Azərbaycanda gender bərabərliyi
təşviq olunur
Vətəndaş cəmiyyəti insanların mənəvi
və ya fiziki xüsusiyyətinə görə fərqləndirilməsini
qəbul etmir.
Bu cəmiyyətdə insanlar hər bir
xüsusiyyəti ilə bərabərdir və birinin digərinə
qarşı üstün statusu olmur. Gender
bərabərliyi bu baxımdan önəmli hal sayılır.
İnsanların cinsinə görə fərqləndirilməsi
uzun illər cəmiyyətlərin əsas nöqsanlarından
olub. Eynilə
Azərbaycanda da gender bərabərsizliyi tarixən
müşahidə edilən fakt idi. Amma müasir dövrdə
hüquqi dövlət və vətəndaş cəmiyyəti
qurulan ölkəmizdə gender bərabərliyi prinsipinə də
həssaslıqla yanaşılır.
Dövlət müstəqilliyini bərpa etdikdən sonra
Azərbaycan qadın hüquqlarının qorunması üzrə
demək olar ki, bütün mühüm beynəlxalq sənədlərə
qoşulub. 1992-ci ildə Azərbaycan BMT-nin “Qadınların
siyasi hüquqları” üzrə konvensiyasına, 1995-ci ildə
“Qadınlara qarşı ayrı-seçkiliyin bütün
formalarının ləğv olunması” üzrə
konvensiyasına, 2000-ci ildə isə onun Əlavə
Protokoluna qoşulub.
Azərbaycan
hökuməti gender siyasəti sahəsində müəyyən
nailiyyətlər əldə edib. Gender siyasətinin həyata
keçirilməsi məqsədilə Azərbaycan Prezidentinin
1998-ci il 14 yanvar tarixli fərmanı ilə
Qadın problemləri üzrə Dövlət Komitəsi
yaradılıb (2006-cı il fevralın 6-dan Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsi).
Komitənin əsas məqsədləri -
qadınların hüquqlarının qorunması və
ölkəmizin sosial və siyasi həyatında onların
iştirakının artırılmasıdır.
2000-ci ilin mart ayında Azərbaycan Prezidenti “Azərbaycan
Respublikasında dövlət qadın siyasətinin həyata
keçirilməsi” üzrə fərman imzalayıb. Bu sənəd
Respublikamızın bütün dövlət strukturlarında
qadın və kişilər arasında bərabərliyin təmin
olunmasını, müvafiq dövlət proqramlarının
hazırlanması ilə qaçqın və məcburi
köçkün qadınların işlə təmin
olunması, gender nöqteyi-nəzərindən qanunvericiliyə
yenidən baxılmasını nəzərdə tutur.
Sözügedən fərmanı həyata keçirmək
üçün hökumət strukturlarına gender məsələsi
üzrə məsul şəxslər təyin olunub. Fərmana əsasən Azərbaycanın
bütün bölgələrində icra hakimiyyəti
başçılarının müavinlərindən biri
qadınlardan təyin olunmalıdır. Bu
fərman artıq bir sıra bölgələrdə həyata
keçirilməkdədir.
2000-ci ilin iyun ayında Azərbaycan Nazirlər Kabineti “Azərbaycan
Respublikasında qadın məsələləri üzrə
2000-2005-ci illər üçün Milli Fəaliyyət
Planı” qəbul edib. Bu proqram milli prioritetləri nəzərə
alaraq, Pekin Strategiyası əsasında hazırlanıb.
Proqram siyasət, iqtisadiyyat, sosial, mədəniyyət,
təhsil və səhiyyə sahələrini, eləcə də
qaçqın və məcburi köçkün
qadınların problemlərini əhatə edir. Milli Fəaliyyət Planının müddəalarını
həyata keçirmək üçün qurumlararası qrup
yaradılıb. Milli Fəaliyyət
Planının həyata keçirilməsində həm
dövlət strukturlarının, həm də QHT-lərin
iştirakı nəzərdə tutulub.
Azərbaycan hökuməti genderin təşviqi sahəsində
BMT, ATƏT, Avropa Şurası kimi beynəlxalq təşkilatlarla
da sıx əməkdaşlıq edir. Hal hazırda,
Bakıda və Azərbaycanın digər bölgələrində
qadınların siyasətə cəlb olunmaları və qərar
qəbul etmə proseslərində iştirakı sahəsində
müxtəlif layihələr həyata keçirilməkdədir.
Gender bərabərliyinin
təşviqi sahəsində ölkəmizin yaxından əməkdaşlıq
etdiyi beynəlxalq təşkilatlardan biri də BMT-nin
Qadınlar üçün İnkişaf Fondudur (UNİFEM).
