İdarəetmədə şəffaflıq
Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas şərtləri arasında dövlət idarəetməsində şəffaflığın artırılmasının xüsusi əhəmiyyəti var. Qabaqcıl ölkələrin təcrübəsi göstərir ki, dövlət idarəetməsində şəffaflığın artırılması, hesabatlılığın təmin olunması, ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni texnologiyaların tətbiqi cəmiyyətin inkişafında, vətəndaşların dövlətə qarşı inamın artırılmasında əhəmiyyəti çox yüksəkdir. Bunu nəzərə alaraq Azərbaycan hökuməti də dövlət orqanlarının fəaliyyətinin müasir standartlara uyğun təkmilləşdirilməsi məqsədi ilə müxtəlif tədbirlər görür. Bu tədbirlərin bir çoxu sistemli şəkildə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”sında öz əksini tapıb.
Azərbaycan tədbirləri görən zaman beynəlxalq əməkdaşlığa genişləndirir. Ölkəmiz düzgün idarəçiliyin təşviqi üzrə bütün beynəlxalq təşəbbüslərə qoşulub. Şəffaflığın artırılması və açıq hökumətin təşviqi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin mübadiləsi və beynəlxalq səylərə öz töhfəsini verə bilmək üçün ölkəmiz 2011-ci ildə Açıq Hökumət Tərəfdaşlığına qoşulub. Xarici İşlər Nazirliyinin məlumatına əsasən, tərəfdaşlıq çərçivəsində 2016-cı il sentyabrın 9-da Azərbaycanda vətəndaş cəmiyyətinin təmsilçiləri, hökumət nümayəndələri və Milli Məclis üzvlərinin iştirak etdiyi toplantıda 31 QHT-nin və 9 hökumət nümayəndəsinin daxil olduğu Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması yaradılıb.
Platformanın məqsədi “Açıq Hökumət Tərəfdaşlığı” (AHT) Təşəbbüsünün Azərbaycanda tətbiqinin genişləndirilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təkmilləşdirilməsi, ictimai iştirakçılığın təşviqi və korrupsiyaya qarşı mübarizədə sosial innovasiyaların tətbiqinin genişləndirilməsi üçün dövlət orqanları və vətəndaş cəmiyyəti institutlarının səylərinin və fəaliyyətlərinin əlaqələndirilməsidir. Adıçəkilən Platformanın fəaliyyətinin təşviq edilməsi və platformada təmsil olunan QHT-lərlə bağlı məlumatlılığın artırılması məqsədilə Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının nümayəndəsi tərəfindən Avropa İttifaqı (Aİ) -Azərbaycan ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya alt-komitəsinin 2016-cı il oktyabrın 12-13-də Bakıda keçirilmiş 5-ci iclası çərçivəsində Aİ nümayəndə heyətinə yeni yaradılan Platforma, eləcə də ümumilikdə ölkəmizdə vətəndaş cəmiyyətinin vəziyyətinə dair ətraflı məlumat təqdim edilib. Bundan əlavə, AŞ və Aİ tərəfindən Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsinin illik Platforma görüşündə, eləcə də milli əlaqələndiricilərin görüşündə sözügedən Platforma ilə bağlı geniş təqdimat edilib. İndiyə qədər şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə 3 milli strategiya qəbul edilib. Sonuncusu 2016-2018-ci illəri əhatə edən sənəddir.
Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planında qeyd olunur ki, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində davamlı həyata keçirilən strategiya nəticəsində ölkəmiz böyük uğurlar əldə edib. Açıq hökumət prinsipləri, daim bu strategiyanın ayrılmaz hissəsi olub və həyata keçirilən tədbirlər dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsini, informasiyanın əldə edilməsində açıqlığın təmin edilməsini, ictimai iştirakçılığın artmasını və vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığı nəzərdə tutub. Ölkəmiz açıq hökumət prinsiplərinin təşviqi sahəsində beynəlxalq səylərə də öz töhfəsini verib və “Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşəbbüsünə ilk qoşulan dövlətlərdən biri olub. Dövlət xidmətlərinin göstərilməsində tətbiq edilən və Birləşmiş Millətlər Təşkilatının 2015-ci il “Dövlət Xidmətləri Mükafatına” layiq görülən innovativ “ASAN xidmət” modeli bu yanaşmanın uğurlu nümunəsidir. Açıq hökumət prinsiplərindən biri olan ictimai iştirakçılığın genişlənməsi üçün qanunvericilik bazasını təmin edən “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu və icrası dövlət orqanları yanında ictimai şuraların yaradılmasını, ictimai əhəmiyyət kəsb edən qanun layihələrinin müzakirəsində və dövlət orqanlarının fəaliyyətində vətəndaş cəmiyyəti institutlarının daha sıx iştirakını təmin edib.
Azərbaycan 2015-ci ildə Dünya İqtisadi Forumunun rəqabət qabiliyyəti indeksinə əsasən 148 ölkə arasında 40-cı yeri, Dünya Bankının “Doing Business” 2016-cı il hesabatında isə “Biznesə başlama” meyarı üzrə 189 ölkə arasında 7-ci yeri tutub. Dövlət orqanları tərəfindən açıq hökumətin təşviqi üzrə həyata keçirilən layihələr və təşəbbüslər prioritet müəyyən edilib, bu sahədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarına dəstək göstərilib. Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə tədbirlər uğurla həyata keçirilir və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması təmin edilməkdədir. Bu tədbirlər eyni zamanda iqtisadi sahədə aparılan islahatları tamamlanıb və dayanıqlı iqtisadi inkişaf üçün yeni imkanlar yaradıb.
“Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda bildirilir ki, Azərbaycanda açıq hökumət prinsiplərinin genişlənməsi və korrupsiyanın qarşısının alınması üçün mövcud güclü siyasi iradənin növbəti göstəricisidir. Milli Fəaliyyət Planı vətəndaş cəmiyyəti üzvlərinin fəal iştirakı ilə hazırlanmış və çoxsaylı ictimai dinləmələrdə müzakirə edilib.
Milli Fəaliyyət Planında bir neçə qrup tədbirin görülməsi nəzərdə tutulub. Bunlardan birincisi elektron xidmətlərin təkmilləşdirilməsi ilə bağlıdır. Plana əsasən, “Elektron xidmət növlərinin Siyahısı”nın təkmilləşdiriləcək, siyahıda olan, lakin tam fəaliyyət göstərməyən xidmətlərin fəaliyyəti təmin ediləcək və “Elektron hökumət” portalına yeni xidmətlər inteqrasiya olunacaq.
“Elektron hökumət” portalına çıxış imkanlarının asanlaşdırılması məqsədi ilə portalın mobil interfeysi yaradılacaq, həmçinin mobil tətbiq və ödəniş imkanları təkmilləşdiriləcək.
“Elektron hökumət” portalının imkanları və istifadəsi ilə bağlı vətəndaşlar arasında ictimai maarifləndirmə tədbirlərinin və təqdimatların keçirilməsi də nəzərdə tutulur. Elektron xidmətlərin tətbiqi ilə əlaqədar dövlət orqanları tərəfindən tələb edilən rəsmi sənəd və arayışların sayı azaldılacaq.
Plana əsasən, ali təhsil müəssisələrinin informasiya sistemlərinin formalaşdırılması, tələbələrə verilən arayış və sənədlərin elektron formada əldə edilməsi və təhsil haqlarının elektron formada ödənilməsinin təmin edilməsi məqsədilə tədbirlər görüləcək. Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu ilə bağlı elektron xidmət yaradılacaq, ümumtəhsil məktəbləri, lisey və gimnaziyalara qəbulla bağlı elektron sənəd qəbulu sistemini əhatəsi genişləndiriləcək, əhatə dairəsi isə paytaxtdan bütün regionlara qədər genişləndıriləcək.
