İnsan hüquq və azadlıqlarının müdafiəsinə proqram yanaşma

 

Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində səmərəliliyi artırmaq üçün mühüm sənədlərdən biriMilli Fəaliyyət Proqramıdır. Proqram Azərbaycan Prezidentinin 2011-ci ilin dekabrın 27-də imzaladığı Sərəncamla təsdiqlənib.

Ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və milli qanunvericilik aktlarında təsbit olunan əsas insan hüquq və azadlıq-larının müdafiəsinin səmərəli təmini baxımından böyük əhəmiyyət kəsb edən bu sənəd 6 fəsildən, 61 bənddən və 14 yarım-bənddən ibarətdir. Prorramın icrasına 43 dövlət orqanı, o cümlədən, şəhər və rayon icra hakimiyyətləri cəlb olunub.

 

Milli Fəaliyyət Proqramında normativ hüquqi bazanın təkmilləşdirilməsi, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi, insan hüquq-ları sahəsində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, tədris, elmi-analitik və maarifləndirmə tədbirləri, beynəlxalq təşkilatlarla əmək-daşlıq istiqamətlərində mühüm tədbirləri, o cümlədən Proqramın həyata keçirilməsinin əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsi me-xanizmi ilə bağlı müddəalar öz əksini tapıb.

Bundan əlavə, Proqramda mülkisiyasi, iqtisadi, sosial və mədəni hüquqların, o cümlədən əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi ilə bağlı tədbirlər də nəzərdə tutulub.

 

Milli Fəaliyyət Proqramı ilə bağlı Ali Məhkəməsinin sədri Ramiz Rzayev öz şərhində qeyd edir ki, Proqramının birinci fəsli normativ-hüquqi bazanın təkmilləşdirilməsinə həsr olunub. Həmin fəsildə Azərbaycan qanunları layihələrinin hazırlanması zamanı Konstitusiyada və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilən insan hüquq və azadlıqlarının əsas meyar kimi rəhbər tutulması, həmçinin Azərbaycanın tərəfdar çıxdığı insan hüquqlarına və azadlıqlarına dair beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin həyata keçirilməsi və Azərbaycanın normativ-hüquqi aktlarının beynəlxalq-hüquqi sənədlərə uyğunluğunun təmin edilməsi nəzərdə tutulur.

R.Rzayev bildirir ki, Konstitusiyasının 96-cı maddəsinə müvafiq olaraq Ali Məhkəmə qanunvericilik təşəbbüsü hüququna malikdir. Bu isə ilk növbədə Ali Məhkəmə tərəfindən qanunvericilik təşəbbüsü qaydasında hazırlanan qanun layihələrində insan hüquq və azadlıqlarının əsas meyar kimi rəhbər tutulmasını, həmçinin qanunvericiliyin insan hüquqları sahəsində Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğunluğunun təmin edilməsi məqsədilə qanunvericilik təşəbbüsündən istifadə edilməsini tələb edir.

 

Bir qayda olaraq Ali Məhkəmənin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə qanun layihələrini təqdim etməsi intensiv xarakter daşımır. Ali Məhkəmə qanunvericilik təşəbbüsü ilə məhkəmə hakimiyyətinin təcrübədə daha çox rastlaşdığı, xüsusən, mülki, mülki prosessual, cinayət, cinayət prosessual, əmək, ailə, torpaq, inzibati, pensiya təminatı və sair sahələrdə boşluqların doldurulması, köhnəlmiş normaların müasir dövrün tələblərinə uyğunlaşdırılması, insan hüquq və azadlıqlarının daha səmərəli təmininə nail olunması ilə bağlı qanun layihələrinin hazırlanmasında təşəbbüskarlıq göstərir. Bu cür layihələrin hazırlanması isə əsasən qanunvericiliyin ayrı-ayrı sahələri üzrə məhkəmələrdə baxılan işlərin ümumiləşdirilməsi, meydana çıxan problemlərin hakimlərin iştirakı ilə müzakirəsi, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə nail olunması üçün yolların axtarılması nəticəsində meydana çıxır. R.Rzayeyin fikrincə, odur ki, hakimlər hüquqtətbiqetmə sahəsində fəaliyyətlərini həyata keçirərkən qanunvericiliyin insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsini təmin etməsi üçün yollar axtarmalı və bu prosesdə yaranan mütərəqqi ideyaların qanunvericiliyə daxil edilməsi üçün təşəbbüslə Ali Məhkəməyə müraciət etməli, onların təklifləri öyrənilməklə zəruri hallarda qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalıdır.

