Azərbaycanda sosial
siyasət
“Sosial dövlət” anlayışı alman alimi Lüdviq fon Ştayn tərəfindən elmə gətirilib. Ştayn hesab edirdi ki, sosial dövlət özünün bütün vətəndaşlarının iqtisadi və ictimai tərəqqisinə imkan yaratmalıdır: “Nəticə etibarilə bir nəfərin inkişafı hamının inkişafının şərti kimi çıxış edir, məhz bu mənada sosial dövlət haqqında danışmaq olar. Bu fikirdən çıxış edərək qeyd etmək olar ki, sosial dövlət bəşəri ləyaqətin təsisatlı təminatçısıdır”.
Qeyd edək ki, “Sosial dövlət” termini 1994-cü ildə Almaniyanın Konstitusiyasında hüquqi cəhətdən təsbit edildikdən sonra geniş yayılıb. Hətta sosial dövlət anlayışı müasir tipli demokratik dövləti səciyyələndirmək üçün ictimai və siyasi nəzəriyyədə dolğun ifadəsini tapıb. Əslində sosial dövləti fərqləndirən cəhətlərdən biri ondan ibarətdir ki, o, siyasi və ideoloji ritorikadan istifadə etməklə, son onilliklərdə ciddi siyasi nəzəriyyənin anlayışlar aparatına nüfuz edib.
Ekspertlərin fikrincə, vətəndaş cəmiyyətinin formalaşması onun fəaliyyətinin bir çox tərəflərini dövlətsizləşdirməyi nəzərdə tutur. Ancaq bu o demək deyil ki, onun dövlətə ehtiyacı yoxdur. Sadəcə olaraq, burada dövlət necə deyərlər, öz yerini tapmalı, bütün problemlərin həllində totalitar nəzarətdən əl çəkməlidir.
O da qeyd olunur ki, inkişaf etmiş vətəndaş cəmiyyətində dövlətin funksiyaları ümumi inkişaf strategiyasının işlənməsinə yönəlmiş olur. Yəni cəmiyyətin sosial və iqtisadi inkişafının prioritetlərinin müəyyən edilməsi və əsaslandırılması, vətəndaşların ictimai faydalı fəaliyyətlərinin stimullaşdırılması və onların hüquqlarının, əmlaklarının və şəxsi ləyaqətlərinin qorunması, cəmiyyətin bütün sferalarının demokratikləşdirilməsi, sərhədlərin qorunması və daxili qayda-qanunun təmin olunması.
Ekspertlər sosial dövlətin əsas əlamətləri kimi aşağıdakıları təqdim edir:
1. Sosial sahədə mükəmməl qanunvericiliyin olması
2. Dövlət tərəfindən müxtəlif sosial yönümlü proqramların hazırlanması və həyata keçirilməsi
3. Vətəndaş cəmiyyətinin qurulması
4. Dövlətin vətəndaşlar qarşısında sosial məsuliyyəti
5. Dövlət tərəfindən hər bir vətəndaşın sosial müdafiəsinin təmin olunması və layiqli həyat şəraitinin yaradılması
6. Layiqli sosial, iqtisadi, mədəni həyat təminatları əldə etmək üçün hər kəsə bərabər imkanlar yaradılması
7. Ölkənin iqtisadi inkişafının yüksək səviyyədə olması.
Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın dövlət quruculuğu yolunda əsas strateji hədəfləri müəyyən edərkən deyirdi: “Azərbaycan Respublikası öz dövlət quruculuğunda, sosial-iqtisadi problemlərin həllində tutduğu strateji yolla gedir. Bizim bu yolumuz Azərbaycanda demokratik-hüquqi sivilizasiyalı dövlət qurmaqdan, demokratik prinsipləri gündən-günə inkişaf etdirməkdən, dünyanın əldə etdiyi bütün demokratik nailiyyətləri Azərbaycanda yaymaqdan, onlardan bəhrələnməkdən ibarətdir”.
Onu da qeyd edək ki, dünyanın sənaye ölkələrində son yarım əsrdə sosial proqramlar dövlət xərclərinin və vergi sistemlərinin sürətlə artan hissəsinə çevrilib. Bu baxımdan ABŞ-da ailələrin illik gəlirlərinin məbləğindəki fərqin əsas səbəbi əmək haqlarının müxtəlifliyidir. Bu da o deməkdir ki, alınan gəlirin təxminən 4/3 hissəsi əmək haqqının payına, qalan 1/4 hissəsi isə icarənin, mənfəətin və faizlərin payına düşür.
