“Küçədən adam tutub səhnəyə çıxarırlar...”

 

Mehriban Abdullayeva: “Son zamanlar teatrda hər şey çox səthi gedir”

 

Tanınmış aktrisa Mehriban Abdullayeva teatr səhnəsində yaratdığı çoxsaylı obrazlarla tamaşaçı qəlbinə yol tapa bilib. “Solğun çiçəklər” televiziya tamaşası isə onu gənc yaşlarından tanıdıb, sevdirib. Bu yaxınlarda Cənnət Səlimovanın quruluş verdiyi “III Riçard” tamaşasında yaratdığı kraliça obrazı da onun böyük potensialını bir daha göstərdi. Bizi istedadlı aktrisa ilə söhbətləşməyə də məhz bu rolu sövq etdi.

 

- Mehriban xanım, bu sənəti sevib-seçməyiniz necə oldu?

 

- Orta məktəbdə oxuyanda mənim arzum həkim olmaq idi. O vaxt özfəaliyyət dərnəyində rəqs eləməyə çox böyük həvəsim var idi. Qax rayonunun Ləkit kəndində mədəniyyət evində həftədə bir dəfə kolxozda işləyənlər üçün konsertlər verərdik. Orda rəqs eləyərdim. İncəsənətə marağım olub, amma haçansa gəlib aktrisa olacağım ağlımdan keçməyib. Orta məktəbi bitirəndən sonra sənədlərimi Tibb İnstitutuna verdim, amma daxil ola bilmədim. Bir kənddə kolxozda işlədim. Adıma tütün sahəsi götürmüşdülər. Tütün əkib-yığırdım. İkinci il hazırlaşa bilmədim Tibb İnstitutuna. Gah anam, gah d atam xəstələnirdi. Qorxdum sənədlərimi ora verməyə, bilirdim ki, daxil ola bilməyəcəyəm. O vaxt məktəbdə mənimlə oxuyan qız dedi ki, “həvəsin var, rəqs eləyirsən, şeir deyirsən, gəl gedək, bir özünü yoxla. İncəsənət İnstitunda qəbul imtahanları tez başlayır. Sonra başqa bir yerə sənəd verə bilərsən”. Qıza dedim ki, “sən hansı fakültəyə sənəd verəcəksən?”. Dedi ki, musiqili komediyaya. Dedim, “onda mən də ora verəcəyəm”. Məktəbdə yaxşı oxumağım instituta qəbul olunmağıma kömək elədi. Musiqili komediya aktyorluğu fakültəsinə qəbul olundum. Mənə elə gəlirdi ki, gəlib deyəcəklər, “bura sənin yerin deyil, sən burdan getməlisən”. Özümü orada hiss eləyə bilmirdim. Xüsusilə orada dərs deyən sənətkarları görəndə, məni həyəcan bürüyürdü. Bizə birinci kursda Faiq Zöhrabov dərs dedi. Onun dərslərindən sonra məndə bu sənətə qəribə bir maraq, sevgi yarandı. İkinci kursda qəti qərara gəldim ki, aktrisa olmalıyam. O dərəcədə məndə bu sənətə bağlılıq yarandı. İnstitutda oxuya-oxuya “Nakam qız”da Sonanı -baş rolu mənə verdilər. Bu tamaşa o vaxt instituta səs saldı. Dedilər, “inanmazdıq ki, bu qız belə bir rol oynaya bilər”.

 

Sonra Ağakişi Kazımov gəldi bizimlə diplom tamaşası hazırladı. Diplom tamaşası hazırlaya-hazırlaya Akademik Dram Teatrında “Od gəlini”ni hazırlayırdı. Onda dedi ki, “kütləvi tamaşalara mənə uşaqlar lazımdır. Kim getmək istəyirsə, gələ bilər”. Bizdən bir neçə tələbə getdi, mən də onlara qoşuldum, kütləvi səhnələrə çıxdıq. İlk dəfə böyük səhnənin nə olduğunu orda gördüm. O vaxt beşinci kursda oxuyurdum. Diplom tamaşası hazırlayırdıq. Onda Ağakişi müəllim televiziya tamaşası götürdü: “Nişan üzüyü”. Dedi ki, “səni yoxlamaq istəyirəm, görüm, ekranda özünü necə aparacaqsan”. Orda bir cavan qız obrazı var idi, onu mənə vermişdi...