 

Ali Məhkəmə sədri vurğulayır ki, Milli Fəaliyyət Proqramında həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Qanununun qəbul edilməsinin ifadəsini tapmasını əhəmiyyətli haldır. Bu Qanun 2012-ci ildə qəbul edilib.

Qanunda şübhəli və təqsirləndirilən şəxslərin həbs yerlərində saxlanılmasının qanunçuluq, təqsirsizlik prizumpsiyası, qanun qarşısında bərabərlik, humanizm, şərəf və ləyaqətə hörmət edilməsi, beynəlxalq müqavilələrə əməl olunması prinsipinin müvafiq qaydada həyata keçirilməsini nəzərdə tutur.

Qanunda qeyd olunur ki, şəxsin həbsdə saxlanılmasına yalnız məhkəmə qərarı əsasında yol verilir. Hər bir tutulanya həbsə alınan şəxsə dərhal tutulmanın, yaxud həbsə almanın səbəbləri, habelə şübhənin və ya ittihamın mahiyyəti, ifadə verməmək və müdafiəçi tərəfindən hüquqi yardım almaq hüquqları bildirilməlidir.

 

R.Rzayev söyləyir ki, Qanunda əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə təqsirləndirilən şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama təcridxanasına keçirilməsinin qadağan olunması barədə müddəanın nəzərdə tutulması saxlanılan şəxslərə münasibətdə pis rəftarın tətbiqindən müdafiə baxımından mütərəqqi norma kimi dəyərləndirilməlidir.

Qanun müvafiq olaraq həbs yerlərində daxili nizam qaydalarının müəyyən edilməsi, hər şeydən əvvəl, azadlığı məhdudlaşdırılmış şəxslərin sağlamlığının, təhlükəsizliyinin təmininə yönəlib. Həmin qaydalar digərləri ilə yanaşı, şübhəli və təqsirləndirilən şəxslərin qəbul edilməsi, qeydiyyatının aparılması, kameralarda yerləşdirilməsi, şəxsi axtarışın aparılması, gündəlik gəzinti, maddi-məişət təminatı məsələlərini tənzimləyir.

Milli Fəaliyyət Proqramının ikinci fəsli əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinə yönələn tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

 

R.Rzayev bildirir ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının kütləvi şəkildə pozulması, işğal nəticəsində Azərbaycanın təbii, tarixi və mədəni sərvətlərinin dağıdılması faktının dünya ictimaiyyətinə çatdırılması və onlara dəymiş zərərin Ermənistan dövləti tərəfindən ödənilməsi məqsədilə beynəlxalq təşkilatlarda işin davam etdirilməsi kimi müddəaların Milli Fəaliyyət Proqramında nəzərdə tutulması dövlətçilik, azərbaycançılıq baxımından mühüm əhəmiyyət kəsb edir.

Milli Fəaliyyət Proqramında həmin tədbirlərin ayrı-ayrı dövlət orqanları tərəfindən yerinə yetirilməsinin nəzərdə tutulmasına baxmayaraq, bu sahədə hər bir Azərbaycan vətəndaşı üzərinə düşən vəzifəni vicdanla həyata keçirməlidir.

Etnik azlıqların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində fəaliyyətin davamlılığı barədə müddəaların Milli Fəaliyyət Proqramına daxil edilməsi milli mənsubiyyətindən asılı olmayaraq hamının bərabər hüquqlara malik olmasına əsaslanır.

