Vətəndaş cəmiyyətində
cinayət məsuliyyətinin əsasları
Vətəndaş cəmiyyəti insan azadlığı və hüquqlarından xəbərsiz, özünü ifadə etməkdən çəkinən, məqsədlərinə çatmaq naminə neqativ yollara əl atmaqdan çəkinməyən vətəndaşlardan yarana bilməz. Əgər bir vətəndaş öz hüquq və azadlıqlarını bilmirsə, sosial məsuliyyətini dərk etmirsə, hüquqlarını tələb etməkdən vaz keçirsə, onda nə demokratiya, nə də vətəndaş cəmiyyətindən danışmağa dəyər.
Demokratik respublika olan dövlətimiz “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək aşağıdakı niyyətlərini bəyan edib:
- Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;
- Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;
- vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
- xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;
- ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək;
- ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.
Vətəndaş cəmiyyəti bir cəmiyyət modeli kimi əmək vasitəsilə öz fərdlərinin tələbatlarını təmin edən və siyasi-hüquqi cəhətdən müəyyən inkişaf mərhələsində olan insan birliyi formasıdır. Yəni, öz tələbatlarını əmək vasitəsilə başqalarının tələbatlarına uyğunlaşdıran individiumlar sistemi kimi çıxış edir. Bu baxımdan vətəndaş cəmiyyətinin təməlini şəxsi mülkiyyət, maraqlar birliyi və vətəndaşların qanunla təsbit edilmiş formal ümumi bərabərliyi, insanın təsadüflərdən qorunması təşkil edir.
1995-ci ildə hazırlanan ilk milli Konstitusiyamiz demokratik, hüquqi, sivilizasiyalı, dünyəvi dövlətin yaradılması ilə bağlı prinsipləri özündə ehtiva etdi. Əsas Qanunun qəbul edilməsilə ölkəmiz hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda yeni bir mərhələyə qədəm qoydu. Belə ki, vətəndaş cəmiyyətini, dövlətdaxili münasibətlərin inkişafına təsir göstərən insan qruplarının təşkilatlanmış fəaliyyəti, sosial şəbəkələşmə kimi də müəyyən etmək olar. Əslində ictimai rifah naminə şüurlu və aktiv fəaliyyət kimi vətəndaş təşəbbüsləri, vətəndaş cəmiyyətinin əsas dinamik xüsusiyyətini təşkil edir. Bundan başqa, cinayət məsuliyyətinin əsaslarının müəyyən edilməsinə qanunvericilik və cinayət hüquq nəzəriyyəsi iki aspektdən yanaşır: hüquqi və faktiki əsaslar. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız cinayət qanunu ilə nəzərdə tutulan cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Yəni, cinayət məsuliyyətinin vacib və yeganə əsasları törədilən əməldə qanunda göstərilən cinayət tərkibinin övcud olmasıdır.
Hüquqşünas İsrayıl İmamlının bildirdiyinə görə, hüquqi tənzimetmə təcrübəsi qəbul olunmuş normaların təkmilləşdirilməsi, onların sonrakı inkişafının zəruriliyinə təsir göstərir, eyni zamanda yeni normaların yaradılmasını tövsiyə edir: “İctimai münasibətlərin tənzimlənməsi prosesində hüquqi normaların əhəmiyyətinin tam şəkildə üzə çıxarılması ilə yanaşı, həmçinin ictimai münasibətlərin tənzimlənməsi ilə əlaqədar problemlər də təzahür edir. Bütün bu göstərilənlər tam şəkildə təsdiq edir ki, hüquq yaradıcılığı beynəlxalq-hüquqi tənzimetmənin tərkib hissəsidir. Bu xüsusiyyətin üzə çıxarılması beynəlxalq hüquq yaradıcılığının tərifinin müəyyənləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Məhz bu əlamət hüquq yaradıcılığının hüquqi tənzimetmənin tərkib hissəsi olması xüsusiyyətini biruzə verir. Anlayışın mahiyyətinin açılması üçün müvafiq əlamətin həmin anlayışın tərkibinə daxil edilməsi zəruridir. Beynəlxalq normayaradıcılığının vacib meyarı beynəlxalq təşkilatların normativ imkanlarından istifadə edilməsidir. Belə ki, səlahiyyətlərinə aid sferalarda beynəlxalq vəziyyətin daim öyrənilməsi prosesində beynəlxalq təşkilatlar tez-tez müvafiq sahədə beynəlxalq-hüquqi tənzimetməyə dair tələbatları hiss edərək, bu və ya digər konvensiyanın işlənib hazırlanması zəruriliyini qabaqcadan görürlər”.
