“Klassik əsərlər az verilir efirə”

 

Əməkdar incəsənət xadimi, dahi bəstəkar Qara Qarayevin tələbəsi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elnarə Dadaşova 30 ildən çoxdur, bəstəkar kimi fəaliyyət göstərir. Yaradıcılığının parlaq səhifəsini fortepiano üçün yazılmış “24 prelüd” silsiləsi, “Sayalı” baleti, orqan üçün “Variasiya”, “Fantaziya”, “Postlüdiya” əsərləri təşkil edir. E.Dadaşova, həmçinin, “Polifoniya”, “Solfecio” üzrə 5 dərs vəsaitinin, xor topluları və tədris proqramlarının müəllifidir. Bəstəkarın əsərləri ABŞ, Kanada, Fransa, İtaliya, Almaniya kimi ölkələrin konsert salonlarında səsləndirilib...

 

- Elnarə xanım, necə oldu ki, musiqiyə könül verdiniz?

- Bizdə ailədə musiqiçi olmayıb, amma musiqiyə çox böyük maraq olub. Musiqili filmlər, muğam konsertləri, dramaya, opera teatrına getmək ailədə normal bir hal idi. Musiqiyə həvəsim olduğu üçün eşitdiklərimin hamısını oxuyurdum. Sonra böyük bacımı musiqi məktəbinə qoydular. O, fortepiano ifa etməyə başlayanda məndə maraq ikiqat artdı. Onun ifa etdikləri hamısı Avropa musiqiləri idi. Bir dəfə minor qamması çaldı. Bizim ladlara oxşayırdı. Mən gəlib o notları tapdım. Başa düşdüm ki, bu səslərin çox böyük cazibəsi var.

Ailədə atam mənə tərəf idi, istəyirdi musiqi ilə məşğul olum. Amma anam deyirdi ki, “sən cılız uşaqsan, tez-tez xəstələnirsən. Bəstəkarlıq çox ağır peşədir, mən icazə vermirəm sən bununla məşğul olasan. Sən bunun öhdəsindən gələ bilməyəcəksən, gəl, musiqi müəllimi ol”. Anam icazə verəndən sonra Bülbül adına Musiqi Məktəbində Ədilə Hüseynzadə məni uşaq yaradıcılıq sinfinə götürdü. Mən çalanda müəlliməm sual verdi ki, nə çalıram. Dedim ki, içimdən gələn nə musiqi var, nə eşidirəm onu da çalıram. Uşaq xətti ilə yazılan həmin musiqilər durur. Çoxu da Şopenin musiqisinə oxşayırdı. Mən əsas avropa və rus musiqisini keçirdim. Bizə Azərbaycan bəstəkarlarının musiqilərini az ifa etdirirdilər. Sonra mənim fortepiano müəlliməm Qudelis başa düşdü ki, mən improvizə edirəm. Çox güclə qələmə aldım o musiqini. Yedddinci sinifdən sonra özüm qərara aldım ki, pianoçu olmayacam. Eyni proqramı dəfələrlə çalmaq məni yorurdu...

Mən məktəbi bitirəndə artıq simli kvartet üçün 4 hissəli əsərim var idi. Təbii ki, Qara Qarayevin sinfində oxumaq istəyirdim. Baxmayaraq ki, qəbul imtahanında “5” almışdım, çox yüksək balla qəbul olunmuşdum. Dedilər ki, Qara müəllim özü sənə qulaq asacaq, əgər bəyənsə, onda səni öz sinfinə götürəcək. Çox həyəcan içində idim. Sentyabrın 13-də ilk dərsimiz oldu. Təxminən 10-12 nəfər idik. Məni gözü ilə seçib piano arxasına çağırdı. Çox böyük hövsələ ilə hamısına qulaq asdı. Ədilə xanımla nələri bəstələmişdik, onları çaldım. Dedi ki, “hiss edirsiniz ki, böyük inkişaf yolu keçmisiniz? Bu əsərlər neçə vaxta yazılıb”. Dedim ki, il yarıma. Sonra yaşımı soruşdu. Dedim ki, 18. Dedi, səni bəstəkar edəcəyik. Onda sevindim. Bildim ki, məni sinfinə qəbul etdi. Sevincimin həddi-hüdudu yox idi. Sonra mənə tapşırıq verdi. Prelüddən başladıq. Muğamların sxematik formasını xatırlatdı. Şopenin prelüdlərini təhlil etdi, göstərdi ki, bunu Şopen necə inkişf elətdirib, mən necə etməliyəm. Sonra tez bir zamanda prelüdlər, vakal əsərlər, ardınca skripka üçün sonata yazıldı. Mən alətlər üçün nəsə bəstələyəndə, onu iti templə oxuyanda mənə deyirdi ki, sənin səsini qramafon valına yazmaq lazımdır. Bu sürətlə, özü də təmiz oxuyursan.

