Vətəndaş cəmiyyətinin
inkişafına daha bir
töhfə
Azərbaycan Prezidentinin QHT-lərlə bağlı Fərmanı III sektorun fəaliyyəti və inkişafı üçün mühüm addım olacaq
Azərbaycanda qeyri-hökumət təşkilatlarının (QHT) formalaşdırılması, onların işlərinin asanlaşdırılması istiqamətində atılan addımlar göz qabağındadır. Dövlətin bu sahəyə diqqət və qayğısının nəticəsidir ki, son illərdə ölkədə III sektor bir qədər də inkişaf edib.
Ümumiyyətlə, Azərbaycan hökuməti davamlı olaraq QHT-lərlə əməkdaşlıq edir və onların qaldırdıqları məsələlərin həlli istiqamətində ciddi addımlar atır. Elə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 21-də imzaladığı “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipinin tətbiqi haqqında” Fərmanı da bu sahədə atılan növbəti addımlardan biridir.
Fərmanda qeyd edilir ki, son illər ərzində Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarına dövlət dəstəyinin, onların fəaliyyətində şəffaflığın və hesabatlılığın artırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilib. Nəticədə ölkədə qeyri-hökumət təşkilatları güclənmiş, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən proqramların hazırlanmasında və həyata keçirilməsində onların rolu xeyli artıb.
Fərman Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının fəaliyyətini dəstəkləmək, xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunun asanlaşdırılmasını, bu sahədə şəffaflığı və ayrılan maliyyə vəsaitlərinin məqsədyönlü istiqamətləndirilməsini təmin etmək məqsədi daşıyır. Prezidentin Fərmanına əsasən 2017-ci il yanvarın 1-dən xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipi tətbiq ediləcək. Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipi üzrə əlaqələndirici dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi kommersiya qurumlarına münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə həvalə olunacaq.
Azərbaycan Respublikasının Nazirlər Kabineti qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi prosedurunun sadələşdirilməsini, o cümlədən onun həm xarici donor, həm də resipiyentin müraciəti əsasında həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılması nəzarətdə saxlanılacaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat veriləcək.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verəcək.
Dövlət başçısının imzaladığı bu Fərman Azərbaycan QHT-lərinin işlərinin xeyli asanlaşmasına, istər inzibati, istərsə də hüquqi problemlərin aradan qalxmasına səbəb olmaqla, vətəndaş cəmiyyəti institutlarının inkişafı üçün böyük imkanlar açacaq. Çünki QHT-lərin qrant almaları asanlaşacaq, bu isə onların öz layihələrini həyata keçirmək üçün maliyyə ilə daha rahat təmin olunacaqları deməkdir.
Açıq Hökumətin Təşviqinə Dair Hökumət - Vətəndaş Cəmiyyəti Dialoqu Platforması koordinatoru Əliməmməd Nuriyev bu Fərmanı vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti və inkişafı üçün çox mühüm addım sayır. Onun sözlərinə görə, Azərbaycan vətəndaş cəmiyyəti və hökumətinin birgə səyləri beynəlxalq tərəfdaşlar tərəfindən də layiqincə qiymətləndiriləcək.
Nuriyev hesab edir ki, bu Fərman QHT-lərin qaldırdıqları problemlərin həllinə dövlətin adekvat reaksiyası kimi qiymətləndirilməlidir. “Azərbaycan Respublikası Prezidentinin bu təşəbbüsü indiyə qədər QHT-ləri narahat edən məsələləri həll edir. Bu Fərman Azərbaycan vətəndaş cəmiyyəti ilə hökumət arasında olan dialoqun və əməkdaşlığının ən əhəmiyyətli təzahürüdür”.
Fərmana müvafiq olaraq 2017-ci il yanvarın 1-dən xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipi tətbiq ediləcəyini deyən Əliməmməd Nuriyevin sözlərinə görə, eyni zamanda qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi prosedurunun sadələşdirilməsini, o cümlədən onun həm xarici donor, həm də resipiyentin müraciəti əsasında həyata keçirilməsini təmin edilməsi üçün tədbirlər görüləcək.
Azərbaycanda vətəndaş cəmiyyətinin güclənməsinə yönələn təşəbbüsləri dəstəklədiklərini deyən Ə.Nuriyevin bildirdiyinə görə, xüsusən, beynəlxalq tərəfdaşların səyləri təqdirəlayiqdir. Dediyinə görə, bununla belə, bu təşəbbüslər gerçəkdən Azərbaycan vətəndaş cəmiyyətinin möhkəmlənməsinə xidmət etməlidir.
Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) İdarə Heyəti tərəfindən təsdiqlənən Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı hansı nəticələrin əldə olunacağına gəlincə, Ə.Nuriyev bildirib ki, Azərbaycan tərəfi, istər vətəndaş cəmiyyəti, istərsə hökumət MHŞT İdarə Heyəti tərəfindən təsdiqlənən Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün maksimum səy göstərib. Onun sözlərinə görə, hazırda həyata keçirilən tədbirlərin davamı olaraq MHŞT Koalisiyasına 15 üzv təşkilatlarının dövlət qeydiyyatına alınması və onların müvafiq sənədlərinin qeydiyyatdan keçirilməsi məsələləri həll edilib. “Koalisiyaya daxil olan 5 QHT-nin xarici donorlardan alınmış qrant müqavilələri dövlət qeydiyyata alınmış və onlara bununla bağlı müvafiq bildirişlər verilib. Bəzi koalisiya üzvlərinin vergi və bank problemləri, o cümlədən hesabları üzərində olmuş məhdudiyyətlər tam aradan qaldırılıb, barələrində açılmış cinayət işlərinə xitam verilib. Bu proses davam edir, eyni zamanda digər məsələlərin həlli üçün də hökumətlə müzakirələr aparılır. Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının yaranması belə müzakirələr, problemlərin, narahatlıq yaradan məsələlərin açıq, birgə müzakirəsi üçün yeni imkanlar yaradır”.
Əslində QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyə edilmiş dəyişikliklərin məqsədi vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətində hesabatlılıq və şəffaflığın artırılması idi. Çünki bir sıra QHT-lərin fəaliyyətində şəffaflığın və hesabatlılığın təmin edilməsi ilə bağlı ciddi qanun pozuntuları qeydə alınmışdı. Eyni zamanda bır sıra QHT-lər qrant vəsaitlərini təyinatı üzrə istifadə etmir, şəxsi məqsədləri üçün yararlanırdılar. Bu isə ümumilikdə digər vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə kölgə salırdı. Ötən il qanunvericiliyə dəyişikliklərin praktikada meydana çıxara biləcəyi problemlərin öyrənilməsi və həlli üçün təkliflər hazırlanması, tədbilər görülməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yanında yalnız QHT nümayəndələrindən ibarət Hüquq və Monitorinq Komissiyası yaradılıb. Komissiya beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələrinin iştirakı ilə bu məsələlərlə bağlı 3 ictimai müzakirə keçirib. QHT-lərin, beynəlxalq təşkilatların təklifləri toplanıb, ümumiləşdirildi. Qanunvericiliyə dəyişikliklərin praktikada tətbiqi zamanı meydana çıxan məsələlərin həll olunması üçün beynəlxalq donorların Azərbaycanda qeydiyyatı, beynəlxalq donorların qrant verilməsi qaydaları və qrant müqavilələrinin qeydiyyatı ilə bağlı qaydaların sadələşdirilməsi ilə əlaqədar təkliflər hazırlanıb.
Eyni zamanda, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq, QHT təmsilçilərinin və dövlət qurumlarının iştirakı ilə Azərbaycanda Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması təsis olunub. Platformanın yaradılması barədə Memorandum imzalanıb və Bəyanatı qəbul olunub. Platformanın 2016-cı il 3 oktyabr tarixli toplantısının yekunu ilə bağlı təqdim edilmiş təkliflər paketi Hökumət tərəfindən nəzərdən keçirilib. Hökumət tərəfindən QHT-lər üçün əlverişli şəraitin təkmilləşdirilməsi məqsədi ilə vətəndaş cəmiyyəti təsisatları ilə dialoq formatında daimi müzakirələr aparılıb və bununla bağlı konkret addımlar atılıb.
Dövlət ilə QHT-lər arasında dialoqun mövcudluğuna diqqət çəkən koordinator Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının bundan sonra da fəal əməkdaşlığa, açıq müzakirələrə, tərəfdaşlıq təşəbbüslərinin dəstəklənəcəyinə ümid edir. Dediyinə görə, Platformanın yaranması Açıq Hökumət Təşəbbüsünün Azərbaycanda tətbiqinin genişləndirilməsi, bu prosesdə vətəndaş cəmiyyətinin yaxından iştirakı, digər məsələlərin həllinə yeni imkanlar verir. “Platforma açıq müzakirələr, dialoq və əməkdaşlıq üçün çox əlverişli format və müstəvi təqdim edir. Belə ki son dəyişikliklər və yeniliklər bu Platformanın uğurunun göstəricilərindəndir. Ümid edirik ki, bu məsələlərdə Platformanın səyləri beynəlxalq tərəfdaşlarımız tərəfindən də dəstəklənəcək. Platforma hər bir QHT üçün açıqdır. Əminik ki, Platforma hər bir QHT üçün müzakirə və əməkdaşlıq imkanlarını təmin edən çox əhəmiyyətli müstəvi kimi Azərbaycan vətəndaş cəmiyyətinin güclənməsinə öz töhfəsini verəcək”.
Murad MƏMMƏDLİ
Ekspress.-2016.-28 oktyabr.-S.10.