“Mən haqqı yeyilmiş aktrisayam”
Hicran Nəsirova:
“Heç vaxt həyatda arxam olmayıb”
Əməkdar
artist Hicran Nəsirova Anarın “Evləri köndələn
yar” (Reyhan), B.Vahabzadənin “Kimdir haqlı?” (Məlahət),
Ə.Hacızadənin “İtkin gəlin” (Dünya),
C.Cabbarlının “Almaz” (Yaxşı), R.Səməndərin
“Bir yay günü” (Məhbubə) və s. teletamaşalarda
müxtəlif səpkili rolları ilə
tamaşaçıların qəlbinə yol tapıb.
Teleekranda nümayiş etdirilən “Vicdan haqqı”
serialındakı ana (Minayə) obrazı ilə də
işinin öhdəsindən layiqincə gəldiyini bir daha
sübut edir. Biz də bu günlərdə aktrisa ilə
görüşüb ömür və sənət yoluna bir
daha nəzər saldıq.
- Hicran xanım,
sənətə gəlişiniz necə oldu?
- Uşaqlıqdan müğənni olmaq istəmişəm,
icazə veməyiblər. Amma 10-cu sinifdə bir təsadüf
nəticəsində bu, baş tutub. O vaxt Moskvaya Kinematoqrafiya
İnstitutuna on beş nəfər tələb
olunurdu. Kinostudiyadan bizim sinfə gəldilər.
Bir aktyor elə birinci əlini mənə uzatdı, dedi ki,
aktrisa olmaq istəyirsən? Bilirdim ki, müğənni ola bilməyəcəyəm, evdən
qoymayacaqlar. Moskvada oxumaq çıxış
yolu idi. Dedim ki, “hə, istəyirəm, amma Moskvaya getməyə
evdən qoymazlar”. Gəldim evdə dedim. Anam dedi ki, “onsuz da sən
müsabiqədən keçməyəcəksən. Qız uşağısan, səni Moskvaya
buraxmarıq”. Kinematoqrafiya İnstitutuna müsabiqədən
keçməsəm də, həmin il
İncəsənət İnstitutuna yüksək balla qəbul
oldum.
- Kimin kursunda oxudunuz?
- Adil
İsgəndərovdan dərs aldım. İkinci
kursda o, rəhmətə getdi. Sonra Elmira Şabanova dərs
dedi. Dördüncü kursda Ədalət
Ziyadxanov bizimlə tamaşa qurdu. Ancaq ən
böyük məktəbi Vaiqf İbrahimoğlu ilə
keçdik.
- Yeri gəlmişkən, Vaiqf
İbrahimoğlu məktəbi barədə nə deyərdiniz?
- Tədris
Teatrında olanda özüm özümə dedim ki, ikinci
universitet qurtardım. Orda Cəfər Cabbarlının
“Yaylağa gedir” əsəri əsasında eyniadlı
tamaşada tibb bacısını, “Dədə Qorqud”
tamaşasında Xatunu, Ekzüperinin “Balaca şahzadə” əsəri
əsasında hazırlanmış eyniadlı tamaşada
balaca şahzadəni, “Komsomol” poeması əsasında
hazırlanmış eyniadlı tamaşada Humayı
oynadım. Orda çox şey öyrəndim.
Vaqif tamam başqa bir stil idi. Sənət
sahəsinin bir çox sirlərini Vaqif müəllim tələbələrinə
verdi. O tələbələri də bu
saat fərqlənirlər. Bir insan kimi də o, dahi, dərya
idi...
- Bildiyim
qədər, dərs də demisiniz...
- Yeddi ilə
yaxın dərs dedim. Bütün qruplardan
uşaqlar gəlib mənim dərsimdə otururdu. Artıq övladlarım var idi. Çatdırmaq
məsələsi var idi. Bütün
günü işdə olurdum. Evdə
söz-söhbət olurdu yoldaşım tərəfindən.
Deyirdi ki, ya teatrda qal, ya da institutda.
- Yoldaşınız
tamaşalarınıza baxırdı?
-
Yoldaşım bu sahəni sevən adam idi.
Gəlib tamaşalara baxırdı. Ən böyük, kəskin tənqidçim idi.
Qoymurdu qol-qanad açmağa, qırırdı...
- Övladlarınızdan sənətinizi
davam etdirən varmı?
