QHT-lərin
üzləşdikləri problem həllini tapacaqmı?
III sektor
nümayəndələri dövlət
başçısına müraciət etdi
Xəbər verildiyi kimi, Maliyyə Bazarlarına Nəzarət
Palatası (MBNP) Azərbaycanda fəaliyyət göstərən
kommersiya banklarına məktubla müraciət edib. Müraciətdə
“Nağdsız hesablaşmalar haqqında” qanunun müvafiq
müddəaları əsas gətirilərək bankların nəzərinə
çatdırılıb ki, sahibkarlara biznes kreditləri onun
sahibkarlıq fəaliyyəti ilə bağlı
açdığı hesaba köçürmə yolu ilə
verilməli, bu halda şəxsi hesaba köçürməyə
yol verilməməlidir.
Bundan başqa, müraciətdə qeyd olunub ki, qanunla
dövlət satınalma müqaviləsi üzrə əldə
olunan vəsaitin istifadəsi (xərclənməsi) yalnız
nağdsız qaydada həyata keçirilməlidir. Belə ki,
dövlət müəssisəsindən sifariş qəbul edən
sahibkarın (podratçı və yaxud subpodratçı)
dövlət müəssisəsi tərəfindən
köçürülmüş vəsaiti hesabından məxaric
etməyə hüququ yoxdur. Dövlət
müəssisəsi 5 min manata qədər sifarişi dövlət
satınalması keçirmədən birbaşa verə bilər,
bundan artıq məbləğ isə dövlət
satınalma müqaviləsi əsasında köçürmə
hesab edilir və nağd çıxarıla bilməz.
MBNP-nin bu qərarı III sektorda ciddi narazılıq
yaradıb. Qeyri Hökumət Təşkilatlarının (QHT)
nümayəndələri hesab edirlər ki, bu sahədə
ciddi problemlər olduğundan, verilən qərarın inzibati
qaydada məcburi tətbiq edilməsi yanlışdır və
heç bir effekt verməyəcək. Digər
tərəfdən, nağdsız hesablaşmaların həyata
keçirilməsi üçün infrastruktur demək olar ki,
yox səviyyəsindədir.
Bəs QHT-lər problemin həlli yolunu nədə
görürlər? QHT Şurasının üzvü Sahib Məmmədova
görə, “Nağdsız hesablaşmalar haqqında” qanun
fiziki şəxslər, sahibkarlıq subyektləri, bank əməliyyatlarını
aparan digər şəxslərə böyük problem
yaradır.
Onun sözlərinə görə, bu qanunun tətbiqi ilə
banklar, sahibkarlıq subyektləri, QHT-lərin fəaliyyəti
iflic olub. S.Məmmədov deyib ki, qanuna görə
sahibkarlıq subyektləri üçün ay ərzində
nağdılaşdırma ilə bağlı 15 min
manatlıq, büdcə vəsaitləri ilə bağlı hər
bir müqaviləyə görə 5 min manatlıq limit müəyyən
edilib. Onun fikrincə, bu limitlər tətbiqi
fiziki və hüquqi şəxslər, sahibkarlıq subyektləri,
eləcə də bankların fəaliyyətinə mənfi təsir
edir (APA). Şura üzvü hesab edir ki, ölkədəki
bəzi sahibkarlıq subyektləri, xidmət sahələri
nağdsız hesablaşmaya hazır deyil: “Bankların
çoxu heç 5 min manatdan aşağı müqavilələr
üzrə ödənişlər etmirlər. Maliyyə
Bazarlarına Nəzarət Palatasının əməkdaşları
qanunu düzgün əsaslandıra bilmir. Palatanın
göndərdiyi məktubun özü qüsurludur. Məsələn, banklar bilmir ki, bu özəl
şirkətlərə aid pullara da aiddir, yoxsa yox. Halbuki, nağdsız hesablaşmalara görə limit
yalnız dövlət büdcəsinin vəsaitlərinə
aid olmalıdır. Banklar 5000 manatdan 1 manat
artıq nağdılaşdırma olanda əməliyyat
aparmır. Nəticədə nə əmələ
gəlir? Banklar itirir. Banklar
nağd əməliyyatlar apararkən daha yüksək faiz, məsələn
1%-ə qədər vəsait götürürdülər.
