Demokratik dövlətin
formalaşması
Dövlət və
vətəndaş cəmiyyəti üçün
demokratikləşmə əsas prinsip hesab olunur. Bu
baxımdan demokratiya hər şeydən əvvəl
dövlət forması, xalqın hakimiyyət mənbəyidir.
Azərbaycan Respublikasının Konstitusiyasında qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq bəyan edilib. Ekspertlər bildirirlər ki, demokratiya azlığın çoxluğa tabe olması prinsiplərinin rəsmi etirafına, vətəndaşların hüquq bərabərliyi, geniş siyasi və hüquqi azadlıqların olması, ali dövlət orqanlarının seçkili olmasını, hakimiyyət bölgüsü, qanunların aliliyi və digər prinsipləri ilə başqa dövlət formalarından fərqlənir. Bu da o deməkdir ki, azadlıq və demokratiya düşünülmüş şəkildə tətbiq ediləndə bir-biri ilə ziddiyyət təşkil etmir, əksinə bir-birini tamamlayır, cəmiyyətdə nizamlı, ahəngli inkişaf verir. Mərhələli demokratikləşmə isə vətəndaş cəmiyyətinin formalaşması prosesinin başlanğıc sxeminin reallaşmasını təmin edən mühüm iqtisadi dəyişikliklər nəticəsində yaranır.
Ekspertlər onu da qeyd edirlər ki, ölkədə demokratik transformasiyanın və vətəndaş cəmiyyətinin qurulmasının əsası hərtərəfli azadlıq-güclü hakimiyyət formulasının başa düşülməsinə əsaslanır.
Ulu öndər Heydər Əliyev deyirdi: “Vətəndaş cəmiyyətinin yaradılması və möhkəmləndirilməsi, demokratikləşmə prosesinin möhkəmlənməsi, hüquqi dövlətin qurulması, sadəcə olaraq bir şüar, yaxud da bir niyyət deyil, Azərbaycanın inkişafının başlıca şərtidir”.
Bu baxımdan demək olar ki, hüquqi dövlətin formalaşması ictimai həyatda və elmi tədqiqatlarda köhnəlmiş demokratik stereotipləri aradan qaldırdı.
Siyasi elmlər doktoru Gülzar İbrahimovanın dediyinə görə, hüquqi dövlət konsepsiyası insanın azadlığının təzahür sferasını müəyyənləşdirməyə yönəlib: “Dövlətin vətəndaşın azadlığına müdaxiləsi qeyri-məqsədəuyğun və qanunazidd kimi tanınır. Hüquqi dövlətin yaradılmasının formalaşdırılması insan hüquq və azadlıqlarının maksimal təminatı, dövlətin vətəndaş qarşısında və vətəndaşın dövlət qarşısında məsuliyyəti, qanunun nüfuzunun yüksəldilməsi və hüquq-mühafizə orqanlarının effektiv işi ilə əlaqələndirilir. Hüquqi dövlətin mövcudluğu üçün aşağıdakı şərtlər zəruridir:
1) Hakimiyyətin fəaliyyəinin hüquq normaları ilə tənzimlənməsi. Burada söhbət bütün dövlət orqanlarından gedir. Məlumdur ki, müasir demokratik cəmiyyətlərdə hakimiyyət üç qoldan: qanunverici, icraedici, məhkəmə hakimiyyətindən ibarətdir. Hakimiyyətin hər üç qolunun fəaliyyəti hüquq normaları ilə tənzimlənməlidir.
2) Hakimiyyətdən müdafiə hüququ-fərdlərə aid olan hüquqdur. Hakimiyyət orqanı səlahiyyət həddini aşdıqda, hüquq normasının onun üçün cızdığı dairədən kənara çıxdıqda fərdin bundan qorunmaq - müdafiə olunmaq hüququ olmalıdır.
3) Qanunun aliliyi və qanunçuluq. Bu əlamət bir tərəfdən Qanunun göstərişlərinin hüququn bütün subyektləri üçün eyni məna və qüvvə kəsb etməsini, digər tərəfdən isə hüquqi aktların “nərdivan”ında aşağıda duran aktın yuxarıda durana uyğunluğunu ehtiva edir.
4) Hakimiyyətin bütün hərəkətlərinin hüququn ümumi prinsiplərinə uyğunluğu. Çox vaxt hakimiyyət orqanının çoxcəhətli fəaliyyətinin bütün istiqamətlərini zaman, təbii fəlakət, gözlənilməyən hadisə və digər səbəblərdən vaxtında normativləşdirmə imkanı olmur. Amma onun fəaliyyəti zəruri və qaçılmaz olur. Belə hallarda da hakimiyyətin fəaliyyəti hüququn ümumi prinsiplərindən kənara çıxa bilməz. Bu halda qəbul edilən qərarlar mütləq ədalətə söykənməli, cəmiyyətin fundamental maraq və mənafelərinə cavab verməlidir.
