Azərbaycan musiqisi Fransada
Fransanın Alzas regionunun Müluz şəhərində
Azərbaycan musiqisinə
həsr edilmiş “İki dünya” adlı musiqi festivalı keçirilib. Festivalı
giriş sözü ilə tədbirin təşkilatçısı XANADU assosiasiyasının prezidenti,
Yuxarı Alzas Müluz Universitetinin ədəbiyyat, dil və humanitar elmlər fakültəsinin
dekanı, Nizami Gəncəvi kafedrasının
müdiri xanım Qreta Komur açıb.
O, artıq 3 ildir ki, keçirilən festivalın təşkilinə
verdiyi dəstəyə
görə, Azərbaycanın
Fransadakı səfirliyinə,
Müluz şəhərinin
meriyasına və digər qurumlara təşəkkür edib.
Sonra festivalın bədii direktoru, bəstəkar və “Xocalı 613” əsərinin müəllifi
Pyer Tilua çıxış edərək,
Azərbaycan haqqında
təəssüratlarını bölüşüb, mədəniyyətimizin
və musiqimizin zənginliyi barədə tamaşaçılara məlumat
verib. O, artıq 15 ildən çoxdur ki, Azərbaycanı yaxından tanıdığını
qeyd edib, zəngin musiqimizi Fransada təqdim etməkdən şərəf
duyduğunu bildirib.
Sonda Fransadakı
səfirliyimizin nümayəndəsi
Ayaz Qocayev çıxış edərək,
Azərbaycan mədəniyyətinin
rəngarəngliyi, multikulturalizm
və dözümlülük
ənənələri haqqında
danışıb. O, 2016-cı ilin
Azərbaycanda multikulturalizm
ili elan
edildiyini bildirib. Ölkəmizin mədəniyyətlər və dinlərarası beynəlxalq dialoq məkanına çevrilməsində
Prezidenti İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın böyük
töhfələrini vurğulayıb.
Festivalın ilk gecəsi Azərbaycandan dəvət edilmiş, Xalq Artisti Yusif
Qasımovun bədii rəhbərliyi ilə “Bakı ulduzları” rəqs ansamblının ifasında milli rəqslərimiz nümayiş
etdirilib. Ansamblın ifası tamaşaçılar
tərəfindən alqışlarla
qarşılanıb.
Azərbaycanın gənc caz ifaçısı,
pianoçu Etibar Əsədlinin kvartetlə
birgə milli musiqilərimizin sintez edildiyi etno-caz stilində ifa edilən əsərləri
tamaşaçıların rəğbətini qazanıb.
Festival Müluz şəhərinin
orkestrinin konserti ilə başa çatıb.
Bağlanış konserti zamanı P.Tilua çıxış
edərək, festivalın
uğurla keçməsindən
və tamaşaçıların
sayının hər gün artmasından məmnunluğunu ifadə
edib.
Yekun konsertində
orkestrə Azərbaycanın
gənc və istedadlı dirijoru Fuad İbrahimov rəhbərlik edib. Azərbaycanlı skripkaçı Səbinə
Rakçeyevanın müşayiəti
ilə konsertdə Azərbaycan bəstəkarı
Xəyyam Mirzəzadənin
“Konserto grosso” və tanınmış qərb bəstəkarlarının
əsərləri səsləndirilib.
P.Tiluanın Xocalı
soyqırımına həsr etdiyi,
artıq Fransada və digər ölkələrdə
dəfələrlə ifa edilmiş
“Xocalı 613” əsəri bu dəfə yeni formada təqdim olunub. Əsər tamaşaçılar tərəfindən
sürəkli alqışlarla qarşılanıb.
Ekspress.-2016.-20 sentyabr.-S.13.