Vətəndaş cəmiyyətində
dövlət qulluğunun
idarəetmə orqanları
“Dövlət qulluğu haqqında” qanun
2000-ci il 21 iyulda təsdiq
edilib. Bu qanun qəbul edildikdən sonra
ona 2001-ci il 13 fevral, 2002-ci il 2 iyul və 2002-ci il 3 dekabr tarixli qanunlarla müxtəlif dəyişikliklər edilib. Qanuna əsas dəyişikliklər
2002-ci il 2 iyul tarixində
olunub.
Cəmi 6 fəsil və 35 maddədən ibarət olan “Dövlət qulluğu haqqında” qanunda göstərilir ki, sənəd dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. Qanun icra hakimiyyəti orqanlarında, qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir.
Azərbaycan Respublikası Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü Süleyman İsmayılovun sözlərinə görə, bu qanunda Azərbaycanın dövlətçiliyi tarixində ilk dəfə olaraq konkret surətdə bilavasitə dövlət qulluğu və dövlət qulluqçusu məfhumlarının nədən ibarət olduğu açılıb göstərilmiş və dövlət qulluqçusunun hüquq və vəzifələri qanunvericilik yolu ilə təsbit edilib (sesqazeti.az). S.İsmayılov bildirib ki, qanunda dövlət orqanlarının təsnifatı verilir və onlar öz səlahiyyətlərinə görə yeddi kateqoriyaya bölünür, Konstitusiya və Konstitusiya qanunları ilə verilmiş səlahiyyətlərə uyğun olaraq onların hansı kateqoriyaya aid olduğu göstərilir.
1-ci kateqoriya dövlət orqanlarına ali dövlət orqanları - Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin həyata keçirilməsini bilavasitə təmin edən digər orqanlar, Milli Məclisin, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin aparatı;
2-ci kateqoriya dövlət orqanlarına yuxarı dövlət orqanı olan Nazirlər Kabineti və Naxçıvan MR-in ali dövlət orqanı - Ali Məclisin aparatları;
3-cü kateqoriya dövlət orqanlarına İnsan Hüquqları üzrə Müvəkkilin (ombudsmanın) aparatı, apellyasiya məhkəmələrinin aparatları, Naxçıvan MR Nazirlər Kabinetinin, Naxçıvan MR Ali Məhkəməsinin aparatı;
4-cü kateqoriya dövlət orqanlarına Mərkəzi Seçki Komissiyasının aparatı, Hesablama Palatasının, İqtisad Məhkəməsinin, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin, Beynəlxalq Müqavilələrdən İrəli Gələn Mübahisələrə Dair İqtisad Məhkəməsinin aparatları;
5-ci kateqoriya dövlət orqanlarına Konstitusiyanın 113-cü maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilən dövlət orqanları - mərkəzi icra hakimiyyəti orqanlarının aparatları;
6-cı kateqoriya dövlət orqanlarına Konstitusiyanın 120-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilən dövlət orqanları - Nazirlər Kabineti yanında və ya onun qərarı ilə yaradılan orqanların aparatları, Naxçıvan MR mərkəzi icra hakimiyyəti orqanlarının aparatları;
7-ci kateqoriyaya isə Konstitusiyanın 113-cü və 124-cü maddələrində nəzərdə tutulmuş qaydada müəyyən edilən dövlət orqanları - yerli icra hakimiyyəti orqanlarının aparatları, mərkəzi icra hakimiyyəti orqanlarının ikili tabelikdə olan yerli bölmələri və səlahiyyətləri Konstitusiyaya əsasən qanunla müəyyən edilən yerli dövlət orqanları - rayon (şəhər) məhkəmələrinin, hərbi məhkəmələrin və yerli iqtisad məhkəmələrinin aparatları daxildir.
Eyni zamanda, qanunla bu kateqoriyalara aid edilən dövlət orqanlarının bölmələri öz funksiyalarına görə aparıcı və köməkçi bölmələrə ayrılır.