İndi banklar bu qazancdan məhrumdurlar. Bu qanunun tətbiqindən dövlət büdcəsi
itirir. Çünki bu ildən 1%
nağdılaşdırma vergisi tətbiq olunur. Bəzi subyektlər də elə əməliyyatlar
var ki, onlar nağdsız əməliyyat apara bilmirlər.
Ölkədə xidmət və ticarət sahəsində
mövcud olan strukturların təxminən 80%-nin heç bank
hesabları yoxdur”. Məsələn, kimsə
ezamiyyətdə olanda Kürdəmir və ya Ağsuda nahar
edirsə, bu ödəniş üçün bankdan neçə
köçürmə etmək olar? Bununla
bağlı mexanizm yoxdur. Yaxud ezamiyyətə
gedəndə şəxsi avtomobillərlə xidmət
göstərənlərin nə çekləri, nə də
bank hesabları var. Sadəcə onlar aylıq ödənişləri
edirlər. Xarici ezamiyyətə gedən
şəxsin nəqliyyat, yemək xərclərini necə
ödəyəcəyi ilə bağlı da mexanizmi yoxdur.
Elə ödəniş formaları var ki,
onları köçürmə ilə etmək mümkün
deyil. Məsələn, kimsə gedib 3
manatlıq dəftərxana ləvazimatları almalıdır
və yaxud ezamiyyətə gedəndə 5 manat yemək pulu
verməlidir. Xaricdə ezamiyyətdə
olan şəxs heç əvvəlcədən qidalanma
üçün xərcinin nə qədər
olacağını bilmir. İndi bu şəxs
bankdan invoys götürməli və gətirib onu ödəməlidir.
Bütün dünyada nağdsız
hesablaşmalar məsələsi könüllü həll
olunub. Xarici ölkələrdə,
İsveçrədə nağdsız hesablaşmalarla
bağlı belə qadağalar yoxdur. Sadəcə,
bu ölkələrdə sistem o qədər mükəmməldir
ki, əhali özü nağdsız ödənişə meyl
edir. Azərbaycanda bunun icbari qaydada tətbiqi
effekt verməyəcək. Çünki,
Azərbaycanda adi supermarketlər belə nağdsız
hesablaşmaya hazır deyilsə, hansısa yolun kənarında
olan qəzet köşkü, su satılan yer, xidmət
göstərən yeməkxananın buna hazır
olmağından danışmaq olmaz”.
Şura üzvü bildirib ki, MBNP Normativ-hüquqi aktlar
haqqında Konstitusiya Qanununa zidd olaraq “Nağdsız
hesablaşmalar haqqında” qanunu geriyə şamil edir.
“Qanunun qüvvəyə minməsindən əvvəl
QHT-lərlə bağlanmış müqavilələr
üzrə də nağdsız ödənişləri qadağan
edib. Maraqlı odur ki, hazırda dövlət
orqanlarını da ciddi narahat edən bu qanunla və onun
qüsurlu tətbiqi ilə bağlı MBNP-yə heç bir
təsir mexanizmi yoxdur. Eyni zamanda, indi QHT-lərlə
bağlı daha bir problem var. Məsələn, Prezident
yanında QHT-lərə Dövlət Dəstəyi
Şurası müqavilə üzrə nəzərdə
tutulan vəsaitin 70%-ni QHT-yə köçürür. İş tam yekunlaşdıqdan və təhvil veriləndən
sonra yerdə qalan vəsait QHT-nin hesabına
köçürülürdü. Bu
qanunun tətbiqindən sonra hesabdakı vəsaitin
çıxarılmasının heç bir mexanizmi yoxdur.
Bu vəsaitlər bankın hesablarında
qalır. Baxmayaraq ki, qanun 2016-cı ilin
noyabrında qəbul edilib, bu tarixdən əvvəl
bağlanan müqavilələrə görə vəsaitin
çıxarılması mümkün deyil. Normativ-hüquqi aktlar haqqında Konstitusiya Qanununa
görə, qanun geri şamil edilə bilməz”.
