Məhkəmə-Hüquq Şurasının

məhkəmə sistemində rolu

 

Məhkəmə sistemində həyata keçirilən önəmli islahatlardan biri Məhkəmə-Hüquq Şurasının yaradılması ilə bağlıdır. 2005-ci ildə yaradılan qurumun çox böyük səlahiyyəti var.

 

2004-cü ilin dekabrın 28-də qəbul edilən “Məhkəmə-Hüquq Şurası” haqqında Qanuna əsasən, Şura Azərbaycanda məhkəmə sisteminin təşkilinin təmin edilməsi, vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri səlahiyyəti daxilində həll edən məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirir.

 

Qanunvericiliyə görə, Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu qanun, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycanın digər normativ hüquqi aktları təşkil edir. Məhkəmə-Hüquq Şurası öz fəaliyyətini müstəqillik, qanunçuluq, kollegiallıq, qərəzsizlik və obyektivlik prinsipləri əsasında qurur.

 

Məhkəmə-Hüquq Şurası daimi fəaliyyət göstərən müstəqil orqandır və təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqifiziki şəxslərdən asılı deyil. Bu qurum qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, elmi təşkilatlarla qarşılıqlı fəaliyyət göstərir.

 

Məhkəmə-Hüquq Şurası 15 üzvdən ibarət olur. Şurasının tərkibi əsasən hakimlərdən, habelə icra, qanunvericilik, prokurorluq orqanları və Azərbaycan Vəkillər Kollegiyasının nümayəndələrindən ibarət olur. Şuraya Mərkəzi icra hakimiyyəti orqanının rəhbəri, Ali Məhkəməsinin sədri, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilən şəxs, Milli Məclisi tərəfindən təyin edilən şəxs, Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim, hakim assosiasiyaları tərəfindən təklif olunan namizədlər sırasından Ali Məhkəməsinin təyin etdiyi kassasiya instansiyası məhkəməsinin iki hakimi, hakim assosiasiyaları tərəfindən təklif olunan namizədlər sırasından Ali Məhkəməsinin təyin etdiyi apellyasiya məhkəmələrinin iki hakimi, hakim assosiasiyaları tərəfindən təklif olunan namizədlər sırasından Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin təyin etdiyi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi daxildir. Bunlardan başqa Şuraya hakim assosiasiyaları tərəfindən təklif olunan namizədlər sırasından müvafiq icra hakimiyyəti orqanının təyin etdiyi birinci instansiya məhkəməsinin iki hakimi, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən təyin edilən vəkil, Baş Prokurorluq tərəfindən təyin edilən şəxs daxil olur.

 

Azərbaycan Ədliyyə Nazirliyinin rəhbəri və Ali Məhkəməsinin sədri vəzifəyə görə Məhkəmə-Hüquq Şurasının üzvləri hesab edilirlər.

 

Qanunvericiliyə görə, müvafiq icra hakimiyyəti orqanı, Milli Məclis və Baş Prokurorluq tərəfindən Məhkəmə-Hüquq Şurasına üzv təyin edilən şəxslər ali hüquq təhsilinə və hüquqşünas ixtisası üzrə beş ildən artıq stacına malik olmalıdırlar. Məhkəmə-Hüquq Şurası üzvlərinin səlahiyyət müddəti beş ildir.

 

Məhkəmə-Hüquq Şurasının çox geniş vəzifələri var. Şura məhkəmələrin təşkil olunmasına dair hökumətə təklif verir, hakim vəzifəsinə namizədlərin seçilməsi işini təşkil edir, hakimlərin fəaliyyətini və məhkəmə sədrlərinin, sədr müavinlərinin və məhkəmə kollegiyaları sədrlərinin məhkəmə fəaliyyətinin təşkili ilə bağlı işini qiymətləndirir. Həmçinin hakimlərin yerinin dəyişdirilməsinə, onların vəzifədə irəli çəkilməsinə, səlahiyyət müddətinin uzadılmasına, Ali Məhkəmənin, apellyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, ağır cinayətlər məhkəmələrinin sədrləri istisna olmaqla, təyin olunan hakimlər sırasından məhkəmələrinin sədrlərinin, sədr müavinlərinin və məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsinə, habelə bu şəxslərin vəzifədən azad edilməsinə və ya digər vəzifəyə keçirilməsinə dair məsələləri müzakirə edir.

 

Şura hakimlərin müstəqilliyinin təmin edilməsi və məhkəmələrin işinə kənar müdaxilələrin qarşısının alınması üçün tədbirlər görür, hakimlərin təltif olunması, mükafatlandırılması və intizam məsuliyyəti məsələlərinə baxır, hakimlərin səlahiyyətlərinə xitam verilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi barədə müraciətlərə baxır və s..

 

Hazırda Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədovdur.

 

Məhkəmə-Hüquq Şurasının tərkibində hakimliyə namizədlərin seçilməsi məqsədilə müstəqil qurum olan Hakimlərin Seçki Komitəsi də fəaliyyət göstərir. Şuranın məlumatına əsasən hakimliyə namizədlərin Avropada ən mütərəqqi və şəffaf üsullarla seçilməsi qaydası müəyyən olunub.

 

Məhkəmə-Hüquq Şurası tərəfindən Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamə, Vakant olan hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları işlənib hazırlanıb və Avropa Şurasında ekspertizadan keçirildikdən sonra qəbul edilib, Hakimlərin Seçki Komitəsinin tərkibi formalaşdırılıb.

 

Hakimlərin Seçki Komitəsinin 11 üzvü var ki, onların da yarıdan çoxu hakimdir. Digərləri isə icra hakimiyyəti orqanını, Məhkəmə-Hüquq Şurasının Aparatını, prokurorluğu və vəkilliyi təmsil edirlər.

