İnsan hüquqlarının müdafiəsi

 

Azərbaycan Konstitusiyasını səciyyələndirən mühüm cəhətlərdən biri insan və vətəndaş hüquqlarının kifayət qədər əhatəli şəkildə təsbit olunmasıdır. Bu, hüquqi dövlət və vətəndaş cəmiyyəti üçün çox önəmli faktdır. Amma hüquqi dövlətdə, vətəndaş cəmiyyətində insan hüquq və azadlıqları tanınmaqla bərabər onu müdafiə və təmin etmək də çox önəmlidir. Bu, hər bir hüquqi dövlətin əsas məqsədidir. Hüquqi dövlətlər şəxsiyyətin etibarlı hüquqi müdafiəsinə əsas öncüllük verirlər.

 

Müasir dövrdə bütün sivil cəmiyyətlərdə insanın təbii və sonradan qazanılan hüquqlarının təminatına, ümumbəşəri humanist dəyərlərin bərqərar olmasına, eləcə də bu sahə üzrə ixtisaslaşan demokratik institutların fəaliyyətinə xüsusi qayğı ilə yanaşılır. İnsan hüquq və azadlıqlarının təminatı müasir dövrdə bəşəriyyətin demokratik inkişafının ayrılmaz hissəsinə, mənəvi, hüquqi, siyasi ideallarının ali təzahürünə çevrilməklə vətəndaş cəmiyyətinin yetkinliyinin başlıca meyarı kimi çıxış edir. Bu dəyərlər özündə ciddi təbliğati-siyasi məzmun ehtiva etməklə dövlətlərin beynəlxalq nüfuzunun formalaşmasına da mühüm təsir göstərir. İnsan hüquqlarına hörmət və ehtiramın demokratik inkişafın alternativsiz yolu olduğu bu gün təsdiqinə ehtiyac duyulmayan aksiomdur.

 

İctimai münasibətlərin inkişaf tempi, cəmiyyətin dinamik tərəqqisi ilə bağlı olaraq dövlət idarəetmə sisteminin əsasını təşkil edən mühüm qanunvericilik aktlarının müasirləşdirilməsi bir qayda olaraq sosial tələbat kimi gündəliyə gəlir. Bu tələbatdan irəli gələrək bütün qanunlar, hətta Konstitusiyada islahatlar apararaq insan hüquq və azadlıqlarının müdafiəsi sistemi təkmilləşdirilir. Konstitusiya da hər bir dövlətin hüquq sisteminin fundamental əsasını təşkil etdiyindən ölkənin inkişaf xüsusiyyətlərini özündə ehtiva etməli, müasirliyi, demokratikliyi, insan və vətəndaş hüquq və azadlıqlarına etibarlı təminat mexanizmləri formalaşdırması ilə diqqəti çəkməlidir. Konstitusiyanın zamanın ruhu, cəmiyyətin iradəsi ilə uzlaşması, proqressiv yeniliklərə adekvat reaksiya verməsi vacibdir. Bir sözlə, Əsas Qanuna dəyişikliklər əgər tarixi zərurətdən, ictimai tələbatdan irəli gələrək uğurlu nəticələrə yol açırsa, yalnız onun sabitliyini və dəyişilməzliyi fikrini əsas gətirərək islahatlardan imtina etmək düzgün yanaşma deyil.

 

Konstitusiyaya insan hüquq və azadlıqlarının müdafiəsini gücləndirmək məqsədilə 2002-ci ilin avqust ayında və 2016-cı ilin sentyabrında böyük dəyişikliklər edildi. Yeni demokratik-siyasi mühitin formalaşması, Azərbaycanın insan hüquqları sahəsində bir sıra mühüm konvensiyalara qoşulması, iqtisadi islahatların qayəsində məhz insan və vətəndaş amilinin dayanması fonunda Əsas Qanuna yenidən bir sıra əlavə və dəyişikliklərin edilməsi zərurəti yaranmışdı. Bu hüquqi islahatlar əsas hüquqların müdafiəsi sistemini bir qədər də gücləndirdi.

 

Xatırladaq ki, müstəqil respublikamızda insan hüquqlarının prioritetliyi 1991-ci il oktyabrın 18-də qəbul edilən “Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nda əksini tapıb. Aktın 19-cu maddəsində Azərbaycan Respublikası “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”ni tanıdığını rəsmən elan edir. Lakin müstəqilliyimizin ilk illərində bir sıra obyektivsubyektiv səbəblər üzündən Azərbaycanda insan hüquqlarının təminatı sahəsində, demək olar ki, əsaslı irəliləyiş baş vermədi.

 

Hüquqların təminatı sahəsində irəliləyişə 1994-cü ildən sonra nail olundu. Həmin dövrdə “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğunhüquq qaydasının möhkəmləndirilməsi haqqında” Prezident Fərmanı imzalandı. Bu fərman cinayətkarlığa qarşı mübarizə tədbirlərini daha da gücləndirdi, hüquq-mühafizə orqanlarının bu istiqamətdə uzunmüddətli dövr üçün fəaliyyət proqramı müəyyənləşdirdi. Fərmanda cəmiyyətdə sosial bəlaya çevrilən rüşvətxorluq və korrupsiya kimi cinayətlərin geniş yayılmasının xüsusi narahatlıq doğurduğu vurğulandı, bu kimi neqativ təzahürlərə qarşı mübarizənin gücləndirilməsi üçün konkret mexanizmlər əksini tapdı.

