Hüquqi dövlət quruculuğu və azərbaycançılıq ideologiyası

 

Azərbaycanın dünya birliyinə inteqrasiyasının əsasını təşkil edən ideyalardan biri, bəlkə də birincisi azərbaycançılıqdır. Hansı ki, bu ideya ilə özümüzü dünyaya tanıdır, onu mütərəqqi dünya dəyərlərini özündə birləşdirən ideologiya kimi təbliğ edirik.

 

Azərbaycançılıq ideologiyası geniş əhatə dairəsi ilə yanaşı, konkret məqsədlər də güdür. Bu ideologiya Azərbaycanda azad vətəndaş cəmiyyətinin inkişafına və güclü dövlət quruculuğuna xidmət edir. Azərbaycan insanının düşüncəsində azərbaycançılıq ideologiyasının formalaşması, onların fəaliyyətlərində bu ideoloji dəyərlərin rəhbər tutulması konstitusiya quruluşunun əsaslarının sabitliyinə də zəmin yaradır. Digər tərəfdən, bu ideologiyanın mövcudluğu Azərbaycanda yaranmış sosial birliyi kənardan qiymətləndirməyə imkan verir.

 

Azərbaycançılığın əsas elementlərindən biri vətəndaşlıqdır. Vətəndaşlıq mövqeyindən çıxış edən hər bir şəxs vətənpərvərlik ruhunda tərbiyə olunmalıdır. Vətənpərvərlik və dövlətçilik azərbaycançılıq ideologiyasının mühüm əsaslarını təşkil edir. Bu ideologiyanın daşıyıcısı olan vətənpərvərlik mövqeyi dövlət quruculuğu prosesində olduqca vacib elementdir. Bu baxımdan Azərbaycanın bir nömrəli problemi olan ərazi bütövlüyümüzün bərpa edilməsi, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, ölkəmizin məruz qaldığı işğala son qoyulması bütün vətəndaşlarımızın, eyni zamanda dünya azərbaycanlılarının ortaq məsələsi və ortaq hədəfi kimi milli ideologiyamızın da təməl müddəalarından birini təşkil edir.

 

Milli Məclisin deputatı Rövşən Rzayev “Dövlət quruculuğunda azərbaycançılıq ideyasının rolu” yazısında qeyd edir ki, azərbaycançılıq ideologiyasının yaşaması vətəndaşın cəmiyyət və dövlət qarşısında məsuliyyətindən asılıdır. Vətəndaşlıq məsuliyyətini hüquqi məsuliyyətin bir növü kimi də nəzərdən keçirirlər. “Vətəndaşlıq məsuliyyəti azərbaycançılıq ideologiyası kontekstində geniş anlayışdır. O özündə hüquqi və mənəvi məsuliyyəti cəmləşdirir. Bu məsuliyyət növü daha çox konstitusiya məsuliyyətinə yaxın anlayışdır” deyən Rzayevə görə, azərbaycançılıq ideologiyası həm də vətəndaş məsuliyyətinin güclənməsinə xidmət edir. Hər bir kəs cəmiyyət qarşısında cavabdehliyini hiss etməlidir. Bu, tək qanunlara riayət etməkdə yox, eyni zamanda aktiv vətəndaşlıq mövqeyində əks olunmalıdır. Cəmiyyətin və dövlətin inkişafı və güclənməsi onların üzvlərinin hər bir fərdin fəal vətəndaşlıq mövqeyindən və vətəndaşlıq məsuliyyətindən asılıdır.

 

Bu gün hər bir soydaşımız yaxşı dərk edir ki, ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli dünyada yaşayan bütün azərbaycanlıların birliyindədir. Belə birliyi isə tarixin bütün zehni və mənəvi təcrübələrini özündə əks etdirən milli ideologiya yarada bilər. Filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadəyə görə, bu ideologiya azərbaycançılıqdır. İdeologiya cəmiyyətdə milli birliyiümumxalq münasibətlərini qorumaq, millətin və onun dövlətinin mövqeyini izah və təsdiq etmək üçün yaradılır. O, xalqın milli-mənəvi varlığının ilkin əlamətlərindəndir; xalqın kimliyini əks etdirən təfəkkür, adət və inanclar sistemidir.