5) Dövlət hakimiyyəti sisteminin hüquqi təşkili - Qanuni hakimiyyət özünün qərarlaşması və möhkəmlənməsi üçün hüquq formasında ifadə olunur. Çünki güc öz-özlüyündə hakimiyyəti yarada bilməz. Dövlət hüquqla, hüquq normaları ilə bağlıdır və o, elə bir qüvvədir ki, hüquqa xidmət göstərməlidir. Yəni, dövlət insan hüquqlarına zidd olan qanunlar yarada bilməz.
6) Vətəndaş cəmiyyətinin varlığı. Hegel ilk dəfə şəxsiyyət və dövlət arasında həm şəxsiyyət, həm də dövlət üçün əhəmiyyətli olan ictimai mühitin mövcud olduğunu göstərmişdir.
Hegelə görə, əgər dövlət özüylə müxtəlif şəxslərin vəhdətini ehtiva edirsə, onda vətəndaş cəmiyyətində hər kəs özü üçün məqsəd, bütün qalanlar isə heç nədir”.
G.İbrahimova onu da qeyd edir ki, vətəndaş cəmiyyəti vətəndaşları birləşdirən ictimai şəbəkə olmaqla dövlət vasitəsilə deyil, vətəndaşların özü və müəssisələr tərəfindən yaradılır, fəaliyyətdə olan qanunlar çərçivəsində dövlətə münasibətdə muxtar xarakter daşıyır. Yəni, vətəndaş cəmiyyəti sivilizasiyasının müasir səviyyəsində fərdlər, qruplar və birliklər arasında dövlət vasitəsilə şərtlənməyən, özünəməxsus, inkişaf və yetkinlik səviyyəsi olan iqtisadi, mədəni, hüquq və siyasi münasibətlərdir: “Ümumiyyətlə, “hüquqi dövlət” demokratiyanın, onun mahiyyətini ifadə edən, əsas əlaməti olub, özündə hakimiyyət orqanlarının hər bir fəaliyyətinin hüquq normalarıla tənzimlənməsini, hakimiyyətdən müdafiə hüququnu, qanunun aliliyini və qanunçuluğu, hakimiyyətin bütün hərəkətlərinin hüququn ümumi prinsiplərinə uyğun olmasını ehtiva edir. Əlbəttə, “hüquqi dövlət” kateqoriyasıla bağlı məsələ bununla bitmir və o, bir sıra digər geniş spekterli məsələlərlə (hüquq, dövlət, qanun, ədalət mühakiməsi, hüquq mədəniyyəti və s.) əlaqədə öyrənilir və tədqiq edilir”.
Yeri gəlmişkən, siyasi ədəbiyyatda dövlət anlayışı ali hakimiyyət orqanlarında təmsil olunan insanların birliyi kimi başa düşülür. Bu da o deməkdir ki, dövlət cəmiyyətdə siyasi sistemin əsas təsisatıdır. Yəni, dövlət cəmiyyəti idarə edir və onun siyasi və ictimai quruluşunu təmin edir. Qədim Yunan filosofu Demokrit hesab edirdi ki, dövlətin əsas vəzifəsi ölkədə ədaləti təmin etməkdir. Dövlət qorunub saxlananda hər şey tam halındadır, dövlət dağılsa onunla birlikdə hər şey məhv olar. Bundan başqa, dövlətin birinci ünsürü olan ərazi dövlətin fiziki, maddi-təbii əsasıdır, onun məkan mahiyyətidir. Dövlətin ikinci ünsürü mövcud dövlətin ərazisində yaşayan və onun hakimiyyətinə tabe olan əhalidir. Dövlətin üçüncü ünsürü müəyyən ərazidə müvafiq orqanlar tərəfindən həyata keçirilən dövlət hakimiyyətidir. Dövlətin formalaşması üçün dövlət hakimiyyəti tarixi zərurətdir.
Xatırladaq ki, vətəndaş cəmiyyətinin 10 prinsipi var ki, onlar arasında xüsusilə diqqətdə - hüquqi, demokratik, sosial, sivil dövlətin formalaşmasıdır. Bu baxımdan vətəndaş cəmiyyətində insanlar azadlıq əldə edir, mülkiyyətə sahib olur, kamil şəxsiyyət kimi yetişir. Vətəndaş cəmiyyəti yalnız yetkin hüquqi dövlət şəraitində geniş fəaliyyət göstərir. Bu cəmiyyətin formalaşması zamanı bütün sahələrdə sivilizasiyalaşma baş verir. Vətəndaş cəmiyyətinin hüdudlarına gəlincə isə, o, bir tərəfdən mülkiyyət, plüralizm, sabitliklə, digər tərəfdən hüquqi dövlət, demokratiya və vətəndaşların ictimai fəallığı ilə sıx bağlıdır.
