarəetməsinin təkmilləşdirilməsi
- İqtisadiyyatda qeyri-mütənasib inkişafın qarşısının alınması
- İqtisadi sahədə həyata keçirilən sosial yönümlü islahatların hüquqi təminatının təkmilləşdirilməsi
- Milli məhsulların rəqabət qabiliyyətinin artırılması məqsədi ilə yerli istehsalçıların hüquqlarının müdafiə olunması
- Enerji ehtiyatlarının istehsalı, nəqli, nəqliyyat dəhlizinin istismarı ilə bağlı layihələrin həyata keçirilməsi vasitəsi ilə respublikanın dünya iqtisadiyyatına inteqrasiyası
- İqtisadi fəaliyyət sahəsində cinayətkarlığa qarşı mübarizə aparılması. Bundan başqa, qanunvericiliyə əsasən, ölkənin sənaye potensialının saxlanılması və möhkəmləndirilməsi üçün dövlət xarici sərmayəçilərə verilmiş zəmanətlərə riayət etməklə, xarici hüquqi və fiziki şəxslərin iştirakı ilə yaradılmış müəssisələrin istifadəsinə, yaxud mülkiyyətindəki İqtisadi obyektlərin vəziyyətinə və istismarına nəzarət etməlidir.
Onu da qeyd edək ki, keçid dövründə ölkənin maliyyə-kredit sisteminin möhkəmləndirilməsi üzrə tədbirlər işləyib hazırlamaq zəruridir. Bu məqsədlə vergi sisteminin səmərəliliyinin yüksəldilməsi, vergilərin miqdarının azaldılması və onların yığılmasının yaxşılaşdırılması, büdcə kəsrinin maliyyələşdirilməsinin qeyri-inflyasion metodlarının inkişafı olduqca vacibdir. Bundan əlavə, ümumdövlət prioritetlərindən çıxış etməklə maliyyə resurslarının səmərəli olaraq yenidən bölüşdürülməsi və milli müdafiə xərclərinin səmərələşdirilməsi məsələlərinə də xüsusi fikir verilməlidir.
A.Şəkərəliyev onu da qeyd edir ki, dövlətin rolu bazar iqtisadiyyatında səbəb-nəticə və digər asılılıqların dərk edilməsindən, milli təhlükəsizliyin təhdid olunduğu kortəbii inkişaf anlarının xəbərdar edilməsindən, perspektivdə daha böyük mənfəət verməyə qabil olan sferaların müəyyən edilməsindən ibarətdir:
“İqtisadi təhlükəsizliyin mahiyyəti və strategiyası yeni struktur siyasəti əsasında iqtisadi artımın bərpası, istehlak və investisiya tələbinin ödənilməsi, qiymətli kağızlar bazarının inkişafı, rəqabət mühitinin yaradılması, mülkiyyət və menecment nisbətlərinin ortimallaşdırılması, bazar tipli dövlət tənzimlənməsinin çevik sisteminin yaradılması problemləri ilə qurtarmır. Əgər təhlükəsizliyin vəzifələri iqtisadiyyatın ayrı-ayrı sahələrində: maddi istehsal, elmi-texniki, sosial və xarici İqtisadi sferalarda, regionlarda konkretləşdirilməlidirsə, onda strategiya siyasətin kəsərli aləti olmayacaq. İqtisadi təhlükəsizlik strategiyasının aspektlərindən biri də milli valyutanın sabitliyidir. Belə bir qənaətə gəlmək olar ki, monetarist yanaşma çərçivəsində Azərbaycanda hələ də valyutanın sabitliyini təmin etmək mümkün olmamışdır. Onu da qeyd edək ki, milli valyutanın sabitliyi problemi bütün bazar indikatorları sistemində çox mühüm əhəmiyyət kəsb edir. Qiymətlərin tam liberallaşması ilə manatın məzənnəsi istehsal və tədavül xərclərinə, qiymətlərin səviyyə və dinamikasına təsir edən ən başlıca amillərdən birinə çevrilib”.
İqtisadçıların fikrincə, xarici borcun ödənilməsi məqsədilə ölkə üçün daha əlverişli şəraitin təmin edilməsi və ölkəni xarici bazarlarla birləşdirən nəqliyyat arteriallarının fasiləsiz işinin təmin edilməsi həyata keçirilməlidir. Dövlət və onun regionları səviyyəsində ilk növbədə konstitusiya quruluşuna ziyan vuran, cəmiyyətin sosial sabitliyinə, iqtisadiyyata, müdafiə qabiliyyətinə, dövlətin iqtisadi fəaliyyət üzrə maraqlarına zərbə vuran iqtisadi cinayətkarlıq təhdidlərinin əks olunmasını təmin edən tədbirlər həyata keçirilməlidir.
O da qeyd olunur ki, Azərbaycanda milli iqtisadi təhlükəsizlik sisteminin formalaşmasında makroiqtisadi sabitliyin qorunub saxlanmasına, davamlı iqtisadi artıma və yoxsulluğun azalmasına imkan verən səmərəli pul-kredit və məzənnə siyasətinin həyata keçirilməsi müstəsna əhəmiyyətə malikdir. Odur ki, neft gəlirlərinin artması şəraitində ölkədə makroiqtisadi əlaqələndirmə mexanizmini daha da gücləndirmək məqsədilə pul-kredit siyasətini iqtisadi siyasətin digər istiqamətləri ilə daha sıx uzlaşdırmaq tələb olunur.
Rəşid
RƏŞAD
Ekspress.-2016.-18 oktyabr.-S.10.