İnsan hüquqları
sistemində sosial hüquqlar
Azərbaycan
Respublikasında insan hüquq və azadlıqlarının həyata
keçirilməsinin tənzimlənməsi haqqında
Konstitusiya Qanunu Azərbaycan Respublikasında insan hüquq və
azadlıqlarının həyata keçirilməsini “İnsan
hüquqlarının və əsas azadlıqların
müdafiəsi haqqında” Konvensiyaya uyğunlaşdırmaq məqsədi
ilə qəbul edilib.
İnsan
hüquq və azadlıqlarının həyata keçirilməsinin
əsas şərtlərinə gəlincə, Azərbaycan
Respublikası Konstitusiyasının və bu Konstitusiya Qanununun
heç bir müddəası dövlət orqanları, təşkilatlar
və ya ayrı-ayrı şəxslər tərəfindən
insan və vətəndaş hüquqlarının və
azadlıqlarının ləğvinə və ya Azərbaycan
Respublikası Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə
tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılmasına
yönəlmiş fəaliyyət və ya hərəkətlər
üçün hüquqi əsas yaradan müddəa kimi
şərh edilə və ya başa düşülə bilməz
və heç kəs öz hüquqlarından və
azadlıqlarından sui-istifadə etməməlidir
(constcourt.gov.az).
Qeyd edək ki, insan haqqına ilk dəfə Fransada
1789-cu ildə qəbul edilən “İnsan və vətəndaş
haqları bəyannaməsi”ndə rast gəlinir. XX əsrdə
insan hüquqları sahəsində əsas sənəd 10
dekabr 1948-ci ildə BMT tərəfindən qəbul olunan
“İnsan hüqüqları haqqında ümumi bəyannamə”
olub. Bu baxımdan 1950-ci ildən
başlayaraq 10 dekabr insan hüquqları günü kimi qeyd
edilməyə başlayıb. Avropada insan
haqlarının və azadlığın qorunması
üçün Avropa Konvensiyası mövcuddur. Bu konvensiyanın beynəlxalq müqavilələrdən
fərqi ondadır ki, Avropada real işləmə mexanizminə
malik insan haqlarını qoruyan Avropa məhkəməsi fəaliyyət
göstərir. İnsan haqlarının əsas
konsepti ondan ibarətdir ki, bütün insanlar insan
olmalarına görə hamısı eyni hüquqa malik
olmalıdırlar və bu hüquqlar izahata ehtiyac duyulmadan
hamiya aid edilir.
Ekspertlərin fikrincə, insan haqları demək olar ki,
dünyanın bütün ölkələri tərəfindən
qəbul edilir.
Bu məsələnin universallaığından, çox vaxt
bu və ya digər dövlətlərdə insan haqlarından
sui istifadə halları əsas
götürülərək onlara qarşı hərbi və
iqtsadi təzyiq göstərmək üçün istifadə
edilir. Hətta Konstitusiyalarda əsas
hüqüqların və beynəlxalq razılaşmaların
köməyi ilə insan haqları inkar olunmaz bir hüquq kimi
qəbul edilir (wikipedia.org).
Ekspertlər onu da qeyd edirlər ki, sosial-iqtisadi
hüquqların müdafiəsi sahəsində hüquqi
dövlətin vəzifəsi ondan ibarətdir ki, mütərəqqi
sosial-iqtisadi islahatlar həyata keçirir, öz
xalqının əlverişli iqtisadi inkişafda
iştirakını təmin edir, öz ehtiyatlarından
hamının sosial-iqtisadi hüquqlardan bərabər istifadə
etməsi imkanlarını yaradır. Bundan başqa, sosial-iqtisadi
hüquq və azadlıqları hüquqi cəhətdən tənzimləyən
bir çox beynəlxalq-hüquqi normalar da mövcuddur.
Ekspert
Vahid Ömərov qeyd edir ki, işsizlərin dövlətdən
sosial müavinət almaq hüququ var. Dövlət
işsizliyin aradan qaldırılması üçün
bütün imkanlardan istifadə edir: “Hər bir Azərbaycan vətəndaşı
azad və müstəqil əmək seçmək hüququna
malikdir, ölkəmizdə məcburi əmək qadağan
edilib. Bu baxımdan ölkəmizdə hər kəs
azad sahibkarlıq hüququna malikdir. Azad
sahibkarlıq hüququ Azərbaycan Respublikası Konstitusiyasının
59-cu maddəsində təsbit edilib. Hər kəs qanunla
nəzərdə tutulmuş qaydada öz imkanlarından,
qabiliyyətindən və əmlakından sərbəst
istifadə edərək təkbaşına və ya
başqalarilə birlikdə azad sahibkarlıq fəaliyyəti
və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət
növü ilə məşğul ola bilər.
