Vətəndaş cəmiyyətində sosial-iqtisadi sabitlik
Buna necə nail
olmaq olar?
İqtisadi sahədə keçid
dövrünü başa
vuran ölkəmizdə hazırda əhalinin
maddi rifah
halının yüksəldilməsi dövlətin
qarşısında duran başlıca vəzifə
hesab olunur. Son illər
hökumətin maliyyə sabitliyinin təmini
istiqamətində həyata keçirdiyi
tədbirlər bir daha
sübut edir ki, Azərbaycan qlobal
böhranın təsirinə ən az məruz
qalan dövlətlərdən biridir. Ümumiyyətlə, iqtisadiyyatın bütün sahələrinin inkişafı, eyni zamanda makroiqtisadi
sabitliyin qorunub
saxlanılması və maliyyə təhlükəsizliyinin təmini
getdikcə daha da
genişlənir.
İqtisad elmləri doktoru Vahid Novruzov qeyd edir ki, Azərbaycanın müstəqil dövlət kimi inkişaf etməsi üçün respublikanın iqtisadi potensialı əsas şərtdir. Dediyinə görə, bu potensialdan səmərəli istifadə çox mühüm əhəmiyyət kəsb edir. Bunun isə öz növbəsində, ancaq çox düşünülmüş, cəsarətli islahatlar yolu ilə reallaşdırılma imkanı ölkə başçısı tərəfindən dəfələrlə vurğulanıb: “Müasir şəraitdə dövlət müstəqilliyimiz üçün həyati əhəmiyyət kəsb edən mövcud iqtisadi potensialımızın böyük hissəsi Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində yaradılıb. Mövcud iqtisadi potensialdan səmərəli istifadə etmək üçün hər gün, hər ay, hər rüb və hər il yorulmadan çalışmağı tövsiyə edən Heydər Əliyev bunu iqtisadiyyatın inkişafı, adamların işlə təmin edilməsi və nəticədə maliyyə vəziyyətimizin yaxşılaşdırılması, vətəndaşlarımızın həyat səviyyəsinin yüksəldilməsi və bütövlükdə, iqtisadi böhrandan çıxış üçün əsas kimi qiymətləndirirdi. İslahatlar aparılarkən xarici ölkələrin təcrübəsindən yaradıcılıqla bəhrələnməyi daim tövsiyə etməklə yanaşı, həmin işdə kor-koranə ehkamçılığa və tələskənliyə qarşı çıxan Heydər Əliyev dəfələrlə qeyd etdi ki, “bu iş Azərbaycan Respublikasının iqtisadiyyatına, ənənələrinə uyğun olaraq təşkil edilməlidir” və “yerli şərait, milli xüsusiyyətlər, milli ənənələr nəzərə alınmaqla” həyata keçirilməlidir. Keçid dövrünün Azərbaycan üçün xarakterik xüsusiyyətləri nəzərə alınmaqla iqtisadi islahatların aparılması onun müvəffəqiyyətini təmin edib və burada Heydər Əliyev dühasının əvəzolunmaz rolu var. Belə ki, ilk növbədə, onun fövqəladə zəhməti sayəsində bağlanan neft sazişləri iqtisadiyyatın bütün sahələrinin dirçəlməsində əhəmiyyətli rol oynadı”.