Elektron xidmətlər bələdiyyələr üçün də əlçatan olacaq. Planda qeyd edilir ki, bələdiyyə vergilərinin və ödənişlərin Mərkəzi Bankın Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş informasiya Sistemi və elektron terminallar vasitəsilə həyata keçirilməsi təmin edilməlidir.
Milli Fəaliyyət Planında bildirilir ki, 2018-ci ilə qədər vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyəti genişləndiriləcək və ictimai iştirakçılığı artırılacaq.
Açıq hökumət prinsiplərinin təşviqi və korrupsiyanın qarşısının alınması istiqamətlərində qeyri-hökumət təşkilatlarının layihə və təşəbbüslərinə dəstək prioritet istiqamət kimi müəyyən edilib. Qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün əlverişli mühitin inkişafı ilə bağlı təkliflərin hazırlanması “Açıq hökumət tərəfdaşlığı” vətəndaş cəmiyyəti platformasının yaradılması və fəaliyyətinin dəstəklənməsi nəzərdə tutulub.
İctimai şuraların fəaliyyətinin təşkil edilməsi, gücləndirilməsi və davamlılığının təmin edilməsi də fəaliyyət planında nəzərdə tutulan tədbirlərdəndir.
Milli Fəaliyyət Planına əsasən ictimai şuraların tərkibi və fəaliyyəti ilə bağlı rəsmi internet resurslarında ayrıca bölmələr yaradılacaq və məlumatlar mütəmadi yenilənəəck. İstehlakçıların hüquqlarının qorunması məqsədi ilə ictimai nəzarət mexanizmlərinin hazırlanması, bu məqsədlə yaradılan qaynar xəttin fəaliyyətinin təkmilləşdirilməsi və bununla bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi planlaşdırılır.
Mühüm tədbirlərdən biri maliyyə şəffaflığının təmin edilməsi ilə bağlı olacaq. Dövlət maliyyə nəzarətinin həyata keçirilməsində informasiya texnologiyalarının tətbiqi və elektron nəzarəti təkmilləşdirəcək. Milli Məclisdə dövlət büdcəsinin layihəsi ilə bağlı müzakirələrdə vətəndaş cəmiyyəti institutlarının iştirakı genişləndiriləcək, keçirilən müzakirələrin sayı artırılacaq. Həmçinin dövlət büdcəsinin icrası barədə illik hesabat və Hesablama Palatasının müvafiq rəyi ictimaiyyətə açıqlanacaq.
Dövlət büdcəsinin icrası ilə bağlı rüblük hesabatlar internet səhifəsində yerləşdiriləcək.
Səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının illik maliyyə fəaliyyəti, o cümlədən dövlət büdcəsindən ayrılan vəsaitdən və ya onlara verilən əmlakdan istifadə ilə bağlı məlumatlar internet səhifələrində dərc edilməsi ilə əlaqədar qanunvericilik təkmilləşdiriləcək və bu hesabatların dərc edilməsinə nəzarət gücləndiriləcək.
Büdcə təşkilatları tərəfindən dövlət satınalmaları ilə bağlı məlumatların internet səhifələrində yerləşdiriləcək, Hesablama Palatasının maliyyə nəzarəti obyektlərində apardığı maliyyə nəzarəti tədbirləri barədə ictimaiyyət məlumatlandırılacaq, bələdiyyə qulluğuna qəbul qaydaları, müsabiqə komissiyalarının tərkibi, mövcud vakansiyalar, qəbulun nəticələri və bələdiyyə qulluğuna qəbulla bağlı digər məlumatları bələdiyyələr internet səhifəsində yerləşdirilməsi, mərkəzləşdirilmiş vahid elektron resursun yaradılması üzrə tədbirlərin görülməsi planlaşdırılır.
Vasif CƏFƏROV
Ekspress.-2017.-16 fevral.-S.10.