Hüquqi dövlətdə işsizlik məsələsi

 

Dövlətin üzərinə düşən əsas vəzifələrdən biri də işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə etməsidir. Uzun illərin təcrübəsi göstərir ki, ölkədə işsizlərin, qeyri-məşğul insanların sayı artdıqca vətəndaşların sosial vəziyyəti pisləşir, əhali yoxsullaşır, dövlətin gəliri aşağı düşür, ölkədə sosial gərginlik artır. İşsizliklə bağlı sosial vəziyyətin pisləşməsi iqtisadiyyatın inkişafını zəiflədir, hətta bu, uzun müddət davam etdikdə böhrana salır, belə arzuedilməz hallar isə ölkədə intizamsızlıq, hüquqpozmalarının sayının artmasına və s. kimi neqativ hallara səbəb olur.

 

Göründüyü kimi, işsizlik, qeyri-məşğulluq arzuolunan hal deyilhüquqi dövlət, vətəndaş cəmiyyətini gücləndirmək istəyən hər bir siyasi hakimiyyət bu bəlaya qarşı daim mübarizə aparır.

 

Əmək fəaliyyətinin önəminin böyük olması Konstitusiyamızda da təsbit edilib. Əsas qanunun 35-ci maddəsində qeyd edilir ki, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və yeri seçmək hüququ vardır.

Əməyə ehtiyac var, böyük əksəriyyət işləmək istəyir, lakin heç kəs zorla işlədilə bilməz.

 

Konstitusiyaya əsasən əmək müqavilələri sərbəst bağlanılır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

 

Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək, fövqəladə vəziyyət və hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir.

Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

 

Konstitusiyada bildirilir ki, işsizlərin dövlətdən sosial müavinət almaq hüququ var.

 

Əmək fəaliyyətinin tənzimlənməsinin önəmi nəzərə alınaraq Azərbaycanda Əmək Məcəlləsi də qəbul edilib. Əmək Məcəlləsi müvafiq hüquq normaları ilə əmək münasibətlərində işçilərin və işəgötürənlərin əmək, sosial, iqtisadi hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatların minimum səviyyəsini müəyyən edir. Həmçinin Konstitusiyanın ikinci bölməsində nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquqlarının və azadlıqlarının təmin edilməsi prinsipləri və qaydaları da bu məcəllə ilə təsbir olunur.

Məcəlləyə əsasən, Azərbaycan bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, Beynəlxalq Əmək Təşkilatının konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar təsbit edilir.

 

Adıçəkilən qanunların tələblərinə uyğun olaraq Azərbaycan hökuməti əhalinin əmək fəaliyyətinin yaxşılaşdırılması, işsizliyin aradan qaldırılması istiqamətində tədbirlərini görür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən, əmək müqaviləsi üzrə elektron informasiya sisteminin məlumatına əsasən 2017-ci ilin 1 yanvar tarixinə muzdla işləyənlərin sayı 2016-cı ilin 1 yanvarına nisbətən 15,4 min nəfər artaraq 1,2653 milyon nəfər (Naxçıvan MR və əmək müqavilələri kağız üzərində bağlananlar istisna olmaqla) təşkil edib. 2016-cı ildə 403,8 min ədəd əmək müqaviləsi bağlanılıb, 388,4 min ədədinə isə xitam verilib. 2016-cı ildə iqtisadiyyatın ən çox tikinti və ticarət sektorlarında əmək müqaviləsinə xitam verilmə halı qeydiyyata alınıb. Belə ki, tikinti sektorundan 62,7 min nəfərin, ticarət sektorunda 58,8 min nəfərin əmək müqaviləsinə xitam verilib ki, bu da bütün xitam verilən əmək müqavilələrinin 31,2 faizini təşkil edir. Xitam verilən əmək müqavilələrinin 4,6 faizi müəssisənin ləğvi və ştatların ixtisarı səbəbi ilə bağlı olub.

 

2016-cı ildə iqtisadiyyatın tikinti sektorundan 4660 nəfərin, maliyyə və sığorta sektorundan isə 2241 nəfərin əmək müqaviləsinə müəssisənin ləğvi və ştatların ixtisarı səbəbi ilə bağlı xitam verilib.

 

Ötən il ərzində həyata keçirilən aktiv məşğulluq tədbirləri nəticəsində Dövlət Məşğulluq Xidməti orqanlarına 204283 nəfər müraciət edib, onlardan 56631 nəfəri münasib işlə təmin edilib, 1147 nəfəri haqqı ödənilən ictimai işlərə, 3352 nəfəri isə peşə hazırlığı kurslarına cəlb olunub, 11010 nəfərə işsiz statusu verilib, 11552 nəfərə işsizlik müavinəti təyin edilib. 2016-cı ildə əvvəlki illə müqayisədə işlə bağlı müraciət edənlərin, işlə təmin olunanların, eləcə də işsiz statusu alanların və işsizlik müavinəti təyin olunanların sayında əhəmiyyətli artım müşahidə olunub.

