Demokratiya, yaxşı idarəçilik
və sabitlik
Avropa İttifaqı Azərbaycandakı
islahatları dəstəkləyir
Azərbaycanın
xarici siyasətinin prioritet hədəflərindən birini
Avropa İttifaqı ilə siyasi, iqtisadi və humanitar sahələrdə
tərəfdaşlığın inkişafı və
gücləndirilməsi təşkil edir.
Dünyada ən yaxşı inkişaf modellərindən biri kimi özünü sübut etmiş Aİ təcrübəsi ölkəmiz üçün böyük maraq kəsb edir və bu baxımdan Avropa standartlarının Azərbaycanda tətbiq edilməsi ölkəmizin inkişafı istiqamətində qarşımıza qoyduğumuz bir çox məqsədlərə nail olmaq üçün əhəmiyyətlidir.
Qanunun aliliyi, insan hüquqları və demokratiyaya gəlincə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bu sahələr Avropa Qonşuluq Siyasətinin tərkib hissəsidir və bunlara Avropa İttifaqı-Azərbaycan arasında əməkdaşlıqda mərkəzi yer ayrılır. Belə ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın hüquqi çərçivəsini təşkil edən Tərəfdaşlıq və Əməkdaşlıq Sazişində (TƏS) Tərəflər arasında demokratik institutların möhkəmləndirilməsi və insan hüquqları və əsas azadlıqlarının müdafiəsi sahəsinə aid məsələlər, o cümlədən qanunvericiliyin hazırlanması və həyata keçirilməsi, məhkəmə və seçki sistemlərinin fəaliyyəti üzrə əməkdaşlıq nəzərdə tutulub.
2010-cu ildən başlayaraq Aİ-Azərbaycan Əməkdaşlıq Komitəsi nəzdində fəaliyyət göstərən Ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya məsələləri üzrə Alt-komitə çərçivəsində ölkəmiz və Aİ arasında insan hüquqları və demokratiya sahələri üzrə dialoq aparılmaqdadır. Burada hər iki tərəfin ekspertləri Avropa Qonşuluq Siyasəti çərçivəsində 2006-cı ildə qəbul olunmuş Aİ-Azərbaycan Fəaliyyət Planının həyata keçirilməsi kontekstində qarşılıqlı maraq kəsb edən məsələlər, o cümlədən gələcək əməkdaşlıq perspektivlərinə dair məlumat və fikir mübadiləsi aparır.
Alt-komitənin işi ilə paralel olaraq, Aİ və Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatları arasında da insan hüquqları və demokratiyaya aid seçilmiş mövzular üzrə illik seminarlar təşkil olunur. Bundan əlavə, Azərbaycan tərəfinin təklifi əsasında, Alt-komitənin rəsmi iclasları ilə yanaşı həmçinin tematik ekspert tədbirlərinin keçirilməsi də nəzərdə tutulur.
Azərbaycan Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı (ŞT) çərçivəsində də əməkdaşlıq edir. ŞT-nın ikitərəfli ölçüsü çərçivəsində həyata keçirilən Hərtərəfli İnstitusional Quruculuq Proqramı gələcək Assosiasiya Sazişinin həyata keçirilməsi üçün zəmin hazırlanması naminə əsas təsisatların gücləndirilməsinə şərait yaradır. Proqram 3 klasterdən ibarətdir və 2-ci klaster çərçivəsində o cümlədən insan hüquqları və demokratiya sahələrində fəaliyyət göstərən qurumların imkanlarının artırılması nəzərdə tutulur. Çoxtərəfli ölçüdə isə ŞT-nın “Demokratiya, yaxşı idarəçilik və sabitlik” adlı birinci platforması çərçivəsində Azərbaycan ekspertləri məhkəmə sisteminin təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə və digər tematik panellərdə fəal iştirak edir, həmçinin müxtəlif layihə və proqramlara qatılır.
Yeri gəlmişkən, aprelin 21-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının “Demokratiya, yaxşı idarəçilik və sabitlik üzrə” 1-ci çoxtərəfli Platforması nəzdində yaradılmış Dövlət İdarəçiliyi İslahatları Paneli çərçivəsində seminar keçirilib. “Dövlət qulluğu sistemində məlumat bazalarının yaradılması və idarə edilməsi” mövzusunda təşkil olunan tədbir Avropa Xarici Fəaliyyət Xidməti və Dövlət İmtahan Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov Avropa İttifaqı ilə Azərbaycan arasında inkişaf edən tərəfdaşlıq münasibətlərinin, o cümlədən Aİ tərəfindən dəstəklənən institusional quruculuq alətlərinin xüsusi əhəmiyyətindən danışıb. Beynəlxalq əməkdaşlığa xüsusi önəm verildiyini bildirən sədr müavini Şərq Tərəfdaşlığının Dövlət İdarəçiliyi İslahatları Paneli çərçivəsində aparılan təcrübə və bilik mübadiləsinin qarşılıqlı olaraq faydasını qeyd edib: “Ölkədə dövlət qulluğu sahəsi üzrə baza yaradılıb və fəaliyyət göstərir. Biz istəyirik ki, gələcəkdə bu bazaya kadrların, dövlət qulluqçularının işi barədə bütün məlumatları əldə etməyə imkan verən yeni alətlər daxil edilsin”.