Vətəndaş
cəmiyyətinin hər bir üzvünün bu məsələ
ilə bağlı narahatlıq keçirdiyini deyən S.Məmmədov
dövlət başçısının QHT sektoruna
böyük dəstəyi fonunda MBNP-nin qərarlarını
absurd sayır: “Prezident İlham Əliyev Gənclər Fonduna
3 milyon manat ayırıb. Bu dövlət
başçısının QHT sektoruna dəstəyinin bariz
nümunəsidir. Bu baxımdan statusu bəlli
olmayan publik hüquqi şəxs tərəfindən bu cür
məhdudiyyətlərin qoyulması başa düşülən
deyil. Bu orqanın banklara göstəriş
vermək hüququ yoxdur. Palata mərkəzi
icra orqanı deyil, bu orqanın qəbul etdiyi aktlar hamı
üçün məcburi xarakter daşıya bilməz.
Palata yalnız tövsiyə verə bilər.
Amma təəssüf ki, indiki halda Palatanın
tövsiyələri konstitusiya qanunundan güclüdür”.
Konstitusiya
Araşdırmaları Fondunun prezidenti, Açıq Hökumətin
Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti
Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev
“Cümhuriyət” qəzetinə QHT-lərin maliyyə
imkanlarının zəif olduğunu deyərək, bildirib ki,
bu qərar tətbiq olunarsa, III sektor faktiki olaraq öz fəaliyyətini
icra edə bilməyəcək: “Bu gün QHT-lərdə
maliyyə dayanıqlılığı möhkəm deyil və
maliyyə mənbələrinə çıxışla
bağlı müəyyən çətinliklər var.
Doğrudur, Azərbaycan prezidentinin sərəncamından sonra
Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu məsələ
bir az yüngülləşdirildi. Amma digər
tərəfdən, bəzi requlyativ qurumlar tərəfindən
elə qərarlar qəbul edilir ki, hüquqi və
qeyri-hüquqi şəxslərin, eləcə də QHT-lərin
fəaliyyətini məhdudlaşdırılmasına gətirib
çıxarır. Xüsusilə də
nağdsız hesablaşmalar haqqında qərar qəbul
edildikdən sonra, nizamlayıcı qurumlar tərəfindən
məhdudlaşmaların miqyası genişlənməyə
başladı. Vətəndaş cəmiyyətinə
artıq dövlət büdcəsindən ayrılmış
vəsaitlərin nağd çıxarılmasına məhdudiyyətlər
qoyuldu. Maliyyə Bazarlarına Nəzarət
Palatası tərəfindən banklara belə bir göstəriş
verilib. Palata bu qərarla bütün
hesablaşmaların nağdsız qaydada aparılmasını
təklif edir” deyən Nuriyevin sözlərinə görə,
bu da əlbəttə ki, QHT-lərin fəaliyyətində
müəyyən çətinliklər yaradır.
Dediyinə
görə, bu qərarda söhbət satınalmalardan getməlidir
və həcmi 5 min manatdan yuxarı olan satınalmalarda
nağdsız hesablaşma aparılmalıdır: “Əslində
nizamlayıcı orqan belə bir qərar verməklə həm
də öz səlahiyyətləri aşıb. Bu QHT-lərin fəaliyyətinə ciddi maneələr
yaradır. Bu baxımdan
düşünürəm ki, məsələyə
aydınlıq gətirilməlidir. Eyni
zamanda vergilərlə bağlı da aydın olmayan bir
sıra məqamlar var. Bu məsələlərə
aydınlıq gətirilməsi üçün Vergilər
Nazirliyi ilə QHT-lər arasında görüşün
keçirilməsi nəzərdə tutulur”.
QHT-lərin Azərbaycan cəmiyyətinin mühüm
bir təchizatı olduğunu deyən Ə.Nuriyev Azərbaycanda
prezident tərəfindən III sketorun fəaliyyətinə
xüsusi diqqət yetirildiyini vurğulayıb. Onun sözlərinə
görə, eyni zamanda, QHT Şurasının
yaradılması, QHT-lərin bir çox dövlət
qurumlarının idarə edilməsində ictimai şuralara cəlb
edilməsi QHT-lərin nə qədər çox önəmli
struktur olduğunu göstərir. “Digər
tərəfdən Şuranın sədri, deputat Azay Quliyev tərəfindən
Parlamentdə QHT-lərin banklarla bağlı probemli qaldırıldı.
