“30 ildir məni adam yerinə qoymurlar”
Rüstəm Behrudi:”Orada olmamaq olmaqdan daha yaxşıdı”
- Rüstəm müəllim, AYB-dən
istefa etdiyinizi açıqladınız. Sizin doğum
gününüzü təbrik etmədiyinə görə
artıq belə bir qurumda ola bilməyəcəyinizi dediniz.
İstefanın başqa səbəbləri vardımı? Yəni
hansı ehtiyacdan doğru AYB-dən istefa vermək?
- Heç bir ehtiyacdan doğmadı. Quruma
münasibətim lap əvvəldən hamıya məlumdur. Mən
AYB-yə üzv olduğum düz 30 ildə bircə dəfə
də ora getməmişdim. Ad günüm olanda da gördüm
ki, bunlardan heç bir reaksiya yoxdur. Bu məsələ məni
qıcıqlandırdı. Düşündüm
ki, əgər illərcə bir quruma getmirsənsə, o sənə
nəyə lazımdı? Heç bir
problemim yoxdur əslində AYB ilə. Mən
sadəcə tək başına ədəbiyyatda
çarpışan biri olmuşam. Heç
kimlə işim olmayıb. Sakit biri
olmuşam. Ancaq adama təsir eləyir.
Mənə Avropadan, Amerikadan doğum günümlə
bağlı təbriklər gəlir. Ancaq AYB susur, səni adam yerinə qoymur, təbrik eləmir. Fikrət Qoca açıqlamasında deyir ki, belə
şeyi müğənnilər eləyər. Mən Fikrət müəllimə hörmətim
vardı, öz dövründə imzası olan bir şair idi.
Orta məktəbdə şeirlərini əzbərlədiyim adam idi. O məni tanıyırdı. Bilməli idi ki, mənim kimi adama o şeyi yazmaq
olmaz. Özü də Fikrət Qocanın
özü müğənnilərin özü
üçün mahnı mətni yazan biridir.
- Qərarınızdan sonra sizə sərt
reaksiyalar oldu. Dedilər ki, bir təbrikə görə bu
cür istedadlı şair istefa verməməlidir...
- Bir təbrikə
görə sitəm eləyəcək adam
deyiləm. Sizə deyim ki, mənim haqqımda
yazılan mədhiyyələri oxumuram heç. Mən
ömrüm boyu düzgün bir yolda olan adam
olmuşam. Türk mifologiyasını
yaxşı bilirəm. Bu düşüncə tərzinə
malik adam üçün təbrik
böyük bir şey deyil. Ancaq bu dəfələrlə
gördüyüm laqeydliyin nəticəsi idi. Həm də mən tək olmaq istəyirəm, AYB-də
qalmağımın bir mənası yoxdur.
- Rüstəm müəllim, AYB-də
Rafiq Tağı, daha sonra Şərif Ağayar üzvlükdən
çıxarılmışdı. Bir neçə
dəfə yazarlar ordakı haqsızlıqdan öz gileylərini
bildirmişdilər. Bəs o zamanlar niyə
istefa vermirdiniz?
- Mən
kollektiv adamı deyiləm. Öz
düşüncəm olur. Çoxluğun
hay-küyünə gedən adam deyiləm.
Ömrüm boyu heç kimə
qoşulmadım. Tək başına yaşayan adam olmuşam. Artur Şopenhauerin bir fikri var,
çox xoşuma gəlir: “Mənim qulaqlarım
çoxluğun və qara kütlənin hay-küyünə
kardır”. Sizə maraqlı bir detalı
danışım. 1984-cü il idi.
İçimdə qəribə bir hiss keçirdim. Onda “Boz qurd” adlı şeirimi yazdım. O vaxt
“Ədəbiyat qəzeti” o qədər populyar idi ki, bir
“padborka” şeiri çıxan adam Azərbaycanda şair kimi
tanınırdı. Onda bu şeirim həmin qəzetdə
çap olundu. Sizin
tanıdığınız çox məşhur şairlər,
“adam da heyvana şeir yazar” dedilər mənə. Onlar boz qurdun nə olduğunu bilmirdilər, başa
düşmürdülər bunu. Mən isə
mifologiyanı bilirdim. Mirəli Seyidov, 20 il
əvvəl yazmışdı ki, Rüstəm bu şeirləri
yazmasaydı türklük ideyası gedəcəkdi. Buna irad tutanlar isə üstündən xeyli vaxt
keçəndən, sərhədlər açılandan sonra
türkçülük haqqında, boz qurd haqqında
şeirlər yazdılar. Mən azad biriyəm.