“Dövlət qulluğunda vakant vəzifələrn kateqoriyalar üzrədir. Bizdə yeddi kateqoriya üzrə dövlət qulluğu vəzifəsi var” deyən Xəlilovun sözlərinə görə, hazırda Dövlət İmtahan Mərkəzi vakant dövlət qulluğu vəzifələrinə namizədləri seçmək üçün müsabiqənin keçirilməsinə hazırlıq işləri aparır.
“Dövlət qulluğu haqqında” qanuna bir sıra dəyişikliklər edildiyini xatırladan sədr müavini deyib ki, müsabiqənin, o cümlədən test və müsahibənin keçirilməsində bir sıra dəyişikliklər olub. “Sadəcə, bu günə normativ-hüquqi baza tam formalaşmayıb. Biz bütün normativ-hüquqi aktların qəbul olunmasını gözləyirik”.
B.Xəlilov qeyd edib ki, dövlət qulluğuna qəbulun müsahibə qaydalarında da dəyişikliklər nəzərdə tutulub: “Hazırda müsahibənin keçirilməsi qaydaları müvafiq orqanlara təqdim olunub və biz bu yaxınlarda həmin qaydaların təsdiq olunmasını gözləyirik. Təklif olunan dəyişikliklər elə də çox deyil. Əvvəllər müsahibə komissiyası ən azı 3 nəfərdən ibarət idi. İndi isə üzvlərin sayının 5 olması nəzərdə tutulur”.
Avropa İttifaqının Azərbaycan bölməsinin Əməliyyatlar bölməsinin müdiri Yerun Villems isə qeyd edib ki, “Şərq tərəfdaşlığı” proqramı təcrübə mübadiləsi üçün geniş imkanlar təklif edir (APA). Onun sözlərinə görə, istənilən ölkədə dövlət xidmətləri dövlətin idarəedilməsinin əsas motivi olur. Beynəlxalq təcrübə göstərir ki, dövlət xidmətlərinin genişləndirilməsi və yüksəldilməsi iqtisadi, biznes, cəmiyyət, yüksək səviyyədə inam, sosial iqtisadi inkişaf kimi çoxlu aspektlərdən asılıdır. Avropa İttifaqı “Şərq tərəfdaşlığı”nın iştirakçıları olan digər ölkələr kimi Azərbaycanda da dövlətin idarəçiliyi sahəsinə xüsusi diqqət yetirir. Avropa İttifaqı daima Azərbaycanda dövlət idarəçiliyinin gücləndirilməsi məqsədilə aparılan islahatların əsaslarını dəstəkləyir. “Azərbaycanda institusional idarəetmədə hazırkı islahatların əsas bölmələrindən biri də Tviniq layihələridir. Ötən həftə Azərbaycanda Tviniq layihələrinin icrasının 10 illiyi qeyd edilib. Azərbaycanda Tvininq layihələrinin səviyyəsinin yüksəlməsi Şərq Tərəfdaşlığı çərçivəsində digər layihələr üzrə əməkdaşlığın sayının artmasına səbəb olur. Tvininq layihələri dövlətin idarəedilməsi sahəsində islahatların aparılması üçün çox vacibdir”.
Azərbaycan Xarici İşlər Nazirliyinin şöbə müdiri Aysel Yaqubova Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Azərbaycan-Avropa İttifaqı arasında əlaqələrin son vaxtlar müşahidə olunan müsbət dinamikası və 2017-ci ildə Aİ ilə Azərbaycan arasında yeni ikitərəfli saziş layihəsi üzrə danışıqların başlaması baxımından önəmini vurğulayıb.
