Azərbaycanda
özünüidarəetmə sisteminin
formalaşması
Vətəndaş cəmiyyətinin formalaşmasında yerli özünüidarəetmə orqanlarının xüsusi rolu var. Yerli özünüidarəetmə Ümumavropa demokratik norması kimi 1985-ci il oktyabrın 15-də Strasburqda qəbul edilərək, “Yerli özünüidarəetmə haqqında Avropa Xartiyası”nda təsdiq edilib. Yerli özünüidarənin Avropa Xartiyası yerli hakimiyyətlərin müdafiəsi və hüquq və azadlıqlarının möhkəmləndirilməsinə dair ümumavropa normalarının əsasını qoyub.
Ekspertlər qeyd edir ki, yerli özünüidarə haqqında Avropa Xartiyasında yerli özünüidarənin səlahiyyətləri də müəyyənləşdirilib. “Yerli özünüidarənin əsas səlahiyyətləri konstitusiya və qanunla müəyyən edilir. Yerli özünüidarə orqanları qanunun müəyyən etdiyi çərçivədə, tam sərbəst hərəkət edə bilərlər. Dövlət səlahiyyətlərinin həyata keçirilməsi, bir qayda olaraq, vətəndaşlara ən yaxın olan hakimiyyət orqanlarının üzərinə qoyulmalıdır. Busəlahiyyətlərdən hər hansı birinin digər hakimiyyət orqanına verilməsi qarşıya qoyulmuş vəzifənin həcmi və xarakterini, habelə, səmərə və qənaət tələblərini nəzərə almaqla həyata keçirilməlidir”.
Ekspert Vahid Ömərovun sözlərinə görə, Azərbaycan Respublikası Konstitusiyasının dördüncü bölməsi “Yerli özünüidarəetmə”, IX fəsli isə “Bələdiyyələr” adlanır ki, burada yerli idarələrin təşkili, bələdiyyələrin statusu, səlahiyyətləri haqqında konstitusiya qanunu təsbit edilib: “Yerli özünüidarəni bələdiyyələr həyata keçirir. Bələdiyyələr seçkilər əsasında yaradılır. Bələdiyyələr seçkilərin qaydaları və bələdiyyələrin statusu qanunla müəyyən edilir. Bələdiyyələrin statusuna bələdiyyə mülkiyyətinə sahiblik, yerli vergilərin və ödənişlərin, yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi, yerli iqtisadi inkişaf proqramlarının qəbul və icraedilməsi, yerli ekoloji proqramların qəbul və icra edilməsi.
Bələdiyyələrə qanunvericilik və icra hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlər də verilə bilər. Bu səlahiyyətlərin həyata keçirilməsi üçün bələdiyyə üzrə müvafiq zəruri maliyyə vəsaiti də ayrılmalıdır. Belə səlahiyyətlərin həyata keçirilməsinə müvafiq olaraq qanunvericilik və icra hakimiyyətləri nəzarət edirlər”.
V.Ömərov bələdiyyələrin prinsiplərinin aşağıdakılardan ibarət olduğunu deyir:
1. Azərbaycanda yerli özünüidarəetmə orqanı hesab edilən bələdiyyələrin quruluşu məhz milli mentalitet nəzərə alınmaqla milli beynəlxalq təcrübədən çıxış edərək müəyyən edilib.
2. Konstitusiya və müvafiq qanunvericilik müddəalarından çıxış etməklə yerli özünüidarəetmənin mahiyyəti müəyyənləşir və inkişaf istiqamətləri ardıcıl islahatlar fonunda öz əksini tapır.
3. Bu prinsiplər mövcud yerli özünüidarəetmənin siyasi və fəlsəfi mahiyyətini açır, onda əks olunan ideya və başlanğıcların dəyərləndirilməsinə cavab verir.
4. Bu prinsiplər mövcud yerli özünüidarəetmənin strukturlarını möhkəmləndirir, bələdiyyə seçkilərində mandat almış şəxslərə fəaliyyət üçün geniş meydan verir və hazır idarəetmə mexanizmini şərtləndirir.
5. Yerli özünüidarəetmənin əsas prinsipləri (“anl.az”).
Qeyd etdiyimiz kimi bələdiyyələrin hüquqi statusu ilə bağlı əsas müddəalar Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapıb. Hətta konstitusiya ilə yanaşı yerli özünüidarəni birbaşa tənzimləyən bir çox qanunlar da qəbul edilib. Bunlardan “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Bələdiyyə qulluğu haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yerli rəy sorğusu haqqında” və digər qanunları göstərmək olar. Bu qanunlarla yanaşı, Azərbaycan Respubliukasının Torpaq, Vergi, Mülki, Əmək, Su Məcəllələrinə və bir çox digər normativ hüquqi aktlara bələdiyyələrlə bağlı müddəalar daxil edilib. Bundan başqa bələdiyyələrə metodiki yardımın göstərilməsi, onların maarifləndirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2000-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzdnində Bələdiyyələrlə iş və Bələdiyyələrə Metodoloji Yardım Mərkəzi yaradılıb.