 

İnsan hüquqlarının müdafiəsi sahəsində daha güclü əsas üçün Konstitusiyanın qəbuluna ehtiyac var idi. Azərbaycanda demokratik cəmiyyətin atributu olan, vətəndaş cəmiyyətinin bərqərar edilməsini, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini, habelə hüquqi, dünyəvi dövlət quruculuğunu, ədalətli iqtisadisosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin edən yeni milli Konstitusiyaya ciddi ehtiyac yaranmışdı. Bu zərurəti nəzərə alaraq dövlətin təməlinin möhkəm siyasi-hüquqi əsaslar üzərində qurulması üçün, ilk növbədə, müstəqil Azərbaycan Konstitusiyasının hazırlanaraq qəbul edilməsini vacib sayıldı.

 

1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxardı.

 

Azərbaycan Konstitusiyasının 12-ci maddəsinin I hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Əsas Qanunda əksini tapan müddəaların üçdəikisinin insan hüquq və azadlıqları ilə bağlı olması da dövlətimizin mumbəşəri dəyərlərə sadiqliyinin, onun daxili demokratizminin bariz təcəssümüdür. İnsan hüquq və azadlıqlarının təmin edilməsinin ayrı-ayrı dövlətlərin müstəsna daxili işi deyil, bütün beynəlxalq birliyin ümumi problemi kimi nəzərdən keçirildiyi müasir dövrdə hər hansı dövlətin hüquq sistemini hamılıqla qəbul edilən beynəlxalq hüquq normalarından, dövlətlərarası müqavilələrdən kənar təsəvvür etmək mümkün deyildir. Ölkə Konstitusiyasının 151-ci maddəsinə əsasən, Azərbaycanın qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir. Bu maddə Azərbaycan Konstitusiyasının liberallığını və demokratikliyini bir daha sübuta yetirməklə yanaşı, həm də son 16 ildə ölkədə milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılmasına yaxşı imkanlar açdı.

 

Konstitusiyanın qəbulundan sonra ayrı-ayrı sahələr üzrə qanunlar qəbul edildiya Əsas Qanunun müddəalarına uyğun yenidən işləndilər. 1998-ci ildə “Məhkəmələr və hakimlər haqqında” qanun qəbul edildi, 2000-ci ildə Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual və digər məcəllələr qəbul olundu. İnsan və vətəndaş hüquq və azadlıqlarının təminatlı müdafiəsi üçün 2000-ci ildə üçpilləli məhkəmə sisteminin yaradılması da Konstitusiyamızda əks olunan mühüm müddəalardan biridir. İnsanlara hüquqi xidmətin keyfiyyətini yüksəltmək üçün hakim korpusunun yeni formametodlarla - test üsulu ilə formalaşdırılması da bu sırada xüsusi vurğulana bilər.

 

1996-2000-ci illərdə Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı mühüm beynəlxalq konvensiyalara, sazişlərə qoşuldu. Ölkəmizdə 1993-cü ildən tətbiqinə moratorium qoyulan ölüm hökmü 1998-ci il fevralın 10-da tamamilə ləğv edildi, Azərbaycan bütövlükdə Şərqdə bu qətiyyətli və tarixi qərarı verən ilk ölkə oldu. Ölüm hökmünün ləğvi ilə əlaqədar Azərbaycan Respublikası MülkiSiyasi Hüquqlar haqqında Beynəlxalq Paktın ikinci Protokoluna da qoşuldu. O vaxt hətta Avropa Şurasının üzvü olan bir sıra dövlətlər də analoci addımı hələ atmamışdı. Yüksək humanizmin və insanpərvərliyin bariz ifadəsinə çevrilən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltdi, 2001-ci ilin 25 yanvarında müstəqil respublikamız Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edildi.

 

1998-ci ilin 22 fevral tarixli “Azərbayan Respublikasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərmanla insan hüquqlarının təminatı yönümündə yeni konsepsiyanın əsası qoyuldu. Azərbaycanın yeni inkişaf mərhələsinə adekvat olaraq insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədilə 1998-ci ildə “Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı təsdiq edildi.

 

Bunun davamı olaraq Azərbaycan 2001-ci ildə Avropa Şurasının “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiya ratifikasiya etdi və üzərinə milli qanunvericiliyin bu Konvensiyaya uyğun təkmilləşdirilməsi öhdəliyini götürdü. Azərbaycanda insan hüquq və azadlıqlarının təmini istiqamətində həyata keçirilən hüquqi islahatların və milli qanunvericiliyin beynəlxalq, Avropa standartlarına uyğunlaşdırılması prosesinin məntiqi davamı kimi 2002-ci ildə qəbul edilən “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanunu da tənzim etdiyi məsələlərin dairəsinə görə çox mühüm əhəmiyyət kəsb edir. Konstitusiya Qanunu əsasən Azərbaycanda insan hüquq və azadlıqlarının həyata keçirilməsinin “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyaya uyğunlaşdırılması məqsədinə hesablanıb.

Bundan başqa 2001-ci il tarixdə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununu qəbul edildidaha sonra Ombudsman təsisatının yaradılması və fəaliyyət göstərməsi üçün hüquqimaddi bazanın təşkili həyata keçirildi. Bu tədbirlər də insan və vətəndaş hüquqlarının təmini istiqamətində ölkəmizdə həyata keçirilən hüquqi islahatların məntiqi davamı oldu.

 

Sonrakı illərdə də insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində islahatlar, tədbirlər davam etdirildi. Gələcəkdə də oxşar tədbirlər davam etdiriləcək. Çünki insan hüquqlarının müdafiəsi sistemini varlığı onun daim təkmilləşdirilməsindən və gücləndirilməsindən çox asılıdır.

 

Vasif CƏFƏROV

Ekspress.-2016.-19 oktyabr.-S.10.