İnsan haqlarının qorunmasında beynəlxalq əməkdaşlıq

 

Azərbaycan hüquqi dövlət kimi əsas insan hüquq və azadlıqlarına hörmətlə yanaşır, dünyada hamılıqla qəbul edilən təbii haqları qoruyur. İnsan hüquq və azadlıqlarının qorunması məqsədilə dövlət bütün beynəlxalq sənədləri, razılaşmaları ratifikasiya edib.

 

İnsan hüquq və azadlıqlarının qorunması, bu sahədə hüquq sisteminin təkmilləşdirilməsi üçün dövlət beynəlxalq təşkilatlarla da daim əməkdaşlıq edir, qabaqcıl təcrübəni mənimsəyir. Beynəlxalq əməkdaşlığı genişləndirməklə dövlət hüquq və azadlıqların qorunması sahəsində vəziyyəti xeyli dərəcədə yaxşılaşdıra bilib.

 

Azərbaycanda ictimai həyatın bir çox sahələrində dərin islahatlar həyata keçirilib. Ölkənin demokratikləşdirilməsi sahəsində aparılan islahatların sırasında Azərbaycanın hüquqi sisteminin Avropa İnsan hüquqları Konvensiyası və digər vacib beynəlxalq sənədlərdə təsbit edilən beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması istiqamətində atılan addımlar mühüm yer tutub.

 

Xarici İşlər Nazirliyinin (XİN) məlumatına əsasən, insan hüquq və azadlıqları sahəsində islahatlar daim genişləndirilir. Nazirliyin məlumatına görə, işgəncələr və digər qəddar, qeyri-insani hərəkətlərin, yaxud ləyaqəti alçaldan rəftarın qarşısının alınması üçün beynəlxalq təşkilatlar tərəfindən təklif edilən tövsiyələrin Azərbaycan tərəfindən yerinə yetirilməsi üçün konkret tədbirlər görülüb, yeni Cinayət Məcəlləsinə işgəncəyə görə ciddi cinayət məsuliyyəti nəzərdə tutan müvafiq maddə daxil edilib, təhqiqat, ibtidai istintaq dövründə və ya cəza çəkilərkən, habelə hərbi xidmət dövründə vəzifəli şəxslər tərəfindən vətəndaşların və ya, həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin işgəncə və ləyaqəti alçaldan qeyri-insani rəftar və cəza növlərinə məruz qalmaları cinayət qaydasında cəzalandırılmalı əməllər kimi müəyyənləşdirilib.

Penitensiar sistemdə islahatlar sahəsində də böyük işlər görülüb. Avropa Şurası qarşısında götürülən öhdəliyə uyğun olaraq, Azərbaycan hökuməti və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) arasında bağlanılan sazişə əsasən, BQXK nümayəndələri azadlıqdan məhrumetmə yerlərinə baş çəkə bilərlər.

 

İnsan hüquqlarının təşviqi və müdafiəsi sahəsində beynəlxalq təşkilatlar qarşısında Azərbaycan tərəfindən götürülən geniş miqyaslı və spesifik öhdəliklər ölkədə yeni bir mühit yaradıb və hökumətin gündəliyinə yeni vəzifələr daxil edib. Bu baxımdan, öhdəliklərin yerinə yetirilməsinə nəzarət və implementasiya tədbirlərinin birləşdirilməsi prosesi siyasi öhdəliklərin hüquqi qaydalara və dövlətçilik təcrübəsinə çevrilməsinə töhfə verib. Müstəqillik qazandıqdan sonra qısa bir müddətdə demokratik institutların yaradılması və möhkəmləndirilməsi, insan hüquqları dəyərlərinin müdafiəsi və təşviqi daxilixarici siyasətin əsas komponentlərinə çevrilərək cəmiyyətin şüuruna təsir göstərmiş, vətəndaşlar üçün yeni imkanlar və dövlət qurumları üçün isə ciddi öhdəliklər yaradıb.