Dedilər ki, sentyabr ayında gəl tamaşalara çıx, sonra ştata götürəcəyik. Onda Ağakişi müəllim “Solğun çiçəklər”i televiziya üçün götürdü, məşqlərə başladıq. Orda Saranı oynadım. Ağakişi müəllim həm də orda “Vaqif” tamaşasını hazırlayırdı, xanəndə qızı mənə vermişdi. 1987-ci ilin mart ayında “Solğun çiçəklər” efirə getdi...

 

- “Azdrama”da necə, sizi işə götürdülərmi?

 

- “Azdrama”da üç il tamaşalarda oynadım: “Gülüstan”da, “Qətl”də, “Bizim qəribə taleyimiz”də, “Qadın faciəsi”ndə. Söz vermişdilər, amma məni ştata götürmürdülər. Hiss elədim ki, götürmək fikirləri də yoxdur. Gəldim Gənc Tamaşaçılar Teatrına Kamal Əzizovun yanına. O da məni tamam başqa bir ştata götürdü, dedi ki, aktyor ştatında yer yoxdur. Üç il burda vaxtım keçdi. Sonra aktyor ştatına götürdülər. 1989-cu ildən burda işləyirəm. Burda çox tamaşalarım var. “Müşfiq”də Dilbəri, “Billur sarayda”da Aynuru, “Mənim ağ göyərçinim”də, “Şəhidlər” tamaşasında oynamışam. İldə 2-3 yeni tamaşam olur...

 

- Uzun illərdir, səhnədəsiniz, hansı möhtəşəm rolu oynamaq keçir ürəyinizdən?

 

- 15-20 il qabaq Kerri bacını oynamaq keçirdi ürəyimdən. Onu özümə o qədər yaxın bilirdim ki, hətta bir dəfə fikirləşmişdik ki, ssenariləşdirək televiziya tamaşası kimi. Alınmadı... Bu saat teatrımızda 90-a yaxın aktyor var, mənə ildə bir rol düşür. İndi “III Riçard”da Yelizavetanı-kraliçanı oynayıram.

“Mən səni sevirəm”də Sabah müəlliməni, “Aydın”da Böyük xanımı oynayıram...

 

- Seriallara da çəkilmisiniz...

 

- “Pərvanələrin rəqsi”, bir də “Durnalar qayıdanda” seriallarında ana obrazında çəkilmişəm. Hər iki obraz fərqlidir. Mənə son vaxtlar ana obrazları verirlər. Yəqin, məni ana kimi görmək çox xoşlarına gəlir, ya da artıq yaşımın o dövrüdür ki, artıq ananı oynamalıyam.

Mənim teatrda da oynadığım çox ana obrazları var.

 

- Rejissorlarla necə yola gedirsiniz?

 

- Mən hamı ilə yola gedirəm. Sadəcə olaraq mənim böyük rejissorum Ağakişi Kazımovun bir sözü institut dövründən beynimdə qalıb. O deyirdi ki, “istəyir qarşındakı təzə gələn rejissor olsun, istər illərlə işləyən, fikirləş ki, bu, rejissordur. Aktyor həmişə rejissordan asılıdır. Özünü necə aparsan, axıracan da elə gedəcəksən. Sən rejissora tabesən, o nə deyirsə, onu eləməlisən”. Heç vaxt mənimlə işləyən rejissorun fərqinə varmamışam ki, dahi rejissordu, yoxsa təzə. İş prosesində rejissorla məsləhətlər olur. Rejissorun fikirlərindən kənara çıxmadan mən də öz fikirlərimi deyirəm...