 

Nazirlik bildirir ki, pərakəndə işçi qüvvəsinin daha səmərəli və etibarlı fəaliyyətini təmin etmək məqsədilə ötən il “Əmək Bircaları” tərəfindən 3093 nəfər işsiz vətəndaş, o cümlədən 1595 nəfər qadın, 1323 nəfər gənc, 107 nəfər qaçqın və məcburi köçkün, 13 nəfər əlil müvəqqəti xarakterli işlərə göndərilib. 2016-cı il ərzində respublikanın 54 şəhər və rayonunda keçirilən əmək yarmarkalarında 1633 müəssisə tərəfindən təqdim olunub 14823 boş (vakant) yerinə 4405 nəfər işsiz vətəndaş üçün göndəriş verilib, onlardan 3420 nəfəri (77,6 faizi) münasib işlə təmin edilib, 160 nəfəri peşə hazırlığı kurslarına, 141 nəfəri isə haqqı ödənilən ictimai işlərə cəlb olunub. Bakı, Gəncə, Sumqayıt, Lənkəran şəhərlərində və Abşeron rayonunda məzun və tələbələrin işlə təmin olunmasına köməklik göstərilməsi, eləcə də məzunların və tələbələrin əmək bazarına inteqrasiyası məqsədi ilə “Karyerada ilk addım” devizi altında 10 ali təhsil ocağında keçirilən tədbirlərdə 370 müəssisə tərəfindən 1838 boş (vakant) yeri işaxtaranlara təqdim edilib. Tədbirlər nəticəsində 215 nəfərə göndəriş verilib, onlardan da 74 nəfəri (34,4 faizi) münasib işlə təmin edilib, 3781 məzun və tələbənin şəxsi məlumatları müəssisələr tərəfindən qəbul edilib, 180 nəfər isə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub. 2016-cı il ərzində Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən 32 peşə üzrə 175 qrup olmaqla peşə hazırlığı kursları təşkil edilib. Bu kurslara əmək bazarının tələblərinə uyğun olaraq 3352 nəfər cəlb olunub ki, onlardan da 2398 nəfəri Bakı, Naxçıvan və Göyçay Regional Peşə Tədris Mərkəzlərində (1479 nəfər Bakı, 507 nəfər Göyçay və 413 nəfər Naxçıvan) hazırlanıb.

Ötən il Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarına hesabat təqdim edən 13923 müəssisənin 11,5 faiziya 1600 müəssisə tərəfindən boş (vakant) yerləri haqqında məlumat verilib. 2016-cı il ərzində işaxtaranişsiz vətəndaşların işlə təmin olunmasında, əmək bazarının tənzimlənməsində işəgöturənlər tərəfindən təqdim olunan vakant yerləri haqqında məlumatlar öz müsbət rolunu oynayıb. Qeyd olunan dövr üzrə Dövlət Məşğulluq Xidmətinin yerli orqanları vasitəsi ilə orta hesabla hər 100 vahid vakansiyaya 51 nəfər işlə təmin edilib.

 

Nazirlik bildirir ki, 2016-cı ilin yanvarın 26-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş iclasda Azərbaycan Respublikası Prezidenti tərəfindən verilən tapşırığa müvafiq olaraq məşğulluq sahəsində dövlət şirkətləri ilə birgə fəaliyyət həyata keçirilib. Dövlət şirkətləri tərəfindən qısa müddətdə Nazirliyin Məşğulluq Xidməti orqanlarına 18 minə yaxın yeni vakansiyalar barədə məlumatlar təqdim edilibbu orqanlarda işaxtaran kimi qeydiyyata alınan şəxslər müvafiq göndərişlər əsasında həmin yerlərində işlə təmin olunub.

 

Bundan əlavə, ötən il Nazirliyin Məşğulluq Xidməti orqanlarına təqdim edilən vakansiyalar üzrə 16,5 minə yaxın işaxtaran şəxs respublikanın regionlarında yerli icra hakimiyyətləri tərəfindən həyata keçirilən abadlıq və təmir-tikinti işlərinə cəlb edilibbu şəxslərlə müvafiq əmək müqavilələri bağlanılıb. Müqavilələrin 25,3 faizi mülki-hüquqi xarakter daşıyıb, 74,7 faizi isə əmək müqaviləsi formasında rəsmiləşdirilib. Bağlanan əmək müqavilələrinin 83,9 faizi müddətli əmək müqaviləsi olub. Görülən tədbirlər nəticəsində 2016-cı ilin mart-iyun aylarından işçi qüvvəsinin hərəkətində müsbət saldo yaranıb, yəni bağlanan əmək müqavilələrinin sayı xitam verilən əmək müqavilələrinin sayından artıq olub. Lakin ilin ortalarında yaranan nisbi sabitlik ilin ikinci yarısında dəyişməyə başlanılıb. 2016-cı ilin iyul ayından başlayaraq işçi qüvvəsinin hərəkətində mənfi saldo müşahidə olunub. Bunun da başlıca səbəbi bağlanan əmək müqavilələrinin qısa müddətli xarakter daşıması idi. Belə ki, sosial məsuliyyətin bölüşdürülməsi çərçivəsində bağlanan müddətli əmək müqavilələrinin 58,7 faizi 6 ayadək, 41 faizi 6 aydan 1 ilədək, 0,3 faizi isə 1 ildən yuxarı olub. Sistemin məlumatlarına əsasən 2016-cı ilin may ayının 27-i ilə müqayisədə 1 yanvar 2017-ci tarixinə dövlət şirkətlərinin 2016-cı ilin fevral-mart aylarında işsiz vətəndaşlarla bağladıqları müvəqqəti əmək müqavilələrinin 13,4 min ədədinə xitam verilib. Mövcud vəziyyət ilin əvvəlində sosial məsuliyyətin bölüşdürülməsi çərçivəsində dövlət şirkətləri ilə həyata keçirilib birgə fəaliyyətin davam etdirilməsi zərurətini ortaya qoyub.

 

Bunu nəzərə alaraq, 2016-cı ilin dekabr ayının sonunda Azərbaycan Respublikası Prezidenti tərəfindən verilən tapşırığa müvafiq olaraq məşğulluq sahəsində sosial məsuliyyətin bölgüsü çərçivəsində dövlət şirkətləri ilə birgə fəaliyyətin növbəti ildə davam etdirilməsi qərara alınıb. Hazırda bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilməkdədir.

 

Vasif CƏFƏROV

Ekspress.-2017.-20 aprel.-S.10.