Hüquqi dövlətin əlamətləri

 

Azərbaycan hüquqi dövlət kimi bəzi xüsusiyyətləri özündə əks etdirir. Bu xüsusiyyətlər dövlətin hüquqi vəziyyəti ilə bağlı ilkin təsəvvür yaradır.

Konstitusiyamıza görə, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Adıçəkilən 4 anlayış ölkəmizdə hüquq sistemi, idarəçilik forması, insan və bətəndaş azadlıqları ilə bağlı ilkin qənaəti yaradır. Məlum olur ki, ölkəmizdə hüququn aliliyi var, vətəndaş cəmiyyətinin qurulmasına önəm verilir, şəxsiyyət azadlığı qorunur, din dövlətdən ayrıdır, dinlərə qarşı münasibətdə ayrıseçkilik yoxdur, idarəetmədə vahidlik var və s..

Azərbaycanda siyasi hakimiyyət xalqa məxsusdur. Bu sistemə demokratik sistem deyilir.

 

Demokratiya “xalqın idarəsi” mənasını verir və siyasi iradənin xalqa aid olduğu siyasi sistemi ifadə edir. Demokratiyalarda ölkəni idarə etmə və qanun qəbul etmə səlahiyyəti bütün xalqa məxsusdur. Xalq bu səlahiyyətindən sərbəst seçki yolu ilə seçdiyi nümayəndələr vasitəsilə istifadə edir. Ölkəni idarə edənlər və qanunları qəbul edənlər xalqın razılığını qazanmaq məcburiyyətindədir. Yalnız xalqın iradəsi ilə hakimiyyət dəyişir, əsas qanunlara əlavə və düzəliş edilir. Vəzifədən kənarlaşdırılmaları da yenə xalqın iradəsi ilə, yəni bu iradənin təmsil edildiyi sərbəst seçkilərlə baş verər.

Bu xüsusiyyətlərə sahib olan Azərbaycan Respublikası demokratik dövlət sayılır.

 

Bu dəyişdirilməz xüsusiyyətlər Azərbaycan Respublikasının dünyəvi və hüquqi dövlət olduğu mənasını verir. Bunlar çox əhəmiyyətli xüsusiyyətlərdir və millətin mənfəətlərini ən yaxşı şəkildə qoruyacaq quruluşa sahib olduğunun göstəricisidir.

 

Azərbaycan Respublikası unitar dövlətdir. Bizim vahid konstitusiyamız, dövlət hakimiyyətinin vahid ali nümayəndəli orqanları, vahid höküməti, vahid vətəndaşlığı, vahid maliyyə - kredit və pul sistemi və s. var. Tərkibində fərqli qanunların qüvvədə olduğu fərqli idarəetmə bölgələri yoxdur. Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyəti bütün Azərbaycan ərazisini əhatə edir və hər bir Azərbaycan vətəndaşı bu ərazidə bərabər hüquqa malikdir. Dilindən, dinindən, etnik mənşəyindən asılı olmayaraq Azərbaycan vətəndaşı eyni hüquqi imkanlara sahibdir. Unitar dövlət quruluşu dövlətimizin ərazi bütövlüyünün və daxili sabitliyin ən böyük təminatıdır.

 

Azərbaycan dövlətinin sərhədləri daxilində ana dili azərbaycanca olmayan, fərqli etnik mənşədən gələn qruplar ola bilər, ancaq onlar da Azərbaycan vətəndaşıdır. Azərbaycanın hər yerində və hər kəs üçün qüvvədə olan qanunlar onlara da şamil edilir. Azərbaycanın hər yerində və hər kəs üçün etibarlı olan konstitusion hüquq və azadlıqlara onlar da aiddir.

 

Konstitusiyada ifadə edildiyi kimi, Azərbaycan dünyəvi dövlətdir. Dövlətin bu xarakteristikası özündə onu ehtiva edir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, dövlət və din qarşılıqlı fəaliyyət göstərir, bir-birlərinin işlərinə qarışmırlar. Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinə əsasən, Azərbaycan dünyəvi dövlətdir. Azərbaycan dövlətinin dünyəvi dövlət xarakteristikası özünü bir neçə amillərdə göstərir.