Bundan əlavə Azay Quliyev verdiyi bütün
müsahibələrdə Palatanın qəbul etdiyi qərardan
sonra QHT-lərin narazılığını dilə gətirib.
Düşünürəm ki, yaxın günlərdə
QHT-ləri narahat edən bütün problemlər aradan
qaldırılacaq”.
İqtisadçı-ekspert
Qadir İbrahimli isə “yeniçağ.az”a deyib ki, Maliyyə
Bazarlarına Nəzarət Palatası artıq mondatından və
funksiyalarından kənara çıxır: “Bu
hesablaşmaların dayandırılması Azərbaycanın
biznes mülkünün pisləşdirilməsi deməkdir. Sahibkarlara, iş adamlarına əməliyyat problemləri
yaratmaqdır. Bir çox əməliyyatlar var
ki, onların bank vasitəsi ilə əməliyyatları
aparıla bilməz. Məsələn, ezamiyyət xərclərini
götürək: hansısa rayona gedirik, orada yemək, yol və
digər müəyyən xərcləri bank üzərindən
necə ödəmək olar? Hər hansısa qərar verilirsə,
ilk öncə əsaslandırılmalıdır” deyən
ekspertə görə, elə qərarlar qəbul edilməlidir
ki, iş adamlarının vəziyyətini
ağırlaşdıran yox, yüngülləşdirən və
sadələşdirən olmalıdır. Onun fikrincə, bu isə
əsaslandırılmayan və iş adamlarına əlavə
problemlər yaradan bir qərardır. “Ümumiyyətlə,
bir çox əməliyyatlar var ki, onların nağd şəkildə
həyata keçirilməsi daha məqsədə uyğundur.
Qeyd etdiyim amillər mütləq şəkildə
nəzərə alınmalıdır. Bu, Palatanın
mondatına daxil deyil ki, iş adamlarının əməliyyatlarına
müdaxilə etsin və ya hansısa bir çərçivəyə
salsın”.
Yeri gəlmişkən, aprelin 25-də yüzlərlə QHT rəhbəri bankların göstərdiyi xidmətlərin məhdudlaşdırılması ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. Müraciətdə bildirilir ki, son günlər banklar Maliyyə Bazarlarına Nəzarət Palatasının məktubuna istinad etməklə, qanunvericiliyə əsasən qeyri-hökumət təşkilatlarına göstərməli olduqları bank xidmətlərinin əhatə dairəsini məhdudlaşdırıblar. Nəticədə ölkədə dövlət tərəfindən maliyyələşdirilən yüzlərlə QHT-nin ictimai əhəmiyyətli layihələrinin icrasında qeyri-müəyyənliklər meydana gəlib. Buna səbəb isə “Nağdsız hesablaşmalar haqqında” qanunun 3.4.7-ci maddəsinə istinad edilərək dövlət donor qurumları tərəfindən ayrılmış vəsaitin rəsmiləşdirilməsini nəzərdə tutan qrant müqaviləsinin dövlətsatınalma müqaviləsi kimi qiymətləndirilməsi olub.
“MBNP-nin 16 dekabr 2016-cı il tarixli “Nağdsız hesablaşmalar haqqında” qanuna istinad edərək banklara ünvanladığı məktubun icrası nəticəsində problemlər yaranıb. Belə ki, QHT-lər 15 min manatadək məbləğ çərçivəsində nağd qaydada hesablaşmaların aparılmasını həyata keçirə bilmirlər. Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən keçirilən müsabiqə nəticələrinə əsasən müxtəlif layihələrin icrası ilə bağlı ayrılmış maliyyə vəsaitləri qeyri-hökumət təşkilatlarının bank hesablarına köçürülsə də, bu vəsaitlərdən istifadə praktiki olaraq mümkünsüz hal alıb”.
Bu səbəbdən də QHT-lər ictimai əhəmiyyətli layihələrinin həyata keçirilməsi ilə bağlı yaranmış çətinliyin aradan qaldırılması və qanunvericiliklə müəyyən edilmiş 15 min manatadək məbləğdə hesablaşmaların nağd qaydada aparılmasının təmin olunmasına dair dövlət başçısından müvafiq göstəriş verməsini xahiş ediblər.
Murad MƏMMƏDLİ
Ekspress.-2017.-26 aprel.-S.10.