 

İnsan hüquqlarının təmin edilməsi sahəsində mühüm addımlardan biri də Azərbaycanda insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının qəbul edilməsi olub. Xarici İşlər Nazirliyidaxil olmaqla bir sıra dövlət qurumlarının təklifləri əsasında hazırlanan Milli Fəaliyyət Planı Prezidenti İlham Əliyevin 2006-cı il Sərəncamı ilə təsdiq edilib.

 

27 dekabr 2011-ci il tarixində Azərbaycan Prezidenti tərəfindən insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı təsdiq olunub. Konseptual və miqyaslı xarakter daşıyan həmin Proqramda Azərbaycanın insan hüquqları sahəsində beynəlxalq müqavilələrə qoşulması prosesinin davam etdirilməsi, yeni qanunvericilik aktlarının qəbul edilməsi, insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin insan hüquqları sahəsində ixtisaslaşan qurumlar, Qaçqınlar üzrə Ali Komissarlıq, YUNESKO, YUNİSEF, Dünya Bankı, habelə Avropa Şurası, Avropa İttifaqı, ATƏT və digər regional təşkilatlar ilə birgə əməkdaşlıq proqramlarının həyata keçirilməsi, habelə korrupsiya ilə mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, əhaliyə göstərilən elektron xidmətlərin inkişaf etdirilməsi sahəsində fəaliyyətin vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıqda davam etdirilməsi nəzərdə tutulub.

 

Azərbaycan insan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, onlardan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Bu təşkilatların sırasında BMT-nin insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində fəaliyyət göstərən müxtəlif qurumları, ATƏT , Avropa Şurası və Avropa İttifaqı mühüm yer tutur.

 

XİN bildirir ki, insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində Azərbaycan hökuməti ilə BMT-nin İnsan hüquqları üzrə Ali komissarlığı arasında səmərəli əməkdaşlıq qurulub. Bu əməkdaşlıq ilkin olaraq 1998-ci ildə imzalanan və müddəti 2000-ci ilədək müəyyən edilən “İnsan hüquqlarının təşviqi və müdafiəsi üçün imkanların və infrastrukturun gücləndirilməsi” adlı texniki əməkdaşlıq sənədinə əsasən həyata keçirilib. Məsələnin aktuallığı nəzərə alınaraq, keçirilən proqramların davam etdirilməsi məqsədilə 2001-ci ilin dekabrında Ofislə Azərbaycan hökuməti arasında yeni layihə sənədi imzalanıb. Layihə çərçivəsində insan hüquqları sahəsində müxtəlif tədbirlər (seminar, treninq, təcrübə mübadiləsi, hüquqi ədəbiyyatın nəşri və s.) keçirilib.

 

2006-cı ildə Azərbaycanın insan hüquqları sahəsində əldə etdiyi mühüm nailiyyətlərdən biri ölkəmizin BMT-nin yeni yaradılmış İnsan Hüquqları Şurasına üzv seçilməsi olub.

 

2012-ci ildə BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal üzrə İşçi Qrupunun Azərbaycan Respublikasının 1-ci məruzəsinə dair yekun rəyində verilən tövsiyələrin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Hökumətinin aralıq məruzəsi aidiyyəti üzrə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və İnsan Hüquqları Şurasına təqdim edilib. Eyni zamanda, Universal Dövri İcmal üzrə ölkəmizə münasibətdə verilən tövsiyələrin həyata keçirilməsi prosesi ilə bağlı tədbirlər və buradan irəli gələn digər məsələlər haqqında BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və İnsan Hüquqları Şurası mütəmadi olaraq məlumatlandırılıb.

 

27 fevral-23 mart 2012-ci il tarixində keçirilən BMT-nin İnsan Hüquqları Şurasının 19-cu sessiyası çərçivəsində “Milli, etnik, dindil azlıqlarının hüquqları üzrə bəyannamənin qəbul olunmasının 20-ci ildönümünün qeyd edilməsi” adlı panel müzakirə edilib. Sessiyada Azərbaycan tərəfinin fəal iştirakı təmin olunub. Panel müzakirələr Bəyannamənin həyata keçirilməsi, əldə olunan nailiyyətlər, ən yaxşı təcrübələr və mövcud problemlərə həsr edilib.