Ekspertlər qeyd edirlər ki, Azərbaycanda bələdiyyələrlə bağlı qanunvericilikdə islahatlar aparılması üçün bir çox layihələr mövcuddur. Bu baxımdan ill olaraq bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsi irəli sürülür.
O da qeyd olunur ki, indiki şəraitdə yerli özünüidarə sisteminin inkişaf etdirilməsinin ən aktual problemi onların səmərəli iqtisadi və təsərrüfat fəliyyətinin təmin olunmasından ibarətdir. Və yerli özünüidarə orqanlarının məqsədyönlü və məhsuldar işinin təmin edilməsi üçün bələdiyyələrə real və müstəqil gəlir mənbələri verilməsi və büdcə təsnifatında sosial-mədəni, mənzil, kommunal və digər yerli problemləri əhatə edən bölmələrin aşağı səviyyəli büdcələr tərəfindən malyyələşdirilməsi təmin edilməlidir (siyasielmler.wordpress.com).
Yeri gəlmişkən, Azərbaycanda idarəetmə sisteminin əks-mərkəzləşdirilməsi yolu ilə yerli özünüidarəetmə sisteminin formalaşdırılması prosesi ölkədə demokratiyanın inkişafı, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, dövlətin və cəmiyyətin idarə olunmasının səmərəliliyinin artırılması istiqamətində atılan ən əhəmiyyətli addımlardan biridir. Ölkəmizdə idarəetmə sisteminin yaradılmasının əhəmiyyəti və bunun yerli məsələlərin həllinin demokratik prinsip olması ümummilli lider Heydər Əliyevin 12 dekabr 1999-cu il tarixdə bələdiyyə seçkiləri ilə əlaqədar xalqa müraciətində öz əksini tapıb: “Bələdiyyə seçkiləri Azərbaycanda gedən demokratiya prosesinin böyük bir hissəsi, böyük bir qoludur. Demokratik, hüquqi dövlət, dünyəvi dövlət qurmaq prosesinin bir hissəsi, bir sahəsidir... Biz Azərbaycanda tam müstəqil yerli özünüidarəetmə orqanları yaradırıq. Bu, həm demokratiyanın inkişafı deməkdir, eyni zamanda, ölkəni idarə etməkdə vətəndaşlarımıza imkanlar yaradılmasının göstəricisidir”.
Hüquqşünas qeyd edir ki, demokratik prinsiplərin, insan hüquq və azadlıqlarının Konstitusiyamızda geniş əks olunması cəmiyyətimizdə yerli demokratiyanın inkişafına və insanların özünüidarəetmənin mütərəqqi formalarından istifadəsinə şərait yaradıb: “Konstitusiyaya görə, Azərbaycan Respublikasında yerli özünüidarəetməni bələdiyyələr həyata keçirirlər. Konstitusiyanın 13-cü maddəsində mülkiyyətin dövlət, xüsusi və bələdiyyə mülkiyyəti növünə bölünməsi təsbit olunmuşdur. Qeyd edilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Dövlət səlahiyyətlərinin müəyyən hissəsinin yerlərə ötürülməsi yolu ilə yerli özünüidarəetmə orqanları olan bələdiyyələrə verilməsi, Əsas Qanunumuzun 142-146-cı və 150-ci maddələrində yerli özünüidarəetmənin təşkilinin təsbit olunması ilə əks-mərkəzləşmə prosesinin və bələdiyyə orqanlarının hüquqi əsasları yaradılıb.
Konstitusiyanın qəbulundan dərhal sonra müvafiq sahə üzrə münasibətləri tənzimləyən qanun layihələrinin Milli Məclisin müvafiq komissiyasında işlənilməsinə başlanmış, qısa müddət ərzində “Bələdiyyələrə seçkilərin qaydaları haqqında”, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilmişdir. 12 dekabr 1999-cu il tarixdə ölkədə keçirilən ilk bələdiyyə seçkilərində 22 min nəfərdən artıq bələdiyyə üzvü seçilmiş və 2667 yerli özünüidarəetmə orqanları təşkil olunub. Bu orqanlarda 25 min nəfərə yaxın müxtəlif peşə sahibləri bələdiyyə qulluğuna qəbul edilib. Azərbaycanda 2004-cü il dekabrın 17-də ikinci bələdiyyə seçkiləri keçirilməklə yerli özünüidarəetmə orqanlarının inkişafının yeni mərhələsi başlandı. Həmin seçkilərdə 2731 bələdiyəyə 20356 bələdiyyə üzvü seçildi. Ölkəmizdə 2009-cu il dekabrın 23-də bələdiyyələrə keçirilmiş növbəti - III seçkilərdə mühüm siyasi tədbir kimi, böyük önəm daşımışdır. Azad, demokratik və şəffaf şəraitdə keçirilmiş seçkilər nəticəsində 15591 nəfər bələdiyyə üzvü seçildi. Seçilmiş bələdiyyə üzvləri 10 siyasi partiyanı təmsil edib. Olduqca əlamətdardır ki, seçilmiş bələdiyyə üzvləri sırasında qadınların və gənclərin xüsusi çəkisi əvvəlki seçkilərdən fərqli olaraq xeyli artıb. Belə ki, qadınların sayı 4243 nəfər, gənclərin sayı isə 4000 nəfərdən çox olub.