Azərbaycan prezidentinin bu yaxınlarda Brüsselə səfəri zamanı Azərbaycan və Avropa İttifaqı arasında yeni tərəfdaşlıq sənədi üzrə danışıqlara rəsmi start verildiyini xatırladan XİN rəsmisi deyib ki, Azərbaycan Avropa İttifaqı ilə turizm, təhsil, mədəniyyət, kiçik və orta sahibkarlığa dəstək və s. sahələr üzrə dialoqu genişləndirməkdə maraqlıdır. Onun sözlərinə görə, “Şərq tərəfdaşlığı” proqramı digər sahələrlə yanaşı, dövlət qulluğu sahəsində islahatların aparılması təcrübəsini də gücləndirəcək. A.Yaqubova qeyd edib ki, bu proqram Avropa İttifaqı, eyni zamanda iştirakçılar arasında əməkdaşlığın, qarşılıqlı əlaqələrin formalaşması üçün səmərəli platformalardan biridir: “Avropa İttifaqı ilə dialoqun aparılması bizim üçün prioritet sahələrdən biridir və ikitərəfli əlaqələrin inkişafında çox vacibdir. “Şərq tərəfdaşlığı”nın platformaları və panelləri ölkələr arasında ən yaxşı təcrübələrin və biliklərin mübadiləsi baxımından səmərəli vasitələrdən biridir”.
Xatırladaq ki, Şərq Tərəfdaşlığı təşəbbüsü Aİ Xarici İşlər Nazirlərinin 26 may 2008-ci il tarixində Brüsseldə keçirilmiş görüşü zamanı Polşa və İsveç tərəfindən irəli sürülüb. Şərqi AQS ölkələri üçün vahid formatın təsis edilməsini nəzərdə tutan sözügedən təşəbbüs Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarusu (Şərq tərəfdaş ölkələri) əhatə edir.
3 dekabr 2008-ci il tarixində ŞT təşəbbüsü üzrə Məlumat Sənədi və onu müşayiət edən İşçi Sənəd AK tərəfindən Avropa Parlamentinə və Aİ-nin dövlət və hökumət Başçılarının Şurasına təqdim olunub. Bu iki sənəd ŞT-yə dair AK-nın mövqeyi və təkliflərini əks etdirərək, AQS çərçivəsində Aİ-nin Şərq tərəfdaş ölkələri ilə gələcək əməkdaşlıq istiqamətlərini müəyyən edib.
7 may 2009-cu il tarixində Praqada keçirilən ŞT üzrə Zirvə görüşündə sözügedən təşəbbüsün əsas məqsədləri və prinsipləri, həmçinin gələcək əməkdaşlıq prosesinin ümumi cizgiləri müəyyən edən Birgə Bəyannamə qəbul edilmiş və bununla da ŞT-yə yüksək rəsmi səviyyədə başlanğıc verilib.
ŞT Aİ və Şərq tərəfdaş ölkələri arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılması, mövcud əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatda davam etdirilərək genişləndirilməsini nəzərdə tutur. Belə ki, Aİ və hər bir tərəfdaş ölkə arasında daha sıx əlaqələrin yaradılması məqsədilə ikitərəfli format çərçivəsində mövcud Tərəfdaşlıq və Əməkdaşlıq Sazişləri əvəzinə yeni, Assosiasiya Sazişlərinin imzalanması, tərəfdaş ölkənin Ümumdünya Ticarət Təşkilatına üzv olduğu təqdirdə onunla dərin və müfəssəl azad ticarət zonasının yaradılması, həmçinin vizaların tədricən liberallaşdırılması, tərəfdaş ölkələrin və Aİ-nin enerji təhlükəsizliyinin gücləndirilməsi məqsədilə daha dərin əməkdaşlığın həyata keçirilməsi və s. planlaşdırılır.
ŞT həmçinin Aİ və
Şərq tərəfdaş ölkələri arasında
münasibətlərə yeni format əlavə etmişdir.
Çoxtərəfli format tərəfdaş
ölkələr arasında əlaqələri təşviq
edərək, islahatlar sahəsində tərəfdaş
ölkələrin həyata keçirdikləri tədbirlər
üzrə məlumat və təcrübə mübadiləsinin
və ŞT-nin gələcək
inkişafına dair müzakirələrin
aparılması üçün forum kimi nəzərdə
tutulur. Bu format çərçivəsində
ŞT-yə daxil olan
ölkələrin dövlət və hökumət başçılarının
hər iki ildən bir
görüşünün, hər il Aİ üzv dövlətlərinin
və Şərq tərəfdaş ölkələrinin Xarici İşlər Nazirlərinin illik iclasının keçirilməsi nəzərdə
tutulur. Əməkdaşlığın əsas
sahələrinə uyğun olaraq dörd tematik platforma (demokratiya, yaxşı idarəçilik və
sabitlik; iqtisadi inteqrasiya və Aİ siyasətlərinə
yaxınlaşma; enerji təhlükəsizliyi;
insanlar arasında təmaslar)
yaradılıb.
Murad MƏMMƏDLİ
Ekspress.-2017.-22-24 aprel.-S.10.