İqtisadçının sözlərinə görə, ölkəmizdə iqtisadi islahatlar ardıcıl surətdə həyata keçirilməklə öz müsbət nəticələrini verib. Bu baxımdan islahatların hüquqi bazasını təşkil edən “Müəssisələr haqqında”, “Səhmdar cəmiyyəti haqqında”, “Torpaq islahatı haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında”, “Banklar və bank fəaliyyəti haqqında”, “Müflisləşmə və iflas haqqında” və bir sıra digər qanunlar qəbul edilmiş, vergi qanunvericiliyinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində mühüm dəyişikliklər edilmiş, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı” təsdiq olunub: “1995-1996-cı illər ərzində makroiqtisadi sabitliyin təmin olunması və iqtisadiyyatda struktur dəyişikliklərinin aparılması tədbirlərini nəzərdə tutan iki hökumət proqramı müvəffəqiyyətlə həyata keçirilib. Çox böyük əhəmiyyəti olan beynəlxalq kontraktların bağlanması, dünya ölkələri ilə iqtisadi əlaqələrin genişlənməsi, Azərbaycana investisiya axınının güclənməsi, iqtisadi inteqrasiyanın dərinləşməsi və s. məhz Heydər Əliyevin müdrik daxili və xarici siyasətinin məntiqi nəticəsi kimi mümkün olub. Bütün bunlar Azərbaycanın sabahına inam yaratmış, respublikamızın ümdə problemlərini həllinə, əhalinin rifahının yüksələcəyinə böyük ümidlər doğurmuş, xalqın iqtisadi fəallığının artmasına təsir edib”.
Xatırladaq ki, ulu öndərin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda yeni bir siyasi mərhələ başlandı ki, nəticədə də ölkəmiz vahid Avropa ailəsinə qəbul edildi. Azərbaycan dövlətçiliyi özünə qarşı yönələn qəsdlərdən xilas oldu, onun qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, insanlarda gələcəyə inam formalaşdırdı, cəmiyyətdə sabitlik və əmin-amanlıq yaratdı.
Ekspertlər qeyd edirlər ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda dövlətin ümumi maraqlarından daha çox, ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələrin ləğvi, ölkədə vətəndaş müharibəsinin qarşısının alınması, nizami silahlı qüvvələrin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi, hərbi nizam-intizamın möhkəmləndirilməsi, Milli Ordunun formalaşdırılması məhz ümummilli lider Heydər Əliyevin siyasi iradəsi sayəsində mümkün olub. Heydər Əliyevin xarici sferada həyata keçirdiyi siyasətin əsasını sülh, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət kimi fundamental məsələlər, o cümlədən, mehriban qonşuluq prinsipləri, qarşılıqlı surətdə faydalı əməkdaşlıq məsələləri təşkil etmiş, bu istiqamətdə də konkret addımlar atılıb.
“Güclü iqtisadiyyatı olan dövlət hər şeyə qadirdir” deyən ulu öndərin həyata keçirdiyi siyasət nəticəsində ölkədə yaranan daxili sabitlik və dünya miqyasında Azərbaycanın artan nüfuzu 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adı ilə yeni tariximizə düşən ilk transmilli xarakterli neft müqaviləsinin imzalanması ilə nəticələndi. Onu da qeyd edək ki, belə bir müqavilənin imzalanması və müqavilədə dünyanın əksər qütblərini təmsil edən transmilli korporasiyaların özünə yer alması Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən strategiyanın təntənəsi idi.
İqtisad elmləri doktoru Arif Şəkərəliyev “Dövlətin iqtisadi siyasəti: Reallıqlar və Perspektivlər” kitabında qeyd edir ki, dövlət cəmiyyətin əsas hakim siyasi təşkilatıdır. Onun hakimiyyəti cəmiyyətdə birləşdirən, təşkil edən və məcbur edən başlıca qüvvədir: “Cəmiyyətdə dövlətlə yanaşı insanları müxtəlif maraqlarına görə birləşdirən digər təşkilatlar da mövcuddur. İctimai birləşmələr sistemində dövlətin xüsusi rolu vardır. Belə ki, dövlət ölkə miqyasında yeganə, tam hakimiyyətli, cəmiyyətin inkişafının əsas istiqamətini müəyyən edən bütün vətəndaşların mənafelərini nəzərə alan, ölkə daxilində və beynəlxalq aləmdə rəsmi tanınan təşkilatdır. Dövlət insanlara ictimai təşkilatlarda birləşmək kimi konstitusiya hüququ verir, bəzi ictimai təşkilatların hüquqi vəziyyətini müəyyən edərək onların fəaliyyətini mühafizə edir. İctimai təşkilatların hüquq və mənafelərini isə məhkəmə, prokurorluq və başqa dövlət orqanları qoruyur. Dövlət iqtisadi bazis üzərində siyasi üstqurumdur. Siyasi sistemin bütün təşkilati qurumları olan dövlət təşkilatları, ictimai təşkilatlar, əmək kollektivləri dövlət və ictimai həyatın hüquqi əsasını təşkil edən qanunlar çərçivəsində və əsasında fəaliyyət göstərirlər. Dövlət daima inkişafdadır. Cəmiyyətin inkişafı ilə dövlət, onun məqsəd və vəzifələri, idarəetmə qurumları və funksiyaları da dəyişir. Buna müvafiq surətdə dövlət anlayışına müxtəlif baxışlar mövcuddur”.
