Naxçıvanda media konfransı keçirilib

 

Oktyabrın 14-də Naxçıvan şəhərində “Dövlət orqanları və media arasında əlaqələrin genişləndirilməsi” mövzusunda konfrans keçirilib. Konfransda iştirak edən paytaxt Bakı şəhərində fəaliyyət göstərən bir sıra aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri oktyabrın 14-15-də Naxçıvan Muxtar Respublikasının gəzməli-görməli yerləri ilə, təhsil, mədəniyyət, istehsal, səhiyyə müəssisələri, tarixi abidələrlə yaxından tanış olublar. Qonaqlar əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət edib. Media qurumlarının rəhbərləri “Əlincəqala” tarixi abidəsi və muzeyi ilə tanış olublar. (AZƏRTAC)

Qeyd olunub ki, “Əlincəqala” tarixi abidəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il fevralın 11-də imzaladığı Sərəncama əsasən bərpa olunub. Bərpa işləri zamanı Əlincə dağının ətəyində müvafiq yer seçilib və “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi üçün bina inşa olunub. Bina otaqları və ekspozisiya zalından ibarətdir. Ekspozisiya zalında Əlincəqalada məskunlaşan insanların həyat tərzini özündə əks etdirən maddi-mədəniyyət nümunələri, xüsusilə qədim məişət əşyaları, pul və sikkələri, kitab, jurnal və qəzet materialları nümayiş etdirilir. Əlincəqalanın bərpası zamanı qalanın tarixiliyi qorunub saxlanılıb. Qala divarları, bürcgiriş qapıları, qədim yaşayış evləri, təsərrüfat binaları, su hovuzları və təndirlər, səngər və mühafizə yerləri ilkin forması saxlanılaraq bərpa olunub. Qalanın zirvəsinə doğru yol çəkilib, qala ərazisində işıqlandırma sistemləri yaradılıb, oturacaqlar qoyulub, yaşıllıqlar salınıb. Naxçıvan memarlıq məktəbinin izlərini özündə əks etdirən qalanın şərq və qərb darvazaları da bərpa edilərək əvvəlki görkəminə qaytarılıb. Qalanın zirvəsinə gedən yolda daş üzərində həkk olunanTarixi yaşadanları tarix də yaşadacaqdır” fikri “Əlincəqala”nın bərpasının xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bir daha təsdiq edir. Bu gün xalqımızın qəhrəmanlıq simvolu olan Əlincəqalanın zirvəsində Azərbaycan Respublikasının üçrəngli bayrağı dalğalanır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 7 oktyabr tarixli sərəncamına əsasən bərpa edilən Culfa rayonu ərazisindəki dünya əhəmiyyətli Gülüstan türbəsi də qonaqların diqqətini cəlb edib. Məlumat verilib ki, Gülüstan türbəsi dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrindən biridir. Memarlıq-konstruktiv quruluşuna görə türbə tipli digər memarlıq abidələrindən fərqlənən Gülüstan türbəsi orta əsr Azərbaycan memarlıq abidələri içərisində özünəməxsus yer tutur. Gülüstan türbəsinin sərdabəsi kürsülük adlanan yerüstü hissədə yerləşir. Kürsülük xaricdən kəsik piramida, daxildən isə silindrik quruluşa malikdir. Planda kvadrat olan kəsik piramida yuxarıda düzgün onikibucaqlıya çevrilir. Onun üzərində isə onikiüzlü üst kamera yerləşir. Türbənin səthləri oyma həndəsi ornamentlərlə və dekorativ tağlarla bəzədilib. Naxçıvan memarlıq məktəbinə məxsus digər türbələrdə olduğu kimi, Gülüstan türbəsində də taxçaların içərisi incə həndəsi ornamentlərlə örtülmüşdür. Türbə öz zərifliyi, incə memarlıq üslubu və xüsusiyyətləri ilə bu gün olduğu kimi, gələcəkdə də dəyərini qoruyub saxlayacaqdır. Abidənin yerləşdiyi ərazinin tarixi və mədəni əhəmiyyəti nəzərə alınaraq buradaGülüstan” Tarix-Mədəniyyət Qoruğu yaradılıb.