Qeyd edim ki, sosial hüquq insanın ləyaqətli
həyat şəraitini və sosial müdafiəsini təmin
edir. Buraya sosial təminat, sosial
sığorta, pensiya təminatı və tibbi xidmət
daxildir. Yaşa, xəstəliyə, əlilliyə,
uşaqları tərbiyə etməyə görə qanunla
müəyyən edilmiş sosial təminat hüququnun mahiyyəti
ondan ibarətdir ki, dövlət vətəndaşlara işləmək
imkanlarını və ya əməkdən gəlir əldə
etmək kimi iş qabiliyyətini itirdikdə kifayət qədər
vəsait ayırır. Bu hüquqlar insan
hüquqlarının Ümumi Bəyannaməsinin maddələrində,
eləcə də, iqtisadi, sosial və mədəni
hüquqlar haqqında Paktın 9-12-ci maddələrində
öz əksini tapıb. Azərbaycan
Respublikası Konstitusiyasının 38-ci maddəsində
göstərilir”.
Hüquqşünas
Mayis Əliyev isə qeyd edir ki, bütün ölkələrdə
dövlətin vergi siyasətinin və əsasını sosial
təminatın təşkil etdiyi sosial siyasətin köməyi
ilə həyata keçirdiyi gəlirlərin yenidən
bölüşdürülməsi siyasəti mövcuddur:
“İqtisadi konsepsiya kimi sosial təminat anlayışı
ictimai istehlak fondları hesabına cəmiyyətin üzvlərinə
edilən bütün növ yardımları əhatə edir.
Sosial təminat insanların sosial problemlərini
həll etmək üçün dövlət və cəmiyyətin
istifadə etdiyi vasitədir. Hüquqi kateqoriya kimi sosial
təminat öz əksini dövlətin milli gəlirlərinin
yenidən bölüşdürülmə sisiyasətini
hüquqi mexanizmlər vasitəsilə həyata keçirməklə
normativ qaydada sosial təminatın həyata keçirilməsinin
təşkilati-hüquqi formalarını, sosial təminatın
növlərini və s. müəyyən edir. Sosial
kateqoriya kimi sosial təminat dövlətin insanın
özündən asılı olmayan səbəblərdən
maddi yardıma ehtiyacı olduğu zaman onun sosial statusunu bərpa
edir”.
Hüquqşünas onu da bildirir ki, sosial təminat dedikdə,
məqsədli maliyyə mənbələri hesabına
dövlət tərəfindən dəqiq müəyyən
edilmiş şərtlər əsasında və həcmdə
vətəndaşlara sosial sığorta hadisəsi baş
verdiyi hallarda onların sosial statusunun saxlanması
üçün ümumi daxili məhsulun
bölüşdürülməsi üsullarından biri
başa düşülür. Belə ki, “Sosial
sığorta haqqında” qanunun 4-cü maddəsi - sosial
sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi
ilə sığortaolunanın sığorta təşkilatından
sığorta ödəməsi almaq hüququ yaranır”
(ekspress.az).
İnsan hüquqları sistemindəə sosial
hüquqlara gəlincə, ekspertlər belə hesab edirlər
ki, bu anlayışla bağlı, mühafizə və
müdafiə təsəvvürləri ilə əlaqəli
problemin həlli üçün insanın əsas sosial
hüquqlarının siyahısını özünəməxsus
kataloqunu tərtib etmək vacibdir. Belə ki, beynəlxalq və yerli
normativ - hüquqi məzmununu daşıyan əsas xüsusi
beynəlxalq universal hüquqi aktda - iqtisadi, sosial və mədəni
hüquqlar barədə 1966-cı il Beynəlxalq
Paktının 6-13- cü maddələrində öz əksini
tapıb. Həmin sənəddə hər bir insanın əsas
sosial hüquqlarının siyahısı
aşağıdakı kimi təsbit olunub:
- əmək hüququ
- ədalətli və əlverişli əmək
şəraiti hüququ
- həmkarlar ittifaqı yaradılması
hüququ
- sosial təminat hüququ
- ailənin, ananın və uşaqların
mühafizəsi və onlara yardım hüququ
- normal həyat səviyyəsi hüququ
- sağlamlıq hüququ
- təhsil hüququ:
2000-ci il dekabr ayının 7-də Nitsa şəhərində
Əsas hüquqlar haqqında Avropa Birliyinin Xartiyası qəbul
olunub. 1995-ci ildə qəbul edilmiş insan hüquqları və
əsas azadlıqları haqqında MDB-yə üzv dövlətlərin
Konvensiyasında əsas sosial hüquqlar
aşağıdakı kimi təsbit edilib:
- əmək hüququ və işsizlikdən
müdafiə hüququ:
- əməyin azad şəkildə seçimi
hüququ:
- ailənin inkişafı və müdafiəsi
hüququ:
- nikahda kişi və qadının bərabər
hüququ:
- ana və uşaqların müdafiəsi
hüququ:
- sağlamlığın mühafizəsi
hüququ:
- sosial təminat hüququ:
- təhsil və peşə təlimi hüququ
(sabunchu.cls.az).