Azadlıq mənim ən böyük sərvətimdir.
Mən bilirəm ki, bir adamın
azadlığının sərhədi o biri adamın
azadlığında sona çatır. Şərif
Ağayar tanıdığım, qələminə hörmət
etdiyim adamdır. Rəhmətlik Rafiq
Tağı da hörmət etdiyim dostum idi. Onunla çox gözəl
söhbətlərimiz olmuşdu. Xüsusilə,
İslam dininə münasibətimiz. Hətta Rafiq
Tağı həbsdə olanda mən ona məktub yazdım, məşhur
bir məktub idi o məktub: “Romantizmin süqutu”. Bilirsiniz, onlar istefa qərarını əsaslandırmışdı.
Mən isə əsaslandırmağa əsas
görmədim.
- O zaman
belə demək olar: Doğum günü təbriki istefa
üçün bir bəhanə idi...
- Əlbəttə. Tamamilə doğrudur. Bu bir bəhanə
idi. Sadəcə içimdən bir şey
keçdi ki, mənim nə işimə qalıb. Niyə burdayam? Nə
üçün? Öz-özümə bunları dedim və
başa düşdüm ki, mən tək qalmalıyam.
-
Çoxluqdan xilas olmaq istədiniz...
-
Çox dəqiq vurğuladınız. Çoxluğun
içində olmaq məni sıxdı. Hamı
ilə bir yerdə olmaq bezdirdi.
- AYB-nin fəaliyyəti haqqında nə
düşünürsünüz?
- Mən AYB haqqında fikrimi o vaxt mərhum prezidentimiz
Heydər Əliyevin yanında demişdim. Demişdim ki,
dünyada belə bir təcrübə yoxdur. Orda Anar da, Elçin də oturmuşdu. Dünyadakı təcrübə necədir? Eyni düşüncəyə, yaradıcı təfəkkürə
malik olan şairlər yazıçılar öz cəmiyyətlərini
yaradırlar. Yəni yazarlar birliyinin ətrafında
toplaşırlar.
- Hələ də eyni fikirdəsiniz
AYB haqda?
- Bəli,
20 il əvvəl dediyimin üstündə
dururam. 20 il əvvəl bunu demişdim,
indi də deyirəm.
- Sizcə, AYB kimi quruma ehtiyac yoxdur?
- Bəlkə
də ehtiyac yoxdur. Dediyim ki, dünyada dövlət
təminatı olan belə bir qurum söhbəti yoxdur. Yalnızca yaradıcı təfəkkürü eyni
olan adamların yaratdığı yaxşı-pis
yaradıcı təşkilarları var. Sovet hökuməti
vaxtı AYB tamam başqa idi. O zaman yaradıcı adamlara
ev, maşın verirdilər, yaxşı
şərait qururdular. İndiki AYB-də o
şeylər yoxdusa, cavanlara kömək etmirsə nəyə
lazımdır elə bir qurum.
- Amma
prezident təqaüdü verilir...
- Onu da Mədəniyyət
Nazirliyi hazırlayır. Dünyada belə
dövlət təminatı olan qurum yoxdu. Uzağa
getməyəcək. Adicə Türkiyədə
belə bir qurum mövcud deyil. Orhan Pamuk
Nobel mükafatını Yazıçılar Birliyinin
üzvü olduğuna görə almadı ki. Bilirsiniz, böyük ədəbiyyatı tək
başına yaradırlar, kollektiv yox.
- O zaman
AYB sizin böyük ədəbiyyat yaratmağınıza mane
olub?
-
Heç vaxt mane olmayıb. Orda olmamaq olmaqdan daha
yaxşıdır.
- Şəhriyar Del Gerani də sizin istefanız
haqqında öz fikrini bildirmişdi: “Rüstəm müəllimin
umacağı təxminən başadüşüləndir. Yaşın gətirdiyi
hissi-emosional qərardan biri də bu olsun gərək. Biz heç nə demirik”.
- Şəhriyar tanıdığım istedadlı
şairlərdən biridir. Ancaq bu məsələdə
düz deməyib. Yaş artdıqca
emosionallıq azalır əksinə.
