“İçimdə
bir intiqam duyğusu var...”
Təranə Nurlu: “Hər şeyi yoldaşıma qurban eləmişdim, mənə acı günlər yaşatdı”
Gənc müğənni Təranə
Nurlu özünəməxsus
ifa tərzi ilə seçilir. O, oxuduğu
lirik, xalq mahnıları, həmçinin,
vətənpərvər ruhlu
parçalarla tamaşaçı
qəlbinə yol tapıb. Amma sənət yolu
çox çətin
olub. Elə indi də çətinliklə irəliləyir
bu yolda. Bizimlə söhbətində də
bu çətinliklərdən
danışıb.
- Təranə xanım, bu sənətə gəlməyiniz
necə oldu?
- Oynamağa, rəqs eləməyə daha çox meylim var idi. Altı yaşım
olanda Zeynəb Xanlarova Ağdam rayonuna gəldi, Ağdam stadionunda konsert proqramı ilə çıxış
etdi. Mən də gözəl
geyinib-gecinib getdim konsertə. Məni səhnəyə çıxartdılar. Orda “Nə
qaldı” mahnısını
Zeynəb xanımla
duet şəklində oxudum.
Məni qucağına aldı, göyə qaldırdı.
Dedi ki, o gün olsun, səsin ucalardan gəlsin. Bundan sonra meylim oxumağa daha çox oldu. Anam maarif şöbəsində
işləyirdi, müəllimə
idi. Onların tədbirlərində, məktəbdə oxuyurdum.
O vaxt özümdən
üç bənddən
ibarət Qarabağ şeiri yazmışdım.
Sonuncu dəfə o şeiri Ağdamda olan nümayişdə dedim...
Mən
7-ci sinifdə Ağdam
Rayon Xan Şuşinski
adına Musiqi Məktəbinə qəbul olunmuşdum. Bir-iki muğamı başlamışdıq öyrənməyə,
hadisələr baş
verdi, qara
buludlar başımızın
üstünü aldı.
İkinci kursu bitirdim,
üçüncü kursda
Ağdam artıq alınmışdı. 1993-cü
ildə Ağdamı tərk elədik. Səkkizinci sinifdə oxuyurdum onda. Qonşuluqda ermənilər qalırdı.
Onları rus əsgərləri
qoruyurdu. Ermənilər köçürüldü. Həmin vaxt bizim kəndləri
yandırdılar. Axırıncı gün bizi xəstəxananın
həyətinə apardılar.
Meyitlərin ardı-arası kəsilmirdi.
Onları bükməyə
kəfən də tapılmırdı...
Biz beş bacıyıq.
Atam-anam qorxdu ki, erməniyə
əsir düşərik.
İki bacımı bir gün əvvəl Sumqayıt şəhərinə
göndərdilər. Bacımgil üç gün poçtun zirzəmisində
qalmışdılar, bombardmana
düşmüşdülər. Beləcə,
məcburi şəkildə
Sumqayıt şəhərinə
gəldik. Burda 9 saylı
tam orta məktəbə
getdim və oranı bitirdim. On səkkiz yaşına
keçəndə “7-17” mahnı
müsabiqəsinin laureatı
oldum. İlk klipim “Ay Vətən
oğlu” Şəhidlər
Xiyabanında çəkildi.
Vətənpərvərlik hissi içimdə əvvəldən var idi...
- Bəs, nədən oxumağa ara verdiniz?
- On doqquz yaşında ailə qurdum və sənətdən uzaqlaşdırıldım. Səkkiz
il evdə
oturdum. Ailə qurmamışdan qabaq yoldaşımla şərtimiz olmuşdu ki, oxuyacağam, amma sonra o məni
oxumağa qoymadı.
Sonra ailə içində çətinliklər olduğuna
görə el şənliklərinə
getdim. Artıq üç ildir
ki, sənətə qayıtmışam.
- İndi
hansı mahnılar üzərində işləyirsiniz?
- Mən, əslində, xeyriyyəçilik işləri
ilə daha çox məşğul oluram. Sumqayıta aid olan tədbirlərdə,
qocalar evi, ruhi xəstəxanalar, uşaqlar evi, cəbhə bölgələrində
təmənnasız konsertlər
veririk. Bu, içimdə böyük
sevgidir, gözəl hissdir. Vətənpərvər mahnılar yazdırıram,
mənə deyirlər
ki, “bu, sənə madiyyat vermir, onu toylarda
oxuya bilməyəcəksən.
Pul qazana bilməyəcəksən, nə
marağın var bunları oxuyursan?”. Amma bu, özümdən
asılı deyil.
Hərbi
formam var. Rusiyaya toya gedəndə Azərbaycan bayrağı,
Azərbaycan mahnısı
ilə açılış
edirəm.
“Orxan” studiyası,
Nazim Məmmədlinin
studiyası ilə işləmişəm. İlk öncə
Elməddin Qarabağlı
3-4 mahnı hədiyyə
etdi mənə.
Onun mahnıları ilə verilişlərə çıxdım,
“YouTube” kanallarında yer
aldım. Son bir ildə sintezator
ifaçısı, aranjmançı
Təbriz Mahmudovla işləyirəm. İş birliyimiz
davam edir.
- Hansı bəstəkarlarla işləyirsiniz?
- Heç bir bəstəkarla söhbət
etməmişəm, görüşməmişəm.
Ona görə ki, hansı bəstəkara üz tutmuşam, o qədər pul “oxuyub” ki, ona
imkanım çatmır.