Əli Rzayev “Dövlət qulluğunun hüquqi əsasları” kitabında yazır: “Dövlət başçısı kimi Azərbaycan Respublikası Prezidenti dövlət kadr siyasətinin hazırlanmasında müstəsna səlahiyyətlərə malikdir. O, kadr siyasətinin məqsəd və istiqamətlərini müəyyən edir. Dövlət qulluğunun idarəetmə şurası “Dövlət qulluğu haqqında” qanunun 5-ci maddəsinə uyğun olaraq yaradılmış və 2002-ci il 29 mart tarixli qanunla Əsasnaməsi təsdiq edilib. Şura “Dövlət qulluğu haqqında” qanununun tətbiqinin nəzarəti və dövlət qulluğunun normativ-metodik təminatını həyata keçirir. Azərbaycan Respublikasında dövlət qulluqçuları kateqoriyasına aid edilən şəxslər müəyyən etdirilir. Şuranın 18 nəfər üzvünün 6-sını Azərbaycan Respublikası Prezidenti, 6-sını Azərbaycan Respublikası Milli Məclisi və 6-sını isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir. Şura dövlət orqanı deyil və səlahiyyətləri ictimai əsaslarla həyata keçirilir. Şuranın qəbul etdiyi qərarların məcburiliyi onu yaradan orqanlar tərəfindən təmin edilir”.
Yeri gəlmişkən, şuranın funksiyalarına: vahid dövlət kadr siyasətinin formalaşmasında iştirak etmək, dövlət hakimiyyət orqanlarında dövlət qulluğunun vəziyyətini və səmərəliliyini təhlil etmək, dövlət qulluğunun təşkili və həyata keçirilməsi ilə bağlı normativ hüquqi aktlarını və metodik göstərişlərin layihələrinin hazırlanmasını və həmin sənədlərin hazırlanmasında dövlət hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirmək, dövlət hakimiyyəti orqanlarının dövlət qulluğu və kadr xidmətlərinin metodik işini əlaqələndirmək, dövlət qulluqçularının şikayətlərinə baxmaq, dövlət qulluqçularının peşə hazırlığı, yenidən hazırlanması və ixtisasının artırılması sahəsində işləri təhlil etmək və bununla bağlı təkliflər hazırlamaq, dövlət qulluqçularına dair məhdudiyyətlərin və təminatların yerinə yetirilməsinə nəzarət etmək, dövlət qulluğunun təşkili və səmərəliliyinin artırılması məsələləri ilə əlaqədar beynəlxalq əməkdaşlığın həyata keçirilməsində iştirak etmək daxildir.
Rzayev onu da qeyd edir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əsas vəzifələrdən biri “dövlət qulluğu və digər kadr məsələləri sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və bu siyasəti həyata keçirməkdir: “Azərbaycan Respublikası Prezidentinin 3 iyun 2005-ci il tarixli fərmanı ilə yaradılmış AR Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya AR-də dövlət qulluğu sahəsində qəbul edilmiş normativ hüquqi aktların tətbiqini təşkil edən, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçularının etik davranış qaydalarına əməl olunmasına nəzarət edilməsi, dövlət qulluqçularının ixtisas hazırlığının artırılması, attestasiya və sosial müdafiəsi sahəsində, həmçinin dövlət qulluğu ilə bağlı digər məsələlər barədə AR qanunvericiliyi ilə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Komissiyanın əsas vəzifələrinə: dövlət qulluğu və digər kadr məsələləri sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və bu siyasəti həyata keçirmək; dövlət qulluğunun kadr təminatının proqnozlaşdırılması sahəsində təkliflər hazırlamaq, bu sahədə Azərbaycan Respublikası Prezidentinin və Dövlət qulluğunu İdarəetmə Şurasının tapşırıqlarını yerinə yetirmək; dövlət qulluğu və kadr məsələləri sahəsində fəaliyyətin təkmilləşdirilməsi üçün tələb olunan normativ hüquqi aktların layihələrini hazırlamaq; dövlət qulluqçularının peşə hazırlığı, təkrar hazırlığı və ixtisasının artırılması sahəsində dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, bu sahədə işlərin vəziyyətini təhlil etmək və təkliflər hazırlamaq; dövlət qulluqçularının idarə edilməsinə dair mərkəzləşdirilmiş məlumat bazasını inkişaf etdirmək və ondan səmərəli istifadə olunmasını təmin etmək; mərkəzləşdirilmiş qaydada vətəndaşların dövlət qulluğuna qəbulunu müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsini təşkil etmək; dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasına nəzarət etmək və s. daxildir”.