Qara müəllimin o qədər həssas qəlbi var idi ki, sanki sənin fikrindən keçənləri oxuyurdu. Növbəti dərsdə deyirdi ki, sən çox düz yoldasan, milli dəyərlərə köklənmisən. O hesab edirdi ki, sən milli kökə bağlanmısansa, orda öz sözünü deyə bilirsənsə, düz yoldasan. Çox zaman bizə deyirdi ki, öz musiqimizlə, öz klassiklərimizlə məşğul olun. Deyirdi ki, öz klassikimiz var. Təbii ki, Üzeyir bəyi nəzərdə tuturdu.

Bir də Qara müəllimin bir xüsusiyyəti var idi ki, Bakıda, Moskvada da olsa, həmişə bizi izləyirdi. O, xaricə çox ezam olunurdu. Amma Bakı ilə daim əlaqə saxlayırdı. Kimin nə problemi olsa, bir ata kimi hamısını bilirdi. Onun sinfini çoxdan bitirənlərin problemlərindən, yazdıqlarından xəbəri olurdu.

 

- Hansı məşhur əsərləri yaza bildiniz?

- Mənim əsərlərimdən eləsi yoxdur ki, çalınmasın. Bizdə əsərlər az verilir efirə. Sonatam, fortepiano əsərlərim çalınır, tədris proqramına salınıb. Xor əsərlərim ifa olunur. “Bənövşə” xoru nə qədər əsərimi yazdırıb, ifa edir. Elmira Rəhimova “Mənim tanrım”, “Ürəyinə vuruldum”, “Bayatım” əsərlərimi oxuyub.

Fəridə Məmmədova uzun illər ifası çətin olan əsərlərimi oxuyub. O, 1976-cı ildəndir. Sanki mən onun üçün yazmışdım bu əsərləri. Böyük səadətdir ki, bəstəkar ifaçısını tapsın. Rauf Adıgözəlov, Elenora Səfərova, Ramil, Mobil Əhmədov və başqaları oxuyub. Səs yazıları durur. Bu mahnıları efirə  verirlərsə də, bəstəkarın adını çəkmirlər.

Hazırda uşaqlar üçün fortepiano konserti üzərində  işləyirəm. Bir də Türkiyədə İstanbul Konservatoriyasında işləyən Eldar İsgəndərov violançel üçün tədris proqramı üçün pyeslər yazmağı xahiş edib. Onun üzərində çalışıram.

 

- Hansı arzularla yaşayırsınız?

- Əslən Şuşadan olan anam Sayalı xanım tibb üzrə “Şöhrət” ordenli professor, Azərbaycanda ilk revmatolaq-kardioloq idi. 92 yaşında dünyasını dəyişdi. Ümmü nənəm isə 107 yaşında. Hər yay Şuşaya onun yanına gedirdik. Atam məni kinoya, teatra, muzeyə aparardı. Atamın otağındakı balaca dolabın üstündə maraqlı kitablar olurdu. Yığışırdıq axşamlar, belə bir qayda var idi, hərə bir səhifə oxumalıydı. “Karaleva Marqo”dan oxuyurduq. Ordan mən Feyxtvangerin “Qoyya”sını, Bunini oxumuşam...