 

- Açıq-saçıq rollara münasibətiniz necədir?

 

- Mən heç vaxt təklif almamışam, çəkilməmişəm belə rollara. O qədər də tərəfdarı deyiləm. Oynayanlara isə pis baxmıram, hər kəsin öz yeri var. Hər aktrisanın özü bilər. Elə bir yerdə yaşayırıq ki, istər-istəməz mütləq kənardan fikir verirlər. Bizim camaatımız belə şeylərə yaxşı baxmır. Ona görə çalışmalıyıq ki, özümüzü mentalitetə uyğun aparaq. Onu başqa cür də həll eləmək olar. O qədər yolları var ki... Gərək elə açıq-saçıq oynayasan?

 

- Hobbiniz nələrdir?

 

- Toxumağı çox xoşlayıram. Evdə bir-iki əl işim var. Masa örtükləri, özüm üçün köynəklər toxumuşam. İndi gözümdə bir az problem var, hər dəqiqə toxuya bilmirəm. Amma toxumaq beynimi sakitləşdirir. Toxuya-toxuya çox şeylər fikirləşirəm. Hansısa təzə rol üzərində işləyəndə elə toxuya-toxuya o rol haqqında fikirləşib özüm üçün çox şeylər tapa bilirəm.

Mətbəxdə yemək bişirməyi xoşlayıram. Cürbəcür yemək bişirib ortaya çıxarıram. Bozbaşdan, aşdan, dolmadan tutmuş hər şey bişirirəm. Yaxşı şirniyyatlar bişirirəm. Paxlava, şəkərbura, tort, bir sözlə, hər şey.

 

- Qocalıq barədə düşünürsünüz?

 

- Açığı, 40 yaşına qədər heç vaxt o barədə fikirləşməmişəm. Elə bilmişəm ki, 20-25 yaşım var. Bəlkə ona görə ailə qurmağım da bu qədər uzandı. Özümü uşaq hiss eləyirdim. Başım sənətə o qədər qarışmışdı ki, yadıma heç nə düşmürdü. Birdən ayıldım ki, qırxı keçmişəm...

 

- Hansı arzularla yaşayırsınız?

 

- Yeni-yeni rollar arzusu ilə yaşayıram. Yaradıcılığımda yeni bir şey olmasını istəyirəm.

 

- Özünüzü xoşbəxt sayırsınızmı?

 

- Bu dəqiqə hə. Mənim sənətim var. Məni qoruyan adam var. Azdan-çoxdan isti ocağım var. Özüm istəyən kimi öz həyatımı qurmuşam. Xoşbəxtlik tək insanın özünə aid olan şey deyil, sənin ətrafındakılar var. Elə bir an olur ki, o anda məndən bədbəxti olmur. Mən bir az ailəcanlı adamam, özüm üçün yaşayan deyiləm. Ətrafımda olan insanlarla nəfəs alıram. Onların başına gələn bədbəxtçilik elə bilirəm ki, mənim də başıma gəlir...

Biz ailədə 6 uşağıq -3 bacı, 3 qardaş. Atam on il bundan qabaq dünyasını dəyişib. Onda elə hala düşdüm ki, bəlkə də məni təzədən dünyaya gətirdilər. Mən heç vaxt ölümü qəbul eləyə bilməmişəm. Ölüm mənim üçün qəbul-olunmazdır...

 

- Paxıllığınızı çəkənlər çox olub?

 

- Mən sənətə gələn gündən o qədər ayağımın altını qazanlar, maneçilik törədənlər olub... Bəs niyə mən 3 il dram teatrında qaldım, işə götürmədilər? Küçədən adamı tutub gətirib səhnəyə çıxarırlar, mən institut qurtaran adam, gəlib zalda biletyoxlayan işləyirdim. Halbuki “Solğun çiçəklər” ekranda getmişdi, hamı məni tanıyırdı. Mən zalda olanda hamı elə bilirdi ki, tamaşaya baxmağa gəlmişəm. Bilmirdilər ki, bu, mənim işimdi, burda dayanmışam. Səhnə üçün yanıram, səhnə üçün ölürəm, ancaq ora çıxa bilmirəm. Düşünürdüm, axı, bu nə vaxta qədər belə olacaq?..