Bir mahnıya 500-1000 manat arası məbləğ istəyirlər. Mən o qədər
bahalı məclislərə
getmirəm. Bu dəqiqə sənətə
yox, reklama dəyər verirlər.
Heç kəsə də müraciət eləmək
fikrində deyiləm. Mən istəyirəm
ki, kimsə məni kəşf eləsin. Mən kimsənin qapısını
döyüb deməyim
ki, mənə kömək elə, mahnı ver, mən sizlə işləmək istəyirəm.
Mən o
zəngi gözləyirəm
ki, kimsə çağıracaq. Deyəcək ki, səninlə işləmək istəyirəm.
Bir dəfə mənim prodüserim icazəm olmadan bir meyxanaçıya
deyib ki, “bəlkə bu xanımla bir duet oxuyasan”. O da deyib ki, “qoy
klipi çıxsın,
sonra oxuyaram”. Allahın izni ilə mart ayında yaxşı bir diskim çıxacaq,
lirik, şən, vətənpərvər mahnılardan
ibarət olacaq. Mən rayonlara kasıb əsgərlərin toyuna getmişəm. Hansı bir
əsgər mənə
müraciət eləsə,
onun toyunu təmənnasız aparacağam.
Bizi qoruyan onlardır...
- Bəs, el şənliklərində hansı
mahnıları oxuyursunuz?
- “Xoş gəldin həyatıma”, “Gülüm,
səndən ayrılanda”,
“Qovuşaq”, “Mələklər
ağlasın”, “Yar getdi” son mahnılarımdır.
Sibel Canın repertuarından “Kanasın”,
Barış Mançodan
“Can bədəndən çıxmayınca”,
Əmrahdan “Haydı şimdi gəl” və s...
İndi istəyirəm muğam təhsili alım, muğamdan bəhrələnim.
- Toylarda vəziyyət necədir?
- Canlı oxuyana camaat qəribə baxır. Yəni, canlı oxuyursa,
deməli, bunun reklamı, diski yoxdur. Amma disklə oxuyanda
alqışlar da, dəyər də çoxalır. Onda bir az soyuyursan canlı oxumaqdan. Çünki dəyər verən
yoxdur. O boyda əziyyətin qarşılığında
istədiyimiz məbləği
vermirlər.
Aşıq Mübariz Kəlbəcərli
ilə Rusiyanın bir çox şəhərlərində olmuşam. Mənim bu
sənətə gəlməyimə
göydə Allah, yerdə
valideynlərim dəstək
olublar. İçimdən hansı duyğu
gəlibsə, hansı
mahnını istəmişəmsə,
onu da oxumuşam.
- Telekanallara çağırırlar?
- Müraciət eləmişəm.
Hamısı maddiyyatdır. Ya gərək mənliyini itirəsən, ya da pul verəsən.
Bunların da heç biri məndə yoxdur. Maddiyyat olmasa, sənin
sənətin də içində boğulmalıdır.
Sonra da deyirlər ki, ara oxuyanısan,
ara müğənnisisən...
- Hansı arzularla yaşayırsınız?
- Ən böyük
arzum məscid tikdirməkdir. Bunu Allah da görür,
bilir. Gec-tez bunu edəcəyəm.
Namaz qılmıram. Amma ürəyim
Allaha bağlıdır.
Ürəyim istəyən duaları,
yaxşılığı edirəm. Yaxşılıq ki içimə
gəldi, onu eləməsəm, gecəni
səhərə qədər
yata bilmərəm.
Bunu edəndə bütün iç duyğum təzələnir.
- Övladlarınız
da sizin sənətinizi davam etdirirlər?
- İki övladım
var. Böyük qızımın
15 yaşı var,
karate üzrə Avropa
üçüncüsüdür. Kiçik qızımın
10 yaşı var. O da
karate ilə məşğul
oldu. Birinci sinifdə qoymuşdum,
hiss elədim ki, onu başqa istiqamətə yönəltsəm,
yaxşı olar.
Səsi də var. Evdə türk mahnılarını
oxuyur. İkisi də liseydə
təhsil alırlar.
İkisinin də böyük
arzusu sənədlərini
polis akademiyasına verməkdir.
Özüm də idmanla
məşğul oluram.
Əsl müğənni həyatı
yox, əsl xanım həyatı yaşayıram. Həm anayam,
həm atayam.
- Belə başa düşdüm ki, döyüş növü ilə məşğul olursunuz?
- Son bir ildə qaydasız döyüşlə məşğul olmuşam. İçimdə bir intiqam duyğusu yarandı həyat yoldaşıma qarşı. Həyatımı məhv elədiyinə, gəncliyimi əlimdən aldığına, yalan vədlər verdiyinə görə. Hər şeyi ona qurban eləmişdim. Onun qarşılığında mənə acı günlər yaşatdı...
Yeddi kilometr qaçıram. Bütün stressimi bunlarla
atıram.
- Bədii ədəbiyyat oxuyursunuz?
- Əvvəllər çox
oxumuşam. Orta məktəbdə mən inşa yazanda müəllim deyirdi ki, “yuxu tutur,
yatıram, bir az az yaz”. Söz bazam çox
idi. Çox toylara məni
aparıcı kimi dəvət edəndə deyirəm ki, mən tamada deyiləm. Deyirlər
ki, səni tamada kimi aparmırıq,
söz bazan xoşumuza gəlir, gözəl danışıq
qabiliyyətin var. Dil-ədəbiyyata
da o vaxt həddindən artıq marağım olub...
Namiq MƏMMƏDLİ
Ekspress.-2017.-25-27 fevral.-S.13.