Məhkəmələrdə etnik azlıqlara mənsub olan şəxslərin işlərinə baxılarkən milli-etnik xüsusiyyətlər, adət-ənənələr, dil ilə bağlı məsələlər nəzərə alınmalı, məhkəmə prosesində tərəflərin hüquq bərabərliy dəi təmin olunmalıdır.

Milli Fəaliyyət Proqramının müddəalarından biri də sahibkarların və istehlakçıların hüquqlarının möhkəmləndirilməsi ilə bağlıdır.

 

R.Rzayev söyləyir ki, Ali Məhkəmənin Plenumunun “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” qərarında məhkəmələrə müvafiq tövsiyələr verilib, bu sahədə işlərə baxılarkən rəhbər tutulmalı olan prinsiplər şərh edilib.

 

Əhalinin mülkiyyət hüquqlarının təmin edilməsi sahəsində tədbirlərin səmərəliliyinin artırılması ilə əlaqədar müddəaların Milli Fəaliyyət Proqramında ifadəsini tapması məhkəmələrin də bu sahədə işlərini günün tələbləri səviyyəsinə qaldırmalarını tələb edir. Belə ki, mülkiyyətin hər bir forması dövlət tərəfindən qorunur. Hər bir cəmiyyətdə mülkiyyətlə bağlı mübahisələrin mövcudluğu qaçılmazdır. Həmin mübahisələrin ədalətli həlli isə məhkəmələrin fəaliyyətindən çox asılıdır.

 

R.Rzayev qeyd edir ki, Milli Fəaliyyət Proqramında  kütləvi informasiya vasitələri üçün  fikir və ifadə azadlığının həyata keçirilməsi ilə bağlı təlimlərin təşkil edilməsini əhəmiyyətlidir. Onun fikrincə, söz azadlığı demokratik cəmiyyətin işlərinin həllində cəmiyyətin bütün üzvlərinin bərabər iştirakında maraqlı olan demokratik recimin əlamətidir. Səmərəli fəaliyyət göstərən demokratiya şəraitində fikri ifadə etmək azadlığı özü-özlüyündə əhəmiyyətli olmaqla yanaşı, digər hüquqların müdafiəsində də mühüm əhəmiyyət kəsb edir. Müstəqil və qərəzsiz məhkəmə tərəfindən müdafiə olunan fikri ifadə etmək azadlığına təminat verilmədən azad dövlət və demokratiya mövcud ola bilməz. Fikri ifadə etmək azadlığı demokratik cəmiyyətin mühüm əsaslarından birini təşkil etməklə onun tərəqqisi və hər bir insanın inkişafının ən zəruri şərtidir.

 

Məhkəmələrin kütləvi informasiya vasitələri ilə əməkdaşlığı  insan hüquq və azadlıqlarının təmini sahəsində önəm kəsb edir. Mətbuatla əlaqələrin yaxşılaşdırılması üçün Ali Məhkəmədə spiker-hakimlər  müəyyənləşdirilib, onlar kütləvi informasiya vasitələri nümayəndələrinin suallarını cavablandırır və zəruri məlumatları onlara verirlər. Hər ilin yekununda kütləvi informasiya vasitələrinin əməkdaşları üçün açıq qapı günü keçirilir, KİV-in əməkdaşları üçün təşkil olunan görüşdə görülən işlər barədə məlumat verilir, curnalistlərin bütün sualları cavablandırılır. Eyni zamanda, Ali Məhkəmənin fəaliyyəti haddında məlumat kitabçası hazırlanır və KİV nümayəndələrinə və maraqlı təşkilatlara təqdim olunur.

 

Qeyd edək ki, Proqram konkret bir dövrü əhatə etmir, orada nəzərdə tutulan tədbirlərin davamlı həyata keçirilməsi nəzərdə tutulur.

 

Vasif CƏFƏROV

Ekspress 2017.- 1 avqust.- S.10.