Valideynlərin və uşaqların
hüquqi vəzifələri
Azərbaycan
Respublikasının Ailə Məcəlləsində Azərbaycan
Respublikası Konstitusiyasında nəzərdə tutulan əsas
insan və vətəndaş hüquqlarına və
azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin
yaranmasının və möhkəmlənməsinin, onlara
xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin
iştirakçılarının hüquq və vəzifələrini,
dövlət orqanlarının bu sahədə vəzifələrini,
habelə vətəndaşlıq vəziyyəti
aktlarının dövlət qeydiyyatı qaydalarını tənzimləyən
normaları müəyyən edir (e-qanun.az).
Azərbaycan Respublikasının ailə qanunvericiliyi və onun əsaslarına gəlincə, bu Məcəllədən, bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Bu da o deməkdir ki, Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir.
Məcəllədə qeyd olunur ki, ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Bundan başqa, Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır.
Qeyd edək ki, Azərbaycanın tərəfdar çıxdığı Uşaq hüquqları haqqında Konvensiya uşağı özünün hüquqlarının müəyyən mənada həyata kleçirilməsi və müdafiəsinə malik olduğu müstəqil şəxsiyyət gözündə görür. Hətta konvensiyada təsbit olunmuş normalara əsalanaraq və bu sənədin prinsiplərini rəhbər tutaraq Azərbaycan Respublikasının ailə qanunvericiliyi ailədə uşaqların hüquqlarına həsr edilmiş müddəalarda uşağın hüquqlarının və mənafelərinin hərtərəfli müdafiəsinə təminat verir (wikipedia.org).
Hüquqşünaslar bildirilər ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsində Azərbaycanda ailənin ümumbəşəri prinsiplər əsasında qurulmasına təminat verilir (Ailə Məcəlləsinin 3.0.1-ci maddəsi). Azərbaycan Respublikasında ailənin dövlət himayəsində olmaqla, analığın, atalığın və uşaqlığın qanunla mühafizə edilməsini təsbit edən norma ailə münasibətlərini məhz uşaqların hüquq və mənafeləri mövqeyindən tənzimlənməsini nəzərdə tutan müddəa kimi başa düşülməlidir.
HAŞİYƏ: BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının 1-ci maddəsində uşaq anlayışının tərifi verilib: “Hər bir insan 18 yaşına çatanadək bu Konvensiyanın məqsədləri üçün uşaq sayılır, bir şərtlə ki, uşaq barəsində tətbiq edilə bilən qanuna görə o, yetkinlik yaşına daha əvvəl çatmamış olsun”.
Yeri gəlmişkən, uşaq anlayışının tərifi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.1-ci maddəsində də verilib. Bu maddəyə görə 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Ailə qnunvericiliyinin nəzərdə tutduğu hüquq fəaliyyət qabiliyyəti, yəni şəxsin öz hərəkətləri ilə ailə qanunvericiliyi ilə müəyyə edilmiş hüquqlar əldə etmək qabiliyyəti uşağın doğulduğu andan əmələ gəlir. O da qeyd olunur ki, uşağın hüquqları və qanuni mənafeləri pozulduqda, eyni zamanda valideynləri (və yaxud onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarındansui-istifadı etdikdə, uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna mçalikdir. BMt-nin Uşaq hüquqları haqqında konvensiyasının 8-ci maddəsinə uyğun olaraq hər bir uşaq özünün fərdiliyini qoruyub saxlamaq hüququna malikdir.
Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin II bəndində göstərilir: “Uşaq qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur”. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi prinsipi onların nikahda olub-olmamasından asılı olmayaraq həyata keçməlidir. Ona görə də valideynlər arasında bu və ya digər məsələnin həllində fikir müxtəlifliyi əmələ gələrsə onlar (onlardan biri) mübahisənin həlli üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. (Ailə Məcəlləsinin 60.3-cü maddəsi).
Qeyd etmək lazımdır ki, valideynlər öz hüquqlarını qanunla müəyyən olunmuş qaydada və istənilən şəraitdə uşaqlarının mənafelərinə uyğun şəkildə həyata keçirməlidirlər. Bundan başqa, valideylər özbaşına validynlik hüquqlarının başqa şəxslərə ötürülməsinə dair qərar qəbul edə bilməzlər.