 

Qeyd edək ki, hakimlərin seçilməsi ilə bağlı yeni qaydalara uyğun olaraq bütün namizədlər üçün bərabər şərait yaradılır, onlar vahid zalda imtahanlar verir və nəticələr dərhal, həmin zalda namizədlərin qarşısında yoxlanılaraq elan edilir.

 

Hakimliyə namizədlərlə şəffaf prosedurlar əsasında, beynəlxalq standartlara uyğun keçirilmiş test üsulu ilə, habelə yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış şəxslər növbəti mərhələyə - yarım il davam edən ilkin uzunmüddətli tədris kurslarına buraxılırlar. Məhkəmələrdə stackeçmə dövrünüuğurla başa vurduqdan sonra hakimliyə namizədlərlə Hakimlərin Seçki Komitəsi tərəfindən yazılı və şifahi imtahan keçirilir.

 

Namizədlərin hakim işləmək üçün zəruri olan keyfiyyətlərə yiyələnməsini müəyyən etmək məqsədilə keçirilən yekun müsahibələrin nəticələri Hakimlərin Seçki Komitəsi tərəfindən qiymətləndirilir və namizədlər Məhkəmə-Hüquq Şurasına təqdim olunurlar.

 

Namizədlər Məhkəmə-Hüquq Şurasına təqdim olunduqdan sonra Şura tərəfindən onlarla söhbət aparır və vakant hakim vəzifələrinin sayına müvafiq birinci instansiya məhkəmələrinin hakimi təyin edilmələri barədə Azəbaycan Respublikası Prezidentinə təqdimat verir.

 

Məhkəmə-Hüquq Şurası səlahiyyətlərinə və üzrəinə düşən vəzifələrin icrası ilə əlaqədar mütəmadi iclaslar keçirir. Şuranın iclası sonuncu dəfə bu ilin aprelin 13-də baş tutub.

 

Məhkəmə-Hüquq Şurasının bütün apellyasiya məhkəmələri sədrlərinin və hakim assosiasiyaları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda məlumat verilib ki, Azərbaycan Prezidenti tərəfindən 3 800-dən çox, o cümlədən martda 423 məhkum əfv edilib. Bundan başqa Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 4 amnistiya aktı qəbul edilibamnistiyadan 40 min insan bəhrələnib.

 

Tədbirdə bildirilib ki, dövlət başçısının təşəbbüsü ilə ötən il iqtisadi sahədə bəzi əməllərin dekriminallaşdırılması ilə bağlı cinayət qanunvericiliyinə mühüm dəyişikliklər edilərək, 1500-dək məhkum cəza çəkməkdən azad olunub, yaxud cəza müddətləri azaldılıb. Bu baxımdan dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı 10 fevral 2017-ci il tarixli Sərəncamının müstəsna əhəmiyyətinin olduğu qeyd edilib.

 

İclasda Sərəncamın icrası üzrə tədbirlər müzakirə olunub, onun ölkəmizdə insan haqlarının, xüsusilə azadlıq hüququnun təmin edilməsi, habelə məhkəmə, prokurorluqistintaq orqanlarının fəaliyyətinin yeni tələblər səviyyəsində qurulması üçünyol xəritəsi” olduğu vurğulanıb. Həbs qətimkan tədbirinin seçilməsinə yanaşmanın köklü surətdə dəyişməsi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin müstəsna hallarda seçilməsinə nail olunması Sərəncamın əsas məqsədlərindən biri kimi müəyyən edilib.

 

Şuranın iclasında bildirilib ki, Ali Məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə təcrübəsi əvvəllər ümumiləşdirilib, məsələyə həssaslıqla yanaşılması məhkəmələrə tövsiyə edilib. Bu sahədə kobud pozuntulara görə Məhkəmə-Hüquq Şurası tərəfindən 15 hakim ciddi intizam məsuliyyətinə cəlb edilib, 3 hakimin səlahiyyətinə vaxtından əvvəl xitam verilməsi barədə qərar qəbul olunub.

 

Şuranın toplantısında vurğulanıb ki, məhkəmələrdə baxılan cinayət işlərinin və bütövlükdə məhkumetmənin sabitliyi ölkəmizdə ictimai təhlükəsizliyin və hüquq qaydasının təmin edilməsində önəmli nailiyyətdir. Lakin təəssüf ki, barəsində həbs qətimkan tədbiri seçilən və həbs müddəti uzadılan, habelə azadlıqdan məhrumetmə cəzasına məhkum olunan şəxslərin sayı xeyli artıb.

 

Şurada bildirilib ki, bununla əlaqədar həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlama müddətinin uzadılması ilə bağlı təcrübə Ali Məhkəmə tərəfindən ümumiləşdirilərək bu günlərdə Plenumun geniş iclasında müzakirə olunub, bu sahədə mövcud nöqsanların aradan qaldırılması və vahid məhkəmə təcrübəsinin yaradılması məqsədilə bütün məhkəmələrə icmal məktubunun göndərilməsi qərara alınıb.

 

Şurada cəza siyasətinin humanistləşdirilməsi üzrə cinayət qanunvericiliyinə 200-dən artıq dəyişikliyin edilməsi, o cümlədən iqtisadi sahədə törədilən bir çox cinayətlərin dekriminallaşdırılması, azadlıqdan məhrumetməyə alternativ cəzaların nəzərdə tutulması ilə bağlı, habelə, şərti məhkum etmə və cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutlarının, həbsə alternativ olan qətimkan tədbirlərinin daha geniş tətbiqinə imkan verən dəyişikliklərin edilməsi barədə hazırlanan mühüm qanun layihəsi ətraflı müzakirə edilib.

 

Vasif CƏFƏROV

Ekspress.-2017.-25 aprel.-S.10.