“Bir
arzum var: Şuşada konsert vermək! “
Moskvada görkəmli Azərbaycan
musiqiçisi Fərhad
Bədəlbəylinin yubiley
gecəsi keçirilib
Moskva Dövlət Akademik Filarmoniyasının P.İ.Çaykovski
adına konsert salonunda görkəmli Azərbaycan pianoçusu,
Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq Artisti, Dövlət mükafatı laureatı,
professor Fərhad Bədəlbəylinin
70 illik yubileyi münasibətilə təntənəli
gecə təşkil olunub.
Mədəniyyət və Turizm Nazirliyi, Rusiya Mədəniyyət Nazirliyi, Azərbaycanın
Rusiyadakı səfirliyi,
“Roskonsert” birliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə baş tutan yubiley gecəsi böyük uğurla keçib. Konsertdə Moskva Filarmoniyasının
Akademik Simfonik Orkestri, xalq artistləri Murad Adıgözəlzadə və
Yalçın Adıgözəlov,
əməkdar artistlər
Əyyub Quliyev və Fuad İbrahimov,
gənc tenor Azər Rzazadə, soprano Kyara İzotton iştirak ediblər. Konsertin proqramına Fikrət
Əmirov, Cuzeppe Verdi,
Corc Gerşvin, Sergey Raxmaninovun əsərləri
daxil edilmişdi.
Fərhad
Bədəlbəyli AZƏRTAC-a müsahibəsində dünyanın
mədəniyyət mərkəzlərindən
biri olan Moskvada Azərbaycan incəsənətini təmsil
etməkdən böyük
şərəf duyduğunu
söyləyib: “Hər
bir musiqiçi üçün Moskva,
London, Vyana, Nyu-York səhnələrində çıxış
etmək böyük şərəfdir. Bu nəhəng musiqi mərkəzlərində səni
qəbul ediblərsə,
deməli sən peşəkar musiqiçisən”.
F.Bədəlbəyli qeyd edib ki, bu
gün həm də Moskva səhnəsində Fikrət
Əmirovun 95 illiyi münasibətilə dahi bəstəkarın əsərlərinin,
o cümlədən “Sevil”
operasından Balaşın
ariyasının və
Elmira Nəzirova ilə
birgə yazdığı
“Ərəb mövzusunda
fortepiano üçün konsert”inin
səslənməsi çox
sevindiricidir. Konsert proqramında ilk dəfə
S.Raxmaninovun fortepiano üçün
yazdığı 2 saylı
Suitası məşhur
aranjimançı A.Varenberqin
məxsusi işləməsində
iki fortepiano və simfonik orkestrlə ifa olunub. “Moskva dinləyiciləri çox tələbkardırlar,
buna görə də mən olduqca həyəcanlıyam”,
- deyən görkəmli
Azərbaycan musiqiçisi
yubileyi ərəfəsində
ən böyük arzusunu da dilə
gətirib: “Mənim ancaq bir arzum
var: Şuşada konsert vermək!”.
Yubiley gecəsinin
tamaşaçıları arasında olan məşhur sənət adamları və ictimai xadimlər
AZƏRTAC-a müsahibələrində Fərhad Bədəlbəylini
yubileyi münasibətilə
təbrik ediblər.
Azərbaycanın Rusiyadakı səfiri
Polad Bülbüloğlu:
-Mən bu gün
çox xoşbəxtəm
ki, Rusiya paytaxtının möhtəşəm
konsert salonlarından birində 60 illik dostum, Azərbaycan mədəniyyətinin görkəmli
nümayəndəsi Fərhad
Bədəlbəylinin 70 illik
yubiley gecəsi keçirilir. Mən konsertin təşkilində
dəstəyə görə
Heydər Əliyev Fonduna təşəkkürümü
bildirmək istəyirəm.
Bu gün yubiley
gecəsinə Azərbaycanı,
onun mədəniyyətini,
incəsənətini sevənlər
toplaşıb. Azərbaycanın görkəmli mədəniyyət
xadimlərinin Rusiya paytaxtında möhtəşəm
tədbirlər keçirməsi
artıq gözəl ənənəyə çevrilib.
Mən dostum Fərhada daha böyük uğurlar, cansağlığı,
həmişə irəlidə
olmağı diləyirəm.
Rusiyanın Əməkdar İncəsənət
Xadimi Janna Dozortseva:
-Fərhad uzun illər Rusiyanın konsert salonlarının yaraşığı olub.
Elə bir musiqi mövsümünü
xatırlamıram ki, Fərhad parlaq konsert proqramı ilə çıxış
etməsin. Məşhur dirijor Veronika Dudarova da onu
çox sevərdi.
Fərhad çox gözəl
pianoçudur. O, təkcə
Azərbaycanın deyil,
həm də Rusiyanın fəxri və sərvətidir.
TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman:
-Bu gün Moskvanın mədəni həyatında
əlamətdar hadisədir.
Rusiya paytaxtının ən yaxşı konsert salonlarından biri anşlaq yaşayır, tamaşaçılar Fərhadın
ifasına heyrandırlar.
Fərhad bu gün fortepianoda elə parlaq, elə qüsursuz, şövqlə
ifa edir ki, onun 70 illik
yubileyini qeyd etdiyimizə inana bilmirəm. Mən 20 yaşlı, 30 yaşlı Fərhadın
konsertlərini xatırlayıram.
Onu deyə bilərəm ki, səhnəyə, musiqiyə sonsuz məsuliyyətli münasibəti
heç dəyişməyib.
Fərhad təkcə qəlbən
deyil, həm də yaradıcılığı
ilə gəncdir.
SSRİ Xalq Artisti Tamara Sinyavskaya:
-Mən Fərhad Bədəlbəyliyə, ilk növbədə,
cansağlığı, yaradıcılıq
sevinci arzu edirəm. Fərhad Çaykovski adına
salonda dəfələrlə
çıxış edib
və mən əminəm ki, bugünkü konsert onun yaradıcılığının
daha bir zirvəsidir.
Xalq artisti Yalçın Adıgözəlov:
-Çox əlamətdar bir gün
yaşayırıq, görkəmli pianoçumuz,
musiqiçimiz, SSRİ Xalq
Artisti Fərhad Bədəlbəylinin 70 illiyini qeyd edirik.
Əminəm ki, onu irəlidə
böyük sənət uğurları
gözləyir. Biz silsilə yubiley konsertlərini Bakıda
başlamışıq, bu gün Moskvada
çıxış edirik və ümid edirəm ki, başqa ölkələrdə də davam etdirəcəyik. Fərhad müəllim
gümrahdır, yaradıcılığının zirvəsindədir,
fortepiano məktəbimizin lideridir
və gənc musiqiçilərimiz üçün
hər cəhətdən örnəkdir.
Ekspress 2017.- 15 dekabr.- S.13.