Birincisi rəsmi, qanuniləşdirilən dinin mövcud olmaması. Yəni, heç bir din məcburi müəyyən edilə bilməz. İkincisi, dinin dövlətdən ayrılması. Üçüncüsü, bütün dini etiqadların qanun qarşısında bərabərliyi. Bu müddəalar Azərbaycan Respublikasının 18-ci maddəsində təsbit olunub.

Dövlət və dini icmaların qarşılıqlı münasibətlərinə toxunarkən Konstitusiya bu müddəaları konkretləşdirməklə yanaşı, bəzi halları müəyyən edir.

Hər bir kəs dinə münasibətini müstəqil müəyyənləşdirir, valideynlər və onları əvəz edən şəxslər qarşılıqlı razılıq əsasında, uşaqlarını özlərinin dini aqidəsinə və dinə münasibətlərinə müvafiq olaraq tərbiyə edə bilərlər.

 

Dünyəvilik prinsipinin əsas məqsədi əslində vicdan azadlığını təmin etməkdir. Dünyəvilik prinsipi dövlətimizin vətəndaşlarını bir dini mənimsəmə, bu dinin tələblərini yerinə yetirmə və ya yetirməmə məsələsində öz vicdanları ilə baş-başa buraxır və onlara azad seçim imkanı verir. Dövlət müəyyən bir dinə və ya məzhəbə üstünlük vermədiyi üçün hər kəs sahib olduğu inanca görə yaşamaq imkanı əldə edir.

 

Əslində dövlətimizin sahib olduğu bu dünyəvilik modeli İslam dininə çox uyğundur. Çünki İslam dini azad iradəni əsas şərt olaraq müəyyən edir. Bir insanın İslamı din olaraq mənimsəməsi tamamilə öz azad iradəsi ilə olmalıdır. İslamı qəbul etdikdən sonra da Quranda əmr edilən ibadətləri yerinə yetirməsi və ya qadağalardan (oğurluq, cinayət kimi ictimai cinayət törətmirsə) çəkinməsi tamamilə öz vicdanı ilə olmalıdır. Əlbəttə, müsəlmanlar bir-birlərini Quranda izah edilən əxlaqi xüsusiyyətlərin tətbiq olunması üçün xəbərdar və təşviq edə bilərlər. Amma əsla bu mövzuda məcbur etmə ola bilməz. Yaxud da dünyəvi imtiyaz verilməklə şəxs dinin tələblərinə əməl etməyə yönləndirilə bilməz.

 

Məsələn, insanların məcburi olaraq müsəlman və ya xristian edildiyi bir ölkə təsəvvür edək. Bundan başqa, bu dinlərə inananların dinlərin qaydalarına görə yaşamaları üçün məcbur edildiklərini fərz edək. Məsələn, qeyd edilən dövlət modeli cəmiyyətdəki insanları namaz qılmaq və ya kilsəyə getmək üçün xüsusi polis gücü ilə məcbur etsin. Yaxud da bir az daha “mülayim” üsuldan istifadə edib namaz qılanlara və ya kilsəyə gedənlərə xüsusi dövlət hədiyyəsi versin. Belə bir dövlət dünyəviliyə tamamilə zidd dövlət olar. Bundan başqa bir o qədər də dinə zidd olar.

 

Bunun səbəbi zorla və ya mənfəət qarşılığında qəbul edilən dini inancın, yaxud ibadətin İslama görə heç bir dəyərinin olmamasıdır. Çünki inanc və ibadət yalnız Allah üçün olduğunda dəyərlidir. Əgər dövlət insanları inanca və ya ibadətə məcbur etsə, bu vəziyyətdə insanlar dövlətdən qorxduqları üçün dindar olarlar. Din baxımından məqbul olan isə vicdanların tamamilə sərbəst olduğu bir mühitdə dinin yaşanmasıdır.

 

Buna görədir ki, dövlətimizin sahib olduğu dünyəvilik prinsipi həm vicdan azadlığı kimi əsas insani dəyərə xidmət etdiyi, həm də bu dəyərə böyük əhəmiyyət verən İslam dini ilə uyğunlaşdığı üçün hər bir azərbaycan vətəndaşının mənimsəməsi və müdafiə etməsi lazım olduğu bir prinsipdir.

Dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları eyni hüquqlara malikdirlər və bu hüquqlar qorunmalıdır. Bu prinsip Azərbaycanın hüquqi dövlət təsəvvürünü yaradan əlamətlərdəndir.

 

Cəmiyyətin məqsədi məqsədi qanunların aliliyini təmin edən hüquqi dövlət qurmaqdır. Artıq dövlətimiz qanunun aliliyi prinsipini mənimsəyib. Bu prinsip ədalət anlayışının əsasını meydana gətirir. O dövlət hüquqi dövlət kimi xarakterizə olunur ki, hüquqla özünün fəaliyyətini məhdudlaşdırır, insan və vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasını özünün başlıca məqsədi hesab edir.

 

Qanunun aliliyi dövlətin bütün mexanizmlərinin əvvəldən təsbit edilən bəzi qanun və qaydalar daxilində işləyəcəyi mənasını verir. Hər dövlət quruluşu konstitusiyanın və digər qanunların təsbit etdiyi vəzifə və səlahiyyətlərə malikdir. Heç kimin bu vəzifə və səlahiyyətləri aşmaq və dəyişdirmək gücü yoxdur. Hüquq hər şeydən üstündür və dolayısilə dövlət “özbaşına” deyil.

 

Hüququn aliliyi prinsipi hüquqi dövlətin ən mühüm prinsipidir. Bu prinsip öz təzahürünü hər şeydən əvvəl qanunun aliliyində tapır. Ölkəmizdə Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olan qanundur. Konstitusiya təkcə qanunvericilik sisteminin yox, eyni zamanda hüquq sisteminin əsasını təşkil edir. Digər tərəfdən Konstitusiya dövlətin bütün ərazisində birbaşa hüquqi qüvvəyə malikdir. Azərbaycan Konstitusiyasının 147-ci maddəsi, konstitusiyanın əsas qanunu olmaqla öz əlamətlərini təsbit edib. Bu maddədə qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiyası Azərbaycanda ən yüksək hüquqi qüvvəyə malikdir.

 

Azərbaycan Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir və Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır.

Hüquqi dövlətdə yaşamaq bütün vətəndaşlar üçün böyük qazancdır. Çünki hüquqi dövlətdə hər kəsin mülkiyyəti, konstitusion hüquq və azadlıqları qorunur. Heç kəsin mülkiyyəti zorla müsadirə edilə bilməz, heç kim işləməyə məcbur edilə bilməz, hüquqlarından məhrum edilə bilməz. Əgər hər hansı bir şəxs bu hüquqlarının pozulduğunu, ədalətsizliyə məruz qaldığını düşünürsə, bu halda məhkəmə qaydasında pozulmuş hüquqlarını bərpa edə bilər. Azərbaycanda mövcud bütün hüquq mühafizə orqanları başda dövlət ittihamçıları olmaqla hüquqi dövlətdə hüquqları qorumaq üçün çalışırlar. İstəyən hər kəs hüquqi dövlətin qaydalarına uyğun olaraq ərizə ilə prokurorluqlara müraciət edə bilər və dövlətdən ədalət tələb edə bilər.

 

Hüququ, yəni qanunları isə millətin seçdiyi nümayəndələrdən ibarət olan Azərbaycan Respublikası Milli Məclisi qəbul edir. Əgər qanunlarda bir boşluq olsa, bu halda qanunlar dəyişdirilir, yeniləri qəbul edilir. Dolayısilə, bu qanunların hər hansı bir şəkildə millətin əleyhinə olması qeyri-mümkündür.

Göründüyü kimi, hüquqi dövlət sistemi bir ölkənin vətəndaşları üçün ən ədalətli, azad və rahat sistemdir. Dolayısilə, hər bir vətəndaş dövlətimizin bu əsas xüsusiyyətinə sahib çıxmalıdır. Əgər hüquqi dövlətin işlərində axsaqlıq meydana gələrsə, hər kəs əlbir olub dövlətə kömək etməli və hüququn üstünlüyü prinsipini qorumağa cəhd göstərməlidir.

 

Vasif CƏFƏROV

Ekspress.-2016.-2 sentyabr.-S.10.