 

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Azərbaycan Respublikası Prezidenti tərəfindən 2011-ci ilin dekabrında təsdiqlənən “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq məqsədilə Milli Fəaliyyət Proqramı”nın həyata keçirilməsinə dəstək verilməsinə hazır olduğunu bildirib.

27 dekabr 2011-ci il tarixli “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırmaq sahəsinə Milli Fəaliyyət Proqramı” və BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmalı üzrə İşçi Qrupunun Azərbaycan Respublikasının birinci məruzəsinə dair yekun rəyində verilən tövsiyələrin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Hökumətinin aralıq məruzəsi BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına təqdim edilib.

 

2012-ci ilin 18 iyun - 6 iyul tarixlərində BMT-nin İnsan Hüquqları Şurasının 20-ci sessiyası çərçivəsində Azərbaycanda təhsil hüququ, qadınlara qarşı ayrıseçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində milli institutların fəaliyyəti, məcburi köçkünlərin insan hüquqları və internetdə insan hüquqlarının müdafiəsi üzrə qətnamələrin hazırlanması prosesində iştirak etmişbu sənədlərə həmmüəllif qismində qoşulub.

 

Azərbaycan Respublikasının 2001-ci ildə Avropa Şurasına üzv olmasından sonra, ölkədə insan hüquqlarının təmin edilməsi, qanunun aliliyinin gücləndirilməsi və demokratikləşdirmə məsələlərinə istər hökumətin, istər vətəndaş cəmiyyətinin, istərsə də dünya ictimaiyyətinin diqqəti artıb. Bu, bir tərəfdən ölkəmizin öz iradəsi ilə Avropa Şurası qarşısında üzərinə müvafiq öhdəliklər götürməsindən irəli gəlirsə, digər tərəfdən həyatın müxtəlif sahələrinə aid daim təkmilləşən və özünü müxtəlif sənədlərdə əks etdirən Avropa standartlarına uyğunlaşma tələbi ilə bağlıdır.

 

Azərbaycan Avropa Şurası ilə demokratik dövlət quruculuğu, insan hüquqlarına hörmət və ölkədə qanunun aliliyinin tam təmin edilməsi sahəsində hərtərəfli əməkdaşlığa böyük önəm verirbu əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində Azərbaycan məhkəmə sisteminin islahatı, vəkillik fəaliyyətinin təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə, ictimai televiziyanın fəaliyyətə başlaması istiqamətində mühüm tədbirlər görüb.

 

İnsan hüquqları məsələlərinə Avropa İttifaqı ilə genişlənməkdə olan əməkdaşlıq kontekstində ayrıca diqqət yetirilir. Bu baxımdan, xüsusilə 2006-cı il noyabrın 14-də qəbul olunan, Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa İttifaqı və Azərbaycan arasında Fəaliyyət Planına demokratiyanın inkişaf etdirilməsi, insan hüquqları və əsas azadlıqların təmin edilməsi və eləcə də qanunun aliliyinin gücləndirilməsinə dair tədbirlərin daxil edilməsini göstərmək olar. Digər tərəfdən, Avropa İttifaqının bu Fəaliyyət Planın icrasının dəstəklənməsinə yönələn 2007-2010-ci illər üçün Azərbaycan üzrə Milli İndikativ Proqramında insan hüquqları sahəsində konkret əməkdaşlıq fəaliyyətlərinin müəyyən edilməsini nəzərdə tutulub.

 

Azərbaycan insan haqlarının qorunması sahəsində digər aparıcı beynəlxalq təşkilatlarla da əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində insan hüquq və azadlıqlarının təminatı vəziyyəti yaxşılaşmaqdadır.

 

Vasif CƏFƏROV

 

Ekspress.-2017.-6 aprel.-S.10.