 

Onun sözlərinə görə, dil, ərazi, dinideoloji birlik xalqın, millətin və dövlətin tarixi varlığının əsas atributlarıdır. Hər bir ideologiyanın əsasında gerçəkliyə real münasibət amili dayanır. Professor deyir ki, bu münasibət tarixin təcrübəsinə əsaslanmalı, tarixi xarakter daşımalıdır. Şəmsizadə hesab edir ki, onun dəyişməsi tarixin cəmiyyət qarşısında irəli sürdüyü tələblərə müvafiq olmalı və əslində həmin tələblər ideologiyanın ideya mənbəyi, hərəkətverici amilləridir.

 

Azərbaycançılığın çağdaş dövlətçiliyə tətbiqi Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, məhz Heydər Əliyev Azərbaycan əhalisində dövlətçilik duyğusunu gücləndirdi, dövlətə hörmət hissi formalaşdırmağa nail oldu. Xüsusilə 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra o, Azərbaycan dili, Azərbaycan tarixi və mədəniyyətini azərbaycançılıq məfkurəsi işığında dünyaya tanıtmaq üçün konsepsiyaların əsasını qoydu. H.Əliyevin sayəsində azərbaycançılıq təkcə milli ideologiya yox, həm də çox qüvvətli dövlətçilik təlimi kimi nüfuz qazandı. Onun azərbaycançılıq nəzəriyyəsi sayəsində Azərbaycan dövləti çağdaş dünya inteqrasiyasında beynəlxalq diqqət mərkəzinə keçdi, sivil dövlət nümunəsi kimi həm Qərb, həm də Şərq aləmində qəbul olundu.

 

Azərbaycançılıq Azərbaycanda baş vermiş milli azadlıq hərəkatlarının tarixi təcrübələrinin nəzəri yekunudur. O, dünyada və ölkəmizdə gedən ictimai proseslərin tarixi mənasını Azərbaycan xalqının mənafeyi baxımından izah edir. Azərbaycançılıq müstəqil, suveren Azərbaycanın tam tarixi istiqlalı uğrunda, bu ölkədə dünyəvi prinsiplərə malik sivil demokratik dövlət uğrunda mübarizəni strateji məqsəd seçən Azərbaycan xalqının ideologiyasıdır. “Onun əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dinisosial hüquqlarının bərabərliyi ideyası dayanır.

O, diktaturadan, avtoritarizmdən demokratiyaya keçid dövrünün nəzəriyyəsi, milli özgürlüyümüz haqqında təlimdir”.

 

Deputat Fazil Mustafaya görə, ideologiya müəyyən bir ideyaların, gələcəyə yönəlik müəyyən iddiaların bir toplusu kimi xarakterizə olunur. Onun sözlərinə görə, burada da hətta demək olar ki, reallaşması mümkün olmayanbir dünyagörüşlər öz əksini tapır. “İdeologiyalar çox vaxt subyektiv xarakter daşıyır və ola bilsin ki, cəmiyyət tərəfindən heç vaxt mənimsənilmir”.

 

Müasir dövr ideologiyalar dövrü deyil, onların çoxu arxa plandadır. Azərbaycançılıq sadəcə praktik birgə yaşayış formasıdır. Praktik birgəyaşayış forması olaraq Azərbaycan cəmiyyətində bütün etnik dini çalarların çoxşaxəli olduğu bir ölkədə insanların bir ortaq dəyər olaraq qəbul etdiyi praktik yaşam tərzidir.

 

Azərbaycançılıq özlüyündə eyni ərazidə yaşayan insanların Azərbaycan dövləti vətəndaşı kimi özünü bərabərhüquqlu hiss etməsi, hansısa bir diskriminasiyaya məruz qalmaması, hamının ortaq vətəni bölüşdürməsi anlamına gəlir. Bu, müasir dövrdə Azərbaycan üçün ən faydalı tapıntılardan biridir. Bunu müsbət qiymətləndirmək lazımdır ki, bu, hər hansı bir separatçılığın, bir-birini sevməmək, anti-tolerant yanaşmanın müəyyən dərəcədə cücərməsinə imkan vermir. Bu baxımdan gənclərə bu istiqamətdə təbliğ etmək faydalı ola bilər. Hər kəs öz millətini sevməli, ona bağlı olmalı, bu vətənin müəyyən dərəcədə bir problemlər yaşamaması üçün hər kəs öz yanaşmasını, mövqeyini ortaya qoymalıdır.