ABŞ-ın Perdyu Universitetinin İqtisadiyyat üzrə professoru Maykl Uottsın hesablamalarına görə, gəlirlərin 19 bölüşdürülməsinin əsas modeli İkinci dünya müharibəsindən sonrakı dövrdən bəri dəyişməyib. İqtisadçının hesablamalarına görə, əhali hər birinin xüsusi çəkisi 10% olan beş qrupa bölünür və onda görünür ki, milli gəlirin 43 faizi ən varlı ailələrin, 24 faizi sonrakı qrupun, 17 faizi mərkəzdə yerləşən qrupun, 2 faizi sonuncudan bir pillə yüksəkdə duranların və 5 faizi ən kasıb ailələr qrupunun payına düşür. Hətta bu rəqəmlərdə varlıların yüksək vergi ödəməsi, gəliri aşağı olan ailələrin isə hökumətin yardım proqramları hesabına subsidiyalar alması faktı əks olunmayıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Sosial müdafiə sisteminin modernləşdirilməsi: dəyişən paradiqmalar və yeni çağırışlar” məqaləsində yazır ki, hazırda dünyanın bir çox ölkələrində əksər qlobal məsələlərdə, o cümlədən sosial müdafiə sistemlərinin formalaşması proseslərində ciddi keyfiyyət dəyişikliklərinin baş verdiyi müşahidə olunur: “İctimai inkişafın bir sıra elementləri əhalinin rifah səviyyəsinə yeni formada təsir göstərməyə başlayır ki, bu da ayrı-ayrı ölkələrin hökumətlərindən özlərinin sosial müdafiə siyasətinə yenidən baxaraq dəqiqləşdirmələr aparmağı tələb edir. Həmin elementlərə ictimai həyatın demokratikləşməsini, qloballaşmanı, demoqrafik problemləri, inkişafın sistem paradiqmasının dəyişməsini və sairəni aid etmək olar. Bunların hər birinin sosial müdafiə sisteminə təsirinin ayrılıqda təhlil edilməsi və nəticələrə uyğun olaraq konkret ölkənin sosial müdafiə sisteminin dəyişdirilməsi üzrə səmərəli təkliflərin hazırlanması son dərəcə vacib problemlərdən birinə çevrilib. Təbiidir ki, ilk növbədə sosial müdafiə sisteminin düzgün anlayışı verilməlidir və onun təkamül tarixi qısaca nəzərdən keçirilməlidir. Beynəlxalq Əmək Təşkilatının açıqlamasına görə, sosial müdafiə sistemi aşağıdakıları əhatə edən tədbirlər kompleksi kimi müəyyənləşdirilir:
- Haqqı ödənilən sabit əmək fəaliyyətinin stimullaşdırılması
- işçi qüvvəsinin gerçəkləşdirilməsi yolu ilə əldə edilən gəlirlərin sosial risklər nəticəsində itirilməsinin sosial sığorta mexanizmi vasitəsilə (kompensasiya yolu ilə) qarşısının alınması
- Sosial sığorta sistemində iştirak edən şəxslərin ehtiyacları yarandıqda sosial yardım alətlərindən istifadə olunması
- İnsanların təhsil, səhiyyə və digər əsas hüquq və xidmətlərə çıxışının təmin edilməsi. Başqa sözlə, sosial müdafiə bəzi əlverişsiz şərtlər (işin və ya ailə başçısının itirilməsi, qocalıq, xəstələnmə, bədbəxt hadisə və s.) üzündən iqtisadi fəal ola bilməyən və müstəqil şəkildə özünə gəlir qazana bilməyən insanları zəruri həyati nemətlərlə təmin edərək onların müəyyən rifah səviyyəsini dəstəkləyən sistemdir”.
S.Müslümov onu da qeyd edib ki, sosial müdafiənin əsas elementi dövlət zəmanəti kimi çıxış edən sosial təminatdır.
Sosial təminat gəlirlərin səviyyəsindən asılı olmayaraq əhalinin müəyyən kateqoriyalarına dövlət və bələdiyyə büdcələrindən (eləcə də bütün digər səviyyəli büdcələrdən, məsələn, Azərbaycanda Dövlət Neft Fondunun və ya Dövlət Sosial Müdafiə Fondunun büdcələrindən) müavinət, təqaüd, kompensasiya verilməsi şəklində və ya müxtəlif pulsuz xidmətlər göstərilməsi və güzəştlər verilməsi formasında həyata keçirilən təminat formasıdır: “Sosial müdafiənin digər elementləri sosial yardım və sosial sığortadır. Fikrimizcə, hər bir dövlətin müasir sosial müdafiə sistemi üç əsas elementdən ibarətdir: 1) ayrı-ayrı əhali kateqoriyalarına verilən sosial müavinətlərdən və güzəştlərdən formalaşan dövlət sosial təminat növlərinin məcmusu; 2) sosial yardımlara əsaslanan ənənəvi dövlət sosial müdafiə elementləri; 3) sosial sığorta (məcburi dövlət və könüllü korporativ sosial sığorta). Hər hansı bir zaman kəsiyində yaranmış şəraitdən, maliyyə ehtiyatlarının həcmindən, prioritetlərin sıralanmasından, qoyulan məqsədlərdən asılı olaraq yuxarıda qeyd edilən sosial müdafiə elementlərinin hər üçündən eyni vaxtda, yaxud ikisindən və ya yalnız birindən istifadə olunması, eləcə də üçü (və ya ikisi) tətbiq edildikdə, xüsusi çəkilərinin nisbətinin düzgün bəlirlənməsi ayrı-ayrı dövlətlərin hökumətlərinin vacib problemlərindən biridir. Məhz bu problemin uğurlu həlli hökumətlərin öz vətəndaşları qarşısında səmərəli sosial siyasət yürütməsini təsdiqləyən başlıca göstəricidir”.