Ekspertlər qeyd edir ki, demokratiyanı siyasi sistem formalaşdırır və onun dayanıqlı olması üçün isə vətəndaş mövqeyi, vətəndaş cəmiyyəti, eləcə də hüquqi dövlətin mövcudluğu zəruridir. Vətəndaş cəmiyyəti insan azadlığı və hüquqlarından xəbərsiz, özünü ifadə etməkdən çəkinən, məqsədlərinə çatmaq naminə neqativ yollara əl atmaqdan çəkinməyən vətəndaşlardan yarana bilməz.
Siyasi elmlər doktoru onu da qeyd edir ki, vətəndaş cəmiyyəti hüquqi baxımdan birbaşa dövlət müdaxiləsi olmayan, lakin vətəndaşların hüquqlarını müdafiə edən liberal qanunlar vasitəsilə tənzimlənən azad fərdlər birliyinə əsaslanır. Yəni, hüquqi dövlətin formalaşması vətəndaş cəmiyyətinin inkişafı ilə bağlıdır: “Hüquqi dövlət konsepsiyası insanın azadlığının təzahür sferasını müəyyənləşdirməyə yönəlib. Dövlətin vətəndaşın azadlığına müdaxiləsi qeyri-məqsədəuyğun və qanunazidd kimi tanınır. Hüquqi dövlətin yaradılmasının formalaşdırılması insan hüquq və azadlıqlarının maksimal təminatı, dövlətin vətəndaş qarşısında və vətəndaşın dövlət qarşısında məsuliyyəti, qanunun nüfuzunun yüksəldilməsi və hüquq-mühafizə orqanlarının effektiv işi ilə əlaqələndirilir”.
Bu da o deməkdir ki, vətəndaş cəmiyyəti vətəndaşları birləşdirən ictimai şəbəkə olmaqla dövlət vasitəsilə deyil, vətəndaşların özü və müəssisələr tərəfindən yaradılır, fəaliyyətdə olan qanunlar çərçivəsində dövlətə münasibətdə muxtar xarakter daşıyır: “Vətəndaş cəmiyyəti sivilizasiyasının müasir səviyyəsində fərdlər, qruplar və birliklər arasında dövlət vasitəsilə şərtlənməyən, özünəməxsus, inkişaf və yetkinlik səviyyəsi olan iqtisadi, mədəni, hüquq və siyasi münasibətlərdir. Hüquqi dövlətdə bazar münasibətləri və iqtisadi cəhətdən müstəqil insan kütləsi məkanında vətəndaş cəmiyyətinin olması mümkündür. Vətəndaş cəmiyyəti siyasi yox, sosial cəmiyyətdir və orada siyasi elitanın “söz keçirməsi” cəmiyyətin liberallığına şübhə yaradır. Nəzərə alsaq ki, onun özəyi iqtisadi sərbəstlikdir və sərbəstlik demokratiyanı yaradan şərtlərdən biridir və demokratik şəraitdə hüquqi dövlət daha da inkişaf edir, onda prosesin bir-biri ilə labüd bağlılığı göz önündədir”.
Qeyd etdiyimiz kimi vətəndaş cəmiyyətinin inkişafı üç mərhələdən keçib. Üçüncü mərhələ indi yaşadığımız müasir dövrü əhatə edir və məhz bu mərhələdə vətəndaş cəmiyyəti və hüquqi dövlət bazar iqtisadiyyatı, demokratiya, millət ideyası, milli dövlət anlayışı ümumbəşəri dəyərə çevrildi. Siyasi plüralizm, söz, fikir, mətbuat azadlığı, çoxpartiyalı sistem həyata keçirildi. Məhz bu baxımdan qeyd olunur ki, demokratiyanı siyasi sistem formalaşdırır. Onun dayanıqlı olması üçün isə vətəndaş mövqeyi, vətəndaş cəmiyyəti, eləcə də hüquqi dövlətin mövcudluğu zəruridir. Vətəndaş cəmiyyəti insan azadlığı və hüquqlarından xəbərsiz, özünü ifadə etməkdən çəkinən, məqsədlərinə çatmaq naminə neqativ yollara əl atmaqdan çəkinməyən vətəndaşlardan yarana bilməz. Əgər bir vətəndaş öz hüquq və azadlıqlarını bilmirsə, sosial məsuliyyətini dərk etmirsə, hüquqlarını tələb etməkdən vaz keçirsə, onda nə demokratiya, nə də vətəndaş cəmiyyətindən danışmağa dəyər.
Ümumiyyətlə, hüquqi dövlət və vətəndaş cəmiyyəti demokratiya ilə sıx bağlı anlayışlardır, biri bərqərar olmadan o biri mümkün deyil. Fransız politoloqu Tokvill demokratiya şəraitində hüquqi dövlətin cəmiyyətdə oynadığı rolu təhlil edərək bildirir ki, demokratiya əmlakın mövcudluğunu, mülkiyyət anlayışını bütün adamlar üçün aydın etdiyi kimi, siyasi hüquqlar analyışını da hər bir vətəndaşın şüuruna çatdırır.
Rəşid
RƏŞAD
Ekspress.-2016.-28 sentyabr.-S.10.