 

Azərbaycançılıq ideyasının xaricdə təbliğində Azərbaycan diasporunun da rolu var. “Azərbaycançılıq - millətimizin birliyi, dövlətimizin güclü olması, Azərbaycanda yaşayan bütün xalqlarin mehriban yaşaması deməkdirdeyən Beniluks Azərbaycanlıları Konqresinin (BAK) birinci vitse-prezidenti, AHHC-nin sədri Elsəvər Məmmədovun sözlərinə görə, təmsil olunduğu qurumun keçirdiyi bütün tədbirlərdə azərbaycançılıq ideyası hər zaman vurğulanır. Azərbaycançılıq həm vətənpərvərlik, həm türkçülük, həm dövlətçilik deməkdir. Azərbaycançılıq ulu öndərimizin yolu ilə gətmək deməkdir”.

Azərbaycançılıq ideyasını Heydər Əliyevin ideyası sayan diaspor nümayəndələrinə görə, bu ideyanın düzgün təbliğatının nəticəsidir ki, Azərbaycan regionun ən güclü dövlətinə çevrilib. Prezident İlham Əliyev çıxışlarında azərbaycançılıq ideyasının təbliğində diaspor təşkilatlarımızın əməyini yüksək qiymətlindirib.

 

Azərbaycançılıq ideyasının təbliğində Qeyri-Hökumət Təşkilatlarının da xidmətləri danılmazdır. “Bu gün dövlətin əsas dayaqlarından biri azərbaycançılıq ideyasıdırdeyən Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev hesab edir ki, dövlətin dayaqlarının möhkəmləndirilməsində iştirak edən hər bir şəxs, vətəndaş cəmiyyəti seqmenti fəaliyyətini bu istiqamətdə qurmağa çalışmalıdır. Azərbaycançılıq təkcə o demək deyil ki, bu ideyanın mahiyyəti barədə ancaq ancaq məlumat vermək lazımdır. Azərbaycançılıq hər şeydən əvvəl bu ölkəni sevmək, tolerantlıq, ölkədə yaşayan bütün insanların bərabər imkanlara malik olmasıdır. Bundan başqa, fəaliyyətin bu istiqamətdə qurulması deməkdir.

 

Azərbaycançılıq vətənpərvərlik ideyalarının möhkəmlənməsi ilə bağlı olan məsələdir. Azərbaycançılıq Azərbaycanda yaşayan hər bir insanın bu ölkənin suverenliyi uğrunda mübarizədə daha ciddi şəkildə iştirak etməsinə kömək edəcək. III sektorun bu sahədə görəcəyi işlərə gəlincə, Ə.Nuriyevin bildirdiyinə görə, QHT-lər azərbaycançılığın təbliği yönündə əməkdaşlığı daha da gücləndirməli və bu istiqamətdə ortaya daha ciddi işlər qoymalıdır. “QHT-lərin qanunun aliliyinin təmin olunmasına və digər məsələlərə yardım göstərməsi bütövlükdə azərbaycançılığın daha dolğun şəkildə ehtiva olunmasına gətirib çıxaracaq. Belə olsa, qarşıdakı illərdə bu istiqamətdə bir sıra uğurların əldə olunmasına nail olacağıq. Çünki azərbaycançılıq məfkurəsi cəmiyyət üçün mühüm önəm kəsb edir”.

 

Kimliyindən, tutduğu vəzifədən asılı olmayaraq hər birimiz üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gələ bilsək, o zaman azərbaycançılığa ən böyük töhfə vermiş olarıq.

 

Murad MƏMMƏDLİ

Ekspress.-2016.-1 sentyabr.-S.11.