Müslümov məqaləsində göstərir ki, sosial müdafiə sistemi ictimai əhəmiyyətli və qanunla müəyyənləşdirilmiş fenomen kimi XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində Qərbi Avropa ölkələrində (Almaniyada, Avstriyada, Macarıstanda, Finlandiyada və Rusiyada) formalaşmağa başlayıb. Sistemin qurulması barədə ilk sosial qanun isə Almaniyada Kansler Otto fon Bismark tərəfindən qəbul edilməsilə bağlı da öz qeydlərini yazıb: “Bir sıra digər Avropa ölkələri də bu təcrübədən yararlanmağa başlayıb. 1929-1933-cü illərin qlobal iqtisadi böhranı sosial gərginliyin daha da artmasına səbəb olmuş və sosial məsələ hakimiyyət uğrunda mübarizədə mərkəzi məsələyə çevrilmişdir. Beləliklə, ilk əvvəllər yalnız istehsalatda bədbəxt hadisələrdən, xəstəlikdən və yaşlanmadan sığortalanma qanuniləşdirilmişdisə, sonradan işsizlikdən sığortalanma, həmçinin əmək haqqının minimum səviyyəsinin müəyyənləşdirilməsi barədə qanunlar qəbul olunmağa başlandı”.
İqtisad elmləri doktoru Arif Şəkərəliyev “Dövlətin iqtisadi siyasəti: Reallıqlar və perespektivlər” kitabında qeyd edib ki, dövlətin yerinə yetirmiş olduğu funksiyalardan biri sosial funksiyadır: “Sosial funksiya əhalinin sosial müdafiəsini, bütün cəmiyyət üzvləri üçün onların nemətlər istehsalında bilavasitə iştirakından asılı olmayaraq normal həyat şəraitini təmin etməyə xidmət edir. Bazar iqtisadiyyatına keçid nəticəsində inzibati - amirlik sistemində dövlət tərəfindən bərabərçilik prinsipi üzrə sosial nizamasalma tədricən aradan qaldırılır. Bazar iqtisadiyyatı istehsalçıların və istehlakçıların azaldığı, müstəqilliyi, iqtisadi sərbəstliyi ilə şərtlənir. Bazar iqtisadiyyatı əhalini fəal iqtisadi fəaliyətə cəlb edir, onlarda sahibkarlıq, maddi maraq, qanun və hüquqlara riayət etmək vərdişləri tərbiyə edir. Dövlətin sosial sahədə həyata keçirdiyi funksiya ilk növbədə əhalinin təhsil, səhiyyə, sosial müdafiə, sosial təminatı və s. sahələrdə işlərin aparılmasında özünü göstərir”.
Ümümmilli liderimiz Heydər Əliyevin sözləri ilə desək: “Azərbaycan xalqının ən böyük nailiyyətlərindən biri ölkəmizdə elmin, təhsilin sürətlə inkişaf etməsidir”.
Ümumiyyətlə, Heydər
Əliyevin əhalinin sosial müdafiəsinin
dövlətin vəzifəsi olması barədə prinsipial tezisləri onun təşəbbüsü və rəhbərliyi
ilə hazırlanaraq 1995-ci ildə ümumxalq
səsverməsi yolu ilə qəbul edilən,
müstəqil Azərbaycanın ilk
Konstitusiyasında da ayrıca maddələrdə
əksini tapdı. Ölkənin Əsas Qanununun 15-16-cı maddələrində Azərbaycan
iqtisadiyyatının inkişafının müxtəlif
mülkiyyət növlərinə əsaslanaraq xalqın
rifahının yüksəldilməsinə xidmət etdiyi, dövlətin bazar
münasibətləri əsasında sosial
yönümlü iqtisadiyyatın
inkişafına şərait yaratdığı,
xalqın və hər bir vətəndaşın
rifahının yüksəldilməsinin, onun
sosial müdafiəsi və layiqli həyat səviyyəsinin
qayğısına qaldığı öz
əksini tapdı.
Rəşid
RƏŞAD
Ekspress.-2017.-10 fevral.-S.10.