Vətəndaş cəmiyyətində milli və mədəni maraqların formalaşması

 

Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu, demokratik dəyərlərin bərqərar olması müstəqil Azərbaycanın keçirdiyi başlıca prinsiplərdir. Necə ki, ulu öndər Heydər Əliyev vaxtilə deyirdi: “Azərbaycanda demokratik cəmiyyət yaradılması, insan azadlığının, söz, vicdan azadlığının, müasir plüralizmin tətbiq edilməsi çoxpartiyalı sistemin bərqərar olması bizim əvvəldən qəbul etdiyimiz prinsiplərdir. Müstəqilliyin möhkəmləndirilməsi, milli iqtisadiyyatın və milli mənəviyyatın inkişafı üçün mühüm şərtdir. Eyni zamanda, güclü iqtisadiyyat dövlətçiliyin möhkəmləndirilməsinə, mədəni-mənəvi həyatın təşəkkülünə səbəb olur. Milli mənəviyyat olmasa, müstəqillikdən söhbət gedə bilməz”.

 

SSRİ parçalandıqdan sonra Azərbaycan üçün qarşıda duran əsas vəzifələrdən biri 70 il ərzində formalaşmış bir ictimai-iqtisadi formasiyadan digərinə keçid oldu. Ekspertlərin fikrincə, planlı təsərrüfat sistemindən bazar iqtisadiyyatına keçid prosesi mühüm istiqamət üzrə milli marağın formalaşmasına təkan verdi. Hətta sevindirici haldır ki, ölkəmiz bazar iqtisadiyyatına keçid prosesini digər postsovet ölkələri ilə müqayisədə daha tez başa çatdırdı. Ekspertlər onu da qeyd edirlər ki, ölkə üçün milli maraq səviyyəsinə yüksələn daha bir önəmli məqam təbii sərvətlərdən tam səmərəli istifadə edilməsi, davamlı iqtisadi inkişaf, ətraf mühitin qorunması, təhsil, elmitexnoloji potensialın artırılması yolu ilə Azərbaycan xalqının gələcək inkişafının, əhalinin layiqli həyat səviyyəsinin və fiziki sağlamlığının təmin edilməsindən ibarətdir.

 

Milli maraq daşıyıcısı olan bu məqamların reallaşması istiqamətində görülən işlərin miqyası heçkiçik deyil. Elə geniş ictimaiyyət də sözügedən məqamların həyata keçirilməsinə imkan daxilində hər cür yardım göstərməyə, öz töhfəsini verməyə hazırdır.

 

Əslində sadalanan cəhətləri bir növ Azərbaycanın gələcəyinin fundamenti hesab etmək olar. Bu da o deməkdir ki, bu fundament nə qədər möhkəm olarsa, Azərbaycanın gələcəyi bir o qədər işıqlı və parlaq olar. Hazırda Azərbaycan bir çox sayda nüfuzlu beynəlxalq təşkilatların, eyni zamanda BMT-nin, ATƏT-in, Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının və digərlərinin üzvüdür. Bəhs etdiyimiz təşkilatların əsas məqsədlərindən biri yer üzündə sabitliyə və firavanlığa nail olmaqdır. Belə olan halda demək olar ki, bu təşkilatlara üzv olmaqla ölkəmiz bir daha sabitlik uğrunda çalışan, bu yolda çarpışan dövlətlərdən biri olduğunu göstərmiş olur.

 

Qeyd etdiyimiz kimi, sadalanan milli maraqların təminin əsas mahiyyəti Azərbaycan xalqının özünün intibahına hesablanmış olmasıdır. Fəlsəfə doktoru Vahid Ömərov qeyd edir ki, vətəndaş cəmiyyəti insanların mədəni maraqlarının formalaşdığı, reallaşdığı və müdafiə edildiyi sosial əlaqələr sistemidir: “XVIII-XIX əsrlərdən başlayaraq “vətəndaş cəmiyyəti” anlayışı insanların digər birlik formalarından ayrıca öyrənilməyə başlayıb. Yeni dövrdən başlayaraq Qərbdə vətəndaş cəmiyyəti yaranıb. Bu cəmiyyətin gerçəkləşməsi üç mərhələdən keçib. XVI-XVII əsrləri əhatə edən birinci mərhələdə vətəndaş cəmiyyətinin siyasi, iqtisadiideoloji zəmini formalaşıb. XVIII-XIX əsrləri əhatə edən ikinci mərhələdə vətəndaş cəmiyyəti xüsusi mülkiyyətə, azadlıq və liberal-demokratiyaya əsaslanan ictimai münasibətlər şəraitində inkişaf edir. Bu dövrdə suveren, hüquqi, demokratik dövlət, parlament yaranır, vətəndaş cəmiyyəti üzvlərinin hüquq və azadlıqları qorunur. Vətəndaş cəmiyyətinin inkişafında üçüncü mərhələ müasir dövrü - XX əsri və XXI əsrin əvvəllərini əhatə edir. Bu dövrdə vətəndaş cəmiyyəti və hüquqi dövlət bazar iqtisadiyyatı, demokratiya, millət ideyası, milli dövlət ümumbəşəri sərvətə çevrildi. Siyasi plüralizm, söz, fikir, mətbuat azadlığı, çoxpartiyalı sistem həyata keçirildi. Vətəndaş cəmiyyətini qeyri-siyasi, iqtisadi, demokratik, hətta mədəni cəmiyyət kimi səciyyələndirirlər. Bu cəmiyyətin siyasi cəmiyyətin alternativi və əksi kimi yarandığını iddia edənlər də var. Vətəndaş cəmiyyəti dar mənada “mülki cəmiyyət” kimiqeyd olunur. Mülki cəmiyyət dedikdə, qeyri-dövlət quruluşu, dövlətin müdaxiləsinə məruz qalmayan, azad və bərabərhüquqlu adamların cəmiyyəti başa düşülür. Burada azad, sahibkarlıq, təşəbbüskarlıq mühiti hakimdir”.