Xatırladaq ki, valideyn hüquqlarından məhrumetmə və valideynlik hüquqlarının məhdudlaşdırılması da yalnız qanunla müəyyən olunmuş əsaslar üzrə mümkündür (Ailə Məcəlləsinin 64, 68-ci maddələri).
Hüquq məsləhətçisi Vasif Həsənov ailədə uşaqların malik olduğu hüquqlar barədə qeyd edir ki, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir: “Valideynlərinin nikahının pozulması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etməməlidir. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Ailə Məcəlləsinin tələbinə görə, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Hətta valideynlər müxtəlif dövlətlərdə yaşadıqda da uşaq öz valideynləri ilə ünsiyyətdə olmaq hüququna malikdir. Uşağın ekstremal hallarda (tutulduqda, həbs olunduqda, saxlanıldıqda, müalicə müəssisəsində yerləşdirildikdə və s.) qanunvericiliklə müəyyən olunmuş qaydada öz valideynləri və qohumları ilə ünsiyyətdə olmaq hüququ var” (bhm.az).
V.Həsənov onu da bildirib ki, uşağın valideynlər olmadıqda, onlar valideynlik hüquqlarından məhrum olunduqda və ya uşaq valideyn himayəsini itirdiyi digər hallarda, uşağın ailədə tərbiyəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilməlidir: “Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. Qanunvericiliyə uyğun olaraq yetkinlik yaşına çatana qədər tam fəaliyyət qabiliyyətli hesab edilən şəxslər öz hüquq və vəzifələrini, o cümlədən müdafiə hüququnu müstəqil həyata keçirirlər. Qanunvericilik uşaqlara hüquq və mənafeləri pozulduğu halda məhkəməyə müraciət etmək hüququ verir. Belə ki, uşağın hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmçinin uşağın həyat və sağlamlığının təhlükədə olması, onun həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb olunması, hüquqlarının və qanuni mənafelərinin pozulması barədə məlumatı olan vəzifəli şəxslər və digər vətəndaşlar bu barədə uşağın faktiki olduğu yerin müvafiq icra hakimiyyəti orqanına məlumat verməyə borcludurlar. Müvafiq icra hakimiyyəti orqanı bu cür məlumat aldıqda uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün zəruri tədbirlər görməyə borcludur”.
Hüquq məsləhətçisini fikrincə, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir: “Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bəzi hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər.Uşağın ailədə hüquqlarından biri də onun ad, ata adı və soyad daşımaq hüququdur. Uşağa ad valideynlərin razılığı ilə verilir. Soyad isə bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. 10 yaşına çatmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər”.
V.Həsənov onu da qeyd edir ki, uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən vəsait almaq hüququna malikdir. Belə ki, aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir: “Məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Uşaq gəlirinə, vərəsəlik və ya hədiyyə şəklində əldə etdiyi əmlaka, habelə uşağın vəsaiti hesabına əldə edilmiş digər əmlaka mülkiyyət hüququna malikdir”.
Ekspertlər qeyd edirlər ki, qaydaya görə valideynlərə və uşaqlara məxsus olan əmlak onların hər birinin öz ayrıca əmlakıdır. Uşaqlar valideynlərinin, valideynlər də uşaqların əmlakına mülkiyyət hüququna malik deyillər. Birlikdə yaşayan valideynlər və uşaqlar qarşılıqlı razılıq əsasında bir-birinin əmlakından istifadə edə bilər və ya həmin əmlaka sahiblik edə bilərlər. Lakin əgər uşaqlar valideynlərlə birlikdə öz əməyi və ya şəxsi vəsaitləri ilə bu və ya digər əmlakın əldə edilməsində iştirak etmişlərsə, onların həmin əmlaka mülkiyyət hüququ yaranır (kayzen.az). Bundan başqa, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludur. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan tutulur.
Rəşid RƏŞAD
Ekspress.-2017.-25-27 fevral.-S.10.