-
Oğlum hüquqşünasdır. Qızım
dizaynerdir. Övladlarım ikisi də
istedadlıdır. İstərdim ki,
oğlum rejissor olsun. Qızım
özünü iki dəfə müğənnilikdə
sınadı. Orda da haqsızlığa
uğradı. Ona görə dedim ki, bu sənət budur.
“Yeni ulduz” və “Avroviziya”da haqsızlıq oldu.
Dedim ki, “öz sənətindən bərk yapış,
qızım, bu sənət adama dərd verir”.
- Ədil İsgəndərovu
necə xatırlayırsınız?
- Mən
çox utancaq idim. İnsanla danışanda
onun gözünün içinə baxmırdım.
Ədil müəllim bir dəfə mənə dedi ki,
“partnyorun gözünün içinə bax”. Mən
gözümü qaldırırdım, tez də
salırdım. Dedi ki, “qızım, sənin
mənim yanımda bir əskik işin var?” Bu
söz məni tutdu, onun gözünün içinə
baxdım. Dedi ki, “bax belə, hamının
gözünün içinə bax”.
- İndi səhhətiniz necədir?
- Buna da
şükür. Bacardığım qədər
ayaq üstə qalmağa çalışıram. Səhhətimdə çox böyük problemlər
oldu. Altı ay xəstəxanada yatdım.
Allah Heydər Əliyevə qəni-qəni rəhmət
eləsin. Onun köməkliyi sayəsində
mən sağ qaldım. İndi də hər
şey qaydasında deyil. Ağrılar məni
hər zaman müşayiət edir. Bir tərəfin
qapayırsan, o biri tərəfi başlayır...
- Arada
depressiyaya da düşmüşdünüz...
- Əvvəllər çox tez-tez düşürdüm. İndi hərdən geriyə
dönüb baxanda deyirəm ki, gərək o şeylərə
görə mən o cür əsəb, stress keçirməyəydim.
Həyatda gərək hər şeyi boş
buraxasan. Qayınanam deyirdi ki, bir ucunu
boş burax. Deyirdim ki, boş buraxa bilmirəm...
- O vaxt sizi ən çox nə narahat
edirdi?
- Sənətdə
həddən artıq maneçiliklər gördüm. Əsəb keçirirdim. Ərizə
yazıb baş rollardan imtina edirdim. Haqsızlıqlara
çox tuş gəldim. Ən çox
aktrisalar tərəfindən. O illər əsəb,
stress çox idi. Xəstəlik istər-istəməz
baş qaldırdı. İki dəfə kəfən
yırtmışam. Ölüb
ölümdən qayıdandan sonra hər şeyi boş
buraxırsan. Onda anam ağladı.
Dedim ki, “ana, ağlama, mən ölümdən qorxmuram”. Çox ağır diaqnoz qoymuşdular. Yoldaşıma da demişdilər ki, bir ay
yaşayacaq. Təcili Moskvaya getdik.
Əməliyyat uğurlu keçdi...
- Düşünürsünüz
ki, arxanızda dayaq olsa, belə olmazdı?
- Mənim
heç vaxt həyatda arxam olmayıb. Arxam
olsaydı, çox şeylərə nail olardım. Özümə arxa axtarmağa da
çalışmamışam.
- Hansı arzularla
yaşayırsınız?
- Əvvəl deyirdim ki, Allah ömür versin, övladlarımı
qaldırım. İndi övladlarımın xoşbəxtliyini
görmək istəyirəm. Oğlum ailə
qurdu, iki nəvəm var. Qızımı xoşbəxt
görmək istəyirəm. Ən
böyük arzum odur ki, öz kabinetim olsun. Divarı kitablardan ibarət olsun. Kitablarım
çoxdur, amma yeşiklərdədi...
- Kifayət qədər işiniz, təcrübəniz
var. “Xalq artisti” almaq barədə
düşünürsünüz?
- Əvvəldən mən müğənni olmaq istəmişdim,
səs də var idi. Heydər Əliyevin diqqətini cəlb eləmişdim.
Səhv eləmirəmsə, 1981-ci il idi. Cəfər
Cabbarlının ev muzeyinin təmirdən
sonra açılışı idi. Orda biz on nəfər
çıxış edirdik. Mən
“Solğun çiçəklər”dən Solmazın
mahnısını oxuyurdum. Mahnıdan
sonra mənə yaxınlaşdılar. Dedilər,
“Heydər Əliyev soruşur ki, o müğənni kimdir?