Yeganə bir arzum var ki, hər bir türk öz tarixini, qədrini yaxşı bilsin. Manqurt olmasın. Gözəl bir mədəniyyətin sahibi olsun. Bilsin ki, kimdir onun uluları. Hər mənada səviyyəli insanlar olsunlar. Səviyyəsi, inamı, ürəyində Allah xofu, məhhəbbəti olan insan müqəddəs amallarla yaşayacaq. Mənim heç bir vaxtı heç bir işdən əlim soyumayıb. Hətta görmüşəm ki, bunun sonu görünmür, uçurumdu, yenə də inanmışam. O inam gözəl nəticə ilə tamamlanıb. Pessimist insnaları qəbul edə bilmirəm.

 

- Yaradıcılığınızda milli rəqslərimiz də yer tutur. Bu barədə nə deyə bilərsiniz?

- Bu, evdən, ailədən qaynaqlanırdı. Mən həmişə milli kökə bağlı olmuşam. Atam hər dəfə radioda “Muğam saatı” gedəndə, bizi ona qulaq asdırardı. “Humayun”a, “Şüştər”ə qulaq asanda ürəyim partlamaq dərəcəsinə gəlirdi, ağlayırdım. Mənə çox təsir edirdi. Onu emosiya ilə qəbul edirdim. Sonra Konservatoriyada oxuyarkən muğamı qələmə alanda musiqi məni cəlb eləməyə başladı, onu daha da dərk etməyə başladım. Dərs deyəndə mən qrupdakı tarəzən və xanəndələrlə bizim ladlarda modulasiyalar oxuyurdum. Mənə daha çətin fənlər veriləndə, metodik tövsiyyələr verdim ki, tətbiq edin. Məmmədsaleh müəllim məsləhət gördü ki, dissertasiya yazım. O vaxtı Qara müəllim onun yazılarına dəyər vermişdi. Mənə ad vermirdilər, dosentliyim təsdiq olunmurdu. Oturub aşıq musiqisi, mahnılar və rəqslər mövzusunda dissertasiya yazmağa başladım.  Hamısını da təhlil etmişdim. Amma kimlərdən ki asılıydı işim, süni şəkildə uzadırdılar. Dedim ki, artıq rəhbər də istəmirəm. Fərhad Bədəlbəyli, Tariyel Məmmədov dəstək oldular. Fərhad müəllim dedi ki, materialı tez bitir. Material çox maraqlı idi. Ona görə istəmirdilər müdafiə edim...

Ortaya marqalı bir şey çıxdı. Məmmədsaleh müəllim “Rast”la “Segah”ın qohumluq əlaqəsini yazıb etiraf edib. “Şur”da dayandı. Yazır, qohum laddır, amma kvarta dairələrini, son tonu milli musiqidə tapmamışdı...

Bütün milli rəqslər süzgəcdən keçirilib, təhlil olunub o işə salındı. “İnnabı”, “Qazağı”, “Brilliant”, “Vağzalı” və başqaları sistemləşdirildi. Hansı üsulla keçidlər əmələ gəlib, göstərildi. Heç birinin səs sırasında dəyişiklik əmələ gəlmədi.

Hazırda rəqs ifa edənlərdə qüsur çoxdur. Köhnə yazılara baxın, adamın sümükləri də oynamaq istəyir. İndi elə bir vəziyyətə salıblar ki, çevrilib olub qondarma rəqs. Kobud, çox yüksək səs yüksəkliyində ifa edirlər. Bu, musiqi deyil, eybəcər ifadır. İfanın özündə süzmə hanı? Kim indi belə ifa edir? Qadınlar çox kobud ifa edirlər, kişiləri başa düşmək olmur nə ifa edirlər. O rəqsləri ki biz alışmışıq, eşitmişik, gənclərimiz onu eşitmir.

 

- Səsinizi niyə istifadə etmədiniz?

- Cövdət Hacıyev mənə dəfələrlə demişdi ki, “sən yığcam məkanda kamera oxuyanı ola bilərsən”.

Qara Qarayev də deyirdi ki, “səsini qramafon valına yazmaq lazımdır”.

Emin Sabitoğlu deyirdi, “mahnılarımı oxu, gözəl oxuyursan”.

Caz musiqisi ilə çıxış eləmişəm. Özüm öz əsərimi göstərəndə televiziyada verilişlər zamanı canlı oxumuşam. Amma bəstəkarlıq məni qane edib.

 

Namiq MƏMMƏDLİ

Ekspress.-2016.-20 oktyabr.-S.13