Qarabağ münaqişəsi kölgədə
qalmamalıdır
Ötən ayın sonlarında
Türkiyə ordusu Suriya ərazisində irimiqyaslı əməliyyatlara
başladı. Bu əməliyyatlara
təkcə Suriyada İŞİD terror təşkilatı deyil,
PYD və YPG silahlıları, həmçinin İraqın
şimalında PKK-nın məntəqələrinin məhv
edilməsi daxildir.
“Trend”in şərhçisi Bəxtiyar Hacıyev diqqəti buna cəlb edir ki, Türkiyə ordusunun antiterror əməliyyatlarına başlaması ilə Suriya münaqişəsi dünya gündəmində növbəti dəfə aktuallıq qazandı: “Lakin bu, dünyada mövcud olan digər münaqişələri növbəti dəfə kölgə altına saldı”.
B.Hacıyev aktual şərhində vurğulayır:
... Elə təəssürat yaranır ki, sanki müəyyən qüvvələr yenə də Dağlıq Qarabağ başda olmaqla, digər münaqişələri məqsədli şəkildə unutdurmağa çalışırlar. Əslində isə Dağlıq Qarabağ problemi digər münaqişələrdən daha aktualdır. Bunu sübut etmək heç də çətin deyil”.
Təkcə münaqişələrin “yaşı” deməyə əsas verir ki, Suriya və İraq ərazisindən fərqli olaraq, Dağlıq Qarabağda terror təşkilatları, separatçı qüvvələr daha da kök salıblar, mövqelərini möhkəmləndiriblər. Dağlıq Qarabağ ərazisində ASALA kimi terror təşkilatlarının təlimlər keçirməsi də heç kimə sirr deyil.
Bundan başqa, 20 ildən çoxdur erməni silahlılarının işğalı altında olan Azərbaycan ərazilərindən narkotrafik marşrutu kimi istifadə edilir. Bunu sübut edən kifayət qədər material var və bu məsələ Azərbaycan rəhbərliyi tərəfindən də ən yüksək tribunalardan dəfələrlə səsləndirilib. Ən təhlükəlisi odur ki, Qarabağ ərazisində narkotik vasitələrin istehsalı və daşınmasına heç bir maneə yoxdur.
Erməni işğalı nəticəsində ümumilikdə Azərbaycanın 132 km-lik sərhədi nəzarət olunmayan əraziyə çevrilib.
Hələ 3 il əvvəl rəsmi Bakı bəyan etmişdi ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsi narkotik tranziti, narkotiklərin becərilməsi, satılması, transmilli cinayətkarlıq üçün nəzarətsiz ərazi kimi istifadə olunur. BMT-nin hesabatlarına daxil edilməyən marşrutlardan biri də məhz Əfqanıstan-İran-Dağlıq Qarabağdır.
Elə 2013-cü ildə Azərbaycanda həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan 12 nəfərdən ümumilikdə 40 kiloqram 500 qrama yaxın narkotik vasitə aşkar edilərək götürülmüşdü. Ötən illərdə narkotik qaçaqmalçılığı ilə məşğul olan onlarla belə dəstə zərərsizləşdirilib.
Müəyyən edilmişdi ki, qanunsuz dövriyyədən çıxarılmış həmin narkotik vasitələrin bir hissəsinin əkilməsi, yetişdirilməsi və toplanılması Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində təşkil edilib. Təqsirləndirilənlər narkotik vasitələrin Azərbaycanın işğal olunmuş ərazilərində erməni zabitlər və əsgərlər tərəfindən yetişdirildiyini və sifarişlər əsasında erməni hərbçilərin bu narkotik vasitələri İrana və oradan digər ölkələrə göndərdiklərini bildiriblər.
Dağlıq Qarabağ münaqişəsi zamanı bölgəyə dəyən maddi zərərin həcmi də problemin nə qədər dərin olduğunu göstərir - Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycana dəymiş ziyan təxminən 300 milyard dollardan çoxdur.