Biz də dedik ki, aktrisadır”. Ordan da komsomol qurultaylarına nümayəndə
seçildim. Sonra tamaşalarda oynayanda
tamaşaçılar tərəfindən
alqışlanırdım. İndiyə qədər
özüm haqqında danışmamışam. İndi deyirəm ki, artıq bəsdir,
danışmalıyam. Xalq versin o qiyməti,
yalandan şişirtməklə deyil. Son ilə
qədər elə-belə baxırdım. Yaşım keçdikcə baxıram arxaya ki, mən
bunu çoxdan almalıydım. Mən,
hardasa, haqqı yeyilmiş aktrisayam. Hər il bir seriala çəkilirəm. Bu, nə tanışlıqladır, nə də
tapşırıqla. Rejissorlar özləri
çağırırlar. O vaxt Ramiz Həsənoğlu
bizim bütün tamaşalara baxırdı. “Yaylağa
gedir”in əvvəlində bir çal-çağır səhnəsi
var idi. Orda rəhmətlik Vaqif
İbrahimoğlu qayıtdı ki, “sən də bir mahnı
oxu”. Orda bir mahnı oxudum, indi adı
yadımda deyil. Mahnı qurtardı, Ramiz Həsənoğlu
camaatın içindən çıxıb alnımdan
öpdü. Və tamaşaya dəvət
etdi.
- “İtkin gəlin”dəki
Dünya obrazı necə yarandı?
- Ondan
qabaq Lütfi Məmmədbəyovun tamaşalarında çəkilmişdim.
Bir də gördüm məni
çağırdı. Pyesi stolun
üstünə atdı. Dedi ki, bunu götür, oxu.
Dedim ki, nəyə fikir verim? Bilirdim ki, Əfsanəni
artıq verib. Amma ürəyimdən
Əfsanə keçirdi. Onu da deyim ki, Əlibala
Hacızadə fars dilindən kurs
açmışdı, bir neçə ay o kursa getdik.
Axırda bizə fars əlifbası ilə
öz arzularımız barədə inşa yazmağı
tapşırmışdı. Mən öz
arzularımda yazmışdım ki, “İtkin gəlin”də
Əfsanəni oynamaq istərəm. Bu ondan
bir neçə ay əvvəl olmuşdu. Mən ona dedim
ki, əsəri oxumuşam. Dedi ki, “bir də oxu. Dünya obrazını sənə verirəm”. Özü də yay ayı idi. Mən
də makiyajsız gəzirəm. Makiyaj
xoşlamıram. Gün də
yandırıb, qapqara gəlmişəm bura. Mən hara, Dünya hara? Canımda bir az utancaqlıq var idi. Deməli,
Əlibala müəllimə də məni göstərib.
Əlibala müəllim deyib ki, Dünyanı bu
qara qız oynayacaq? Lütfi müəllim ona deyib ki, sən
o qız oynayanda baxarsan...
- Kamal Xudaverdiyev kimi nəhəng
aktyorla oynamaq çətin deyildi ki?
- “Kral Lir”də onun qızını -Reqananı,
“İtkin gəlin”də sevgiliisni oynamışam. Bir neçə
əsərdə biz onunla tərəf müqabili olmuşuq.
Onun haqqında deyirdilər ki,
teatrımızın sarı simidir. Çox
gözəl insan, gözəl tərəf müqabili idi.
Allah ona qəni-qəni rəhmət eləsin.
1986-cı ildə teatra işə düzələndə
Əli Əmirlinin “Günah” tamaşasında atamı
oynayıb...
- Hansı möhtəşəm rolu
oynamaq istərdiniz?
- Arzu eləyib
sınmaqdansa, verilən rola baxıram, oynayıram. Mən o vaxt “Qaçaq Nəbi” filminə dəvət
olundum. Təsdiqləndim, məni təbrik
elədilər. Ölçülərimi
götürdülər, parçaları üzümə
tutdular. Sonra başqası çəkildi.
Rasim Ocaqov neçə filmə
çağırıb, təsdiq edib, təbrik edib, yola
salıb. Sonra başqasını çəkib.
Bu, həyatdı, mən heç kəsi
qınamıram. O vaxt sınırdım. İndi
artıq sınmıram. Mən heç
gedib demirəm ki, niyə çəkmədiniz, səsimi də
çıxarmıram.