 

- Fəxri adınız da yoxdur hələ...

 

- Mən heç vaxt ad dalınca qaçmamışam. Heç vaxt ad üçün qapı döyməmişəm. Artıq ona sevinirəm ki, ad özü mənim dalımca gəlir. Hara gedirəmsə, hamı məni əməkdar, xalq artisti kimi təqdim edir. Qismət olarsa, verərlər. Mənim üçün əsas sənətdir. Adam var ki, ad üçün sənətdə işləyir. Ad almasalar, qorxurlar ki, unudularlar, yaddan çıxarlar. Məndə qorxu hissi yoxdur. Çünki sənətimə inanıram. Hələlik nəsə edə bilirəm. Azdan-çoxdan kiminsə yaddaşında qalıramsa, bu vacib deyil adım var, ya yoxdu. Elə adamlar var ki, məndən sonra sənətə gəliblər, ad alıblar. Özlərini elə aparırlar ki, guya yüksəkdədirlər. Hərçənd sənət baxımından o qədər yüksəkdə deyillər. Elələri üçün gərək adın olsun, deyəsən ki, bax, məndə də ad var...

 

- Yeri gəlmişkən, ailə qurmağınız necə oldu? Həyat yoldaşınız Ağakişi Kazımovdan nə öyrəndiniz?

 

- 10 il qabaq ailə qurmuşam. Çox gec oldu. Övlad baxımından ürəyim bir az sınıqdı... Amma indiki həyatımdan çox razıyam. Sadəcə olaraq əvvəlki yaradıcılığımda olan temp indi yoxdur.

 

Qaldı ki, Ağakişi Kazımovdan nə öyrənməyimə, mən ondan bu sənətin ən böyük sirlərini, dərinliklərini, səbrli olmağı öyrəndim. İndi çox təəssüf ki, üzdən gedirlər. Bilmirsən obrazdı, ya özüdü? Son zamanlar hər şey çox səthi gedir. Mən obrazın daxili aləmini, onun xarakterini, obraz yaratmaq üçün nə lazımdırsa, hər şeyi ondan öyrəndim və öyrənirəm. Teatra gələndə inanmazdım ki, nələrlə toqquşa bilərəm... O toqquşmalarda mənə ən böyük yardım edən elə Ağakişi Kazımov oldu. Bəlkə də o olmasaydı, mən büdrəyə bilərdim. O, dünya görmüş, teatrı bilən adamdı.

 

- Ailə qurmamışdan qabaq da sizi müdafiə edirdi?

 

- Deyirdi ki, “gördüm, sən bu sənətlə yanan adamsan. Belələrinə də kənardan təsir edəndə, pis günə düşürlər...”. Bir az qısqanclığı var. Mənə obraz veriləndə onunla da məsləhətləşirəm. Məşqlərdə hərdənbir üstümə qışqırıb. Amma evdə yox. Mən elə iş görmərəm ki, üstümə qışqırsınlar.

 

Yoldaşım olmasa, mən özümə güvənə bilmərəm. Aldığım maaş teatr maaşıdır- 220 manat. Başqa yerdən qazancım yoxdur...

 

- Yoldaşınız xalq artisti, tanınmış rejissordu. Onun nüfuzundan heç istifadə eləmisinizmi?

 

-Mən heç istəmirəm də bunu. Birincisi, mən fikirləşirəm ki, bu sənətdə artıq kifayət qədər canımı qoymuşam. Nəyə görə elədiyim işə görə kiminsə qapısını döyməliyəm?..

 

Namiq MƏMMƏDLİ

Ekspress.-2017.-1 fevral.-S.11.