 

Ümumiyyətlə götürdükdə, XX əsrin sonlarında Şərqi Avropapostsovet məkanında baş verən köklü dəyişikliklər, totalitarizmdən demokratiyaya, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna yol açdı. Sosial əsasını vətəndaş cəmiyyətinin təşkil etdiyi hüquqi dövlət quruculuğu gedişində qanunun aliliyi, hamının qanun qarşısında bərabərliyi, hüquqi mədəniyyət və hüquqi savadlılıq dərəcəsinin yüksək olması gerçəkləşir.

Tədqiqatçı Rasim Quliyevə görə, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu gedişində totalitarizm ləğv olunub siyasi plüralizm, çoxpartiyalılıq, demokratik hüquq və azadlıqlar bərqərar olub, dövlət idarəçilik sistemində ciddi dəyişikliklər baş verib, özəlləşdirmə həyata keçirilib, mənəviyyatda vətəndaş əxlaqının formalaşması baş vermişdir. Lakin vətəndaş cəmiyyətinin başlıca elementi olan fərdlərin əksəriyyəti psixoloji və mədəni cəhətdən yeni əxlaqi-mənəvi proseslərə, qlobal həyat tərzinə hazır deyil. Həqiqi vətəndaş cəmiyyəti dəyərlərinin kütləvi şəkildə ənənəvi-etik normalarla əvəzlənməsi və bazar iqtisadiyyatı haqqında primitiv təsəvvürlər özünü göstərməkdədir.

 

Bu baxımdan hazırda cəmiyyət, dövlət və fərdlərin qarşılıqlı münasibətlərini öyrənən etik nəzəriyyələr elm və ideologiyanın məcmusu şəklində çıxış edir. Vaxtilə sosialist ideologiyası sovet cəmiyyətində dövlət ideologiyası hesab olunurdu. Müasir dövrdə cəmiyyətin müxtəlif sosial qrup və təbəqələrinin müxtəlif siyasi partiya, hərəkat, cəbhələrin spesifik maraqlarını əks etdirən proqram və modellər kimi irəli sürülən etik nəzəriyyələrə də təsadüf olunur. Buradan da cəmiyyət və onun həyatı haqqında müxtəlif qrup və təbəqələrin təsəvvürünü əks etdirən ideoloji, nəzəri plüralizm meydana gəlir.

Qeyd edək ki, tədqiqatçılar vətəndaş cəmiyyətini demokratiya forması kimi təqdim edirlər. Vətəndaş cəmiyyəti hüquqi dövlət quruluşunun digər formaları ilə də yanaşı mövcuddur. Vətəndaş cəmiyyətinin formalaşması və mövcudluğu milli xarakterdən asılıdır. Bəzən fəlsəfi ədəbiyyatda vətəndaş cəmiyyətini qeyri-siyasi münasibətlər sahəsinə aid edirlər. Vətəndaş cəmiyyətini “xüsusi həyat” (Kant), xüsusi həyat sahəsi və insanların maraqları sahəsi, insanların müstəqil olduqları sahə kimi (Hegel) təqdim ediblər.