Hüquqşünas onu da qeyd edir ki, beynəlxalq hüquqi tənzimetmənin ilkin mərhələsi sayılan və ictimai münasibətlərin tənzimlənməsi məqsədilə onların inkişafının obyektiv qanunlarına uyğun beynəlxalq hüquq yaradıcılığı - beynəlxalq hüquqi normaların yaradılması və dəyişdirilməsinə istiqamətlənmiş, həmçinin beynəlxalq hüququn bir neçə subyektinin iradəsinin razılaşdırılması yolu ilə həyata keçirilən fəaliyyətdir. Bu da o deməkdir ki, hüquqi cəhətdən məcburilik beynəlxalq-hüquqi normaların səciyyəvi əlamətidir: “Bu əlamət onu dövlətlərarası sistemdə mövcud olan digər sosial normalardan fərqləndirir. Beynəlxalq hüquq elmində müxtəlif istiqamətlərə baxmayaraq, kiçik istisnalarla hamı onun normalarının hüquqi cəhətdən məcburiliyini qəbul edir. İstisna kimi, Yel universitetinin professoru M.Makduqalın irəli sürdüyü beynəlxalq hüquq normalarının qeyri-normativliyi konsepsiyasını göstərmək olar. Həmin konsepsiyaya görə, beynəlxalq hüquq dövlət üçün hüquqi cəhətdən məcburi normaların məcmusu deyil. Bu müddəa beynəlxalq hüquq mütəxəssisləri tərəfindən birmənalı qəbul edilməmişdir”.
Hüquqşünaslara görə, cinayət hüquq nəzəriyyəsində cinayət tərkibini xarakterizə edən əlamətlər dörd qrupa bölünür: obyekt və obyektiv cəhəti xarakterizə, edən əlamətlər və subyekt və subyektiv cəhəti xarakterizə edən əlamətlər. Ümumiyyətlə isə cinayətin obyektini cinayət qanunu ilə mühafizə edilən o ictimai münasibətlər təşkil edir ki, onlara cinayət nəticəsində mühüm ziyan yetirilir. Cinayətin obyektiv cəhətinə törədilmiş əməlin xüsusiyyətləri, bu əməlin nəticələri, yəni vurulan ziyan və cinayətin zahiri tərəfini xarakterizə edən digər əlamətlər, aiddir. Obyektiv cəhətin əlaməti kimi əməl, iki formada çıxış edir: cinayətkar hərəkət və cinayətkar hərəkətsizlik.
- Cinayətkar hərəkət, cinayət qanunu ilə qadağan olunan, fəal ictimai - təhlükəli davranış aktıdır. Məsələn, qəsdən adam öldürmə qəsdən sağlamlığa ağır zərər vurma (maddə 126) və s.
- Cinayətkar hərəkətsizlik isə, cinayət qanunu ilə qadağan olunan, passiv ictimai-təhlükəli davranış aktıdır, yəni ziyanlı nəticələrin qarşısının alınması üçün şəxsin, müəyyən hərəkətləri etməli olduğu halda onu etməməsidir.