Ölkəmizin UNİFEM-lə əməkdaşlığı
“Qadınlar Cənubi Qafqazda münaqişələrin
qarşısının alınması və sülh
yaradılması uğrunda” (I mərhələ: 2001 - 2004; II
mərhələ: 2004 - 2007) adlı regional layihə çərçivəsində
həyata keçirilib. Layihə əsasən
hökumətlər, qadın koalisiya və şəbəkələri
ilə tərəfdaşlıq şəraitində həyata
keçirilmiş və gender bərabərliyi və
qadınların səlahiyyətlərinin genişləndirilməsi
məqsədi daşıyıb.
Layihənin
I mərhələsinin (2001-2004) əsas fərqləndirici cəhətlərindən
biri ölkəmizdə yerli səviyyədə mövcud olan dəstəyin
- yəni qadın təşkilatları, fəallar, liderlər
və gənclərin -gender bərabərliyi, sülh
quruculuğu və münaqişələrin
qarşısının alınması məsələləri
ətrafında səfərbər edilməsi olub. Bu yolla, layihə milli və regional səviyyələrdə
qadın şəbəkələri və
koalisiyalarının yaradılmasına kömək edib, habelə
münaqişələrin qarşısının
alınması və sülh quruculuğu sahəsində
maarifləndirmə və təhsil səylərinə dəstək
verib. II mərhələdə isə göstərilən
təşəbbüslər indiyə qədər nail olunan nəticələrin
təkmilləşdirilməsinə yönəldilir və bu
zaman sülh quruculuğunun və qadın
hüquqlarının təşviqi və müdafiəsi
üçün qadınlara qarşı
ayrı-seçkiliyin bütün formalarının ləğv
edilməsi haqqında Konvensiyadan (CEDAW) və BMT-nin Təhlükəsizlik
Şurasının 1325 saylı Qətnaməsindən
(BMTTŞQ 1325) bir istiqamətləndirici çərçivə
kimi istifadə edilir. Bu məqsədlə,
UNİFEM CEDAW, BMTTŞQ 1325, Minilliyin İnkişaf Məqsədləri
və Pekin Fəaliyyət Platforması çərçivəsində
gender bərabərliyinə dair götürülən öhdəliklərin
monitorinqi və icrası sahəsində hökumətlə
milli səviyyədə daha yaxın tərəfdaşlıq
qurur. Bundan başqa, UNİFEM hökumətdə
və vətəndaş cəmiyyətindəki gender bərabərliyi
müdafiəçiləri arasında bu məsələlər
ətrafında daha mükəmməl əlaqələrin
qurulmasına dəstək verir.
Azərbaycan
gender bərabərliyinin təşviqi sahəsində
ATƏT-in Bakı Ofisi və Demokratik Təsisatlar və
İnsan Hüquqları üzrə Bürosu ilə də
yaxından əməkdaşlı edir. Son illərdə
DTİHB tərəfindən Azərbaycanda qadınların
ictimai -siyasi fəallığının artırılması
məqsədilə bir sıra layihələr (“Qadın
liderliyi və siyasi iştirakçılığı”,
“Qadınlara qarşı zorakılığın
qarşısının alınması”) həyata
keçirilib. DTİHB tərəfindən
həyata keçirilən layihələr nəticəsində
nazirliklər, Konstitusiya və Ali məhkəmələr,
Bakı şəhər icra hakimiyyətini əhatə edən
dövlət qurumlarında çalışan
qadınların şəbəkəsi yaradılıb. Şəbəkənin bir sıra dəyirmi masa və
seminarları keçirilib.
Qadın hüquqlarının qorunması sahəsində
Azərbaycan Avropa Şurası ilə də bir neçə
ildir ki, əməkdaşlıq edir. Ölkəmiz Şuranın
tövsiyələri əsasında qanunvericiliyin gender
nöqteyi-nəzərdən təkmilləşdirilməsinə
çalışır, o cümlədən Avropa
Şurasının müxtəlif qurumlarının genderin təşviqi
sahəsindəki fəaliyyətində yaxından iştirak
edir. Hazırda Azərbaycan nümayəndəsi
Avropa Şurasının Qadınlar və kişilər
arasında bərabərlik üzrə Rəhbər Komitəsinin
(CDEG) Sədri vəzifəsini yerinə yetirir. Azərbaycanın
yüksək səviyyəli nümayəndə heyəti
2002-ci il iyunun 20-21-də Skopyedə Avropa
Şurası ölkələrinin qadınlar və kişilər
arasında bərabərlik məsələlərinə
cavabdeh nazirlərinin 5-ci, 2006-cı il iyunun 8-9-da isə
Stokholmda keçirilən 6-cı konfransında fəal
iştirak edib.