Qarabağdakı erməni vandallığı isə Yaxın Şərqdəki müharibələrdə törədilən vandallıqlardan heç də geri qalmır. Erməni silahlılarının təkcə Xocalı şəhərini bir gecədə darmadağın etməsi, 613 dinc sakini, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qocanı qətlə yetirməsi, 1000-dən çox adamı işgəncə verərək şikəst etməsi, 1275 nəfəri əsir alması, 56 nəfəri qəddarlıq və amansızlıqla diri-diri yandırması, meyitləri təhqir etməsi kimi qeyri-insani hərəkətləri Suriya və İraqdakı terrorçuların baş kəsməsi və digər vəhşiliklərindən nə ilə fərqlənir?
Erməni vəhşiliyi bununla bitmir. Ermənistanın hərbi təcavüzü Azərbaycanın Qarabağ bölgəsində 900 yaşayış məntəqəsi, 150 min ev, 7000 ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana (4 600 000 kitab və misilsiz əlyazma nümunələri məhv edilib), 6000 sənaye və kənd təsərrüfatı müəssisəsi, 2670 km avtomobil yolları, 160 körpü, 2300 km su, 2000 km qaz kommunikasiyaları, 15 000 km elektrik xətləri, 280 000 ha meşələr, həmçinin bir sıra mədəniyyət obyektləri, o cümlədən 53 ibadət yeri (44 məbəd və 9 məscid təhqir edilib), 473 tarixi abidə, saray, muzey (9 saray, 12 muzey və 6 rəsm qalereyası qarət edilib, yandırılıb), 40 000 muzey eksponatı və s. dağıdılıb, 20 min nəfər azərbaycanlı həlak olub, 100 min nəfər yaralanıb, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olub, 4011 nəfər itkin düşüb və s. və i.a.
Dağlıq Qarabağ münaqişəsinin verdiyi itkilər, zərərlər isə hələ də davam edir. Bu isə o deməkdir ki, münaqişə hələ də bölgə üçün ciddi təhlükə doğurur.
Məlum aprel hadisələri isə Dağlıq Qarabağ münaqişəsini yenidən beynəlxalq siyasətin gündəminə gətirdi. Aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələri ermənilərin yaratdığı “qalib ordu” mifini darmadağın etdi, 2 min hektar ərazini işğaldan azad etdi. Lakin dərhal dünya gücləri əl-ayağa düşdü, ermənilərə görə “beynəlxalq narahatlıq” başladı. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərləri münaqişənin nizamlanmasının vacibliyini vurğuladılar, həmsədrlər prezidentləri görüşdürmək üçün özlərinə əl qatdılar. Lakin münaqişənin nizamlanması məsələsi yenə də arxa plana keçdi.
Sual yaranır: Dağlıq Qarabağ münaqişəsini daim dünyanın diqqətində saxlamaq üçün, bu problemin bölgəyə böyük təhlükə olduğunu göstərmək üçün aprel döyüşləri hər dəfə təkrarlanmalıdırmı?
Azərbaycan bu gün faktiki olaraq işğalçı Ermənistanla deyil, ermənilərə havadarlıq edən imperialist güclərlə də təkbaşına mübarizə aparır.
Bir məqamı da xüsusi vurğulamaq lazımdır. Yaxın Şərqdəki münaqişəli bölgədə müxtəlif təşkilatlar itkiləri, zərərləri hesabladığı, dünya mətbuatı Suriya münaqişəsini daim diqqətdə saxladığı halda, Dağlıq Qarabağda sadalanan fəaliyyətlər həyata keçirilmir. Çünki bu məsələlərin qabardılması, beynəlxalq aləmdə gündəmə gətirilməsi Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın yaratdığı qondarma cinayətkar rejimin marağında deyil.
Ermənistanın qapalı, dünyadan
təcrid olunmuş məkana çevirdiyi Dağlıq Qarabağda
başqa hansı ağır cinayətlərin
törədildiyi isə məlum deyil...
Ekspress.-2016.-8 sentyabr.-S.3.