 

Professor İlham Məmmədzadə vətəndaş cəmiyyəti, onun fəlsəfəsi və etikasının dövlət və fərdin maraqları ilə qarşılıqlı əlaqəsi məsələsinə toxunaraq yazır: “Fikrimizcə, vətəndaş cəmiyyəti, onun fəlsəfəsi və etikası elə bir sahə ilə əlaqədardır ki, orada fərdlər ənənələrə və hüquqa hörmət əsasında, zorakılığa yol verilmədən öz münasibətlərini tənzimləyirlər. Buna görə də vətəndaş cəmiyyəti - tarixən qeyri-məhdud, zamandan kənar müəyyən mənada öz formalarını dəyişən, bəzən öz yayılma arealını genişləndirən, bəzən isə məhdudlaşdıran müəyyən mənada fenomendir. Buna görə də vətəndaş cəmiyyəti üçün (fərdlərlə qarşılıqlı münasibətlərin özünütənzimləmə sahələri) siyasət və hakimiyyətlə öz qarşılıqlı münasibətlərini qaydaya salmaq çox mühümdür. Vətəndaş cəmiyyətinin fəlsəfəsi və etikasının meydana gəlməsilə bu qarşılıqlı münasibətlər nəzəri tədqiqatların diqqət mərkəzində durdu. Onların aktuallığı bu gün də saxlanmaqdadır”.

 

Vahid Ömərov onu da qeyd edir ki, vətəndaş cəmiyyəti, mənəviyyat, din və iqtisadiyyatın qarşılıqlı münasibətlərində əmlak münasibətləri və maraqlar, iqtisadi münasibətlər bəzən ilkin hesab edilir: “Bəziləri mənəviyyat və mənəvi şüurdakı dəyişiklikləri birinci hesab edirlər. Əsas odur ki, iqtisadiyyat əxlaq və dini-milli həyatın, milli inkişafın mahiyyətidir. Sovet dövründə dövlətin sərəncamında güclü polis, ordu, təbliğat aparatı və hər hansı dialektikayahaqq qazandıran” böyük məmurlar ordusu var idisə, postsovet məkanında “milli birlik”, “milli müstəqillik” şüarlarına haqq qazandırılır. Hakim elita belə hesab edir ki, yalnız dövlət, yəni hakim elita özü millətin marağını ifadə edir, cəmiyyətin digər hissəsi isə ona tabe olmalıdır. Bu isə dövlətin, millətin həyatının bütün sahələrinə müdaxilə etməsinə, millətin inkişafdan geri qalmasına gətirib çıxarır. Dövlət milləti dirçəltməli deyil, onun inkişafı, dirçəlişi üçün şərait yaratmalıdır.

 

İlham Məmmədzadəyə görə isə şərait yaradılması o deməkdir ki, dövlət millətin xüsusi həyatına müdaxilə etmir, dövlətə vətəndaş cəmiyyəti tərəfindən nəzarət mexanizmləri yaradılır. “Bu nəzarət mexanizmlərinə xüsusi mülkiyyət, çoxpartiyalılığı, hakimiyyət bölgüsünü, Konstitusiya Məhkəməsini aid edirlər. Azərbaycan cəmiyyətində milli-dövlət maraqları və milli ideologiyanın reallaşması uğurla davam edir, dövlət və ideologiya ümummilli maraqları müdafiə edir”.

 

Tədqiqatçı Aqil Vəliyev bildirir ki, beynəlxalq arenada dövlətin yerinüfuzu təkcə onun siyasi çəkisi və iqtisadi resursları ilə ölçülmür, həm də onun tərkibində yaşayan xalqların mədəni irsi ilə də müəyyən edilir: “Mədəniyyət millətin mənəvi dəyərlərinin özünəməxsusluğunu ifadə edərək, eyni zamanda dünya ictimaiyyətinin universal dəyərlərinin və bəşəriyyətin mədəni-tarixi irsinin qlobal tərkib hissəsini əks etdirir. Beynəlxalq miqyasda dövlətlərin xarici mədəniyyət siyasəti dövlət siyasətinin tərkib hissəsini təşkil edir. Mədəni diplomatiya spesifik formametodlar vasitəsilə strateji məqsədlərə nail olmağa və dövlətin xarici siyasətinin effektivliyinin artırılmasına qadirdir.

 

XXI əsrin əvvəllərində qloballaşmanın yeni çağırışları ölkələrarası mədəni əlaqələrin inkişafının əhəmiyyətini artırmışdır. Mədəni əlaqələr xalqlar və dövlətlər arasında ayrı-seçkiliyi aradan qaldıran mühüm amil olaraq dövlətlərarası münasibətlərin zəngin palitrasının inkişafına zəmin yaradır”.

Son olaraq qeyd edək ki, milli ideologiya konsepsiyasının tarixi keçmişimiz, milli, mədəni, dini ənənələrimiz üzərində qurulması fikri hazırda çox aktualdır. Çünki milli ideologiya Azərbaycan dövlətinin, cəmiyyətinin və vətəndaşının maraqlarını ifadə edir.

 

Rəşid RƏŞAD

Ekspress.-2016.-8 sentyabr.-S.10.