Azərbaycan torpaqlarının 20%-nın
işğalı ilə nəticələnən Ermənistanın
Azərbaycana qarşı təcavüzü və keçid
dövrünün çətinlikləri, iqtisadi və siyasi
vəziyyətə zərər gətirən əsas səbəblərdir. Bu
münaqişə 1 milyondan çox insanın qaçqın
və məcburi köçkünə çevrilməsinə
səbəb olub. Onlardan 54%-i
qadınlardır.
BMT-nin Qadınların Vəziyyəti üzrə
Komissiyasının 1995-ci ildə keçirilən 39-cu
sessiyasında, Azərbaycan “Hərbi münaqişələr
zamanı, sonradan həbs edilənlər də daxil olmaqla girov
götürülmüş qadın və uşaqların azad
edilməsi” üzrə qətnamənin qəbul edilməsi təşəbbüsü
ilə çıxış edib. Bu qətnamə
sonrakı illərdə də bir neçə dəfə qəbul
olunub.
Münaqişə ilə yanaşı, qadınların
ölkənin sosial, siyasi və ictimai həyatında zəif
iştirakının digər səbəbi isə cəmiyyətdə
qadının rolunu daha çox ailə ilə əlaqələndirən
ənənəvi stereotiplərdir. Bu cür vəziyyət milli gender
strategiyasında yeni yanaşmanın yaranmasını tələb
edir. Hal-hazırda ölkədə gender strategiyasını
inkişaf etdirmək üçün milli mexanizm
yaradılır və hökumətin fəaliyyətinə
gender aspektinin daxil edilir. Bununla əlaqədar
olaraq, dövlət qurumlarında gender məsələləri
üzrə məsul olan şəxslər Ailə, Qadın və
Uşaq problemləri üzrə Dövlət Komitəsinin nəzdində
fəaliyyət göstərən və hər bir nazirlik
çərçivəsində gender siyasətinin təkmilləşdirilməsi
və bu sahədə görülən işlərin
müzakirə edilməsi üçün işçi qrupuna
daxil edilib.
Ölkəmizdə gender bərabərliyinin təşviqi
sahəsində atılmış mühüm addımlardan
biri 2006-cı ilin dekabrında Milli Məclis tərəfindən
Gender bərabərliyinin təminatları haqqında Azərbaycan
Qanununun qəbul edilməsi olub. Qanunun əsas məqsədi kişi və qadınların ictimai həyatın
siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində
bərabər imkanların təmin edilməsi və cinsi mənsubiyyətə
görə ayrı-seçkiliyin bütün
formalarının aradan qaldırılmasıdır.
Azərbaycan Hökuməti qadın
hüquqlarının təşviqi sahəsində beynəlxalq
səviyyədə götürdüyü öhdəliklərin
yerinə yetirilməsinə də xüsusi önəm verir. 2007-ci il
yanvarın 23-də BMT-nin Qadınlara qarşı
ayrıseçkiliyin bütün formalarının ləğv
edilməsi üzrə Komitəsində ölkəmizin
qadınlara qarşı ayrıseçkiliyin bütün
formalarının ləğv edilməsi haqqında Konvensiya
üzrə Azərbaycanın 2-ci və 3-cü dövrü
hesabatına baxılıb. Hazırda Azərbaycan
Hökuməti beynəlxalq səviyyədə də qadın
hüquqlarının təşviqində fəal iştirak
edir. Bunun göstəricisi olaraq, 2008-ci il
iyunun 10-11-də Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü
ilə Bakıda “Mədəniyyətlərarası dialoqda
qadınların rolunun genişləndirilməsi” adlı beynəlxalq
forum keçirilib.
Azərbaycanın beynəlxalq səviyyədə artan
nüfuzunun və qadın hüquqlarının təşviqinə
dəstək verməsinin göstəricisi olaraq 2010-cu ildə
Avropa Şurası ölkələrinin qadınlar və
kişilər arasında bərabərlik məsələlərinə
cavabdeh nazirlərinin 7-ci konfransının Bakıda
keçirilməsi qərara alıb.
Qeyd edək ki, gender bərabərliyini təşviqi
daimi məsələdir və onun davamlı aparılması
vacibdir. Azərbaycanda
bu prinsipə uyğun olaraq gender bərabərliyinin təmin
edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Vasif
CƏFƏROV
Ekspress.-2016.-22-24 oktyabr.-S.10.