- Bir əlavəsi
də var Şəhriyarın: “Amma "Salam dar
ağacı" şeirinin müəllifi, hətta şəxsi
Facebook səhifəsində iş yerini "Göy
üzündə Allahın mirzəsi" kimi qeyd etmiş dəyərli
şair dostum Rüstəm Behrudi belə xırda - ad
günü təbrikləri, müsahibədə ad çəkmək
janrındakı və sairi məsələləri bir şair
kimi özü üçün çoxdan həll etməli,
belə cüzi jest gözləntilərindən yuxarıda
dayanmalıydı”.
-
Bilirsiniz, AYB mənim üçün heç vaxt mövcud
olmayıb. Bu istefa qərarım təkcə təbrikə
görə deyildi. AYB-nin təkcə mənə
yox, hamıya münasibəti məni
qıcıqlandırmışdı. Bir quruma 30 il getmirəmsə nəyimə lazım orda
qalmaq? Fikrət Qoca deyir ki, AYB gələydi... AYB
istedadlı bir adamı özü axtarmalı idi. Mən həbsdə yatmışdım, AYB məni
heç axtarmadı. Anar müəllim dedi ki, biz bilmirdik
həbs olunmağını. Bütün bu
münasibətlər içimdə
yığıla-yığıla sonunda bu qərarı verməyimə
səbəb oldu.
- Anar
müəllim də sizin istefanızla bağlı
açıqlama verib ki, AYB təmirdədir, Təbrik də
olacaq, tədbir də. Sadəcə, indi
Yazıçılar Birliyinin binası təmirdədir. Üstəgəl, qurumda böyük əksəriyyət
məzuniyyətdədir. Təmir bitib,
hamı məzuniyyətdən qayıdandan sonra onun ad
gününü təbii ki, qeyd edərik.
- 30 ildi təmirdədi
AYB? Ad günü məsələsinin təmirlə
nə əlaqəsi? Bu nə cür məntiqdir?
30 ildir AYB məni adam yerinə qoymayıb.
- Anar
müəllim düşünüb ki, bəlkə bunu piar
üçün eləmisiniz: “Amma belə piar əsl şairə
yaraşmaz. Rüstəm isə əsl
şairdir”. Sizin haqqınızda da xoş söz deyib...
-
Yaxşı ki deyib. Mənim həmişə
Anara münasibətim yaxşı olub. Anar
ədəbiyyat tariximizdə qalacaq biridir. Bizim
ən yaxşı ssenarilərimiz, əsərlərimiz
Anarın qələmindən çıxıb. Hətta Anar müəllim mənim əleyhimə
yazsa da, yenə də eyni fikirdə qalacaqdım. Sadəcə mənim AYB ilə bağlı bir
neçə sualım var. Bir dəfə, səhv eləmirəmsə,
2004-cü ildə Orhan Pamuk Bakıya gəlmişdi. AYB-nin qurultayı idi, mən iştirak edə bilmədim.
Gənc dostum Aydın Xanla Orhan Pamuku apardıq
“Qurd qapısın”a, orda çox maraqlı ədəbiyyat
söhbətləri elədik. Sözümü
nəyə gətirirəm? Həmin
gün mənə AYB-nin kitabçası, üzvlərin siyahısı
verildi. Mən baxdım ki, yüzdə
doxsan doqquzunu tanımıram. Şairliyimi
qoyaq bir kənara. Gündəlik mətbuatı
izləyən adamam, oxucuyam. Bir oxucu kimi
bunları tanımıramsa, nə işim var orda mənim.
Yaradıcı qurum necə olur? Orda hər kəs bir-birini tanıyır, hörmət
edir. Mən isə AYB-də bu münasibəti
görmədim. Hətta ədəbiyyata dəxli
olmayan adamlar belə mənim əleyhimə
danışırdı.
- Rüstəm bəy, nə vaxtsa AYB
sıralarına təkrar qayıtmaq fikriniz olacaqmı?
- Ayxan,
sizcə, “Şaman duası”nı, ”Tənhalıqda
ölüm qorxusu”nu, “Salam dar ağacı”nı yazan şair
ora qayıdarmı?
- Məncə, qayıtmaz...
- Mən də sənlə həmfikirəm.
Gülər
Ekspress.-2016.-15 sentyabr.-S.13.