Hüquqşünaslar onu da bildirirlər ki, cinayətkar hərəkətsizlik şəraitində hər şeydən əvvəl müəyyən qaydada hərəkət etmək vəzifəsini təyin etmək lazımdır. Hərəkət etmək vəzifəsi aşağıdakı əsaslardan irəli gəlir: bilavasitə qanundan, məsələn, qanunvericiliyə və ya xüsusi qaydalara müvafiq olaraq xəstəyə kömək etməyə borclu olan tibb işçisi tərəfindən üzrlü səbəblər olmadan xəstəyə tibbi yardım göstərilməməsi, təqsirli şəxsin xidməti mövqeyindən, məsələn, vəzifəli şəxsin öz vəzifəsini yerinə yetirməməsi, qohumluq münasibətindən, məsələn, uşaqlara və ya valideynlərə kömək göstərməkdən qərəzli boyun qaçırma.
Onu da qeyd edək ki, cinayət məsuliyyəti hüquqi məsuliyyətin bir növü olub, cinayət qanunu ilə dövlət tərəfindən müəyyən edilir. Yəni, cinayət məsuliyyəti cinayət törətməkdə təqsirli olan şəxsin dövlət adından mühakimə edilməsini və onun barəsində cəzanın tətbiqini nəzərdə tutur. Hətta cinayət qanunun bir çox normalarında adı çəkilsə də cinayət qanunvericiliyində cinayət məsuliyyətinin anlayışı verilmir. Belə anlayışı cinayət hüquq nəzəriyyəsi işləyib hazırlayır. Ancaq elmi ədəbiyyatda cinayət məsuliyyətinin anlayışı ətrafında fikir ayrılığı mövcuddur. Ümimiyyətlə götürdükdə isə cinayət məsuliyyəti cinayət törətməkdə təqsirli olan şəxsin etdiyi cinayətə görə dövlət qarşısında yaranan öhdəçiliyi olub, dövlət tərəfindən onun əməlinin və şəxsiyyətinin pislənilməsində, belə şəxsə cəza və digər dövlət məcburiyyət tədbirlərinin tətbiqində və şəxs barəsində məhkumluğun yaranmasında ifadə olunur. Bundan başqa, cinayət məsuliyyəti qanunda cəza hədəsi ilə qadağan edilən ictimai təhlükəli əməlin törədildiyi andan başlayır. Bu andan törədilən əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımı başlayır. Törədilən cinayətin hüquqi nəticələrinin aradan qalxması ilə, cəza ilə bağlı dövlət məcburiyyəti tədbirinin icrası, məhkumluğun ödənilməsi və götürülməsi ilə cinayət hüquq münasibətinə son qoyulur.
Hüquq elminin banilərindən olan H.Hrotsi yazır ki, öhdəliklər zəruridir, çünki məcburi qüvvəyə malik olmayan məsləhətlər və yaxud istənilən başqa tövsiyələr, məsələn, şərəf qaydaları qanun, yaxud hüquq adı daşımağa layiq deyil. Beynəlxalq hüquq normaları hüquqi cəhətdən məcburiliyinə görə dövlətdaxili hüquq normalarından fərqlənir: “Dövlətdaxili hüquq normaları dövlətin iradəsinin ifadəsidir. Beynəlxalq hüquq normaları isə dövlətlərin razılaşdırılması iradələrinin məhsuludur. Formasına görə sənədləşdirilmiş və sənədləşdirilməmiş beynəlxalq hüquq normaları var. Sənədləşdirilmiş normalar müqavilə normaları və beynəlxalq təşkilatların, konfransların aktlarında əks olunmuş normalardır. Bu normalar müəyyən aktlarda müəyyənləşdirilmiş və təsbit edilmiş qaydalardır. Sənədləşdirilməmiş normalar beynəlxalq hüquqi adət normalarıdır. Onlar subyektlərin təcrübələrində formalaşır, təsdiq olunur (məcburiliyi etiraf olunur) və elə bu təcrübədə də mövcudluğunu davam etdirir. Onlar hüquq tətbiqedici aktlarda, məsələn, dövlətlərin bəyənatlarında, notalarında sözlə ifadə olunur”.
Rəşid
RƏŞAD
Ekspress.-2016.-30 sentyabr.-S.6.