"Bəzi işlərimdə hələ
də ona hesabat verirəm..."
Bu gün onunla nə rəhbərlik etdiyi Azərbaycan Tibb Universitetindən, nə də tibb elminin müasir
inkişafından danışacağıq. Bu gün söhbətimiz tamam başqa mövzudadır, sənətlə
bağlıdır. O sənətlə
bağlıdır ki,
onun inkişafında Ağasadıq Gəraybəylinin
böyük xidmətləri
olub....
Bu il teatr
və kino sənətinin görkəmli
nümayəndəsi, Xalq
Artisti Ağasadıq Gəraybəylinin anadan olmasının 120 ili tamam olub. Bu münasibətlə dövlət
başçısının imzaladığı Sərəncamla
ölkəmizdə sənətkara
həsr edilmiş silsilə tədbirləri
keçirilib. Görkəmli sənətkar haqqında dövrü mətbuatda,
internet saytlarında və
televiziya kanallarında
çoxsaylı yazılar,
məqalələr, verilişlər
hazırlanıb. Biz də öz növbəmizdə Ağasadıq
Gəraybəyli sənətinin
və şəxsiyyətinin
görünən və
görünməyən tərəflərinə
baş vurmaq üçün sənətkarın
nəvəsi ilə görüşüb həmsöhbət
olduq. Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəylinin AZƏRTAC-a müsahibəsini
təqdim edirik.
- Babanız
Ağasadıq Gəraybəylini
necə xatırlayırsınız?
- Uşaqlıq illərimin böyük bir hissəsini babamın yanında keçirmişəm.
Buna görə də onun haqqında
xatirələrim yaddaşımda
dərin, silinməz iz qoyub. O, çox qayğıkeş,
sadə, səmimi insan idi. İstər ailədə,
istərsə də qohumlar arasında heç vaxt öz nailiyyətləri barədə danışmazdı.
Hər kəslə öz dilində danışmağı
bacarırdı, ailəsinə,
uşaqlarına və
nəvələrinə xüsusi
diqqətlə yanaşardı.
- Teatr tədqiqatçıları
qeyd edirlər ki, Dram Teatrında Ağasadıq Gəraybəylidən
çox rol oynayan ikinci bir aktyor olmayıb,
sizcə, onu bu sənətə bağlayan şövq, bacarıq nədən qaynaqlanır?
- Teatrşünas, teatr tənqidçisi olmadığımdan
bu barədə danışmaq mənim üçün çox çətindir. Sözsüz ki, mütəxəssislər
daha yaxşı təhlil apararlar. Ancaq onu qeyd etmək
istərdim ki, babam teatra və
sənətə hədsiz
dərəcədə bağlı
idi. O, teatrla, səhnə ilə yaşayırdı. Özünü teatrsız, səhnəsiz
təsəvvür etmirdi.
Məhz sənətə bu dərəcədə bağlılığın,
sevginin nəticəsidir
ki, bu qədər
rol oynayıb, yaddaqalan obrazlar yarada bilib.
- Müsahibələrinizin
birində babanızın
sizi aktyor kimi görmək istədiyini bildirmisiniz, bəs necə oldu ki, siz
bu sənəti seçmədiniz?
- Yuxarıda qeyd etdiyim kimi, uşaqlıq
illərimin çox hissəsini babamla keçirmişəm. Məktəbdə oxuyanda məni də özü ilə məşqlərə
aparardı. Demək olar
ki, məktəb illərimin yarısı qrim otaqlarında, kulislərdə, səhnə
arxasında keçib.
Bu ab-hava mənə
çox cəlbedici görünürdü. Bundan əlavə,
evimizdə də babamın çoxlu qrimləri, parikləri var idi. Hətta aktyor olmaq haqqında
düşünürdüm. Yuxarı sinifdə oxuyarkən Tibb Universitetinin tələbəsi olan bibim qızının dərs kitabları ilə tanışlıq mənim tibb sahəsinə həvəsimi
artırdı və həkimlik sənətini seçdim.
- “Mənim
rollarım balalarımdır,
onların hamısı
mənə əzizdir”
deyir böyük sənətkarlar. Onun üçün balası qədər əziz rol hansı
idi?
- Hesab edirəm ki, həqiqətən də bütün ifa etdiyi rollar
onun üçün doğma idi. Ancaq yaratdığı bəzi
rollarının daha doğma olduğunu söyləyərdi. Sabit
Rəhmanın “Əliqulu
evlənir” pyesi və Mirzə İbrahimovun “Kəndçi
qızı” əsərlərindəki
rollarını, eyni zamanda “Xurşidbanu Natəvan” pyesində Knyaz obrazından daha çox danışardı. Deməzdim ki,
ən əziz rolları idi, ancaq bu rollardan
böyük sevgi ilə söz açdığını xatırlayıram.