Xatırladaq ki, komissiyanın əsas hüquqlarından ən əsası dövlət qulluğu haqqında qanunvericiliyin tələblərinin pozulması halları aşkar edildikdə bu halların aradan qaldırılması üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təkliflər vermək və qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər görməkdir. Hətta başqa ölkələrin qanunvericiliyində bu pozuntuya görə ciddi məsuliyyət nəzərdə tutulur. Məsələn, Qazaxıstan Respublikasında “Dövlət qulluğu işləri üzrə müvəkkil” vəzifəli şəxsin qanunvericilikdə nəzərdə tutulmayan müsabiqədən keçməyən dövlət qulluğu vəzifəsinə vətəndaşları qəbul etməsini məsuliyyətə cəlb edilməsi nəzərdə tutulur. Böyük Britaniyada mülkü qulluq işləri üzrə komissiyanın razılığı olmadan ştata vətəndaşın götürülməsi qanunvericilikdə qadağan edilir.
Dünya təcrübəsindən çıxış edərək demək olar ki, ümumiyyətlə, MDB dövlətlərində və xarici ölkələrində dövlət qulluğu məsələlərini koordinasiya və digər ölkələrdə geniş şaxələnmiş çoxsaylı orqanlar sistemi yaradılır. Ukrayna Respublikasında dövlət qulluğu məsələləri üzrə koordinasiya şurası, vahid dövlət siyasətinin aparılması və dövlət qulluğunun funksional idarə edilməsi üçün Nazirlər Kabineti yanında dövlət qulluğunun Baş idarəsi, Rusiya Federasiyası Prezident yanında dövlət qulluğu məsələləri üzrə Şura, RF Prezidentinin dövlət qulluğu məsələləri üzrə idarəsi, Qazaxıstan Respublikası Prezidentinə bilavasitə tabeliyində olan “Dövlət qulluğu işləri üzrə müvəkkil”, Qırğızıstan Respublikasında Dövlət qulluğu məsələləri üzrə Agentlik və dövlət qulluğu üzrə Şura fəaliyyət göstərir.
Ə.Rzayev bu barədə yazır: “Kontinental hüquq sistemli ölkələrin ictimai qulluğun ixtisaslaşmış idarəetmə orqanları icra hakimiyyəti sisteminə daxil olmaqla bir qayda olaraq hökumətin tabeliyində olur. İngilis-sakson sistemli ölkələrdə ictimai qulluğa rəhbərliyi formal olaraq icra hakimiyyətindən asılı olmayan parlamentə tabe olan orqanlar iştirak edirlər. Bu ölkələrdə mülkü qulluğu idarə olunmasında əsas rolu parlamentin yaratdığı və onun qarşısında məsuliyyət daşıyan orqan - Mülki qulluq işləri üzrə Komissiya həyata keçirir. Böyük Britaniyada dövlət qulluğu sisteminin başında Baş nazir durur, o eyni zamanda, 1968-ci ildə yaradılmış Mülki qulluq işləri üzrə nazir vəzifəsini yerinə yetirir. 1855-ci ildən fəaliyyətdə olan Mülki qulluq işləri üzrə Komissiya Nazirliyinin tərkibinə transformasiya olunmuş və onun struktur bölməsi kimi fəaliyyət göstərir. Ayrı-ayrı nazirliklərdə mülkü qulluğa nazirliyin daimi katibi rəhbərlik edir”.
Qeyd edək ki, Fransada
Respublika administrasiya və
dövlət qulluğunun Baş
idarəsi, Almaniya Federal
Respublikasında kadr işləri üzrə
Palata, Çin Xalq Respublikasında Dövlət
Şurasının Kadrlar Nazirliyi,
Yaponiyada Nazirlər Kabineti
yanında personal üzrə Palata fəaliyyət göstərir. Bütün bunlardan belə
bir nəticəyə gəlmək olar ki, Azərbaycan
Respublikasında xarici ölkələrin bu təcrübəsi düşünülmüş
şəkildə, Azərbaycan cəmiyyətinin xüsusiyyətinə
uyğun inteqrasiya prosesi gedir. Bunun üçün
dövlət qulluğu sahəsində kadr siyasətinin həyata keçirilmə mexanizminin yaradılmasına xüsusi
diqqət yetirilir.
Rəşid
RƏŞAD
Ekspress.-2017.-9 fevral.-S.10.