Xatırladaq ki, Azərbaycan Respublikası
Konstitusiyasının 27-ci maddəsi insanın yaşamaq
hüququna malik omasından bəhs edir. Ölkə
qanununa əsasən zəruri müdafiə, son zərurət,
cinayətkarın yaxalanması və tutulması, həbsdə
olanın həbs yerindən qaçmasının
qarşısının alınması, dövlətə
qarşı qiyamın yatırılması və ya dövlət
çevrilişinin qarşısının alınması,
ölkəyə silahlı basqın edilmə halları istisna
olmaqla insana qarşı silah işlədilməsinə yol
verilmir.
Onu da qeyd edək ki, ölkə
başçısının rəhbərliyilə insan
hüquq və azadlıqlarının müdafiəsinin səmərliliyinin
artırılması, hüquq mədəniyyətinin
inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və
hüquq müdafiə sisteminin təkmilləşdirilməsi
istiqamətində ardıcıl tədbirlər həyata
keçirilir.
İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli
sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan
Respublikasında insan hüquq və azadlıqlarının
müdafiəsinin səmərəliliyini artırmaq sahəsində
Milli Fəaliyyət Proqramı” insan və vətəndaş
hüquqlarının müdafiəsi sahəsində
aparılan məqsədyönlü siyasətin bir nümunəsidir.
Hüquqşünaslar
qeyd edirlər ki, hüquqi dövlətdə, iqtisadi cəhətdən
müstəqil insan kütləsi məkanında vətəndaş
cəmiyyətinin olması mümkündür. Bu baxımdan
hüquqi konstitusiya dedikdə isə, insanların hüquq və
azadlıqlarına təminat verilməsi, dövlətin ali hakimiyyət orqanlarının fəaliyyətini
tənzimləyən əsas prinsiplərin müəyyənləşdirilməsi,
hüquqi sistemin əsaslarının yaradılması,
dövlət, cəmiyyət və insan arasında münasibətlərin
tənzimlənməsi başa düşülür.
Azərbaycan Respublikası Konstitusiyasını səciyyələndirən mühüm cəhətlərdən biri insan və vətəndaş hüquqlarının kifayət qədər əhatəli şəkildə təsbit olunması və bu hüquqları tanımaq, müdafiə və təmin etməyin isə dövlətin əsas məqsədi olduğunun elan edilməsidir. Belə ki, Konstitusiyanın 12-ci maddəsinin birinci hissəsinə uyğun olaraq insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir.
Ekspertlər qeyd edirlər ki, Konstitusiyanın qəbulundan sonra ölkədə həyata keçirilən çoxşaxəli islahatlar da məhz insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli təmini məqsədinə yönəlmiş, bu prosesdə vətəndaş cəmiyyəti təsisatlarının rolu genişləndirilib. Bundan başqa, ictimai münasibətlərin inkişaf tempi, cəmiyyətin dinamik tərəqqisi ilə bağlı olaraq dövlət idarəetmə sisteminin əsasını təşkil edən mühüm qanunvericilik aktlarının müasirləşdirilməsi bir qayda olaraq sosial tələbat kimi gündəliyə gəlir (unec.edu.az).
Burdan da belə nəticəyə gəlmək olar ki, Konstitusiya hər bir dövlətin hüquq sisteminin fundamental əsasını təşkil etdiyindən ölkənin inkişaf xüsusiyyətlərini özündə ehtiva etməli, müasirliyi, demokratikliyi, insan və vətəndaş hüquq və azadlıqlarına etibarlı təminat mexanizmləri formalaşdırması ilə diqqəti çəkməlidir. Yəni, Konstitusiyanın zamanın ruhu, cəmiyyətin iradəsi ilə uzlaşması, proqressiv yeniliklərə adekvat reaksiya verməsi vacibdir.
Rəşid RƏŞAD
Ekspress.-2017.-15-17
aprel.-S.10.