Kütləvi informasiya vasitələrinin rəhbərləri “Arıçılıq məhsulları - bal festivalı”nın keçirildiyi “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Naxçıvan Muxtar Respublikasının müxtəlif rayonlarında istehsal olunan bal məhsulları ilə tanış olublar. Festivala muxtar respublikanın bütün rayonlarından olan 210 arıçı tərəfindən 10 tondan artıq bal, vərəmum, çiçək tozcuğu, güləm, arı südü və digər arı məhsulları çıxarılıb. Həmçinin festivalda bal arağı, bal şərbəti və baldan hazırlanan müxtəlif şirniyyatlar da nümayiş olunub. Naxçıvan şəhərinin ən yüksək məkanında yerləşən Dövlət Bayrağı Meydanı və Muzeyi ilə tanışlıq zamanı bildirilib ki, dövlətçiliyimizin simvollarını özündə əks etdirən bu məkan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 2014-cü il 22 avqust tarixli Sərəncamına əsasən yaradılıb. Meydanın mərkəzində inşa olunmuş bayraq dirəyinin hündürlüyü 57 metrdir. Burada dalğalanan üçrəngli bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Bayraq dirəyinin pyedestalının altında nadir quruluşa malik Bayraq Muzeyi yaradılıb. Səkkizguşəli ulduz formasında inşa olunan muzey binası eyni quruluşa malik sütunlarla əhatə olunub. Muzeydə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunan “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” Qərarın surəti və həmin tarixi günə aid fotoşəkillər nümayiş olunur. Tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerblər və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, qədim pul nişanlarının fotoşəkilləri muzeyin ekspozisiyasında yerləşdirilib. Qonaqların “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə tanışlığı zamanı qeyd olunub ki, Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən biri olan Möminə xatın 1186-cı ildə tikilib. Xalqın yaddaşında zaman-zaman “Atabəy günbəzi” adı ilə qalan abidənin baş tağında kufi xətti ilə bu sözlər yazılıb: “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”. Türbə yeraltı, yəni sərdabə və yerüstü hissələrdən ibarətdir. Naxçıvan şəhərindəki Əcəmi Seyrəngahında açıq səma altında nümayiş etdirilən daş abidələr də media rəhbərlərinin diqqətini cəlb edib. Naxçıvan Muxtar Respublikasının ərazisindən tapılan müxtəlif dövrlərə aid 450 maddi-mədəniyyət nümunəsi - daşdan düzəldilmiş qoç heykəllər, daş kitabələr, müxtəlif daş fiqurlar, qəbirüstü sənduqələr onların diqqətini çəkib. Xan sarayında məlumat verilib ki, saray Naxçıvan şəhərinin Xan dikində inşa olunub. Naxçıvan xanı I Kalbalı xan Kəngərliyə və onun varislərinə məxsus olan bu saray Azərbaycanın orta əsrlər memarlığının nadir incilərindən biridir. Xüsusi qaydada inşa edilən və xalq tətbiqi sənətinin bir çox növlərinin birləşdiyi Xan sarayı orijinal memarlıq üslubu ilə seçilir. Sarayın daxili və bədii tərtibatı, xarici quruluşu və məşhur güzgülü salon, həmçinin üçüncü mərtəbədə yerləşən iki yay köşkü vardır. Bu köşklər fasad tərəfdəki girişdəki köşklərə paralel olaraq tikilib. Keçmiş Naxçıvan xanlarının sarayında fəaliyyətə başlayan muzeyin birinci mərtəbəsində otaqları, elmi fond və digər yardımçı sahələr, ikinciüçüncü mərtəbələrində isə 10 salondan ibarət ekspozisiya - sərgi zalları vardır. Cəsur döyüşçülər olan xan Naxçıvanskilər indi əzəmətli Xan sarayını ziyarətə gələnlərə layiqincə təbliğ olunur. Naxçıvan Dövlət TeleviziyaRadio Verilişləri Komitəsində olan qonaqlara bildirilib ki, son illər bütün sahələrdə əldə olunan inkişaf və yüksəliş muxtar respublikanın kütləvi informasiya orqanlarını da əhatə edib. Bu gün 17 saat efirdə olan Naxçıvan Dövlət Teleradiosu ən müasir rəqəmsal bazaya malikdir. İnformasiya texnologiyalarının tətbiqi teleradio materiallarının keyfiyyətini xeyli yaxşılaşdırıb, muxtar respublikada rəqəmsal yayıma keçid təmin olunub. Media rəhbərləri “Şəq qapısı” qəzetinin redaksiyasında da olublar. Qeyd edilib ki, 2010-cu il iyulun 22-dən qəzet redaksiyası, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi yeni binada fəaliyyət göstərir. Burada müasir şəraiti yaradılıb. Mətbəədə quraşdırılan müasir çap avadanlıqları hesabına artıq muxtar respublikada işıq üzü görən bütün qəzet və jurnallar, o cümlədən “Şərq qapısı” qəzeti rəngli, yüksək poliqrafik keyfiyyətlə nəşr olunur. Kütləvi informasiya vasitələrinin rəhbərləri Şahbuz rayonunun Nursu kəndində yerləşən Xalq şairi Məmməd Arazın Ev-Muzeyi ilə də tanış olublar. Qeyd edilib ki, muzey binası iki mərtəbədən ibarətdir. Xalq şairinin zəngin irsini əks etdirən eksponatların yerləşdiyi muzey ədibin həyat və yaradıcılığı haqda geniş məlumat almağa imkan verir. Ekspozisiyada şairin müxtəlif illərdə nəşr olunan, eləcə də görkəmli sənət ustasının həyat və yaradıcılığından bəhs edən kitablar, mənalı həyat yolunun müxtəlif dövrlərini əks etdirən fotoşəkillər sərgilənir. Bu gün Naxçıvanda Məmməd Araz yaradıcılığı ətraflı tədqiq olunur, muzeylə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında virtual dərslər keçilir, şairin irsi layiqincə təbliğ edilir. “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi, Naxçıvan Xalça Muzeyi, Duzdağ Fizioterapiya Mərkəzi, Naxçıvan Biznes Mərkəzi ilə tanışlıq media nümayəndələrində xoş təəssüratlar yaradıb. Oktyabrın 15-də kütləvi informasiya vasitələrinin rəhbərlərinin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.

Nərgiz

Ekspress.-2016.-18 oktyabr.-S.11.