Rasim Ocaqov “Təhminə və Zaur”u çəkirdi. Məni Mədinəyə
dəvət elədi. Mənə qədər
bir neçə aktrisanı dəvət etmişdi. Mən gəldim, oynadım, asistent-rejissor da işarə
elədi ki, səni bəyəndi. Özü də dedi
ki, “ya vas budu snimat”. Bir də gördüm ki,
film çəkildi, Rus Dram Teatrının aktrisası Xalafova
çəkildi. Səsimi də
çıxarmadım. Bir gün dublyaja
gedirdim, o biri kinostudiyaya, keçəndə gördüm ki,
qapısı açıqdır. Yaxınlaşdım
ki, salam verim. Dedi ki, “bilirsən səni niyə
çəkmədim? Sənin gözlərin iri
planda Meral Konratın gözlərindən də qəşəng
çıxmışdı”. Dedim ki, “elə məni
çəkərdiniz də...”.
Mənim üçün rolun böyük-kiçiyi
yoxdur. Mən kiçik rolla da sözümü deyə
bilirəm.
- Təhminə rolunun öhdəsindən
gələ bilərdiniz?
- Birinci səhnəni
dəyişərdim. Qalanını bəlkə
ondan da artıq oynayardım.
“İtkin gəlin”də o səhnələrdən daha
çox var idi. Məsəlçün, hamam səhnəsi.
Vacib deyil ki, o səhnələrin hamısı
çəkilsin. Əsərdə birinci Nəcmi
gəlir, onu çılpaq görür. Mən
orda soyunmalıydım ki, o məni görsün?
Lütfi müəllim dedi ki, “qızım, sən mələfəyə
bürün, bir az kürəklərini, bir az da
ayaqlarını verərəm”. Ona dedim ki, vacib deyil. Ya da Əbdüllə görüşlərimizdə.
Mən elə baxışlarla baxaram ki, o vəziyyəti
verərik. Bir az abır-həya
yaxşı şeydir. Açıq-saçıqlıq
vacib deyil.
- “Vicdan
haqqı” serialındakı ana obrazınız da maraqlı
alınıb...
- O seriala
görə mən iki serialdan imtina eləmişəm. Elə bil, ürəyimdə hiss eləyirdim ki, bu
daha uğurlu olacaq. Əsəri hissə-hissə
verirlər oxumağa. Tərəf
müqabilləri yaxşıdırsa, rolu oynamaq çətin
olmur. Burda tərəf müqabillərin
hamısı yaxşıdır. Oğlumu oynayan Elxan həyatda
da mənə ana deyir...
- Serialların
çəklişindən razısınızmı?
- Bəzən elə olub ki, pula görə çəkilmişəm. Nə ssenaridən, nə öz işimdən, nə rejissor işindən ləzzət almışam. 50-100 manat veriblər. Hətta müğənniləri də gətirib çəkirlər. Müğənni aktyor deyil. O, dırnaq içində oynamaqdır. Sənət böyük hərflə yazılmalıdır. Elə adamlarla əsəb içində işləmişəm... Əvvəl dözürəm, dözürəm, şərait yaradıram, özüm də kömək edirəm. Amma elə bir vəziyyət yaranır ki, partlayıram. Rejissora deyirəm ki, bundan sonra birinci məni çək, heç olmasa, üzüm adam sifətində olsun.
- Eşitdiyimə
görə, “Otel otağı” tamaşasına çəkiləndə
də sizə qarşı haqsızlıq olub... Onda hansı hissləri
keçirdiniz?
- Heç nə, güldüm. Çünki
ora çəkilən yaxın rəfiqəm Həmidə
Ömərova idi. Bilmirdi, gizlətmişdim ondan filmə
çəkilməyimi. O vaxt onun da vəziyyəti
yaxşı deyildi. Gəldi ki, “filmə çəkilirəm”.
Məndən uzun xalat istədi. Artıq öz xalatımın
yaxasını film üçün düzəltmişdilər.
Dedim ki, kim çəkir? Dedi, Rasim Ocaqov. Daha səsimi
çıxarmadım. Gətirib xalatı verdim. Dedim, təbrik
edirəm. Əlini xalatın cibinə salanda gördü ki,
filmin ona verilən mətni xalatın cibindədir. Dedi ki, “sənə
də verilib bu mətn, mən daha çəkilmirəm, imtina
edəcəyəm”. Dedim
ki, yox, get çəkil...
Namiq MƏMMƏDLİ
Ekspress.-2017.-9 fevral.-S.9.