İqtisadçı onu da qeyd edir ki, dövlətin xüsusi idarəetmə aparatı və mexanizmi var. Yəni, dövlətin bütün tarixi tiplərinə və növlərinə qanunvericilik, icra və məhkəmə orqanları xas olduğu üçün dövlət mexanizminə həmişə məcburetmə, eyni zamanda ordu, polis, həbsxanalar və islah - əmək müəssisələri və s. aid etmək olar: “Hüquq və qanunvericilik olmadan dövlət cəmiyyətə rəhbərliyi və qəbul edilmiş qərarların həyata keçirilməsini təmin edə bilməz. Dövlət cəmiyyətin elə siyasi təşkilatıdır ki, o öz hakimiyyətini ölkənin bütün ərazisinə və əhalisinə şamil edir. Bunun üçün də xüsusi idarəetmə aparatı var. Bu aparat hamı üçün məcburi göstərişlər verir. Tarixdə dörd dövlət tipi məlumdur: quldarlıq dövləti, feodal dövləti, kapitalist dövləti və sosialist dövləti. Dövlətin əmələ gəlməsilə insanlar arasında siyasi münasibətlər yarandı. Siyasi münasibətlər öz əsası etibarilə siniflər arasındakı münasibətlərdir. Siniflər arasındakı siyasi münasibətlər onların ümdə iqtisadi mənafeyini təmərküzləşmiş şəkildə ifadə edir. İqtisadi hərəkat ümumiyyətlə və bütünlüklə özünə yol açacaqdır, lakin iqtisadi hərəkat özü üçün yaratdığı və nisbi bir müstəqilliyə malik olan siyasi hərəkatdan da əks - təsir almalıdır. Dövlət hakimiyyətin suveren təşkilatıdır”.
Xatırladaq ki, iqtisadçılar 2016-cı ili “böhran ili” adlandırıb. Belə ki, Azərbaycanda da sosial-iqtisadi gərginliyin olacağı, ərzaq məhsullarında bahalaşmanımn davam edəcəyi, manatın daha da ucuzlaşacağı gözlənilirdi. İqtisadçı Vüqar Bayramov bu barədə qeyd edib ki, 2016-cı il iqtisadi baxımdan asan il olmayacaq: “Azərbaycan prezidenti də bu ilin Azərbaycan üçün asan olmayacağını bildirib. 2016-cı ilin təkcə Azərbaycan üçün yox, bütün dünya üçün çətin keçir. Regional və beynəlxalq iqtisadiyyatda problemlər davam etməkdədir. Birmənalı olaraq regionada iqtisadi durğunluq davam edir. Neftin dünya bazarındakı qiymətinin aşağı olması fonunda qlobal və regional dəyişikliklər də Azərbaycana təsir göstərir və 2016-cı ilin heç də asan keçməyəcəyindən xəbər verir. Sözsüz ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatında böhran müşahidə edilməyəcək. Belə bir proqnoz yoxdur. Dövlət Neft Fondunun rezervləri və xarici borcun ümumdaxili məhsuldakı payı az olması Azərbaycana imkan verir ki, bu il də böhrandan yayına bilsin”.
Rəşid
RƏŞAD
Ekspress.-2016.-16 sentyabr.-S.10.