- Babanız sənət adamlarından
daha çox kimlərlə dostluq edərdi?
- Bir çox tanınmışlarla dostluq
münasibətləri vardı.
Teatrda olarkən dəfələrlə
babamın ətrafında
istər gənc, istər orta yaşlı aktyorları görürdüm. Yaşar
Nuri, Telman Adıgözəlovu xatırlayıram.
Babam tez-tez Mövsüm Sənani, İsmayıl Osmanlı, Əliağa Ağayev kimi məşhur aktyorlarla dostluğu haqqında danışardı. Digər tərəfdən,
bizim binada bir çox tanınmış şəxslər
yaşayırdı. Bülbül,
Məmməd Səid Ordubadi, Mirəsədulla Mirqasımov, Mirzə İbrahimov və Süleyman Rüstəm kimi qonşularımızla
sıx əlaqələri
var idi.
- Yaddaqalan obrazlar yaradan böyük sənətkarı
xatırladacaq əşyalar
qalıbmı yaşadığı
evdə?
- Bəli, onun rollarına aid geyimlərin,
kostyumların bir neçəsi indiyə qədər qalır. Xüsusən də “O olmasın,
bu olsun”da Rüstəm bəyin evindəki portret, çəkilişdən sonra
babama hədiyyə verilmişdi. Onu bərpa
elədik, indi də bizim evdədir.
Bu portret mənim
və ailəm üçün çox dəyərlidir.
- Heç şübhəsiz,
Ağasadıq Gəraybəylinin
kino yaradıcılığından
söhbət gedəndə
ilk yada düşən
Ağabala və məşhur Rüstəm
bəy obrazlarıdır.
Bu rollar barədə
özü nə deyərdi?
- Bu iki film onun yaradıcılığının
parlaq səhifələrindən
biri idi. Şəxsən mənə dəfələrlə
“O olmasın, bu olsun” kinofilminin çəkilişləri haqqında
danışıb. Məsələn, Rüstəm bəyin evindəki məclis zamanı yaranan davanı çəkərkən
rejissor hər bir aktyora ayrılıqda
edəcəyi hərəkətlər
barədə məlumat
verirmiş. Babam deyirdi
ki, “bilmirdim ki, kim mənə
sillə çəkəcək”.
Sən demə, heç kəs qarşısındakının
nə edəcəyini
bilmirmiş. Bu da rejissorun peşəkarlığından
irəli gəlir.
Filmdəki səhnələrin təbii alınması üçün qarşısındakının
zərbəyə hazırlaşa
bilməməsi və
aktyorun qəfil reaksiyasının lentə
alınması üçün
belə edibmiş.
- Böyük aktyorun nəvəsi olaraq həyatınızda
əldə etdiyiniz uğurlarda babanızın
hansısa rolu olub?
- Ağasadıq Gəraybəylinin
nəvəsi olduğum
üçün özümü
çox xoşbəxt
hesab edirəm. Təbii, həyatımda
valideynlərimin də
xüsusi rolu olub. Nənə və babamın
mənim tərbiyəm
və təhsilimdə,
inkişafımda rolunu
xüsusi vurğulamalıyam.
Babam uşaqlıqda mənimlə
saatlarla məşğul
olardı. Bəlkə də
elmə marağımın
bünövrəsi elə
o vaxtdan qoyulub. Məktəbi qızıl medalla
bitirəndə babamın
necə sevindiyi indiyə qədər yadımdadır. Bu, onun ömrünün son illərinə təsadüf
edirdi. Hərdən mən elə
gəlir ki, bəzi işlərimdə
hələ də ona hesabat verirəm.
Bəlkə də onun ruhu bu günə
qədər mənə
kömək edir.
- Bu il həm
də böyük sənətkarın yubileyidir...
- Ölkə rəhbərliyinin babamın
yaradıcılığına istər
sağlığında, istərsə də vəfatından sonra böyük diqqət
və qayğısını xüsusilə vurğulamaq
istərdim. Fürsətdən istifadə edərək
babamın yaradıcılığına verilən qiymətə
görə Prezident İlham
Əliyevə ailəmiz adından minnətdarlığımı
bildirirəm. Hər zaman bu
diqqətin şahidi olmuşam.
Babamın həm 80, həm də 90 yaşında ulu öndər Heydər Əliyevin evimizə
zəng vuraraq təbrik etdiyini
xatırlayıram. Həmin məqamlar indiyə qədər
ailəmizdə ən xoş hadisə kimi xatırlanır..
Ekspress 2017.- 28 dekabr.- S.13.