2014-cü ildə birləşmədən əvvəl 1717 bələdiyyə mövcud olub. 30 may 2014-cü il tarixdə qəbul edilən “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Qanunla 21 rayon üzrə 204 bələdiyyənin birləşməsi nəticəsində 94 yeni bələdiyyə yaradılmış, 110 bələdiyyə isə ləğv edilmişdir. Hazırda 1607 bələdiyyəyə 15035 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulub”.
Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının III fəslinin 56-cı maddəsində seçki hüququ təsbit olunub. Belə ki, vətəndaşların seçki hüququndan istifadə etməsi, seçki sisteminin təşkili hər bir sivil ölkə üçün həm siyasi, həm hüquqi, eyni zamanda, tarixi baxımdan əhəmiyyətli hadisədir. (xalqqazeti.com).
Onu da qeyd edək ki, hazırda bələdiyyələr cəmiyyətimizdə mühüm funksiyalar həyata keçirməklə özünün mahiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Yerli özünüidarəetmə orqanlarına gəlincə, bir çox ölkələrdə yerli məsələlərin həlli ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə formalaşan yerli özünüidarəetmə orqanları tərəfindən həyata keçirilir.
Ekspertlərin fikrincə, yerli özünü idarəetmə cəmiyyətin idarə olunmasında vətəndaşların iştirakının formalarından biri, xalq hakimiyyətinin əsasıdır. Müxtəlif dövlətlərdə yerli özünüidarəetmə orqanları fərqli adlanır. Bu orqanlar Fransada və İtaliyada Kommuna, Polşada İcmalar, Danimarkada bələdiyyələr, Portuqaliyada məhəllələr, munisipilər, inzibati vilayətlər adlanır.
O da qeyd olunur ki, yerli özünü idarəetmə orqanları müstəqildirlər və dövlət hakimiyyət orqanları sisteminə daxil deyillər.
Bələdiyyələr öz fəaliyyətini nizamnaməyə uyğun həyata keçirirlər.Bələdiyyələrin nizamnaməsi bələdiyyə iclasları və ya vətəndaşların yığıncaqlarında qəbul edilir.
“Bələdiyyələrin Statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinin 6-cı bəndində isə bildirilir ki, Bələdiyyələr insan və vətəndaş hüquqlarına və azadlıqlarına bilavasitə aid sənəd və materiallarla hər bir vətəndaşı tanış olmaq, bələdiyyələrin fəaliyyəti haqqında tam məlumat almaq imkanını təmin etməyə, seçicilərin tapşırıqlarını yerinə yetirməyə borcludurlar. Bu da o deməkdir ki, hazırda Azərbaycan Bələdiyyələrinin yaşadığı yeni inkişaf mərhələsi insan hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl islahatların davam etdirilməsini şərtləndirir.
Onu da qeyd edək ki, inkişaf prinsiplərinə əsaslanan səmərəli idarəetmənin əsas vəzifələrindən biri əhalinin rifah prosesində Bələdiyyə-Vətəndaş tərəfdaşlığıdır. Bu mənada, Bələdiyyələrin xalqla ünsiyyətini daha da asanlaşdıran yol Vətəndaş İştirakı Hüququ əsasını təşkil olunan Məhəllə Komitələrinin yaradılmasından keçir. İştirak və idarəçilik bütün tərəfləri bir yerə yığmaq üçün bir vasitədir. Məhəllə Komitələri Bələdiyyələrin Statusu haqqında Qanunun 31-ci maddəsinə uyğun şəkildə formalaşdırılan və fəaliyyət göstərən qurumlardır. Azərbaycanda Məhəllə Komitələrinin təşkili üçün Nümunəvi Əsasnamənin təsdiq edilməsinə dair 8 may 2001-ci il tarixli Qanun həmin dövrdən qüvvədədir (unikal.org).
Rəşid
RƏŞAD
Ekspress.-2017.-1-3 aprel.-S.10.